"YADA DÜŞDÜ"

 

Öncədən deyim ki, artıq öz oxucu auditoriyası olan "Yada düşdü" jurnalı hər sayı ilə özünün dəst-xəttinə, tutduğu yola sədaqətini təkrar-təkrar sübut edir. Necə deyərlər, o özü bizə xatırlatmaqla bizlərə də xatırladır. Elə sizə təqdim edəcəyim növbəti sayında da "Yada düşdü" özünün ilk baş redaktoru mərhum yazıçı-publisit, dramaturq, həm də son dərəcə dəyərli insan olan Nahid Hacızadədən bəhs edir. Yəni jurnalın bu sayı xüsusi olaraq Nahid müəllimə həsr edilib. Hətta bu say üçün seçilmiş epiqraf da özü-özlüyündə bir xatırlatma, bir pıçıltıdı.

Mən "Yada düşdü"nün xüsusi buraxılışını vərəqlədikcə bir daha əmin oluram ki, həqiqətən hər şey gəldi gedərdi, qalan xatirələrdi. Yəni insan olumdan ölümə qədər olan yoluvaxtsa başa vurur. Amma əsl həyat, əsl yaşam isə illərin sayı ilə deyil, həmin o xatirələrin ömrü ilə hesablanır. Çünki hər xatirə ilə xatırlanmaq, hər xatirə ilə doğulmaq şansı ancaq insana verilir.

Bax, həyatımda xüsusi yeri olan Azərbaycan oxucusunun, tamaşaçısının, Azərbaycan ədəbi mühitinin yaxşı tanıdığı Nahid Hacızadənin də ömrü indi xatirələrlə davam edir. Bu xatirələrin müəllifi də onun qələm dostları, onun tələbələri, onun həmkarları və bironun şəkilləridi.

Jurnalın təsisçisi və baş redaktoru şairə Nəzakət xanım həmişə olduğu kimi, bu dəfə də "Təsisçidən" başlıqlı fikirlərində vurğulayır ki, "hə, son mənzili qış oldu Nahid müəllimin. Baharda dünyaya gəlmişdi. Bütün ömrünübahar kimi yaşadı - təptəzə, saf, duyğulu, tərtəmiz". Doğrudan da mənalı ömür yaşadı və bu mənalı ömrüsöz heykəlinə çevirdi.

Ona görə də xalq şairi Fikrət Qoca yazır ki, "çox etibarlı dost idi. Yazıçı kimi də maraqlı idi. Çox həssas juranlist idi. Azərbaycan ədəbi dilinin xüsusiyyətlərini bilən dilin ustalarından idi... Yaxşı şairolar, yaxşı yazıçı da ola bilər, amma yaxşı dost, insan çox az olur, nadir olur. Bu keyfiyyətlərə malik olan tanıdığım insanlardan biri Nahid Hacızadə idi".

Musa Yaqub isə vurğulayr ki, "kimsədən bir təmənnası, umacağı olan bir insan deyildi. Nə gözəl insan idi... nə gözəl insan idi... İlahi! Nə yaxşı insan idi, nə xeyirxahıdı! Biz elə adamların qədrini indi-indi bilməyə başlayırıq. İndi bilməyimizin də xeyri yoxdu".

Sadıq Elcanlı vurğulayır ki, "işıqlı adam idi yazıçı-publisist Nahid Hacızadə...".

Xalq şairi Sabir Rüstəmxanlı: "Əziz qələm dostumuz şəraiti dəqiq təhlil edən, hər sözün yerini bilən adam idi". Yazıçı Elçin Hüseynbəyli: "Nahid Hacızadənin gülüşü özündən ağır idi. Bu sanballı kişinin yerişi, duruşu, hətta təbəssümü də gözütoxluq nümunəsi idi".

Yazıçı-publisist Əlövsət Bəşirli: "Nahidi oxuyanda adamın ürəyinə bir işıq seli axır".

Jurnalist həmkarımız Dilarə Vəkilova isə vurğulayır ki, "özünüzə sözdən bir abidə qoydunuz, əməlində nəciblik, sədaqət, etibar duran bir abidə - insanlıq abidəsi!"

Professor Qəzənfər Paşayev birmənalı şəkildə bildirir ki, "Nahid müəllim "zamanın övladı" olmaqdan üstün çıxdı".

Mərhum yazıçımız Əlibala Hacızadə isə "sənin əsərlərinin içində gur bir işıq yanır və insan qəlbini, gözlərini işıqla doldurur".

Yazıçı-publisist İradə Tuncay vurğulayır ki, "necə ehtiyac var onun kimi təmiz, saf, professional, ciddi adamlara... Necə ehtiyac var onun sərt sözlərinə, təmənnasız münasibətinə...gNiyə nümunələr Nahid müəllimlər deyil".

Mən jurnalda xatirələrini pıçıldayan Oqtay Rzanın, Qədir Tərtərlinin, Zülfüqar Şahsevənlinin, Səfər Alışarlının, Firuz Mustafanın, Telman Mehdixanlının, Fərqanə Mehdiyevanın, İlyas Tapdıqın, Nurəddin Əbiloğlunun, İradə Sarıyevanın, eləcə də bu yazının müəllifinin dünyasında əbədi bir işıqdı Nahid Hacızadə - xatirə işığı! O işıq uca dağ fonundadı. Fəridə Rəhimlinin yazdığı kimi "bu dünyadan bir KİŞİ köçdü, ay ellər!. Həm də "qürbətdə qalan dağlar"ın "yollarına baxa-baxa", "köç yollarının geri dönəcəyinə" inanaraq".

Bəli, mən də Nahid müəllimin ruhunun artıq o yerlərə döndüyünü, özünün də oxucularının və onu tanıyanların qəlbində yaşayacağına inanıram və bilirəm ki, o həmişə yada düşəcək!

 

Əbülfət MƏDƏTOĞLU

 

Ədalət  2018.- 2 may.- S.6.