YARIMÇIQ QALMIŞ ARZULAR

 

QƏZƏNFƏR PAŞAYEV

filologiya elmləri doktoru,

professor

 

Fani dünyanın keşməkeşlərindən, örnək ola biləcək həyat həqiqətlərindən bəhs edən "Yarımçıq qalmış arzular" əsəri insanı dərindən düşündürür. Gənclikdə çox romanlar oxumuşam, çoxu da sevgidən söz açan romanlar olub.

Həqiqət xanımın 32 yaşında dünyasını dəyişən, ömür-gün yoldaşından bəhs edən, həyatın hər üzünü tam çılpaqlığı ilə açıb göstərən əsəri hər cür hadisələrlə dolu romanlardan mənə görə daha üstündür. Bəlkə söhbət tələbəmdən getdiyinə görə belədir, bilmirəm.

Həqiqət xanım təcrübəli yazıçı, səriştəli qələm sahibi kimi yazıb bu kitabı. Şəhərdə boya-başa çatasan, sevdiyin gənclə evlənib kəndə gedəsən, kəndin çətinliklərini yox, ürəkaçan cəhətlərini qələmə alasan: "Kəndin çox adətlərindən xoşum gəlir. Şəhərdə görmədiyimiz mehribanlıq, diqqət və canyanğısı kənddə təmənnasızdır, sidqi-ürəkdən adamın dərdinə şərik olurlar. Kimin başına bir qəzavü-qədər gəlsə, bütün kənd yığışıb onun dərdinə ortaq, ailəsinə mənəvi dayaq olurlar..."

Mən burada onun həyat yoldaşı Mürsələ olan dərin məhəbbətinin təzahürünü görürəm.

Mürsəl mənim sevimli tələbələrimdən olub.

Ona da, sonralar İngilis dili fakültəsinin dekanı vəzifəsində işləyən Məlumat Nurəddinov, Cəlilabad rayonunda Maarif şöbəsinin müdiri işləyən Ədalət Əsgərov, Həqiqət xanımın əsərdə xüsusi ehtiramla söhbət açdığı Məmməd Hüseynov, professor elmi dərəcəsi alan Zeydulla Ağayev, filologiya elmləri namizədi Dürdanə Ramazanovaya da ingilis dilinin leksikasından, tərcümə və "Ölkəşünaslıq" (Antropologiya) fənnindən ingiliscə dərs demişəm. Mürsəli onların hamısından fərqləndirən, insanı sehrləyən səsi və tələffüzü vardı. O, şeir deyəndə valeh olurduq. Özü də çox gözəl, səliqəli bir gənc idi. Onun qeyri-adi istedadı tezliklə paytaxta qayıtmasına yol açdı. İnstitutu fərqlənmə diplomu ilə bitirdiyinə, qeyri-adi səsinə və tələffüzünə görə Xarici Dillər İnstitutunda fonetikadan dərs deməyə dəvət olunmuşdu. Azərbaycan Dövlət Konsert Birliyi onu işə götürmüşdü. İncəsənət İnstitutunun rektoru, incə ruhlu şair, akademik Aslan Aslanov onu bədii qiraət ustası kimi işə cəlb etmişdi. Hətta toylara tamada kimi getməyinə icazə vermişdi: "Poeziyamızı yaxşı təbliğ edirsən, get" - demişdi.

Həqiqətən də o, Xaqanidən başlamış, demək olar ki, bütün şairlərimizi əzbər bilir, məclisin ahənginə uyğun şeirlər seçib söyləyirdi. Bütün müğənnilər toya onunla getmək istəyirdi. O vaxt hamı canlı oxuyurdu. Müğənnilər yorulanda, bəzən də toyda iştirak edənlərin xahişi ilə Mürsəl gözəl şeirlərlə onlara zövq verirdi. Müğənnilər onunla dostluq edirdilər. Hacıbala Hüseynov kimi ağsaqqal müğənni onu oğlu qədər çox istəyirdi. Mənim də dostum Əmirhüseyn Məcidov "Ozan" və başqa verilişlərə yalnız Mürsəli və indi İncəsənət Universitetində bədii qiraətdən dərs deyən Nadir müəllimi dəvət edirdi. Mənim Kərkük folkloru, ədəbiyyatı və musiqisi ilə bağlı verilişlərimdə də Mürsəl mütləq iştirak edirdi.

Deyirlər dostu xasiyyətinə görə, tələbəni yaxşı oxuduğuna görə sevirlər. Mürsəl həm əla oxuduğuna, həm də adət-ənənəyə qəlbən bağlı olduğuna görə sevimli tələbəmə çevrilmişdi. Çox gənc olsa da, onda adət-ənənəni gözləyən ağsaqqal dünyagörüşü var idi. Bunu həyat yoldaşı Həqiqət xanımın "Yarımçıq qalmış arzular" kitabından da görmək olur:

"Bir gün dedim, Mürsəl, evimiz geniş və rahatdır, anan da kənddə o boyda evdə təkdir, ananı da gətir bura. Hamımız bir yerdə yaşayaq, sən də yollardan yığış. Kənddəki evi də sat getsin.

Elə bildim ki, ağıllı məsləhət verirəm.

Mürsəl dinmədi, mən də susdum. Sonralar bu söhbəti 1-2 dəfə təkrarladım. Axırıncı dəfə Mürsəl həyət qapısından geri qayıtdı, sırğamdan tutub dedi:

"Həqi, sən bu söhbəti bir neçə dəfə demisən, indi mənə diqqətlə qulaq as və sırğa elə as qulağından.

Bildiyin kimi mən kəndçi balasıyam, rayon adamıyam, amma sən şəhərlisən. Şəhərlilər üçün yurd söhbəti yoxdur, bu evi xoşlamırlar, satıb gedib başqa ev alırlar, amma bizimçün yurd sözünün böyük mənası və əhəmiyyəti var. Əgər o yurda oğul qismətdirsə, o yurd yaşayır, içində oğul yaşasa da, yaşamasa da, ona deyirlər, bura filankəsin atasının yurdudur, yox əgər o yurda oğul qismət deyilsə, o yurdun daşları bircə-bircə tökülər, o tökülmüş daşlara deyərlər bura filankəsin xarabasıdır, amma heç vaxt satılmaz", - qulağımdakı sırğanı bir az bərk dartaraq əlavə etdi:

"Həqi, Allahın işini heç bilmək olmur. Qulaqlarında sırğa elə, as, ata yurdu satılmaz!"

Çöl qapıdan dönüb mənə diqqətlə baxdı və dedi:

"Unutma dediklərimi, ağıllım mənim".

Fikir verin, o, yoldaşından incimək əvəzinə "ağıllım mənim" deməklə gərginliyi də aradan götürür.

Mürsəl qeyri-adi bir gənc idi.

Mürsəllə bağlı bir əhvalatdan söz açmaq istəyirəm. Əlibayramlıda (indiki Şirvan şəhərində) dostum Vəlixan Babayevin (sonralar onunla quda olduq) kiçik qardaşı Arifin toyu idi. Toyun tamadası Mürsəl idi. Görünməmiş gözəl bir toy keçdi. Gündüz saat 12-də başlayan toy gecədən xeyli keçənə qədər davam etdi. Mürsəl mənə yaxınlaşdı ki, müəllim görürəm ki, toy sahibi sizə ağsaqqal münasibəti bəsləyir (o, haqlı idi). Xahiş edirəm ona deyin ki, çalanlar da, müğənnilər də əldən düşüb, toyu sona verək.

Vəlixana dedim ki, bunlar qırıldılar, insafın olsun, daha bəsdir, qurtaraq. Vəlixan dedi, bir şərtlə, bir az oynayaq. Oynamağımız xeyli çəkdi. Qurtaranda Mürsəl bir az incik halda və özünə xas yumorla dedi: "Müəllim oynaya da bilmirsiniz, ortaya girib atlanıb-düşürsünüz (o, yenə də haqlı idi. Həqiqətən də oynaya bilmirəm). Qucaqlayıb öpdüm, könlünü aldım. Nə biləydim ki, enerjisi aşıb-daşan belə bir gəncə tezliklə fələk qıyacaq...

Həqiqət xanım kitabda Mürsəlin və özünün müəllimi, əslində hamımızın müəllimi İsmixan Rəhimovdan və başqa müəllimlərdən söz açır, arzularla dolu gənclik illərini xatırlayır. İsmixan müəllim bütün tələbələrin sevimlisi idi. İngilis ədəbiyyatını və tərcümə məsələlərini onsuz təsəvvür etmək çətin idi. Mənə ingilis ədəbiyyatından, qrammatikadan, tərcümədən dərc demişdi. Səkkiz il onun yaratdığı və rəhbərlik etdiyi "Tərcümə kafedrası"nda dərs demişəm. Sağlığında İnstitutda təntənəli şəkildə keçirilən 75 illik yubileyində çıxış etmək mənə də qismət olub.

Mən Həqiqət xanımın ana qədər çox istədiyi sevimli müəllimi Sevinc Rzaquliyevanı və Balaxan Hüseynovu yada salmaq istəyirəm. Onlar mənim həmkarlarım idi. Sevinc Rzaquliyeva ucaboy, həddən artıq gözəl bir gənc xanım idi. Daxilən də çox zəngin idi. Hərtərəfli savada malik, yüksək mədəniyyətli ziyalı idi.

Şair Mikayıl Rzaquluzadənin qızı idi. İnstitutda da, küçədə də hamı ona baxır, gözəlliyinə qibtə edirdi. Gözə gəldi. Sağalmaz xəstəliyə tutuldu. Biz o vaxta qədər "xərçəng" adlanan o xəstəliyin adını bilmirdik. Sevinc xanımdan sonra gənc rəssam Elbəy Rzaquliyev bir daha ailə həyatı qurmadı. Mehrini övladlarına saldı və günü qəbiristanlıqda Sevinc xanımın məzarı başında keçdi. Ailə həyatı onun üçün mənasını itirmişdi.

Həqiqət xanım dərd-ələmini, iztirablarını poetik dildə qələmə almış, yeri gəldikcə hiss-həyəcanını hikmətli sözlərlə, poeziya nümunələri ilə daha da gücləndirmişdir:

 

Bir də görürsən ki, açılan solur,

Düşünən bir beyin, bir torpaq olur.

Bir yandan boşalır, bir yandan dolur,

Sirrini verməyir sirdaşa dünya.

 

Həqiqətən də fani dünya nə ömrə, nə də yaşa acıyırmış.

Şəhərdə böyüyəsən, dörd övlad və nəvələrlə Bakıda yaşayasan, bununla belə, yarımçıq qalmış arzularının sonunu belə tamamlamaq istəyəsən: "Tez itirdiyim Mürsəli hələ də axtarıram, ruhumuzun qovuşacağı o günü - mənim də Nərimankənd qəbiristanlığında basdırılacağım o günü gözləyirəm".

Mən buna yarımçıq qalmış arzuların tamamlanması kimi baxıram.

Akademik Bəhram Əsgərov "Fəxri Xiyaban"da halalca yeri olduğu halda, adi qəbiristanlıqda tez itirdiyi həyat yoldaşının yanında dəfn olunmağı vəsiyyət etmədimi? Eləcə də Xalq yazıçısı, professor Əzizə Cəfərzadə kiçik Tağılar kəndində ata-anasının yanında basdırılmağı istəmədimi? Xalq şairi Hüseyn Arif Ağstafa qəbiristanlığında oğlu Arifin yanında dəfn olunmağı arzulamadımı?

Əsl məhəbbət beləcə sonluqla bitir, beləcə əbədiləşirmiş...

İlin üç fəslini doğma Tovuz rayonuna Kürdəmir yolu ilə deyil, axarlı-baxarlı Şamaxı-Ağsu-Göyçay yolu ilə gedib-gəlirəm. Magistral yol Nərimankənd qəbiristanlığının lap yaxınlığından keçir. Hər dəfə əziz tələbəm Mürsəli ziyarət edir, dünyanın vəfasızlığına heyrətlənirəm. Hər dəfə də əlində mikrofonu donmuş 32 yaşlı bu gəncin qəbir daşına Səməd Vurğunun həkk olunmuş

 

Ölüm sevinməsin qoy!

Ömrünü vermir bada -

El qədrini canından

Daha əziz bilənlər.

Şirin bir xatirətək

qalacaqdır dünyada

Sevərək yaşayanlar

Sevilərək ölənlər!

 

- misralarını oxuyur və təsəllini onda tapıram ki, sevimli tələbəm Mürsəl qısa ömür payını sevərək yaşadı, sevilərək əbədiyyətə qovuşdu. Mürsəlin ömür-gün yoldaşı o müqəddəs sevgini "Yarımçıq qalmış arzular" əsəri ilə əbədiləşdirdi.

 

Ədalət  2018.- 2 may.- S.6.