Təklələr
Layihənin istiqaməti: Azərbaycanın
dövlətçilik tarixinin, milli adət-ənənələrinin,
elm və mədəniyyətinin təbliği
(əvvəli
ötən saylarımızda)
"Koroğlu" dastanı və
Təkəli
tayfası
Azərbaycanın qəhrəmanlıq eposu olan "Koroğlu" dastanından məlum olur ki, Azərbaycanın xalq qəhrənanı Koroğlu və Aşıq Cünun Təklə tayfasındandır.
XVI yüzilin ilk onilliyində (1514) başlayan Osmanlı-Səfəvi müharibələri qısa fasilələrlə yüz ildən artıq davam etmişdir. Bu müharibələr nəticəsində saysız-hesabsız qırğınlar, dağıntılar olmuşdur. On illərlə davam edən dağıdıcı müharibələr əhaliyə olmazın müsibətləri tuş etmişdi. 1590-cı ildə Səfəvi-Osmanlı müharibəsinin ikinci mərhələsi hər iki dövlət arasında sülh müqaviləsi ilə sonunclandı. Tarixdə İstanbul sülh müqaviləsi kimi tanınan bu barış Azərbaycanı Səfəvi və Osmanlı dövlətləri arasında böldü. Şirvan, Qarabağ, Təbriz, Sərab, Marağa və onların qərbində yerləşən digər torpaqlar Osmanlıların hakimiyyəti altına düşdü.
Azərbaycan torpaqları ilə yanaşı, Səfəvi imperatorluğuna daxil olan Şərqi Gürcüstan, habelə İraqın Qərb vilayətləri də Osmanlı imperatorluğunun tərkibinə qatıldı.
Xalxal, Ərdəbil, Qaracadağ və Lənkəran Səfəvilərin əlində qaldı. Azərbaycanda baş verən kütləvi narazılıq, aclıq, səfalət, soyğunçuluq, dəhşətli dağıntılar və iqtisadi tənəzzül ölkədə Osmanlılara qarşı yeni mübarizə dalğasına səbəb oldu. Bu mübarizə tarixə Cəlalilər hərəkatı adı altında daxil olmuşdur.
Cəlalilər hərəkatı XVI əsrin 90-cı illərində Şərqi Anadoluda başladı və az sonra, yəni XVII yüzilin əvvəllərində onun təsiri Azərbaycanda və qonşu ölkələrdə də özünü göstərdi. Bu hərəkatın qarşısını almaq mümkün olmadı və hərəkat Azərbaycanın işğal olunmuş ərazilərinə yayıldı. Bu hərəkatın iştirakçıları Qərbi Azərbaycan kəndlilərindən, Osmanlı, Şərqi Anadolu və İraq qaçqınlarından təşkil edilmişdi. Tarixə "Cəlalilər hərəkatı" kimi yazılan bu hərəkata başlayan eyni kökə, eyni soya bağlı olan türk tayfalarından biri-Təklə-Təkəli tayfasıydı və bu hərəkatın başçısı Koroğlu da bu tayfadan idi.
Dediyimiz kimi, Cəlali hərəkatında müxtəlif tayfaların nümayəndələri iştirak edirdi və bu dəstə başçılarından ən məşhuru Koroğlu idi. Bildiyimiz kimi Azərbaycanın qəhrəmanlıq dastanlarından biri olan "Koroğlu" dastanı Koroğlunun igidliyindən və Cəlalilər hərəkatının fəaliyyətindən bəhs edir. Xatırladırıq ki, Koroğlu xalq təxəllüyünün məhsulu deyil, real qəhrəman və tarixi şəxsiyyətdir.
Koroğlunun adı tarixi salnamələrdə çəkilir ki, bu da onun tarixi şəxsiyyət olduğunu təsdiqləyir. Hətta belə bir rəvayət var ki, Salmac yaxınlığındakı Xarabaqala Koroğlu tərəfindən inşa edilmişdir. Naxçıvan ərazisi, Salmas və Xoy Koroğlunun ən çox fəaliyyət göstərdiyi yerlər kimi təsvir olunur. "Koroğlu" dastanının bir sıra variantlarında Koroğlunun məskəni olan Çənlibel qalasının Naxçıvanda və Makuda yerləşdiyi göstərilir. Bundan başqa digər səmtlərdə də Çənlibel adlı yerlər mövcuddur və Koroğlunun konkret olaraq ən çox hansı yerlərdə fəaliyyət göstərdiyi dəqiqləşdirilməmişdir. Bununla belə təkcə onu demək kifayətdir ki, Koroğlu XVİ əsrdə yaşamış məşhur Cəlalilər hərəkatının rəhbərlərindən biri olmuş və daha sonralar təkbaşına mübarizəni davam etdirmişdir. Azərbaycanın bu xalq dastanında Koroğlunun özünün qoşduğu şeirlərdə onun Təklə-Təkəli tayfasından olduğu təkrarən qeyd edilir: "Təkə-Türkman, Cəlali tək elim var...", "Bolu bəg tutubdu Eyvəz balını, Deyün Təkəlidən ellərim gəlsin...", ... Gətirin Eyvəzi Darayın telin, Car eyləyin gəlsin Təkəli elin...", "...Koroğludur mənim adım, Təkə-türkman elim vardır...", "...Koroğluyam, Təkə-türkman elim var, Gənim üstə qüvvətlicə qolum var...", "...Təkəlütək elim vardır dalımda, Rüstəm kimin gücüm vardır qolumda...", "...Əl götürdüm çəmənimdən, gülümdən, Ayrı düşdüm Təkəlütək elimdən..."
Dastan boyu igidliyi, qoçaqlığı və mərdanəliyi ilə seçilən Koroğlu düşmənlərlə üz-üzə gələndə belə heç nədən çəkinmir, onlara hərbə-zorba gələrək deyirdi:
...Koroğluyam, Təkəli tək elim var,
Düşmən üstə uzun-uzun dilim var,
Gör dalımca neçə dəstə dəlim var,
Girmə mənim meydanıma, Ağa xan!
Gəraylılarının birində türkman elindən olduğunu bəyan edən Koroğlu haqsızlığa, ədalətsizliyə, torpağına qarşı basqılara dözməyərək ayağa qalxdığını belə ifadə edir:
Türkman elini tərk etdim,
Çamlıbeldə məskən saldım,
Yad etdim Əli-Vəlini,
Həqq yolunda qılıc çaldım...
Dastanın digər məclislərində, istər türkülərində, istərsə də Koroğlunun hansısa bir niyyətini həyata keçirmək üçün qurduğu hiylələr zamanı , yaxud özünün çətin vəziyyətlərə düşdüyü məqamlarda özünün əslini-nəslini danmır.
...Cəlali Koroğlu qabaqca və onlar onun dalınca Abdal Paşanın yolun kəsib durdular. Çün Abdal Paşa ləşkər ilən belə yetişdi, gördü Cəlali Koroğlu ac şir kimin yol üstün kəsib,istər onları tömə eyləsin. Abdal Paşa xəbər aldı:
-Cavan, sən kimsən?
Koroğlu dedi:
-Qulaq ver, deyim ki, mən kiməm.
...Təkə-Türkmən,yomur
kimin elim var,
Dil annamaz neçə-neçə
dəlim var,
Eyvəz
kimin tər bənəfşə gülüm
var,
Ya mən allam səni,ya sən
al məni...
Yaxud:
Pəs Şah Abbas yüzün dutub Cəlali Koroğluya dedi:
-Cavan, sən kimsən ki, mənim qulamımı həlak eylədin?
Koroğlu dedi:
-Şah, bizlər türk əhliyuq, qulaq ver özümü
sənə nişan
verim. Pəs sazın götürüb
at üstündə basdı
sinəsinə, yüzün
dutub Şah Abbasa tərəf dedi:
...Hava dutqun, gün
giribdir buluta,
Sərxoş olan gərək
özün unuta,
Əslim
yetər təkə, türkman, yomuta,
Qoç
Koroğlu Mirzə bəyin oğluyam...
Dastanın ayrı-ayrı variantlarında
Koroğlunun gah oğlu, gah da qardaşı kimi təqdim edilən Eyvazın da təklə-türkman ellərindən olduğu bildirilir. Dastanda "Koroğlunun
iyirminci məclisi"ndə
Koroğlu Eyvazı belə təqdim edir:
...Koroğlu eylə Eyvaz adını eşidəndə Eyvaz balının eşqi gəlib başına, sazın götürüb
basdı sinəsinə.
Dedi:
-Xanım, qulaq ver, deyim ki,
Eyvəz balı
necə cavandır:
...Köyül quşu bağlanıbdır telində,
İpək şəddə qurşuyubdur
belində,
Tayı
yoxdur Təkə-türkman
elində,
Demək
olmaz, xalq içində bəşərdir...
Yaxud:
Ay ağalar. Ala gözlü Eyvazım,
Təkə-türkman ellərinin xanıdır...
Və yaxud:
...İpək şəddə
qurşuyubdur belində,
Qızıl çövkan götürübdür
əlində,
Tayı
yoxdur Təkə, Türkman elində,
Ahu baxış, xub yerişli Eyvazın...
Koroğlunun dəstəsindəki igidlərin çoxunun Təkə-türkman elindən
olduğu aşağıdakı
misralarda belə xarakterizə olunur:
...Təkə-türkman baş
qoyubdur yolumda,
Görməyibsən mənim kimin Cəlali...
Yaxud:
...Oğrın-oğrın bülün
yollarım vardır,
Yeddi min
yeddi yüz qullarım vardır,
Təkə-türkman kimin ellərim vardır,
O ağır elimdən minnət çəkərəm...
Koroğlu bir sıra türkülərində özünü
təqdim edərkən
Yomut tayfasının da adını çəkir:
"Əslim yetər Təkə, Türkmən
Yomuta", ..."Xəbər olsun təkə, türkmən,
yomutə, Dağıdaram
bu tüplərin qarasın..."
Xatırladırıq ki, Yomut Türkmən ellərinin ən qoçaq ,
ən igid və döyüşkən
tayfalarından biri olmuşdur.
Koroğlu dastanının Təbriz
variantında Türkmən
eli qədim
tayfaları və oymaqları olan qırx min evli böyük bir el kimi verilmişdir. Türkmən elinin tərkibinə
daxil olan tayfalar-oymaqlar içərisində
üç məşhur
tayfanın adı xüsusi olaraq çəkilir və bunlar digər tayfalardan özünün
cəsurluğuna, yenilməzliyinə
görə daha da seçilir. Həmin tayfalar bunlardır: Təkə, Yomut və Cəlali.
Bu tayfalar ki,
hələ indiyə kimi heç bir padşaha bacü-xərac verməzdilər.
Dəmir
donlu, gözü qanlı iyidlər,
Deyin gəlsin, təkə, yomut ellərim,
Dəstə-dəstə səf bağlayıb düzülsün,
Əfşan etsün qoç
iyidlər tellərin...
Qeyd edək
ki, Yomud, Təklə və Sarıq tayfaları
XVİ yüzildə "Təkəli"
adı ilə tanınırdı.
P.S. Hazırda İmişli rayonunun yuxarıda adlarını çəkdiyimiz
tərəkəmə camaatı
ictimai, iqtisadi, siyasi hadisələrlə
əlaqədar olaraq öz dədə-baba peşələrini əsaslı
surətdə davam etdirə bilmirlər. Bu ilk növbədə təcavüzkar ermənilərin
Azərbaycan torpaqlarının
20 faizini, o cümlədən
də İmişli tərəkəmələrinin yaylaqlarını işğal
etmələri ilə
bağlıdır. Tarixən heyvandarlığı
özünə peşə
seçən və yaylaq-qışlaq həyatı
keçirən bu peşənin daşıyıcıları
tamamilə oturaq həyata keçmişdir.
Onlar indi yalnız təbii şəraitə
uyğun olaraq öz şəxsi təsərrüfatları ilə
məşğul olurlar.
Təqdirəlayiq haldır ki, bu gün tərəkəmə
ellərində elmə-təhsilə
maraq daha güclüdür. Hazırda Respublikamızın elə bir sahəsi
yoxdur ki, orada tərəkəmə
obalarının nümayəndələri
təmsil olunmamış
olsunlar.
Hər bir azərbaycanlı kimi onların da sabaha inamları böyükdür. İnşallah, torpaqlarımız düşmən təcavüzündən
xilas edildikdən sonra onların səsi-sədası Laçın,
Kəlbəcər yaylaqlarından
gələcəkdir. O günlərə isə az qalıb!
Faiq ŞÜKÜRBƏYLİ,
tədqiqatçı-etnoqraf
AzƏrbaycan Respublikasının Prezidenti
yanında kütlƏvi
informasiya vasitƏlƏrinin
inkişafına dövlƏt
dƏstƏyi fondunun
maliyyƏ
yardımı ilƏ
Ədalət 2018.- 2 may.- S.7.