SONA
ÇƏRKƏZ
BDU-nun baş müəllimi, Azərbaycan
Yazıçılar Birliyinin üzvü, "Qızıl qələm"
üzvü mükafatı laureatı
Sizə təqdim etdiyimiz şeirlər Sona xanımın bu günlərdə işıq üzü görəcək "Bəxtəvərlik yuxu imiş..." adlı kitabındandır. Biz bu şeirləri təqdim etməklə dünyaya gələn kitab münasibətilə həm də dəyərli Sona xanımı təbrik etmək istədik. Uğurlu olsun!
ELƏ RƏSSAM Kİ...
Bir rəssam gəzirəm,
elə rəssam ki,
Görə gözlərimə
hopmuş kədəri.
Fırçası anlada
qəlb dostlarıma,
Ömrümə yük olan
qismət-qədəri.
Bir rəssam gəzirəm,
olduğum kimi
Göstərə üzümü
candan yanana.
Bər-bəzək vurmaya
mənim rəsmimə,
Anlada dünyamı
dərddən qanana.
O fırça arada
dönüb atəşə,
Əridə buz atmış
fikirlərimi.
Çatdıra oduna
yandıqlarıma,
Kərəmi havalı
zikirlərimi.
Üzümə diqqətlə
baxıb o rəssam,
Acının rəngini
qoya ortaya.
İnandıra məni
çəkdiklərinə,
Mən səcdə eləyəm
həm o rəssama,
həm də o çəkdiyi
həmən tabloya...
YAXŞILARIN
ÜZÜNƏ
Məzarımın üstünə
sinə daşı qoymayın,
Mən onsuz da yorğunam,
torpağımı yormayın.
Dərdimi-ələmimi
daşla basdırmaq
olar,
Əmanətim sözümdür,
onu atmayın, nolar.
Giley dolu sözlərim
bitməyən xiffətimdir,
Düşüncəmi yazanam,
dönməzlik xislətimdir.
Qəlbimə yük olanı
qələmimə demişəm.
Ömrün dolaylarında,
onu doğru bilmişəm.
Özünə qələmiylə
qəbir qazan da mənəm.
Taleyini
min yerə,
min yol yozan da
mənəm.
Görən deyir döz, Sona,
dərd səni bərkidibdir,
Kaş biləsiz dözümə,
qəlb nələr çəkdiribdir.
Allahdan hansı üzlə
dərdə dözüm
istəyim?
Və ya dönük fələkdən
ona çözüm
istəyim?
Məni
mətin bilənlər
içimdən xəbərsizdir,
Sözlərim ağı deyir,
qələmim xəbərsizdir.
Dözümüm külə dönüb,
altından işarır
qor.
Döz demək bircə kəlmə,
mən çəkənə
dözmək zor.
Yaxşıların üzünə
hələ ki, yaşayıram.
Fəqət, onlar da bilmir,
nə yüklər daşıyıram...
Professor
ƏDİBƏ XANIM PAŞAYEVAYA
Kimlər isinməyibdi Mir Cəlal ocağının, əzizim,
istisinə? Ocaq var - üz tutanlar
kor olur tüstüsünə...
Sizi vəsf eləyir, Ədibə xanım,
Bu şeirin nöqtəsi, nidası, sözü!
Qeyrət
də, namus da, qürur da Sizdə,
Axı,
tərəzidir el-oba gözü!..
Nuru azalmayan, odu sönməyən,
Atəşi əbədi ocaq
övladı!
Yaradan könlünə görə
verəcək,
Min arzu-diləyi, min bir muradı!
Adi dağ zirvədə qar saxlamayır,
Zirvəsi qarlıdır uca dağların.
Deyib-danışmağa əməl olmasa,
Vallah, kəlmə yazmaz qələm, inanın!
Yıxılan, büdrəyən, boynu
bükülən,
İnsan övladının yanındasınız.
Bizim kafedranın bir nəfər kimi,
Ağlında, yadında, yanındasınız.
Duyğum
düşüncəmin əsirliyində,
Bəlkə çatdırmayır arzularımı...
Lakin ürəyimdən gələn
budur ki,
Allahın sevimli bəndəsisiniz,
Bunu bir ağızdan söyləyir hamı!
YAĞIŞ YAĞIR
Palatamın pəncərəsi önünə
hər gün xeyli göyərçin uçub gələrdi. Bu gün
görünmədilər...
Axşamdan yağış yağır,
yağır heç
səngimədən.
Yağır öz yer-yurduna,
türklər demiş,
dinmədən.
Göyərçinlər cumculuq,
görən getdilər
hara?
Kim qol-qanad açacaq
bu havada onlara?
Ovcumdakı çörəyi
görcək sevinərdilər,
Alamançılar kimi
bir-birin didərdilər.
Bu gün gəlmir səsləri
otağıma onların,
Neyləsinlər yağışdan
islanıbdır donları.
Mən çörəyi ovunca
baxardılar üzümə,
Mat qalırdım onlarda
olan səbrə, dözümə.
Onlar oldu burada
20 gün mənə simsar,
Unudurdum
ağrımı
qığıldayanda onlar.
Bu gün isə yoxdular,
ha eyləyim ahu-zar.
Eh, hardan yağdı, Allah,
bu yağış
mərdüməzar?
Eh, niyə yağdı, axı,
bu yağış
mərdüməzar?
DƏRD ORTAĞIM
Nəriman Həsənzadəyə
İkinci evim bildiyim BDU-nun akt zalında Xalq şairi Nəriman Həsənzadə
ilə görüş
keçirilirdi. Dərsim olduğundan bir az gecikdim.
İllərdir yaxından tanıdığım,
ömür-gün yoldaşım
Çərkəzi çox
sevən bu böyük ürəkli insanı görməyə
hamı kimi mən də çox tələsirdim və... zala daxil olanda artıq
hər kəs öz yerini almışdı. Təşkilatçılar görüşün iştirakçılarını salamlayırdılar.
Az sonra söz Nəriman müəllimə verildi.
O da ilk olaraq sözünə görüşə
gələnləri salamlamaqla
başladı və birdən mənə tərəf əlini uzadıb dedi - ikinci cərgədə məni hamıdan çox anlaya bilən dərd ortağım əyləşib
- bu gün aramızda olmayan Çərkəz müəllimin
ömür-gün yoldaşı
Sona Çərkəz.
Onu da salamlayıram.
Hardan gəldi, qardaşım,
Bu fikir ağlınıza?
Dərd
ortağım, dediniz,
Min sağlıq ağzınıza.
Dərd
ortağım dediniz,
Titrədi əl-ayağım.
Yaralı
ürəyimin,
Bu da oldu bir dağı.
Kaş dərd ortağı deyil,
Bir sevinci böləydik.
Çünki biz sevgimizin
Qarşısında köləydik.
Dərdin
ağzı yanaydı,
Bizi yandıran
yerdə.
Elə yandırıbdır ki,
Kababdı qəlb də, dil də.
Qəlbimizin odunu
Biz qələmlə bölüşdük.
Eşqimizi dəfn edib,
Torpağıyla öpüşdük.
Kədərə boyun əyib,
Ömrə davam elədik.
Bəxtə düşən acıya,
Alın yazımız dedik.
Sara xanım həsrətə
Bələdi ömrünüzü.
Qaranlıq gecələrdə,
Gəzdiniz gündüzüzü.
Sevmək
də acı imiş,
Ayırlıq da, qardaşım.
Fələk əlimə keçsə,
Boğar onu göz yaşım.
Çərkəzsiz günlərimi
Silə
bilsəm ömrümdən,
Vallah gileylənmərəm,
Bəxtimdən, taleyimdən.
Bu möcüzə baş versə,
Sevincdən də yazaram,
Səadətdən də hərdən...
O vaxt yaxam qurtarar
Göynərtisi bitməyən,
Kədərli cümlələrdən...
ANA
SƏADƏTDİR!
Ağrıma, adının qurbanı olum,
Axı, sənə görə dilim söz tutur.
Quruca nəfəsin ruh verir mənə,
Ustupluca otur, ustupluca dur.
Görürsən, gedənlər qayıtmayırlar,
Atalı dünyama həsrət qalmışam.
Sən məni köksünə sıxıb öpəndə,
İnan ki, bu yaşda
uşaqlaşmışam.
Ağıllı, təmkinli, xoş
sözlərinə,
Biləsən, nə boyda ehtiyacım
var.
Ən ağır anımda dualarınla,
Min düyünüm ola, dərhal açılar.
Yazıma-pozuma özən göstərib,
Adi uğuruma
sevinənimsən.
Bu yaşda əlindən düşmür kitablar,
Qədrimi hamıdan çox bilənimsən.
Nəfəsin Mədinə, Məkkə,
Kəbətək,
Müqəddəs ziyarət yerimdir, ana.
Kim var bu dünyada
səndən savayı,
Təmənna güdmədən, ürəkdən
yana.
Ana səadətdir, ana qənimət,
Allahım, mənə ver ağrılarını.
Çox
görmə nə olar, anamı mənə,
Yaşasın atamın torpağı sanı.
Ədalət 2018.- 31 mart.- S.14.