AZƏRBAYCAN
POLİSİNİN YARANMA TARİXİ VƏ
TƏŞƏKKÜLÜ
Layihənin istiqaməti: Azərbaycanın
dövlətçilik tarixinin, milli adət-ənənələrinin,
elm və mədəniyyətinin təbliği
(əvvəli
ötən sayımızda)
Fətəli xan İsgəndər xan oğlu Xoyski
(7.12.1875, Nuxa (Şəki) - 19.6.1920, Tiflis). Azərbaycanın
görkəmli ictimai-siyasi xadimi, hüquqşünas.
AXC-nin ilk Baş nazri və 1-ci daxili işlər naziri (28 may -
16 iyun 1918-ci il). 1920-ci il
iyunun 19-da Tiflisdə ərzrumlu erməni muzdlu qatilləri Aram
Erkanyan və Musaq Qriqoryan tərəfindən arxadan atılan
atəşlə qətlə yetirilmişdir.
Hökumətin
1918-ci il 25 iyun tarixli qərarı ilə
Azərbaycan ərazisindəki bütün dəmir
yollarının mühafizəsi özünüidarə
hakimiyyətindən alınıb Daxili İşlər
Nazirliyinə tabe edildi. Azərbaycan hökuməti 1918-ci il 27 iyun tarixli başqa bir yeni qərarı ilə
Göyçay qəza milisinə 35 min rubl kredit ayırdı.
Azərbaycan
hökuməti özünün 1918-ci il 24
iyun tarixli 178 nömrəli qərarının əməli həyata
keçirilməsi üçün daxili işlər naziri
B.Cavanşirin məruzəsi üzrə 2 iyul 1918-ci ildə Gəncə
quberniyasında müstəqil polisin yaradılması
haqqında, yeni ştatlar və əməkhaqqının
artırılmasını nəzərdə tutan və bunu təsdiq
edən xüsusi bir qərar qəbul etdi. Bu,
müstəqil Azərbaycan Polisinin yaranmasını hüquqi
cəhətdən özündə təsbit edən dövlət
qanunvericilik aktı idi. Həmin vaxt polisin
yaradılması üçün sosial baza da vardı. Belə ki, vaxtı ilə Bakıda və Azərbaycanın
digər yerlərində xidmət etmiş sabiq polis və
burjua milisi əməkdaşları ölkənin paytaxtı
sayılan Gəncəyə toplaşmışdılar.
F. Xoyski və B. Cavanşir ilk müstəqil polis
orqanlarını yaradarkən həm də digər millətlərdən
olan sədaqətli və peşəkar kadrlardan da istifadə
etməyi qərara almışdılar. Qərara
əsasən Gəncə quberniyası polisinin əvvəlki
dövrlərlə müqayisədə əməkhaqqı
artırılmaqla yeni ştatları təsdiq olundu və onun əməli
yaradılmasına başlandı. Qərara
görə, quberniyanın şəhər və qəzalarında
polis rəisləri, onların böyük və kiçik
köməkçiləri, sahə və şəhər polis
pristavları və milis nəfərləri vəzifələri
təsis olunub yeni əsaslarla fəaliyyət göstərməyə
başladılar. Beləliklə, 2 iyul 1918-ci ildə yeni
ştat tarifi üzrə Gəncə şəhər polisinin
ştatları polismeyster, böyük və kiçik köməkçidən,
7 pristavdan, onların 7 köməkçisindən, 36 nəfər
polis, 80 nəfər piyada milis və 20 atlı milis nəfərindən
ibarət yaradıldı. AXC Daxili İşlər
Nazirliyi ilk dövrlərdə hələlik həm polis, həm
də milis təşkilati formalarından istifadə edirdi ki,
bu da o dövrün saxlanmaqda davam edən inzibati
orqanlarının təşkil və təcrübəsinin
labüd zəruruliyi ilə əlaqədar idi. F.Xoyski Azərbaycan
Polisinin ilkin yaranması və təşəkkülü
prosesini xarakterizə edərək, 1918-ci il
dekabrın 7-də Azərbaycan Parlamentinin
açılışında hökumətin hesabat məruzəsində
demişdi: "Fəaliyyətimizin ötən ilk 6 ayı ərzində
mümkün olan hər şeyi etdik ki, ölkəni anarxiya və
xaos vəziyyətindən çıxaraq, biz qayda-qanunu bərpa
etdik, Polisi təsis etdik".
Azərbaycan Xalq Cümhuriyyəti hökumətinin qərar
və sərəncamları üzrə Daxili İşlər
Nazirliyi, onun mərkəzi aparatları və yerli polis
orqanları təşəkkül taparaq ölkədə bir
inzibati hakimiyyət vahidi kimi rolunu getdikcə
artırırdı. Məsələn, 1918-ci il iyunun
30-da Azərbaycan hökuməti "Şəhər
özünüidarəçiliyində Daxili İşlər
Nazirliyinin və polisin səlahiyyətlərinin
artırılması haqqında" qərar vermişdi. Qərarla
DİN-ə şəhərlərdə mövcud
özünüidarə sisteminin bərpası
üçün tədbirlər görmək
tapşırılmış, Ağdaş, Salyan, Bərdə,
Qazax qəzalarında və digər bölgələrdə
özünüidarə sistemi olmayan yerlərdə ayda 300
manat məvaciblə rəis, xidmət müdiri və
mühafizəçi ştatları
yaradılmışdı. Daxili işlər
naziri B.Cavanşirin baçılıq etdiyi mərkəzi
icraedici-inzibati təşkilat - DİN, onun yuxarı və
aşağı vəzilələri, orqanları tədrici
inkişaf yolu keçməklə yeni-yeni struktur dəyişikliklərinə
məruz qalır, təkmilləşirdi. Misal
üçün, 1918-ci il iyulun 15-də Azərbaycan Nazirlər
Şurasının qərarı və daxili işlər naziri
B.Cavanşirin müvafiq əmri ilə DİN-in yanında
birbaşa hökumətə tabe olmaqla Fövqəladə Təhqiqat
Komissiyası (FTK) yaradıldı və ona əslən Gəncədən
olan nüfuzlu bir şəxs - Moskva Universitetinin məzunu,
hüquqşünas Ələkbər bəy Xasməmmədov
(1893-1925) sədr təyin edildi (sonralar - 1925 ildə sovet
hakimiyyət orqanları onu keçmişinə görə həbs
edib güllələmişdilər. Ə.Xasməmmədov
görkəmli ictimai-siyasi xadim, Azərbaycan Xalq Cümhuriyyətinin
3-cü daxili işlər naziri olmuş Xəlil bəy Xasməmmədovun
böyük qardaşı idi). Yaxud, hökumətin
1918-ci il 31 avqust tarixli başqa bir qərarı
ilə DİN-in Xüsusi İstintaq Komissiyası yaradılmış,
ona 1918-ci ilin mart soyqırımı, Zəngəzurda və
Qarabağda azərbaycanlılara və ümumən müsəlmanlara
qarşı erməni quldur dəstələri tərəfindən
törədilmiş cinayətləri təhqiq etmək
tapşırılmışdı.
Azərbaycan Cümhuriyyəti Daxili İşlər
Nazirliyinin səlahiyyətləri dövrün tələblərinə
uyğun genişləndirilirdi. 1918-ci il avqustun
11-də Azərbaycan hökuməti və Daxili İşlər
Nazirliyi vətəndaşların Milli Orduya
çağırışı ilə əlaqədar yeni bir sərəncam
verdi. Sərəncamın bir bəndinə əsasən
əsgərliyə "Yelizavetpol çağırışı"
"Azərbaycan çağırışı"
adlandırıldı və onun icrası zamanı toplaşan
hərbi hissələr daxili işlər nazirinə tabe edildi.
Bakı
mühiti (Əsas (klassik) dövr) (16 sentyabr 1918 - 30 mart 1920-ci
il).
1918-ci il sentyabrın 16-da Azərbaycan hökuməti
müvəqqəti paytaxt kimi yerləşdiyi Gəncə
şəhərindən xüsusi zirehli qatarla tum general
(gen.-leyt.) Mürsəl Paşanın ("Bakı Mürsəl
Paşa") komandanlıq etdiy 5-ci Qafqaz diviziyası və
general-leytenant Nuru Paşanın komandan olduğu Qafqaz İslam
Ordusu və AXC birləşmiş silahlı (o cümlədən
polis) qüvvələri tərəfindən azad edilmiş (15
sentyabr 1918) Bakıya köçdükdən (Bakının
azad olunması haqqında ilk xəbər Danimarka konsulluğu
vasitəsilə bütün dünyaya
yayılmışdı) sonra DİN-in fəaliyyəti və
münasibətlər dairəsi əhəmiyyətli dərəcədə
dəyişdi, eyni zamanda da mürəkkəbləşdi. Hökumət başçısı F.Xoyski
özü əvvəlcə "Metropol" mehmanxanasında
31 nömrəli otaqda oturur, hər gün saat 12-dən 14-dək
vətəndaşları qəbul edirdi. Əksər
nazirlər, o cümlədən daxili işlər naziri
B.Cavanşir də oradakı otaqlardan birində əyləşirdi.
Bakı azad edildikdən sonra türk zabiti - yarbay (podpolkovnik)
Mehmet Fəthi müvəqqəti olaraq Bakının qubernatoru
(15 sentyabr - 10 noyabr 1918-ci il), onun
böyük köməkçisi (müavini) isə, Azərbaycan
xalqının azadlığı uğrunda əsil istiqlal fədailərindən
və AXC-nin görkəmli xadimlərindən biri, polkovnik
Əli bəy Zizikski (1878-1928) təyin edildi, şəhərdə
asayiş bərqərar olundu.
B.Cavanşirin rəhbərlik etdiyi Daxili İşlər
Nazirliyi hökumətin əldə tutduğu demokratik prinsipləri
bir vəzifə kimi qəbul etmişdi. O, islahatçı,
yenilikçi nazir idi. B.Çavanşir 1918-ci il
avqustun 22-də xarici pasportların verilməsi səlahiyyətinin
qubernatorlara həvalə olunması haqqında əmr verdi.
Onun şəxsi nüfuzu və rolu az
deyildi... O vaxtkı maddi imkanın o qədər də yüksək
olmasına baxmayaraq, Azərbaycan hökuməti Behbud xanın
təşəbbüs və təkliflərinə biganə
qalmır, bacardıqca DİN-in mərkəzi və yerli
orqanlarının təşkilati və strukturca
inkişafı, təkmilləşməsi üçün
maliyyə-büdcə xərclərini artırırdı...g
1918-ci il oktyabrın 6-da Azərbaycan hökumətinin
tərkibində kabinədaxili dəyişikliklər baş
verdi və B.Cavanşir yenidən daxili işlər naziri təyin
olundu, lakin ona həm də sənaye və ticarət naziri vəzifəsini
yerinə yetirmək tapşırıldı. 1918-ci il oktyabrın 12-də B.Cavanşirin 78 nömrəli
əmri ilə bunadək Ərəş qəzasında polis
pristavı vəzifəsində işləyən Lütvəli
bəy Zülqədərov (1881-1920) Şamaxı qəzasının
müvəqqəti rəisi təyin olundu və bu vəzifədə
1919-cu il iyunun 23-dək işlədi. 1918-ci il
noyabrın 1-də M.S.Ağabəyzadə Azərbaycan
Cümhuriyyətinin daxili işlər naziri vəzifəsini
daşımağa başladı və bu vəzifədə həmin
il dekabrın 26-dək xidmət göstərdi.
1918-ci il
noyabrın 10-da F.Xoyskinin başçılıq etdiyi Azərbaycan
hökuməti Nuru Paşa başda olmaqla Bakını tərk
edən türk generallarının şərəfinə,
onlara minnətdarlıq olaraq 400 nəfərin iştirak etdiyi
vida ziyafəti təşkil etdi (yeri gəlmişkən,
1918-ci ildə Gəncədən üzü bəri Azərbaycan
qəzalarının və Bakının düşmən
qüvvələrindən azad edilməsi uğrunda
sovet-bolşevik-daşnak qoşunlarına qarşı
savaşlarda qardaş Türkiyə Ordusunun 1130 nəfər əsgər
və zabiti şəhid olmuşdur (onlar Bakıda
Dağüstü parkda və digər ərazilərdə dəfn
olunmuşdur...). Vida ziyafətində F.Xoyskinin və general
Nuru Paşanın alovlu çıxışları tarixin
yaddaşında qalmışdır...
...Hələ
1918-ci il oktyabrın 28-də peşəkar
hərbçi, general-mayor Məhəmməd Sadıq bəy
Ağabəyzadə AXC Daxili İşlər Nazirliyinə
vitse-nazir vəzifəsinə təyin edilmişdi. Behbud xana nazir işlədiyi dövrdə
islahatların həyata keçirilməsində məhz vitse-nazir
general-mayor M.S.Ağabəyzadə və 1918-ci ilin
sentyabrından onun müavini işləyən Mehdi bəy
Hacınski (1879-1941) kömək edirdilər. Nazir B.Cavanşirin təqdimatı və onların səyi
ilə 1918-ci ilin sentyabrında İçəri Şəhərdə
Polis məmurları hazırlayan Bakı Qorodovoy Məktəbi
açıldı. Məktəbin
müdiri (rəisi - İ.Ə.) vaxtıilə çar
ordusunda xidmət etmiş podpolkovnik Şükür bəy
Əbdürrəhim oğlu Yüzbaşinski (əslən
Şamaxı şəhərinin... məhəlləsindən
idi) təyin edildi. Məktəbin təşkilində
M.S.Ağabəyzadənin bilavasitə rolu olmuşdu. Məktəbdə 1200 nəfər polis məmurunun
hazırlanması nəzərdə tutulmuşdu. Bunu
1918-ci il oktyabrın 26-da Gəncədə
gizir məktəbinin ilk buraxılış mərasimində
DİN-in rəsmi nümayəndəsi kimi iştirak və
çıxış edən daxili işlər naziri
B.Cavanşirin müavini M.Hacınski söyləmişdi.
...Vitse-nazir
general-mayor M.S.Ağabəyzadə kabinet adamı deyildi. O,
tez-tez yerlərə gedir, ərazi polis orqanlarının təftişində
bilavasitə iştirak edir və əməli köməklik
göstərirdi. Ümumiyyətlə,
M.S.Ağabəyzadənin gənc milli, müstəqil polis
orqanlarımızın təşəkkülü və
inkişafında, onun hüquqi bazasının, normativ
qanunverici aktlarının hazırlanmasında müstəsna
xidmətləri olmuşdur. M.S.Ağabəyzadə
nazir əvəzi - vitse-nazir təyin olunduğu ilk gündən
təşkilat-səfərbərlik məsələləri,
polisin bütün strukturlarının maddi-texniki təchizatı
ilə məşğul idi. Onun ilk təkliflərindən
biri DİN üçün dövlət büdcəsindən
maliyyə vəsaitinin artırılması barədə
olmuşdu.
1918-ci il
oktyabrın 30-da Aralıq dənizində Saqqız (Lemnos)
adasında I Dünya müharibəsində qalib gəlmiş
Antanta dövlətləri (İngiltərə, Fransa və
ABŞ) ilə məğlub olmuş Osmanlı Türkiyəsi
arasında bağlanan Mudros (Mondros) sazişinin 11-ci maddəsinin
şərtlərinə görə,Türkiyə öz
qoşunlarını Azərbaycandan çıxardı. Əvəzində
həmin il noyabrın 17-də İranın Ənzəli
limanından 17 hərbi dəniz gəmisi ilə Böyük
Britaniyanın İrandakı ekspedisiya korpusunun - yeni
yaradılmış Şimali İran ordusunun komandanı,
general-mayor Vilyam Tomson başda olmaqla qalib Antanta orudusunu
(müttəfiqləri) təmsil edən 2 min nəfərədək,
o cümlədən, 1000 nəfərdən ibarət
ingilis-fransız-amerikan hərbi kontingenti, əsgərləri
800 nəfərdən ibarət muzdlu hindlilərdən, zabitləri
isə ingilislərdən ibarət olan Böyük Britaniya
qoşunları səhər saat 10-da Bakıya daxil oldu.
Bu kontingentin tərkibində hərbi polis hissələri
də vardı. İngilislər Bakıya daxil olarkən
Azərbaycan hökuməti tərəfindən Bakı
limanında general V.Tomsonun şərəfinə rəsmi
qarşılanma və qəbul təşkil olundu. Rəsmi qəbul mərasimində daxili işlər
naziri Behbud xan Cavanşir də iştirak edirdi. Saat 12-də Bakıda hərbi vəziyyət elan
edildi. Cəmi 38 otaqdan ibarət şəhərin
"Metropol" mehmanxanasında (AMEA-nın indiki Nizami Gəncəvi
adına Milli Azərbaycan Ədəbiyyatı
Muzeyinin binası; milyonçu Hacı Hacıağaya məxsus
idi) qərargah quran general V.Tomson özünü
Bakının general-qubernatoru elan etdi. Bakı
polisinə nəzarət də ingilis zabitinə
tapşırıldı. Bu zaman Bakıda cəmi
500 nəfər polis qüvvəsi vardı.
(ardı gələn
sayımızda)
İLTİFAT ƏLİYARLI -
ŞAHSEVƏNLİ
tarix üzrə fəlsəfə doktoru
Ədalət 2018.- 3 may.- S.7.