Onun "Hünər" dastanı"

 

Şair Məmməd Kazımın xatirəsinə

 

 

Adətən insanın müdrikliyi həm onun dediyi sözün əhəmiyyəti, çəkisi, qiyməti ilə dəyərləndirilir. Həm deyirəm, ona görə ki, müdriklər təkcə dedikləri yox, demədikləri üçün məsuliyyət daşıyırlar. Deməli, müdrik adam həm susmağı (mənalı susmağı ilə), lap elə adi təbəssümü ilə (əlbəttə, mənalı təbəbbüsümü ilə) müdrikdir.

Belə müdriklərdən biri tanınmış şairimiz, sadə təvazökar insan, ədəbiyyatımızın cəfakeşlərindən olmuş Məmməd Kazım idi. O, doğulduğu canı qədər sevdiyi Azərbaycan torpağının özü kimi saf, təmiz, billur şəxsiyyət idi. Mən onu belə tanımışam, belə görmüşəm. Ədəbi mühitdə çoxlarına qayğı göstərib, gənc istedadlardan xeyirxahlığını heç zaman əsirgəməyib. Bunu onun qələmdaşlarının haqqında yazdığı xatirələr sübut edir. Balayar Sadiq, Nurəddin Ədiloğlu, Ağacəfər Həsənli, Kənan Hacı digər qələm adamları ayrı-ayrı vaxtlarda Məmməd Kazım qayğısını hiss ediblər onların hər biri bu gün ədəbiyyatımızın sayılıb-seçilən imzalarıdır. Bu gün onu minnətdar duyğularla xatırlayırlar.

Tanrı ona yerin-göyün sevgisini daşıyan böyük ürək, qaynar insan təbiəti, bulaq kimi çağlayan təb bəxş etmişdi. Onun var-dövləti yazdığı əsərləri idi. Onun şair təbi qayaların köksündən fışqıran buludlara bənzəyir. Bu dumduru bulaq ürəklərə sərinlik gətirir. Onun yaradıcılığı haqqında Vaqif Yusifli, Əsəd Cahangir, Kənan Hacı digər sanballı qələm adamları müxtəlif vaxtlarda geniş yazılar yazıblar Məmməd Kazım poeziyasının xüsusiyyətlərini ədəbi baxımdan təhlil ediblər. O, qədər saf, duru bir insandırsa, poeziyası da eləcədir. Bir sözlə, şəxsiyyəti ilə yaradıcılığı bir-birini tamamlayan nadir qələm sahiblərindəndir. Məmməd dayı ilə (mən ona belə müraciət edərdim) dostluq, yoldaşlıq etmək , səfərə çıxmaq da, yol getmək , bir süfrədə oturub çörək kəsmək , həmsöhbət olub öz fikirlərini bölüşmək xoş idi. İş gərginliyi əsəblərimi yoranda, rahat, asudə bir guşə arayıb könül xoşluğu ilə həmsöhbət ola biləcək bir insan axtaranda ilk növbədə fikrimdən Məmməd dayı keçirdi. Sözü-söhbəti ruha qida verən şair gəldiyi yerə həmişə xoş ovqat, nikbin əhval-ruhiyyə, hərarət gətirirdi. Məmməd Kazım bir zamanlar Azərbaycan televiziyasında "Hünər" verilişini aparırdı. O, bu verilişin yaradıcısı idi sonralar bu veriliş yüzlərlə qaranlıq talelərə işıq saldı, neçə-neçə ailədə sönmüş ümid çıraqlarını alışdırdı. Təkcə bu xidməti ilə o, Azərbaycanın hərbi jurnalistika tarixinə öz imzasını həkk edib.

 

Hər vətən övladı

Ürəyim, canım.

Yazdım adlarını

Zirvə qaşında.

Ekranlar bəzəyən

"Hünər" dastanım

Hər vaxt yaşayacaq

Xalq yaddaşında.

 

Böyük Vətən Müharibəsi illərində taleyin burulğanlarına düşmüş oğul qızlarımızın sorağı ilə Ukrayna, Pribaltika, Belarusiya respublikalarını qarış-qarış gəzib yorulmaq bilmədən axtarışlar aparan bu insanın zəhmətini ancaq bu cür qiymətləndirmək olar - Fədakarlıq!

Dnepr sahillərində qəhrəmanlıqla həlak olmuş Mikayıl Ələkbərovun xatirəsinə həsr etdiyi "Xəzər laylası" poemasında şair "Hünər" ünvanlı səfərlərin ağrı-acısını bu cür ifadə edir:

 

Dnepr önümdə coşub-çağlayır,

Uzun bir həsrəti yuyur gözümdən.

Ürəyim hıçqırır, sular ağlayır,

Onu dalğa-dalğa axtarıram mən.

Ehey!!!

Hardasan?!

Hay ver, eloğlu!..

Sahil qayaları yayır səsimi.

Bir ürək həyəcan, bir ürək ağrı,

Lərzəyə gətirir yer kürəsini!

 

Məmməd Kazım ömrünün "Hünər" səhifəsini oxumaq istəyənlər onun "Xəzər laylası" poemasına göz atsınlar. O zaman bu böyük söz adamının ədəbiyyatımızda, ədəbi publisistikamızda yeri, çəkisi aydın görünəcək.

Məmməd dayı ilə arabir görüşürdük. İndi bu yazını yazarkən gözlərim yol çəkir, məğrur səsi gəlir qulağıma: "Gəl kəndə, ağac altında oturaq, ürəyimizi dağların saf havasına tutaq, bir az dincələk..."

O, Masallıda, dağların ətəyinə sığınmış Tatyan kəndində yaşayırdı, amma yolu tez-tez Bakıya düşürdü. Bakıya gələn kimi sadiq dostları başına yığırdı. Ağsaqqalla hər görüş unudulmaz olurdu, yaddaşlarda dərin iz buraxırdı. Hər görüşümüzdə onun insani keyfiyyətlərinin bir qatı mənimçün açılırdı.

 

Uşaqdım, qaraldı vaxt bulud kimi,

Dava qılıncıyla sınıq düşmüşəm.

İldırım doğrayan şüy palıd kimi

O vaxtdan sevincdən yanıq düşmüşəm.

 

Uşaqlığı müharibə illərinə düşmüş şair o dövrün uşaqlarının taleyindən keçən ağrı-acını, nisgili görün necə original şəkildə şeirə gətirir. Vaxtın bulud kimi qaralması, sevincdən yanıq düşmək ifadələri poetik kəşfdir. Əlbəttə, bu yazıda məqsəd onun yaradıcılığını təhlil etmək deyil, bu, mənim işim olmadığı üçün Məmməd Kazımın mənim yaddaşımda yaşayan obrazı haqda xatiratımı yazmağı düşündüm. Mən onu kamil bir insan kimi tanıdım, onun timsalında əsl şəxsiyyətin necə olduğunu əyani şəkildə gördüm. Bu gün o, aramızda yoxdur, amma yaşadığı ömür, yazdığı şeirlər onu bundan sonra da yaddaşlarda yaşadacaq.

Ruhu şad olsun!

 

İlqar Abdullayev

Baş Ədliyyə müşaviri,

yazıçı, Azərbaycan Yazıçılar

Birliyinin üzvü

 

Ədalət  2018.- 1 may.- S.5.