BOYLARA BOY BOYLAYAN
(Kamal
Abdulla "Kitabi-Dədə Qorqud" poetikasına giriş)
Vaqif Nəsib Sarıhüseynoğlu
Şeir və nəsr yaradıcılığına
görə qələm yoldaşımın həmin
sanballı, elmi əsərinə bu dəfə başqa
yöndən baxmalı oldum. Və ilk dəfə həmin
sahədəki bilgimi səfərbər edib, qələmə
sarılmaq ehtiyacım yarandı.
Hər bir əsər (bədii, ya elmi-fərqi yox) ilk sətirlərindən
oxucunu cığırına salıb müəllifin aləminə
apara bilməlidi. Elə girişindən (bədii poetik kəlməsi
və izahatından sonra) boylarımızın poetik boyları
ilə tanışlığı qərarlaşdırdım.
Burda qeyd etmək yerinə düşər ki, Kamal
Abdullanın bədii yaradıcılığında da həmin
dastan motivləri müasirlik vəhdətində öz bədii
poetik rolunu oynamışdır.
Həmin
elmi əsər, məncə, türkdilli oxucuların hər
biri üçün Dədə Qorqud dünyasına
maraqlı bir səfər ola bilər
(içi mən qarışıq özləri
üçün bağlı qalmış bəzi
qıfıl-bəndləri açarlar). Və
onların hər biri onun barəsində fikir söyləməyə
haqq qazanar. Çünki söhbət ilk
yazılı dastanımızdan, bədiyyatımızın hər
sahəsinin təməl daşlarından gedir. Adlarımız Qorqud qopuzunun sədaları ilə
üstümüzə qonmuş, boylarla bizlər də nəsrimiz,
şeirimizdə zaman-zaman boy atmışdır.
Məncə, bədii poetika kəlməsini və
sanballı elmi əsərin bələdçisi hesab etmək
olar. Müəllif elmi mülahizələrinə
güc-qüvvə vermək üçün tez-tez ricətlərdən
istifadə edir. Həmin ricətlərin
birində dastan haqqında mübahisələrin biri də
öz həllini tapır. (Bəzi
qorqudşünaslar dastanı poeziya nümunəsi hesab edib,
onu poema kimi də görmək istəmişdi).
Birinci ricətdən:
Elə burdaca qeyd edək ki, qədim dövr mətnləri
mütəxəssislərin, xüsusilə Freydenbergin də
qeyd etdiyi kimi proza və poeziyaya bölünmür, onlar diffuz
şəkildə özünü göstərir, bu mətnlərin
mahiyyətinə "proza, poeziya" birliyi səciyyəvidir
və buna görə də prozaya xas bədiilik, poeziyaya xas
poetiklik "bədii poetik" şəkildə öyrənilə
bilər.
Əsərin elə əvvəlində içi mən
qarışıq bəzi oxucular üçün qaranlıq
qalan bir məsələ də özünün gün
aydınlığına çıxa bilir. Dədə
Qorqudu müəyyən ömür çərçivəsində
yaşayıb yaratmış fərd bilib, dastanı onun əsəri
hesab etmişdik. Sovetlər dövründəsə
(yəni Türkiyə ideologi düşmənimiz sayılan
dövrlərdə) müəllifin və əsərin bizlərə
aid olduğu barədə cəngədə girmişdik.
İndi şükürlər olsun ki, bu türkdilli
xalqların ortaq abidəsi olduğunu, onu həmin xalqların
Qorqud silqətli yaradıcılarının ərsəyə
gətirdiyini anlayırıq. Türkiyənin Bayburt
şəhərində Dədə Qorqudun məzarının
tapıldığına da darılmırıq. Bizlərin
Sarı Aşıqlarının, Qurbanilərinin məzarını
da həmin qəbildən hesab edə bilirik.
Sözümüzə
Kamal Abdulladan qüvvə: Kitabi-Dədə Qorqud mətni qədimlik
baxımından yekrəng deyil. Onun quruluşunda həm ilkin,
ibtidai, bizə tanış olmayan, yaxud az
tanış olan bədii poetik elementlər və məkanlar, həm
də bununla yanaşı daha müasir, artıq ədəbi-bədii
şüurumuza tanış olan klassik poetik nümunələr
özünü göstərir.
Gəlimli,
gedimli dünya,
Son ucu ölümlü dünya, - kimi misralar sanki dünənin
zamanları və məkanlarında dövrün dədə səviyyəli
ozanları tərəfindən dastana bəzək kimi
vurulmuşdu.
İnsanlığın mifoloji dansökülmə
dövrünün enerji axtarışları da
işığını saçıb oxucu üçün
çox mətləbi aydınlaşdıra bilir. Müəllif bu barədə
bir-birinə qarışmış fikirləri məharətlə
ayırır:gmif
yaradıcılığı dövrü ilə mif təsviri
dövrünü bir-birindən ayırmağa məcburuq.
Birinci halda insan mifin içində yaşayır, ikinci halda isə
insan mif barədə əvvəlcə eşidir, sonra isə
bu eşitdiyini yenidən yaradır.g
Bu yerdə mən öz bəzi mülahizələrimi
bildirib giriş sonrası əsəri (və ya əsərlərində)
onlara münasibət bildirməsini istəyirəm. "Ədəbiyyat" qəzetində
həmin əsər barədə məqaləylə
çıxış edən Niyazi Mehdi sözünə belə
başlayır: "Əski yunanlar öz fəlsəfi
dünyagörüşünü düşünəndə
Kamal Abdulla özü də çox zaman yunanlar deyə
müraciətinə başlayır".
Məncə, əskidən, qədim yunanlardan söhbət
açılarkən onları tarixi dövrlərindəki kimi
spartalılara və troyalılara bölmək lazımdır. Troyalıların (tədqiqatçıların
bəziləri onları Elturlar da adlandırır) türk
dilli olmaları ehtimalı var. Əslən Troyalı olan
Aristotelin "Poetik" əsərinin dilimizə tərcüməsinin
müqəddəməsində şair filosof Aslan Aslanov əsərin
adının etnologiyasını, dəlillərə əsaslanıb
da boy, bayatı, poetika kimi mənalandırmışdı.
Ruslarla dini və qohumluq əlaqələrinə görə
uzun illər dərsliklərdə az qala
bütün əsatirlər yunanların ayaqlarına
yazılmış, həmin dövr ədəbiyyatı bəşərin
uşaqlığı adlanmışdı. Yunanların adına çıxılmış
bütün mərasim, oyun nəğmələr
troyalılarda və onlara yaxın türk xalqlarının
hamısında da olmuşdu.
Bu barədə məlumatları mən və
yaşıdlarım unudulmaz professorumuz Əli Sultanlıdan da
eşitmişdik. Hər dərsini yüksək gərginliklə
deyən professor mühasirəsi arası zarafatlarından ricətləri
kimi istifadə edirdi. Atamı tanıdığından hərdən
yumoruna tuş gəlirdim:
-
Sarıhüseynoğlu bu mərasim oyunları yəqin
günü bu gün də sizin ayrımlar tərəfindən
yaşadılır.
Türklərin məşhur dilçilərindən əslən
Batumlu Əhməd Cavad (bizim şairin adaşı) əsərlərində
yunan dilində mindən çox türk sözünün
etmologiyasını verib (həmin professor son bölgüdə
Batum Sovetlərdə qalan zaman S.Orconikidze tərəfindən
Moskvaya Şərq əməkçilərinin Kommunist
Universitetinə dəvət olunur. Həmin dövrdə Sarp tərəfdən
dənizdən üzüb keçmiş kommunizm fanatı
üç dəliqanlının da (Nazim Hikmət, Vala Nüvəddin,
Şövkət Surəyyanın da) həmin universitetdə təhsil
ala bilməsi şərtiylə razılığını
vermişdi.
Kamalın tədqiqat işinin bütün fəsilləri
dastanın boylarıvari bir-birini tamamlayır. Bütün
fikirləri elmi dəlillərlə əsaslandırılır,
necə deyərlər, bu elmi pətəkdə boş
şanı qalmır.
Mağara ruhu, mağara mədəniyyəti,
mağaranın içi və çölü də
zamanın harmoniyası ilə incələnir, oxucu
üçün etibarlı pillələrə çevrilib
onu mifoloji dansökülmə axtarışları ilə
tanışdırır. Belə inkişafın füzulilərə,
cavidlərə necə yetişə bildiyi də axarı və
baxarı ilə göstərilir.
Müəllif yarımbaşlıqlarının birini Dədə
Qorqud dərsləri və Dədə Qorqud bir prinsip kimi
adlandırır. Bizcə əsəri başdan-başa Dədə
Qorqud dərsləri adlandırmaq, ondan faydalanmaq dastanın məzununa
çevrilmək olar.
Fikrinin sübutu üçün dastandan gətirilən
misalların hamısını ibrətamiz hesab etmək
mümkündü. Biri üzərində müəllif xeyli dayanmış
olur: Ölən adam dirilməz.
Çıxan can geri gəlməz. Mənə həmin
örnəklərin hamısının ədəbiyyatımızla
səslənə bilməsi xoş təsir
bağışladı. Və böyük Nizaminin bir
beyti qulaqlarımda səsləndi:
Tordan
qurtaran quş geri dönməz tora bir də,
Keçmiş
həyatı kim yenidən cana yetirdi.
Kitabın maraqlı fəsillərindən biri "Sadəlövh
suallar"dı. Boylardakı sualların, cavabların (bəzən
də sualsız cavabların) məna çalarları
açıqlanır. Onların dastan qəhrəmanlarının
dövrləri fonunda mənzərələri göz
önünə gəlir, nəylə nəfəs
aldıqları, hansı ovqutla yaşadıqları
aydınlanır. Həmin sual və cavablar
vasitəsiylə də dastanın bədii poetik vüsəti
artır. Belə bir bölümün
yaranması müəllifin dastanı bədii poetik tərəfdən
hər cür izləmək istəməsindən
yaranmışdır. Kamal Abdulla özü də gələcək
tədqiqatlarında həmin bölümü davam və
inkişaf etdirmək istədiyini bildirir: Kitabi-Dədə
Qorqud dastanlarının "suallar və cavablar"
konsepsiyasının ayrıca sahə kimi bu tədqiqatın gələcək
variant və nəşrlərində
araşdırılması qədim bədii poetik qata yeni
işıq sala bilər deyə düşünürük.
Suallar dövrlərində insanların
qarşılaşdığı problemlərdən
doğduğundan dövrün düşünən
başları həmin düyünləri açmaq
üçün səfərbər olmuşdur. Cavablar da
çox güman ki, onların əməllərindən
doğulmuşdu.
Ya pes can
verən, can alan Allah-Təalamıdır? Belə sual Dəli Domrulları xeyli avam birisi yerinə
qoysa da, Mağarada mağaradaş üçün əsl həyat
dərsi kimi gözəl bir çıxış nöqtəsinə
dönə bilir.
Yaxud:
Mere Tərs
Uzamış, baş kəsip qan tökmək hünermidir?
Belə bir sual verən gənc Oğuz ən qədim
virtualın bir üzvü kimi çıxış etdiyini
bilmir və bununla yenə də sual-cavabın əsl
funksiyasını yerinə yetirən vasitə kimi şərh
üçün geniş meydan açıla bilir.
Əcəl aldı, yer gizlədi.
Fani dünya kimə qaldı?
Bu sualları cavablandırmaq Türk dünyasına, onun
gələcək Qorqurdlarına qaldı və
hamısında bədii poetik cavablar səslənməyə
başladı.
Anadoluda:
Bu dünya nə sənə.
Nə mənə
qalmaz,
Sultan
Süleymana qalmadı...
Azərbaycanda:
Dünya sənin.
dünya
mənim,
dünya
heç kimin.
(Məmməd
Araz)
Həmçinin Kamal Abdullanın özünün bədii
əsərlərinin bir neçəsinin dastandan
qidalandığını, onun müasir davamına çevrilə
bildiyini də qeyd etmək olar.
Həm də belə bir bədii poetik əks-sədadan Dədə
Qorqud dastanlarının türk dünyasında muasir müstəvidə
inkişafı barədə sevindirici hal-əhval yaranır.
Müəllif,
bu kitabı tədqiqatlarının girişi hesab edib,
onların bitmədiyi, davam edəcəyi barədə
ümumi nəticəyə gəlir: "Kitabi-Dədə
Qorqud" kimi qədim mətnlərin müstəvisində
realizə olunmuş, təzahürünü tapmış bədii
poetik nümunələr və bununla yanaşı realizə
olunmamış, təzahürü baş tutmamış bədii
poetik potensiallar var.
...Mətn
və müəllif münasibətlərini də, güman
edirəm ki, geniş üslubi-poetik araşdırmalarda yeni
rakursdan nəzərdən keçirməyin vaxtı
çatmışdır.
Oxucu əsərdə Dədə Qorqud şəxsiyyəti
barədə də maraqlı məlumatlar əldə edə
bilir. Bunun
özünü də boy boylayan şəxsin (və ya şəxslərin)
bir növ ömür-gün boyu hesab etmək olar: "Dədə
Qorqud şəxsiyyəti ilə bağlı da maraqlı
perspektiv ideyalara çıxmaq mümkündür. Homerlə
analogiyada (bu ideyaları Viko və Şellinq irəli
sürmüşdü) Kitabi-Dədə Qorquddakı Dədə
Qorqudun fikrimizcə, invariant olaraq bir deyil, bir neçə Dədə
Qorqud adlı şəxsiyyəti özündə ehtiva etməsi,
onun konkret dövrdə yaşayan konkret şəxs yox, daha
çox müxtəlif epoxaları birləşdirən bir
prinsip kimi özünü göstərməsi Kitabi-Dədə
Qorqud mətninin yeni arxeoloji dərinliklərinə enməkdə
kömək edə bilər. Dədə Qorqud -
prinsip kimi ideyası bizi bir çox mifoloji burulğanların
içindən çıxarır. Ən
azından, müxtəlif dövrlərdə Dədə Qorqud
tərəfindən göstərilən fəaliyyətin
mümkünlüyünə aydınlıq gətirər".
Kamal Abdullanın "Kitabi-Dədə Qorqud
poetikasına giriş" əsərini Dədə
Qorqudşünaslığın bədii poetik yöndən bənzərsiz
girişi hesab etmək olar. Boylarla bədii poetik
boyasını, avazın tapmış dastanımız barədə
olduqca orijinal, monumental bir əsər ərsəyə
çatdırılmış, ortaya qoyulmuşdu. Kamal Abdulla dastanın bədii poetik boyunu boylaya
bilmişdi.
Müəllifin 2009-cu ildə işıq üzü
görmüş "Gizli Dədə Qorqud" kitabıyla
tanışlığım var idi. Yeni əsərinin
ondan tamamilə fərqləndiyini söyləmək (Bu
monumental elmi əsərinə bir növ məşqi də
hesab etmək) olar.
Çünki yeni əsərində dastan barədə
indiyə kimi yazılanlardan (içi özününkü
qarışıq) fərqli, geniş əhatəli, gizli bir məqam
buraxmayan tədqiqat işiylə
qarşılaşırıq. Dastanımız bədii
poetik potensiala malik bir müəllif tərəfindən bədii
poetik şəkildə açıqlanır, geniş oxucu
kütləsinə ərmağan edilir.
(Əsər
axıra kimi ricətlərlə müşayiət
olunduğundan mən də öz kiçik ricətimi söyləyəcəyəm:
iki məsul vəzifə sahibi qələm dostumun, - Elçin
və Kamal Abdullanın bu qədər gərginlik içrə
vaxt və güc (ilham) tapıb, hər sahədə monumental əsərlər
yaza bildiklərinə daim heyrətlənmişəm. Və onlar yeganə qibtə etdiyim qələm,
kamal, istedad sahibləri olub.
Kamal
Abdullanı şübhələndirmək üçün bəzi
mülahizələrim: Yeganə dastanımız "Kitabi-Dədə
Qorqud" sonrakılardan fərqli qopuzla müşayiət
olunub və onun qopuzu başqa ellərə də yol tapa bilib
(Abbas Abdulla Ukrayınların Kobzarını, qopuzla əlaqələndirib).
Sonrakı dastanlarımızın hamısı
sazın müşayiətiylə meydana çıxıb.
K.Abdulla qopuzdan-saza keçilməsini də
söyləsə yaxşı olar.
Müəllif fikirlərini dünya alimlərinin
dəlilləriylə məharətlə əsaslandırır.
Bizimkilərdən bir neçəsinin adıyla
rastlaşırıq. Gələcək tədqiqatlarında
dastanın bütün tədqiqatçılarını
xatırlatmasını arzulayıram. Bu içi
qürbət həyatı yaşamış Məhərrəm
Ergünə bizim həyatdan köçmüş
Qorqudşünaslara bir növ ehtiram olar).
Ədalət
2018.- 30 mart.- S.5.