Unudulmaz tarix
Ümummilli liderimiz Heydər
Əliyevin anadan olmasının 95-ci ildönümünə və
əziz xatirəsinə
XX əsrdə xalqımız keçməkeşli
mübarizələrlə dolu tarixi bir yol keçmişdir. Bu mübarizələrin
hamısının bir məqsədi, bir məramı
olmuşdur: Azadlığa və müstəqilliyə
qovuşmaq.
XX əsrin sonunda xalqımızın çətinliklə
olsa da qazandığı ən böyük nəaliyyəti
müstəqil Azərbaycan dövlətinin yaranması oldu.
Öz müstəqilliyini bərpa edən respublikamız
bundan sonra demokratik, hüquqi, heç zaman sarsılmayacaq bir
dövlətin təməlini qoydu.
Ümummilli
liderimiz Heydər Əliyev müstəqilliyimizin ilk illərində
onun əvəzsiz bir sərvət olduğunu böyük
qürur və iftixar hissi ilə bəyan edərək
demişdir:
"Azərbaycan dövlət müstəqilliyi dönməzdir,
əbədidir və bizim borcumuz dövlət müstəqilliyini,
əldə etdiyimiz milli azadlığı daim qoruyub
saxlamaqdır.
Bizim vəzifəmiz bu müstəqilliyi möhkəmləndirməkdən
və gələcək nəsillərə müstəqil,
qüdrətli Azərbaycan dövləti yaratmaqdan ibarətdir".
Lakin müstəqilliyin ilk illərində ölkəmiz
nə qədər ağır və çətin
sınaqlardan keçdi. XX yüzilliyin sonunda
qarşılaşdığımız problemlər
xalqımız üçün ən məsuliyyətlisi idi.
Ermənistan tərəfindən xalqımıza qarşı
elan edilməmiş müharibə, torpaqlarımızın 20
faizinin işğal olunması, bir milyona yaxın
qaçqın və məcburi köçkünün taleyi,
ölkə daxilindəki qeyri-sabitlik və bir çox
başqa səbəblər gənc dövlətimizi hər an
məhv olmaq təhlükəsi qarşısında qoyurdu.
Ümummili liderimiz ölkəni gözləyən
bütün təhlükələri aradan qaldırmaqla Azərbaycanımızın
müstəqilliyinin möhkəm təməlini qoydu. Onun ölkə
rəhbərliyinə qayıdışından sonra dövlət
və dövlətçilik konvensiyasının əsasını
yaratdı. Heydər Əliyev öz yenilməz
dühası ilə Azərbaycan tarixinin yeni mərhələsində
xalqı səfərbər edərək ilk növbədə
hakimiyyətdə olan boşluğu aradan qaldırdı.
Bu gün mən böyük iftixarla bildirirəm ki, elə
bir parlaq şəxsiyyətlə bir neçə dəfə
görüşmüşəm.
Belə ki,
1965-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının Fəlsəfə
və Hüquq İnstitutunun aspiranturasının əyani
şöbəsinə daxil oldum, ona görə əyani
şöbəsinə ki, milis orqanından uzaqlaşmaq
üçün, o vaxtı milis orqanında maaş çox
az idi. Rütbəyə görə maaş
verilmirdi. Çox çətinliklə milis orqanından xaric ola bildim. Ona görə çox
çətinliklə ki, o dövrdə gənc mütəxəssisləri
hər hansı bir qəbahəti olmasa idi, milis orqanından
xaric etmirdilər. Daxili İşlər Nazirinin kadr
üzrə müavini mənə dedi ki, mən səni işdən
azad edə bilmərəm və təklif etdi ki, get ərizə
ver qiyabi şöbəyə keç, orqandan çıxmaq məsləhət
deyil, sonra peşman olarsan, onda da gec olar.
Nəhayət,
uzun müddət get-gəldən sonra mən məqsədimə
nail ola bildim, yəni orqandan xaric olundum.
Mən
aspiranturada oxudum vaxt milis işçilərinə artıq
rütbəyə görə əlavə maaş
müəyyən edildi. Mən yenidən milis
orqanına qayıtmaq qərarına gəldim. Odur ki,
sabiq Daxili İşlər Nazirinin qəbuluna getdim və gəlməyimin
səbəbini nazirə dedikdə, o cavab verdi
ki, sən namizədlik dissertasiyasını müdafiə
etdiyinə görə, sənə Daxili İşlər
Nazirliyində münasib iş yoxdur. Mən
çıxıb getdim və bu barədə bir daha heç
kimə müraciət etmədim. Və həmin
instituta elmi işçi təyin edildim. Bu vaxt hələ
namizədlik diplomumu almamışdım, maaş
olduqca az idi, cəmi 83 manat təşkil edirdi.
Odur ki, 1972-ci ildə Ulu öndərimiz Heydər
Əliyevə müraciət etdim. Qısa müddət ərizndə
mən Daxili İşlər Nazirliyinə dəvət edildim.
O zaman Daxili İşlər Naziri mərhum Arif Heydərov idi. Qısa zaman ərzində Daxili İşlər Nazirliyinin
Qərargah İdarəsinə təyin edildim.
Bir müddət işlədikdən sonra mən Leninqrad
şəhərinə qərargah işçilərinin kursunu
keçmək üçün göndərildim. SSRİ Daxili
İşlər Nazirinin əmri ilə mənə ilk rütbə
- kapitan rütbəsi verildi.
1979-cu ildə İsmayıllı rayon Daxili İşlər
Şöbəsinə rəis təyin edilməyimlə əlaqədar
Azərbaycan Kommunist Partiyası MK-nın büro iclasına dəvət
olunmuşdum.
Ulu öndərlə ilk görüşüm həmin
büro iclasında oldu.
İclasın müzakirəsinə bir neçə məsələ
çıxarıldı. Eyni zamanda prokurorluq
orqanlarına və daxili işlər şöbələrinə
də təyinatlar nəzərdə tutulmuşdu.
Ümummilli liderimiz iclasda çıxış edərək
bir neçə rayon partiya komitələrinin birinci katiblərini
kəskin tənqid etdikdən sonra onlara söz verirdi.
Ulu öndər çıxış edənləri
çox diqqətlə dinləyir, yeri gəldikcə onlara
suallar verir, qeyri-səmimi ifadələr, cümlələr
işlədən şəxsləri saxlayır,
iradlarını bildirirdi.
Çox
ciddi tənqid olunan rayon partiya komitəsinin birinci katibi
çıxışını "ə soldat partii"
cümləsi ilə başlayanda Heydər Əliyev onun
çıxışını saxladı, "lazımsız
və standart" ifadələri əzbərləmisiniz, bəsdirin!
Birinci katib çıxışını davam
etdirməyib, qızara-qızara qayıdıb yerində oturdu.
Növbə
mənə çatanda Heydər Əliyev ciddi görkəm
alıb, narazı halda dedi: "Sən gedirsən
İsmayıllı Rayon Daxili İşlər Şöbəsinə
rəis və əlavə etdi: orada dözülməz və
acınacaqlı vəziyyət hökm sürür, milisin nə
əhali, nə də partiya sovet orqanları arasında
heç bir hörməti yoxdur. Milis öz
nüfuzunu tamamilə itirib, ona görə ki, keçmiş rəis
üzərinə düşən vəzifəni icra etmək əvəzinə
başqa-başqa xoşagəlməz fəaliyyətlə məşğul
olurdu".
Lakin o açıqlama vermədi, daha sonra əlavə
etdi ki, "vətəndaşların əmlaklarını
talan edirlər, mal-qaralarını oğurlayırlar. Heç bir tədbir
görülmür, insanlar ağır vəziyyətdə
yaşayırlar". Sonra o, sözünə davam edərək
bildirdi ki, İsmayıllı rayonundan Mərkəzi Komitəyə
daxil olan imzasız məktubların ardı-arası kəsilmir,
özü də Rayon Partiya Komitəsinin birinci katibi Qəşəm
Aslanovdan yazırlar və çox ciddi faktlar göstərilir.
Halbuki Aslanov çox yaxşı
ziyalıdır. Məcbur olub dəfələrlə
MK-nın məsul işçilərindən ibarət Komissiya
yaradıb, yoxlamalar keçirilmiş, lakin göstərilən
faktlar öz təsdiqini tapmamışdır. Ancaq yenə də imzasız məktublar gəlməkdə
davam edir.
Ümummilli liderimizin mənə dedikləri proqram
xaraketerli tövsiyələr idi. Sonda mənə dedi ki, "bu
gün artıq gecdir, sabah səhər yola
çıxıb gedərsən".
Daxili
İşlər Şöbəsində şəxsi heyət məni
qarşıladı, onlarla söhbət edərkən, bir nəfər
vətəndaş hövlank və çox həyəcanlı
tərzdə mənə yaxınlaşıb bildirdi ki, bu gecə
onun evində oğurluq hadisəsi baş vermiş,
bütün ev əşyaları, hətta
qızının cehizləri oğurlanmışdır. Bu çox dəhşətli bir mənzərə
idi.
Mən şöbəni təhvil götürüb, Heydər
Əliyevin sadaladığı nöqsanları
araşdırmaq üçün işə başladım. Araşdırma
zamanı məlum oldu ki, həqiqətən də şöbədə
dözülməz vəziyyət hökm
sürürmüş. Buna görə də
mən Heydər Əliyevin etimadını doğruldub,
tövsiyələrini yerinə yetirməliydim. Bunun üçün rayonda qayda-qanun
yaratmalıydım. Bu mənim vəzifə
borcum idi. Bu məqsədlə rayonun ümumi vəziyyətini
araşdırarkən məlum oldu ki, evlərdən nəinki,
mal-qara oğurlanır, eyni zamanda vətəndaşların həyətindən
saysız-hesabsız ev quşları da
oğurlanırmış.
O zaman belə
nəticəyə gəldim ki, bu oğurluqların yerli sakinlər
tərəfindən törədilməsi inandırıcı
görünmür.
Belə qərara gəldim ki, rayon ərazisində pasport
yoxlanışı keçirmək mütləq
lazımdır. Bu işi rayonun 107 kəndində tələsik
yerinə yetirmək çətin olardı. Çünki əksər kəndlər
dağlıq ərazilərdə yerləşirdi. Məsələ ilə bağlı
İsmayıllı rayon Komsomol Komitəsinin birinci katibi Sevil
Xanım Əhmədovaya müraciət edib fikrimi ona bildirdim.
O, məni dinləyib fikrimi razılıqla
qarşıladı. Qeyd etdi ki, hələ heç kim bilmir ki, rayonumuzun ərazisində kimlər
yaşayır. Sevil xanım rayonun fəal
komsomolçularını bu işə cəlb etdi. Beləliklə polis işçilərindən,
ictimaiyyətin nümayəndələrindən və
komsomolçulardan ibarət 12 qrup yaradıldı. Biz dərhal işə başladıq. Pasport yoxlamasını əvvəlcə rayondan
başladıq. Rayonda müxtəlif
rayonlardan gəlib kirayənişin kimi yaşayanlar, hətta
bir neçə siqan ailələri olması müəyyən
edildi. Həmin şəxslərin anket məlumatları
dəqiqləşdirilib Daxili İşlər Nazirliyinin Məlumat
Mərkəzi idarəsi vasitəsilə onların əvvəllər
məhkum olub olmamaları yoxlanıldı. Yoxlama zamanı aydın oldu ki, onların bir neçəsi
oğurluq cinayəti üstə məhkum olunub. Həmin şəxslərdən iltizam alınıb
rayon ərazisindən çıxarıldı.
Bundan sonra rayonun kənd və qəsəbələrində
yoxlamalar davam etdirildi. Bu xəbər hər yerə
yayıldı. Bütün şübhəli
şəxslər tezliklə rayonun ərazisini tərk etdilər.
Onu da deyim ki, görülən tədbirlər nəticəsində
mənim İsmayıllı rayonunda işlədiyim dövrdə
bir oğurluq hadisəsi də baş vermədi.
Mən yol verilmiş nöqsanların aradan
qaldırılması ilə məşğul olarkən təbii
fəlakət İsmayıllını lərzəyə
salmış, dəhşətli hadisə baş vermişdi.
Belə
ki, 1981-ci il noyabr ayının, səhv
etmirəmsə, 29-u səhərə yaxın dəhşətli
uğultudan oyandım, gözümü açan kimi otaqda hər
şeyin titrədiyini gördüm. Gözüm
baxa-baxa evin divarları cadar-cadar oldu, başa düşdüm
ki, zəlzələ baş vermişdir.
Dərhal şöbəyə gedib, həyəcan
siqnalı ilə bütün şəxsi heyəti
topladım, qruplar yaradıb, rayonun kənd və qəsəbələrinə
göndərdim, eyni zamanda zəlzələ barədə
Daxili İşlər Nazirliyinə məlumat verdim. Təbii ki, dərhal
İsmayıllı rayonu ərazisində baş vermiş zəlzələ
barədə Heydər Əliyevə məlumat verilmişdi.
Heydər Əliyev Mərkəzi Komitənin katibləri,
büro üzvləri və əlaqədər nazirlərlə
rayona gəldi.
Heydər Əliyev rayon ərazisində zəlzələdən
ziyan çəkən bütün kənd və qəsəbələri
gəzdikdən sonra İsmayıllı rayon Partiya Komitəsində
geniş müşavirə keçirdi. Bütün müvafiq nazirlərə
və təşkilatlara tapşırıq və göstərişlərini
verdi.
Həmin gün Heydər Əliyevi mən də
müşayiət edirdim. O, uçmuş və zədələnmiş
evlərə daxil olur, zəlzələnin dəhşətlərindən
vahiməyə düşmüş insanlara ürək-dirək
verməklə onları sakitləşdirirdi.
Yaxşı
yadımdadır: İsmayıllı qəsəbəsində
uçmuş bir evə daxil olarkən, qollarını
hönkürüb ağlayan qadının boynuna salıb dedi:
"Ağlama bacı, sənə hər cür kömək
göstəriləcək", həmin qadın cavab verdi ki, "bu ev də, mənim canım da sənə
qurban olsun, Sənin gəlişin bizim üçün hər
şeydir. Sənin haqqın bizim boynumuzda
çoxdur". Heydər Əliyev diqqətlə ona
baxarkən bəlkə də soruşmaq istəyirdi bu nə
deməkdir, həmin qadın dedi ki, Moskvada oxuyan azərbaycanlı
tələbələri qəbul edərkən mənim
oğluma köynək hədiyyə etmisən, bunu unutmaq
olarmı? Həmin gün ulu öndəri
müşayiət edərkən mənim diqqətimi ən
çox cəlb edən Heydər Əliyevin bütün
insanlara diqqətlə, mehribanlıqla yanaşması
hamının dərdini unutdurdu, hamının kədəri
sevinclə əvəz olundu. Yaxşı
hal idi.
Zəlzələ nəticəsində heç bir insan tələfatı
olmamışdı, xoşbəxtlikdən bir nəfər belə
xəsarət almamışdı. Baş verən hadisə
Heydər Əliyevi çox məyus etmişdi. Maşından düşərkən o, həddən
artıq həyəcanlı idi, onun həyəcanlı
olması açıq-aşkar hiss olunurdu. Onu da deyim ki, Heydər Əliyev təbiətən qəlbi
nazik, çox ürəyi yumşaq, kövrək bir insan idi.
Maşından düşərkən ilk növbədə diqqətimi
çəkən o oldu ki, bir an o, danışmadı, xeyli
sonra insan tələfatı olub-olmamasını soruşdu,
güman edirdi ki, bu qədər dağıntı olduğu
halda, yəqin insan tələfatı qaçılmazdı.
Halbuki, mən zəlzələ barədə Daxili
İşlər Nazirliyinə məlumat verərkən insan tələfatının
olmadığını bildirmişdim. Çox
güman hələ də inana bilmirdi ki, insan tələfatı
yoxdur.
Həmin
gün Heydər Əliyev Azərbaycan Respublikası Nazirlər
Soveti sədrinin müavini Lənbəranskiyə dedi:
"Əliş Cəmiloviç, siz zəlzələnin
vurduğu ziyan aradan qaldırılana qədər
İsmayıllıda qalmalısız". O isə: "Oldu,
Heydər Əliyev", dedi.
Heydər Əliyev bütün günü gərgin
işdən sonra nəinki yemək, heç bir stəkan
çay da içmədi. Çox təkid etdikdən
sonra qalsın gələn dəfəyə, - deyib komandası
ilə Bakıya qayıtdı.
Bakıya qayıtdıqdan sonra İsmayıllıda
baş verən hadisəni bütün dünya eşitdi.
Moskva bir neçə dəfə "Zaman xəbərlər"
proqramında bu hadisəni işıqlandırdı.
(ardı gələn
sayımızda)
Xalıq Qasımzadə
Hüquq elmləri namizədi,
müharibə və
əmək veteranı
Ədalət 2018.- 4 may.- S.5.