Təklələr
Layihənin istiqaməti: Azərbaycanın
dövlətçilik tarixinin, milli adət-ənənələrinin,
elm və mədəniyyətinin təbliği
(əvvəli
ötən sayımızda)
Tarixdə təklələr cəsur, qorxmaz,
döyüşkən bir tayfa kimi xarakterizə olunur. Qarabağda
xanlığın bünyadını qoyan Pənahəli
xanın və ondan sonrakı xanların dövründə Təklə
tayfasının seçkin şəxsləri hakimiyyətdə
müəyyən vəzifələrdə təmsil
olunmuşlar. Məsələn: Təklə
tayfasından olan bəylərdən Cahangir bəy Təklə,
Əlimərdan bəy Təklə, Məmmədvəli bəy
Təklə, Əmiralı bəy Əlimərdan bəy
oğlu Təklə oba başçıları olmuşlar.
Yeri gəlmişkən deyək ki, bəzi tədqiqatçılar
belə hesab edirlər ki, Təklə oymağı Şahsevən
elinin tərkibində Sarıqamışdan gəliblər. Bəzi
araşdırıcılar belə hesab edirlər ki, bu
oymağın əhli qonşu yörələrdən (Salyan,
Cəlilabad, ya da Beyləqan bölgəsindən) gəlib . Ə. Fərəcov yazır ki, Təklə
oymağının qışlağı Təklə
şenliyi, yaylağı Səreyn idi.
Təklələrin bir qolu Səreyn
yaxınlığındakı Vərgəsoran kəndində
məşkunlaşıblar. Təklə
oymağının son başçılarından Dadaş xan
Saların və Əbülfət xanın adları məlumdur.
Təklə oymağının son
başçılarından İbrahim xan Mübaşir Səreynin
adı bir çox tarixi hadisələrdə hallanır.
Bəzi tədqiqatçılar isə təklələrin
Türkman elinin Mosullu oymağından olmasını iddia edirlər.
Təklə
ifadəli iki el bayatısı:
Ata elim Təklədi,
Fələk
məni təklədi,
Bəxtim
ayaq açmadı,
Uşaq tək iməklədi.
Mən
aşiq təklədənəm,
Min evli təklədənəm,
Arasbar tərlanıyam,
Sonalar təklədənəm.
Təkə-türkman
eli
Təklə tayfasının Təkəlilərlə
heç bir əlaqəsi-qohumluğu olmadığını
sübut etməyə çalışan tədqiqatçılar
da var. Son araşdırmalar, tarixi məxəzlər və
tutarlı tutanaqlar göstərir ki, təklə-təkəli,
təkə-türkman tayfaları eyni kökə, eyni soya
bağlı olan tayfalardır. Daha doğrusu, Təklə
camaatı Təkəli elinin törəmələridir.
Təkəlilər qızılbaş tayfalarından
biridir. Təkə-türkmən tayfasının bir qolu olan
təkəlilər Cənubi Azərbaycanda və Kiçik
Asiyada köçəri həyat sürürdülər.
Səfəvilər dövlətinin siyasi həyatında
mühüm rol oynayan təkəlilərin bir hissəsi
sonralar mərkəzi hakimiyyətə qarşı
çıxdıqlarına görə 1596-cı ildə
Şah Abbas tərəfindən məhv edilmiş, qalanları
Azərbaycanın müxtəlif yerlərinə
yayılmışdır. Hazırda Türkmənistan
ərazisində "Təkə" tayfası
yaşamaqdadır. Təkə Qafqaz dağ
keçisidir. Azərbaycanda böyük
qafqaz ərazisində dağıstan təkələri
geniş yayılmışdır. Hazırda
Azərbaycanda erkək keçilərə təkə deyilir.
Təkələr bir qayda olaraq qoyun
sürüsünün qabağında gedir. Əski çağlarda təkə təkəlilərin
totemi olmuşdur.
İslam ensiklopediyasında qeyd edilir ki, türkmənlər
azərbaycanlıların etnogenezisində iştirak etmiş
türkdilli tayfalardan biridir. Səlcuqların tərkibində
İrana, Azərbaycan və Kiçik Asiyaya gəlmişlər.
Azərbaycan və İranın siyasi həyatında
mühüm rol oynamış türkmanlar ağqoyunlulardan
ayrılaraq, qızılbaş tayfa birləşmələrinin
yaranmasında iştirak etmişlər. Türkmənçay
(Cənubi Azərbaycan, Türkmən kəndlərinin
(Göyçay və Bərdə rayonları) adları
türkmanlarla əlaqədardır. Təkəli
adı ilk dəfə olaraq 1393-cü ildə Osmanıların
hakimiyyəti dövründə çəkilir. Hətta orta əsrlərdə Təkə bəyliyi
mövcud olmuşdur ki, bu bəyliyin dönəmində ilkin
olaraq bu adı daşıyan Sultan-i Əmir Mübarizəddin
Məhəmmədbəy olmuşdur.
Osmanlıların hakimiyyəti illərində Təkə
bölgəsi, Təkə sancağı deyilən bir ərazi
də yaranmışdı. Bölgənin mərkəzi
Antalya idi. 1180-cı ildə oranı Rum Səlcuqlu
dövləti öz hakimiyyəti altına almağa cəhd
etmiş, lakin bir müddət buna nail ola
bilməmişlər. Amma bununla belə Səlcuqlar
1216-cı ildə istəklərini gerçəkləşdirə
bilmiş, Təkə sancağı mərkəzi Antalya daxil
olmaqla işğal olunmuşdur. Sonrakı
illərdə Osmanlılar bu bölgədə hakimiyyəti ələ
almışlar.
Bu gün dünyanın əksər bölgələrində
təkəlilər yaşamaqdadır -Türkmənistan,
Türkiyə, İran, Çin, Suriya, İordaniya, İraq (Kərkük),
Qırğızıstan. Təkəlilərin məskunlaşdıqları
əraziləri bununla məhdudlaşmır. Hazırda Qazaxıstanın Taldı-Kurqan vilayətində
Təkəli adlı şəhər mövcuddur. Təkəli tayfası Türkmənistanda ən
nüfuzlu və ən güclü etnik qrupdur. Təkəlilərin Manqışlaq
yarımadasının şimalında Yayıq (Ural) və Emba
çaylarının sahillərində məskən
saldıqlarının tarixi uzaq keçmişlərə
söykənir. Uralsk şəhərinin keçmiş
adının " Təkəli"
olması bu tayfanın burada yaşam tarixinin qədimliyini
göstərir. Monqolların dünyada
ağalıq etdiyi dönəmlərdə Manqışlaq,
Balxan civarları Qızıl Orda xanlarına tabe olmuşdur.
Təkələrin iki böyük toplumu olan
"Utamış" və "Toxtamış"
Qızıl Orda xanlarının adlarını
daşıyırdı.
Səfəvi dövlətinin yaranmasında və
inkişafında Türkmən ellərindən biri olan Təkəli
elinin böyük rolu olmuşdur. Onlar XV əsrdə Səfəviyyə
təriqətinə bağlanan ilk qruplardandır. Təkəlilərin bir qismi Şeyx Heydərin siyasətini
bəyənmiş və ona tərəf
çıxmışlar. Onlar Şah
İsmayılın qurduğu dövləti müdafiə
etmişlər.
1500-ci
ilin sonunda, Gülüstan qalası yaxınlığında,
Cabani adlanan yerdə İsmayılla Şirvanşah Fərrux
Yassar arasındakı döyüşdə qızılbaş
başçılarının "dövlət
sütunları" arasında Lələ Məhəmməd
bəy Təkəli şücaət göstərmişdir.
(Fütuhat-i şahi,vər.43 a-43 b)
Təkəli elindən Sarı Əli bəy, Şah
İsmayılın möhrdarı vəzifəsinə qədər
yüksəlmişdi. 1501-ci ilin ortalarında Şərur
düzündə İsmayılla Əlvənd arasında
baş verən həlledici döyüşdə
İsmayılın cinahlarda yerləşdirdiyi sərkərdələrdən
biri də Sarı Əli bəy Təkəli idi.
İsmayılın
Ağqoyunlu Muradla Həmədan
yaxınlığındakı Almaqulağı adlı yerdə
(1503-cü il 21 iyul) baş verən
döyüşündə Yeqan bəy Təkəli və
Sarı Əli bəy Təkəli qəhramanlıq göstərən
sərkərdələrin arasında idi. (Anonim
tarix, Həbib Əssəyyar səh.470-472). Sarı Əli bəy Təkəli 1506-cı ildə
kürd Sarımın qaldırdığı üsyanı
yatırmağa göndərilmiş və döyüşdə
öldürülmüşdür. Təkəlilərdən
Burun Sultan səfəvilərin Məşhəd hakimi idi.
İsmayılın
oğlu Təhmasib Mirzənin formal olaraq şah elan edilməsindən
sonra sarayda yüksək və gəlirli dövlət vəzifələri,
zəngin və məhsuldar torpaqlar ələ keçirmək
uğrunda bir-biri ilə mübarizə aparan
qızılbaş tayfa əmirlərinə etiraz edənlər
arasında İsfahan hakimi Çuxa Sultan Təkəli, Həmədan
hakimi (tiyuldarı) Qaraca Sultan Təkəli, Məşhəd
hakimi Burun Sultan Təkəli öz qoşunları ilə
birlikdə əks tərəfə keçdilər (Təkmilat
əl-əxbar, vər.253 a).
Görkəmli tarixçi-alim O.Əfəndiyev yazır
ki, Ustaclı əmirləri dövlət işlərini idarə
etməkdən uzaqlaşdırıldılar. Div Sultan Rumlu
və Çuxa Sultan Təkəli bütün hakimiyyəti ələ
keçirdilər. Fərmanlarda Div Sultan "
məlik əl-üməra" ("əmirlər
padşahı"), Çuxa Sultan isə "rükn əs-səltənə"
("səltənətin dayağı")
adlandırıldı. Onlar iyul (iqta) hüququnda
ustaclı tayfasına məxsus olan torpaqların çox hissəsini
öz aralarında bölüşdürdülər.
Qızılbaş
tayfaları arasında gedən ara
müharibələri hakimiyyəti iflic vəziyyətə
salmışdı. Ölkədə
özbaşınalıq hökm sürürdü. "Div Sultan Rumlu və Çuxa Sultan Təkəli
özləri bir-birilə vəkillik vəzifəsi uğrunda
toqquşmağa başladılar. 1527-ci
ilin iyul ayında Div Sultan Çuxa Sultanın təhriki ilə
öldürüldü. Şərəf xan Bitlisinin məlumatına
görə, Çuxa Sultan gənc şahı inandıra
bilmişdi ki, Div Sultan tayfalararası ədavətin və
müharibələrin səbəbkarıdır və o, divana
daxil olanda şah Div Sultanı oxla vurmuş, sonra isə
şahın xidmətçiləri onu qətlə
yetirmişlər. ("Şərəfnamə",II cild.səh.172-173,"Əhsən ət-təvarix",
səh.191-194").
Bununla da əyanların hakimiyyəti dövrü sona
çatdı.
Dövlət işlərinə rəhbərlik
təkbaşına vəkil olmuş Çuxa Sultanın şəxsində
təkəli əyanlarının əlinə keçdi.
O, elə
hakimiyyət sahibi olmuşdu ki, Təhmasibə "yalnız
şahın adı qalmışdı". O, vilayətlərin
çoxunu təkəli tayfasından olan qohumlarının
arasında bölüşdürmüş və (onlardan) hər
birini xan rütbəsinə, soltan dərəcəsinə
yüksəltmişdi. (Məhəmməd Mehdi
Şirazi, səh.252; Tarixi elçi-i Nizamşah, səh.35 b).
O. Əfəndiyev yazır ki, Çuxa Sultanın
ölümündən sonra təkəli əmirləri vəkil
yerinə onun böyük oğlu Şah Qubadın namizədliyini
verdilər. Təkəli əmirlərinin öz
hökmranlıqlarını qoruyub-saxlamaq üçün
etdikləri bu cəhd təkəli feodallarının
zülmünə çox dözmüş digər
qızılbaş tayfaları tərəfindən
narazılıqla qarşılandı.
Hicri 937-ci ildə (1530-31) təkəlilər Azərbaycanın
cənub hissəsinin hakimi (əmir əl-üməra) Üləma
bəy Təkəlinin şəxsində vəkil vəzifəsini
tutmaq üçün daha bir uğursuz cəhd etdilər (Təzrike-i
şah Təhmasib, səh.587).
Xatırladırıq ki, Təkəli əyanlarının
hökmranlıq müddəti 1527-1553-cü illəri əhatə
edir. Çuxa Sultanın ölümündən sonra
Hüseyn xan Şamlı ən qüdrətli feodal oldu. Sonrakı illərdə də Təkəli
tayfasının bahadırları hakim vəzifələrdə
təmsil olunmuşlar. II Şah
İsmayılın hakimiyyətə gəlməsini dəstəkləyənlərdən
biri Soltan Çabuk Türkmən türkmən
tayfasının rəisi təyin edilmişdir. Süleyman bəy Türkmən qızılbaş əyanlarının
nüfuzlu nümayəndələrindən biri olmuşdu.
Əmir xan Tükmən (Mosullu) Təbriz əyalətinin
hakimi, Vəli Sultan Təkəli Həmədan vilayətinin, Məhəmməd
xan Türkmən isə Kaşanın rəisi təyin
olunmuşdu.
Museyib xan Şərafəddin oğlu Təkəli xan
rütbəsi alaraq Rey hakimi təyin edilmişdi. Xatırladırıq ki,
1578 -ci il noyabrın 28-də Ağsu
çayının sahilində Mollahəsən adlı yerdə
(Mollahəsən döyüşü) Museyib xan Şərafəddin
oğlu Təkəli mərdliklə vuruşmuş, Səfəvilərin
qalib gəlməsi üçün sücaət göstərmişdir.
Yalnız şah ailəsinə sadiq qalan və
şahla qohum olan Təkəli tayfasının
başçısı Museyib xan Şərafəddin oğlu Təkəliyə
əmirlərin hücum edəcəyi təqdirdə şah
ailəsi üzvlərini qorumaq tapşırığı
verilmişdi.
Kürdüstanda Alaşkert bölgəsinin idarəsi
Sultan Hüseyn Təkəliyə
bağışlanmışdı. Təkəli
tayfasının başçısı Ərdoğdu xəlifə,
türkmən tayfasının rəhbəri Əmir xanla
şahın yanına gedərək etiqad məsələlərini
məsləhət etmişdi.
Göründüyü kimi, Təkəli
tayfasının seçkin insanları çoxdur və bu barədə
xeyli misallar çəkmək mümkündür.
(ardı gələn
sayımızda)
Faiq ŞÜKÜRBƏYLİ,
tədqiqatçı-etnoqraf
Ədalət 2018.- 1 may.- S.7.