AZƏRBAYCAN POLİSİNİN YARANMA
TARİXİ VƏ TƏŞƏKKÜLÜ
Layihənin
istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin,
milli adət-ənənələrinin, elm və mədəniyyətinin
təbliği
Behbud xan
Azad xan oğlu Cavanşir (1877, Şuşa
q., Azad Qaraqoyunlu k. (indiki Tərtər r-ndadır) - 18 iyul 1921,
İstanbul). AXC-nin 2-ci daxili işlər naziri (17 iyun - 7 dekabr
1918-ci il). Azərbaycanın
görkəmli ictimai-siyasi xadimi. Almaniyada
Frayburq Dağ-Mədən Akademiyasını bitirmiş ilk
milli dağ-mədən mühəndislərindən biri.
Poliqlot idi (6 dil - rus, ingilis, fransız, alman,
gürcü və erməni dillərini bilirdi). 1921-ci il
iyulun 18-də İstanbulda erməni muzdlu qatili,
"Daşnaksütyun" partiyasının üzvü, 1918-ci
ildə Bakıda və digər yerlərdə azərbaycanlılar
və digər müsəlmanlılara qarşı Mart
soyqrımının fəal iştirakçısı Misaq
Torlaqyan (tarixi ədəbiyyatda Toplaqyan da yazılır) qətlə
yetirilmiş və 3 gün sonra Beşikdaşdakı Yəhya
Əfəndi dərgahında dəfn edilmişdir. Bu zaman onun cəmi 44 yaşı vardı. Behbud xanın həyat yoldaşı rus qızı
Tamara xanım idi. Lakin övladları
olmamışdı.
(əvvəli
ötən saylarımızda)
1918-ci ilin noyabr-dekabrında B.Cavanşir əslində sənaye
və ticarət naziri vəzifəsini yerinə yetirdiyi
üçün nazir əvəzi M.S.Ağabəyzadə
daxili işlər naziri vəzifəsini
daşıyırdı. Əvvəl "Müsavat" (Bərabərlik)
partiyasında olmuş B.Cavanşir "siyasi səbəblərə"
görə onun tərkibindən çıxıb 1918-ci il
dekabrın 7-dən Azərbaycan Parlamentinin üzvü
olmasına baxmayaraq, həmin il dekabrın 21-dək rəsmən
daxili işlər naziri vəzifəsində qalır və
DİN-lə əlaqədar həyata keçirilən tədbirlərdə
daxili işlər naziri hüququnda iştirak edir, hələ
də sənədlərə imza atırdı.
1918-ci il dekabrın 2-də general V.Tomson bəyanat verərək
bildirdi ki, F.Xoyskinin sədrliyi ilə yaradılmış
koalisyon hökumət Azərbaycanda yeganə qanuni hakimiyyətdir.
1918-ci il dekabrın 7-də milyonçu
Musa Nağıyevin (1842, Biləcəri, Bakı - 18 mart 1919,
Bakı) xəstə oğlu Ağa İsmayılın şərəfinə
Bakının baş memarı, polyak İ.K. Ploşkoya (1867,
Varşava - 1931, Paris) tikdirdiyi (1908-1910) "İsmailiyyə"
binasında gündüz saat 2-də təntənəli surətdə
plüralizm və demokratik mühitli Azərbaycan Məclisi Məbusanı
(Parlamenti) açıldı. Bu əlamətdar
hadisələrdən sonra Azərbaycan polisinin təşəkkülü
prosesi daha da intensivləşdi. Tarixi
faktlar var ki, Azərbaycan polisi ilə Bakıda
yaradılmış polkovnik F.P.Kokkerelin
başçılıq etdiyi ingilis polisi arasında
qarşılıqlı əməkdaşlıq və təcrübə
mübadiləsi mövcud olmuşdur. İngilislərin
Azərbaycan Hərbi və Daxili İşlər Nazirliyinə,
o cümlədən Bakı şəhər polisinə
hökm vermək tələbləri özünü büruzə
versə də, hər halda, Böyük Britaniyanın daha qədim,
daha klassik polis işi təcrübəsi Müstəqil Azərbaycan
Polisinin təşəkkülündə (17 noyabr 1918 - 30 mart
1919) müsbət rol oynamışdır. Bu proses Azərbaycan
hökumətilə qarşılıqlı razılıq əsasında
aparılmış və 1919-cu il
martın 30-dək davam etmişdir. Odur ki, həmin
dövr Azərbaycan Polisinin (ilk növbədə Bakı
polisinin) tarixində müstəqil polis orqanlarımıza
ikili rəhbərlik və idarəçilik mexanizminin tətbiqi
ilə səciyyələnir. Bu dövrdə Bakıda
mövcud real hərbi-inzibati kontingentin təşkilati strukturu
belə idi:
-
General-qubernator, Bakı şəhərində müttəfiq
dövlətlər qoşunlarının Komandanı və Qərargahı,
Müvəqqəti Polis Komissarlığı, onun Xüsusi Dəftərxanası,
Bakı Polismeysterliyi və Balaxanı-Sabunçu
Polismeysterliyi. Bakıda müttəfiq qoşunların Müvəqqəti
Polis Komissarlığının baş polis komissarı təyin
edilmiş polkovnik F.P. Kokkerelin əmri ilə (o,
"Metropol" mehmanxanasındakı otaqlardan birində
otururdu), eyni zamanda, 1918-ci il noyabrın 19-da
komissarlığın yanında Xüsusi Dəftərxana
yaradılmışdı. Komissarlığın
tam əməli təşkili isə noyabrın 29-da başa
çatdırılmışdı. Komissarlıq
Dəftərxanası ilə birlikdə Molokan (indiki Xaqani)
bağına üzbəüz binada yerləşirdi.
...1918-ci
ilin noyabrında Mir Ağadi bəy Talışxanov Bakı
Polismeysterliyinin rəisi təyin edilmiş, 1919-cu ilin aprelinədək
bu vəzifədə xidmət göstərmiş, daha sonra
polkovnik rütbəsində Azərbaycan Cümhuriyyəti
Daxili İşlər Nazirliyinin Lənkəran qəzasında
xüsusi tapşırıqlar üzrə məmuru olmuş və
general-mayor rütbəsinə layiq
görülmüşdüg
...General
V.Tomson Bakıda polis işlərinə nəzarəti ingilis
zabitinə tapşırsa da, bu iş zor tətbiq edilməklə
aparılmamışdır. Əksinə, V.Tomsonun 1918-ci il
noyabrın 21-də verdiyi əmrlə Bakıda yaradılan
Xüsusi Müstəmləkə polisinin rəisi, eyni zamanda
Bakı Polis İdarəsinin də başçısı təyin
edilmiş, İranda da müstəmləkə polisinin rəisi
sayılan polkovnik F.P. Kokkerel şəhərdə qayda-qanunu,
asayişi bərpa etmək, onu möhkəmləndirmək məqsədilə
sovet Rusiyasına casusluq edən bolşeviklərə və
digər pozucu əks-qüvvələrə qarşı tədbirlər
(əməliyyatlar) həyata keçirərkən, yerli
xüsusiyyətləri nəzərə almaq üçün
Daxili İşlər Nazirliyi və Bakı Polismeysterliyi ilə
əməkdaşlıq etmişdir. Bakıdakı
neft mədənlərinədək olan 15 verstlik məsafəni
qoruyan Bakı Polismeysterliyinin Mühafizə Polisi ilə
Britaniya Xüsusi Polisi bunu olduqca ciddi qaydada aparırdı.
Çünki həmin vaxtda da misilsiz sərvət
və kapital sayılan "qara qızıl"ın
qorunmasında Britaniya dövləti çox maraqlı idi.
1918-ci il dekabrın 18-də Bakıdakı
müttəfiq dövlətlərin Müvəqqəti Polis
Komissarlığı yanında azərbaycanlı əhaliyə
hücum faktlarının müəyyən edilməsilə məşğul
olan Xüsusi Nəzarət Komissiyası yaradılmışdı.
1918-ci il
dekabrın 26-da görkəmli ictimai-siyasi xadim, Rusiyanın III
Dövlət Dumasının, Zaqafqaziya Seyminin, Azərbaycan
Milli Şurasının üzvü, "Müsavat"
partiyasının liderlərindən biri Xəlil bəy Xasməmmədov
("Gurgörən") (1873-1947) Azərbaycan Cümhuriyyətinin
daxili işlər naziri təyin edildi və bu vəzifədə
1919-cu il martın 14-dək səmərəli, qətiyyətli
fəaliyyət göstərdi. Onun
dövründə, 1919-cu ilin sonunda Azərbaycan Polisinin
sayı 9.661 nəfərə çatmışdı.
1919-cu il yanvarın 1-də Bakıda Sanitar Büro Mərkəzi
yaradıldı. Onun rəhbəri ingilis həkimi
idi. Büroya digər aidiyyəti təmsilçilərlə
yanaşı, Azərbaycan Cümhuriyyəti Daxili İşlər
Nazirliyi də daxil olmuşdu. Qeyd etmək
lazımdır ki, Azərbaycan Xalq Cümhuriyyəti
dövründə polis orqanlarında həmkarlar ittifaqları
yox idi və onların bolşeviklərin təsiri altında
olması ucbatından mövcud olması məqsədəuyğun
sayılmırdı.
1919-cu il yanvarın əvvəlində Müttəfiq
qoşunlar komandanlığı tərəfindən əvvəllər
ləğv edilmiş Bakı şəhər
Qradonaçalnikliyi (Rəisliyi) bərpa olunaraq Daxili
İşlər Nazirliyinə tabe edilmişdi. Həmin il
yanvarın 10-da Bakının general-qubernatoru V.Tomsonun əmri
ilə Bakı Polismeysterliyinin Xəfiyyə hissəsinin rəisi
Həsən bəy Fətəlibəyova (1886, Ətyeməzli
kəndi, Ağdam - 1920, Tiflis?) uğurlu fəaliyyətinə
görə təşəkkür elan edilmiş və Müvəqqəti
Polis Komissarlığının razılığı ilə
o, bir həftədən sonra Bakı Şəhər
Polismeysterliyinin yenidən təşkil edilmiş Xəfiyyə
Polisinin rəisi vəzifəsinə təyin olunmuşdu. İngilislərin H.Fətəlibəyovu vəzifədə
irəli çəkmələri və
mükafatlandırmaları onların zahiri qayğısı
idi. Faktlar sübut edir ki, onlar hər halda ikiüzlü
siyasət yeridir, Azərbaycan Cümhuriyyətinin daxili işlərinə
qarışır (halbuki, V.Tomson başqa vədlər
vermişdi), onun dövlət hakimiyyət orqanlarını, o
cümlədən Daxili İşlər Nazirliyini "nəzarətdə"
saxlamağa can atırdılar. Məsələn, 1919-cu il
yanvarın 28-də ingilis hərbi polis komissarı,
polkovnik Kokkerel daxili işlər naziri X.Xasmmədovdan tələb
etmişdi ki, polis əməkdaşlarının vəzifələrə
təyin olunmasını şəxsən onunla
razılaşdırsın və "polis rütbəsi olan
şəxsi heyətdə" və ya təyinatlarda hər
cür dəyişikliklər mütləq onun Xüsusi Dəftərxanasından
keçsin. Daxili işlər naziri X.Xasməmədov bu haqda
Nazirlər Şurasının sədri F.Xoyskiyə
aşağıdakı məzmunda məlumat vermişdi:
"Müttəfiq dövlətlərin polis komissarı
bütün Bakı rayonu polisinin rəhbəri təyin
edilmiş və polisin bütün üzvləri ona tabe
olunmuşdur. Bu komissarın sərəncamı
və əmrləri tez-tez Azərbaycan Cümhuriyyətinin
hakimiyyət orqanlarının sərəncam və əmrlərini
ləğv etsə də, polis məmurları tərəfindən
qeyd-şərtsiz icra olunur. İşlərə
müdaxilə o həddə çatıb ki, hətta polis
komissarı tələb edir: - "polisin şəxsi heyətindəki
dəyişikliklər və təyinatlar yalnız onun
Xüsusi Dəftərxanası vasitəsilə
aparılsın".
1919-cu il yanvarın 15-də Azərbaycan hökuməti
ermənilərin arasıkəsilməz təcavüzünün
qarşısını almaq məqsədilə Şuşa, Cəbrayıl,
Zəngəzur və Cavanşir qəzalarını Gəncə
qəzasından ayırıb onların əsasında
ayrıca Müvəqqəti Qarabağ General-Qubernatorluğu
yaratdı. Mərkəzi Şuşa olan
Qarabağ-General Qubernatorluğu Azərbaycan Xalq Cümhuriyyətinin
Daxili İşlər Nazirliyinə tabe olub,
vaxtaşırı ona hesabat verirdi. Azərbaycan
hökumətinin qərarı ilə görkəmli
ictimai-siyasi xadim, 1-ci hökumət kabinetində ilk hərbi
nazir olmuş Xosrov bəy Sultanov (Sultanzadə) (1879-1943)
Qarabağ general-qubernatoru təyin olundu (bu təyinat müəyyən
səbəblər üzündən rəsmən fevralın
12-də təsdiq olunmuşdu). Həmin
tarixdə Bakı şəhəri və rayonlarının
mühafizəsini gücləndirmək məqsədilə
Abşeron Yarımadası Xüsusi General-Qubernatorluğu da
yaradılmışdı.
1919-cu il fevralın 9-da Azərbaycan Cümhuriyyəti
Daxili İşlər Nazirliyinin əmri ilə ali təhsilli
hüquqşünas Rəşid bəy Axundzadə (1880-1940)
Bakı şəhərinin yeni qubernatoru təyin olundu. Buna qədər həmin vəzifəni müvəqqəti
olaraq hüquqşünas Müseyib bəy Axıcanlı
(Axıcanov) (1892-1920) icra edirdi.
...Hökumətin
1919-cu il 14 fevral tarixli qərarı ilə
baş verən cinayətləri təhqiq etmək və xidməti
vəzifəsindən sui-istifadəyə qarşı
mübarizə aparmaq məqsədilə Daxili İşlər
Nazirliyinin yanında Xüsusi Təftiş - İstintaq
Komissiyası yaradıldı. Azərbaycan Parlamentinin 1919-cu il 18 fevral tarixli qərarı ilə 200 nəfərlik
"Parlamenti mühafizə polisi dəstəsi"
yaradıldı. M.Ə.Rəsulzadənin (31 yanvar 1884,
Bakı, Novxanı k. - 6 mart 1955, Ankara,
Türkiyə) təklifi ilə yeni yaradılmış polis
strukturu "Parlamenti mühafizə dəstəsi"
adlandırılmışdı.
"Parlamenti
mühafizə dəstəsi"nin yardılmasında
"İttihad" partiyasının sədri Qarabəy Qarabəyovun
(14 yanvar 1873, Yelizavetpol qub., Yuxarı Ayıblı
k. - sentyabr 1953, Səmərqənd, Özbəkistan) səmərəli
təklifləri bəyənilmişdi. "Parlamenti mühafizə
dəstəsi"nin rəisi podpolkovnik
Nağıbəy Əlizadə (Əliyev) (1897- 1920), köməkçisi
(müavini) Əliyar bəy Haşımbəyov (1856-1920)
(sonralar general-mayor olmuşdu) təyin edilmişdi. Bu yeni polis strukturunun yaradılmasına dövlət
xəzinəsindən 2.200.000 manat pul ayrılmışdı.
...B.Cavanşir
daxili işlər naziri vəzifəsindən istefa verdiyi
üçün olduqca tələbkar, intizamsevən nazir əvəzi
general-mayor M.S.Ağabəyzadə yeni daxili işlər naziri
X.Xasməmmədov vəzifəsini tutana qədər daxili
işlər naziri vəzifəsini icra etməyə
başlamışdı. Bununla əlaqədar Nazirlər
Şurasının sədri F.Xoyskinin M.S.Ağabəyova 1918-ci
il 21 dekabr tarixli müraciətində
deyilirdi:
- "Daxili işlər naziri əvəzi general-mayor
Ağabəyova.
Nazirlər Kabinetinin yeni tərkibinin toplanması ilə əlaqədar
Əlahəzrətlərinizdən xahiş edirəm ki, yeni
daxili işlər naziri Xəlil bəy Xasməmmədov gələnə
qədər daxili işlər naziri Behbud xan Cavanşirdən
işləri təhvil götürəsiniz".
1919-cu il martın 20-də Azərbaycan Parlamenti Daxili İşlər Nazirliyinin bu vaxta qədər olmayan yeni ştatlarının layihəsinin geniş müzakirəsinə başladı. Bu işdə daxili işlər naziri əvəzi, vitse-nazir M.S.Ağabəyzadənin rolu böyük idi. Yeni ştatlara görə, Bakıda bu vaxtadək qubernator, qradonaçalnik (şəhər rəisi) və Quberniya İdarəsinin dəftərxanaları ayrı-ayrılıqda idi. İndi bunlar birləşdirilirdi.
İLTİFAT
ƏLİYARLI - ŞAHSEVƏNLİ
tarix üzrə
fəlsəfə doktoru
Ədalət 2018.- 4 may.- S.7.