DAĞLAR
KİMİ ƏZƏMƏTLİ... ŞƏKİ
(əvvəli ötən
sayımızda)
Ölkə başçısının fındıq bağlarının genişləndirilməsi məqsədilə qarşıya qoyduğu vəzifələrin icrası olaraq 2018-ci ilin yaz mövsümündə Şəkidə 115 hektar sahədə yeni fındıq bağlarının salınması nəzərdə tutulmuşdur. Müddət ərzində 97 hektar sahədə fındıq bağları salınmış, qalan 18 hektar sahədə isə qısa müddətdə bu iş başa çatdırılacaqdır.
Heyvandarlıq
Rayonun əsas kənd təsərrüfatı sahələrindən biri hesab olunan heyvandarlıq sahəsində də dinamik inkişaf təmin edilir. Hazırda rayonda 71 819 baş iribuynuzlu, 315 183 baş xırdabuynuzlu, 287 850 baş ev quşları və 5054 arı ailəsi mövcuddur. Mövcud mal-qara arasında baytarlıq və damazlıq tədbirləri ardıçıl davam etdirilir, yem tədarükü işləri uğurla həyata keçirilir.
Abadlıq - quruculuq
2018-ci ilin I rübündə Şəkidə yenidənqurma, tikinti-quraşdırma işləri davam etdirilmiş, ilin əvvəlində şəhərdə aparılacaq abadlıq, quruculuq işlərinin planı təsdiqlənmişdir.
İl ərzində şəhərin 12 küçəsində yolların əsaslı təmir edilməsi, 10- dan artıq küçənin dağılmış örtüyünün asfalt betonla bərpa olunması, 8 küçədə su arxlarının yenidən qurulması, 6 küçədə yararsız vəziyyətə düşmüş səkilərin təmir edilməsi, 4 ədəd coxmənzilli ictimai yaşayış binalarının dam örtüklərinin əsaslı təmir edilərək yenidən qurulması, 17 ədəd yaşayış binasının bloklarının əsaslı təmir edilməsi, həyətlərində abadlıq işlərinin aparılması nəzərdə tutulmuşdur.
Regionlarda məşğulluq tədbirlərinin həyata keçirilməsinin maliyyə təminatı barədə Azərbaycan Respublikası Prezidentinin tapşırıqlarına uyğun olaraq sosial müdafiəyə ehtiyacı olan əhali qrupunun məşğulluğunun artırılması, yeni iş yerləri yaratmaqla işsizliyin aradan qaldırılması istiqamətində tədbirlərin həyata keçirilməsi məqsədilə Azərbaycan Respublikasının Maliyyə nazirinin əmrinə əsasən çoxmənzilli binaların əsaslı təmiri məqsədilə Şəki Şəhər İcra Hakimiyyətinə 2018-ci ildə ayrılan vəsait hesabına 150 nəfər işlə təmin olunmuşdur.
Təməli cənab Prezident tərəfindən qoyulmuş Heydər Əliyev Mərkəzinin tikintisi işi sürətlə aparılır. Orijinal memarlıq üslubunda inşa olunacaq və ümumi sahəsi 5 min 629 kvadratmetr olan Heydər Əliyev Mərkəzində ulu öndərin həyat və fəaliyyətindən bəhs edən muzeyin, 230 nəfərlik akt zalının, kitabxananın, sərgi zalının, toplantı və tədris otaqlarının, linqafon kabinetinin, həmçinin digər təyinatlı bölmələrin yaradılması nəzərdə tutulmuşdur. Mərkəz Heydər Əliyev irsinin təbliğində mühüm rol oynamaqla yanaşı, gənc nəslin dünyagörüşünün, bilik və bacarığının artırılmasına hərtərəfli şərait yaradacaqdır. Ərazidə həmçinin Heydər Əliyev Parkı, Bayraq Meydanı və Şəki Şəhər İcra Hakimiyyəti üçün yeni binanın da inşası nəzərdə tutulmuşdur.
Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sifarişi ilə Şəki şəhəri Zərifə Əliyeva küçəsində "ASAN həyat" kompleksinin tikintisi davam etdirilir. Kompleksdə "ASAN xidmət" inzibati binasının tikintisi ilə bərabər bir sıra köməkçi binaların tikilməsi və geniş bir ərazidə park salınması da nəzərdə tutulmuşdur. Yuxarı Baş tarix memarlıq qoruğunda qala divarları ilə əhatə olunmuş ərazidə "ASAN" layihəsinin bir qolu olaraq "ABAD" keramika üzrə xalq sənətkarlıq mərkəzinin fəaliyyət göstərməsi üçün binada yenidənqurma işləri tamamlanmışdır.
"Azəravtoyol" ASC-nin sifarişi ilə Şəki - Kiş kəndi - Marxal istirahət zonasına gedən umumi uzunluğu 7,2km. olan avtomobil yolunun torpaq yatağı hazırlanmış, birinci qat asfalt örtüyü salınmış beton arxlar, piyada səkiləri, istinad divarları tikintisi aparılmışdır. Hazırda ərazidə tikinti işləri davam etdirilir.
Şəki şəhərinin içməli su və kanalizasiya sistemlərinin yenidən qurulması layihəsi çərçivəsində su anbarları tikilir və layihənin III mərhələsi üzrə şəhərdaxili su və kanalizasiya şəbəkə xətləri tikintisinin bir hissəsi aparılır. Kanalizasiya kollektor xətləri tamamlanmaq üzrədir.
"Şəki rayonunun Kiş kəndində abadlıq-quruculuq işləri aparılmasına dair tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 27 sentyabr 2017-ci il tarixli 3264 nömrəli Sərəncamına əsasən Kiş kəndində "Kiş Alban məbədi"nə aparan dairəvi avtomobil yolunun tikintisi və yolboyu ərazinin abadlaşdırılması üçün tikinti abadlıq işlərinə başlanmışdır. Bu işin qısa müddətdə yüksək keyfiyyətlə başa çatdırılması üçün zəruri tədbirlər görülür.
Kommunal xidmət
2018-ci ilin I rübündə kommunal xidmət sahələrinin fəaliyyətinin günün tələbləri səviyyəsinə çatdırılması üçün müəyyən işlər görülmüş, əhalinin fasiləsiz elektrik enerjisi və təbii qazla təchizatı səviyyəsinin yüksəldilməsi daim diqqət mərkəzində saxlanmışdır. 2018-ci ilin 3 ayı ərzində 1406 mənzil qazla təchiz olunmuşdur.
Təhsil
Hesabat dövründə təhsil sisteminin tədrisi, təlim-tərbiyə prosesinin yüksək səviyyədə təşkili daim diqqət mərkəzində saxlanmışdır. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 09 mart 2018-ci il tarixli Sərəncamı ilə bu il rayonun Çapağan, Aşağı Daşağıl, Yeni Göynük, Daşbulaq və Öyrət kəndlərində yeni modul tipli məktəbin tikintisi nəzərdə tutulmuşdur. Müddət ərzində təhsilin keyfiyyətinin yüksəldilməsi, hərbi vətənpərvərlik tərbiyəsi, istedadlı uşaqlarla işin yaxşılaşdırılmasına diqqət artırılmışdır.
Ölkəmizi tanıyaq
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına əsasən bu il 15- 18 və 26-29 mart tarixində respublikamızın şəhər və rayonlarının IX-XI sinif şagirdləri üçün təşkil edilən tur aksiya zamanı Şəkiyə 18 şəhər və rayondan 764 nəfər iştirakçı gəlmişdir. "Ölkəmizi tanıyaq" devizi ilə keçirilən tur-aksiyaya qoşulan Şəki məktəbliləri 2018-ci il martın 26-də Gəncə-Şəmkir-Göygöl marşrutu üzrə hərəkət etmiş, bu bölgələrin görməli yerləri, tarixi-memarlıq abidələri, aparılan abadlıq-quruculuq işləri ilə yaxından tanış olmuşdular.
Səhiyyə
Cənab Prezidentin tapşırıq və tövsiyəsinə uyğun olaraq fevralın 15-dən başlayan əhalinin dispanzerizasiyası respublikamızın bütün şəhər və rayonlarında olduğu kimi, Şəkidə də uğurla aparılır. Aprel ayının 15-dək 25083 nəfərə yaxın sakin tibbi müayinədən keçmişdir. Müayinədən keçən 53702 nəfər sakinin 2143 nəfər ambulator, 161 nəfər stasionar müalicəyə cəlb edilmiş, 49 nəfər Bakı şəhərinə müalicəyə göndərilmişdir.
Turizm
Şəki bu gün Azərbaycanda turizmin yüksək səviyyədə inkişaf etdiyi bölgələrdən birinə çevrilmişdir. Ölkəmizdə mədəni irsin qorunub saxlanmasına, xalqımıza xas olan zəngin mədəniyyətin təbliğ olunmasına daim böyük diqqət göstərilir. Prezident İlham Əliyevin, YUNESKO-nun xoşməramlı səfiri Mehriban xanımın bu sahədə gördüyü işlərin əhəmiyyəti böyükdür. Hazırda "Yuxarı Baş" Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisində turizm imkanlarının daha da gücləndirilməsi istiqamətində iş aparılır. 2017-ci ilin iyulunda Polşanın Krakov şəhərində keçirilən UNESCO-nun 41-ci sessiyasında Azərbaycan tərəfindən təqdim edilən "Xan sarayı ilə birgə Şəkinin tarixi mərkəzi" adlı nominasiyanın təşkilatın Ümumdünya İrs Siyahısına daxil edilməsi ilə bağlı məsələ müzakirə olunmuşdu. Bu məqsədlə martın 29-da Şəki şəhərində UNESCO-nun ekspertləri ilə şəhər rəhbərliyinin görüşü keçirilmişdir. Tədbirdə Dünya İrsi üzrə Ərəb Regional Mərkəzinin direktoru Munir Buşenaki, italiyalı memar, UNESCO-nun məsləhətçisi Pietro Laureano, Azərbaycan Respublikasının UNESCO yanında Daimi Nümayəndəliyinin rəhbəri Anar Kərimov, həmçinin Mədəniyyət və Turizm Nazirliyinin məsul əməkdaşları iştirak etmişdilər. Görüşdə layihə ilə bağlı fikir mübadiləsi aparılmış, gələcək planlar müzakirə olunmuş, Şəki şəhərinin tarixi hissəsində yerləşən mədəni irs nümunələrinin mühafizəsinin təmin edilməsi, ərazidə bərpa, yenidənqurma, konservasiya, təmir, yeni tikinti, abadlıq, bədii tərtibat işlərinə nəzarətin daha da gücləndirilməsi, mədəni irsə zərər vurulmasının qarşısının alınması məqsədilə maarifləndirmə işlərinin aparılması nəzərdə tutulmuşdur.
(ardı gələn
sayımızda)
Məzahir
ƏHMƏDZADƏ
Ədalət 2018.- 4 may.- S.4.