Qara Yusif
Layihənin istiqaməti: Azərbaycanın
dövlətçilik tarixinin, milli adət-ənənələrinin,
elm və mədəniyyətinin təbliği
(əvvəli ötən
sayımızda)
Bu fikiri təsdiqləyən
başqa bir fakt XV yüz ildə yaşamış şair
Ənvərinin "Dəst urnamə" adlı poemasında
ikinci ərəb xəlifəsi Ömər ibn əl-Xəttabın
(634-644) sərkərdəsi Səd Vəqqasın
yürüş zamanı bir ulu şəhərdə və
onun ətrafında yüz mindən çox oğuz evləri
görməsi barədə yazdığı şeir
parçasıdır.
Anda qonmuşdu oğuzlar
biədəd
Obalar başdan-başa,
yox ona hədd.
Bu faktlar oğuzların
Azərbaycan ərazisində
VII əsrdən qabaq yaşadıqlarını göstərir.
Qaraqoyunlu tayfası ilə bağlı olan etnonimlər Azərbaycanda,
Şərqi Anadoluda və İranda son dövrlərə qədər
mövcuddur. Son araşdırmalar
göstərir ki, Azərbaycanın Gəncə,
Göycay, Neftçala,
Yevlax, Bərdə, İmişli, Göyçay,
Cəbrayıl, Masallı
Ağsu, Qubadlı, Tərtər və Goranboy və s. bölgələrində Qaraqoyunlu
tayfa ittifaqına daxil olan tayfalarla
bağlı oykonimlər
saxlanılmışdır. Qaraqoyunluların adı ilə
bağlı son dövrlərə
qədər Qərbi Azərbaycanda Qaraqoyunlu mahalı adı ilə mövcud olmuş (hal-hazırda həmin bölgədə
Tavuş və Gerkunik adlı iki rayon yerləşir).
Məlum
hadisələr nəticəsində
soydaşlarımızın Qərbi Azərbaycandan çıxmasından sonra
həmin bölgələr
türksüz qalmışdır.
Azərbaycan Qaraqoyunlu dövlətinin hökmdarı Cəmaləddin
Qara Yusif Barani xalq arasında
daha çox "Qara Yusif" kimi tanınır. Onun Azərbaycanda
Teymuri ağalığına
son qoyulması və dövlətçiliyimizin bərpa
edilməsində tarixi
xidmətləri əvəzsizdir.
Qara Yusif (1355-1420) 1389-cu ildə
atası Qara Məhəmmədin öldürülməsindən
sonra mərkəzi Ərciş qalası olan Qaraqoyunlu tayfa birliyinə rəhbərlik etmişdir.
Möhkəm iradə sahibi
olan Qara Yusif rəqiblərinin müqavimətini qırıb
qaraqoyunluların nüfuzunu
daha da artırmış
və bölgədə
yaranmış əlverişli
vəziyyətdən faydalanaraq
1391-ci ildə Təbriz
şəhərini ələ
keçirmişdi. Bu zaman Azərbaycanda monqol mənşəli Cəlairi dövləti hakimiyyətdə idi, Azərbaycanın şimal
hissəsində Şirvanşahlar
dövləti mövcud
idi. Vahid güclü dövlətin
olmamasından istifadə
edən feodallar əhaliyə zülm edir, bundan istifadə
edən Əmir Teymur və Toxtamışın qoşunları
tez-tez hücumlar edir, başda Təbriz olmaqla şəhərlər əldən-ələ
keçir, əhalinin
mal-mülkü çapıb-talanır,
taxıl sahələri,
yaşayış yerləri
dağıdılır, xarabalığa
çevrilirdi. Belə bir
şəraitdə Cəlairi
hökmdarı Sultan Əhmədlə
Qara Yusif arasında ümumi düşmənə (Əmir
Teymura) qarşı ittifaq yaradaraq 1394-cü ildə Əmir Teymura qarşı çıxdılar. Bağdat ətrafında
baş verən döyüşdə Teymur
qalib gəldi. Bu hadisədən sonra Qaraqoyunlu tayfa ittifaqı zəifləmiş hətta
dağılma təhlükəsi
yaranmışdır. Qara Yusifin səyləri nəticəsində bu hadisənin qarşısı
alınmışdır. 1400-cü ilin ortalarında
Qara Yusif Osmanlı sultanı Bəyazidə sığınmağa
qərar verir və 8 ay Türkiyədə
yaşayır.
Bu zaman Əmir Teymurun Qarabağdan Osmanlı sultanına göndərdiyi məktublarda
Qara Yusifin öldürülməsi, təslim
edilməsi, yaxud da ölkədən çıxarılması tələb
edilmişdi. Osmanlı sultanı İldırım
Bəyazid cavab məktubunda Teymurun bu tələblərini rədd edərək ona sığınmış
bir qonağın qovulmasını amansızlıq
və imansızlıq
kimi qiymətləndirmişdi.
1402-ci ilin əvvəllərində
Qara Yusif Türkiyəni tərk edərək Sultan Əhmədin
Bağdadı ələ
keçirməsinə yardım
etmiş və Hillədə möhkəmlənmişdi.
1403-cü il iyulun sonunda Qara Yusif Hillə
yaxınlığında teymurilərlə
döyüşdə böyük
qəhrəmanlıq göstərsə
də, məğlub olmuş və Suriyaya çəkilmişdi.
Teymur hər ikisinin təhvil verilməsini tələb etsə də Misir hökmdarı
Berqoq ona sığınanları təhvil
verməmiş, lakin onun ölümündən
sonra hakimiyyətə
gələn oğlu
sultan Fərəc Teymurla
münasibətlərini pisləşdirməmək
üçün onları
həbs etdir. 1405-ci ildə Teymurun
ölüm xəbəri
müttəfiqlərin azad
edilməsinə səbəb
olur. Tarixçi-salnaməçi Xandəmirin yazdığına
görə, bir ilin birgə dustaqlığı Qara Yusifə Sultan Əhmədi
yenidən barışığa
gətirdi. Onlar əbədi
dostluğa and içərək
şərtləşdilər ki, azadlığa çıxdıqdan sonra
Sultan Əhməd Bağdada,
Qara Yusif isə Təbrizə yiyələnsin. Teymurun ölümündən
sonra onların hər ikisi Azərbaycana qayıdır.
Qara Yusif yol boyu
Misir sərhədlərindən
Fərat çayının
sahillərinə qədər
ərazilərdə ayrı-ayrı
feodal həmlələrini
dəf edir. Van ərazisində Hilat, Muş və Xunusun hakimi Məlik Şəmsəddin onunla ittifaqa girir.
1406-cı ilin iyununda
Sultan Əhməd və
Qara Yusif Bağdadı ələ keçirdikdən sonra Azərbaycanın cənubuna
doğru irəlilədilər. 1406-cı il iyulun sonunda Təbrizə yaxınlaşdılar. Sultan Əhməd şəhər
yoxsullarını öz
tərəfinə çəkməyə
çalışdı.
Qara Yusiflə
Sultan Əhmədin bağlaşmasından
xəbəri olmayan Şirvanşah İbrahim
Sultan Əhmədin İraqdan
Azərbaycana yürüşünü
qanuni hökmdarının
dönüşü kimi
qəbul edərək,
"Məmləkət sahibsiz
olduğundan xalq hər kəsin tamahından əzab çəkirdi. Gəldik, mühafizə etdik,
indi məmləkətin
ağası təşrif
edir, biz də öz evimizə gedəyin" söyləyərək
Uçandan Şirvana
qayıtdı.
Təbrizdə möhkəmlənən Sultan Əhməd ilk növbədə
Əlincə qalasının
bərpa edilməsi barədə fərman verdi. Sultan vergilərin azaldılması
və toplanması barədə təbrizlilərə
verdiyi vədə əməl etmədi.
Əksinə, daha da ciddi tədbirlər gördü. Ona görə də az sonra
Teymuri Əbubəkr Mirzənin qoşunu Təbrizə yaxınlaşanda,
əhali Sultan Əhmədə
kömək etmədi
və o, yenidən Bağdada qaçdı. Lakin Əbubəkrin qoşunu Qara Yusifin qüvvələrinin
öhdəsindən gələ
bilmədi. 1406-cı ilin payızında Təbrizin yaxınlığındakı
Şənbi-Qazanda Qaraqoyunlu
və Teymuri qoşunları qarşı-qarşıya
gəlirlər. Bu zaman Qara Yusif
"Bizim şəxsi
düşmənçiliyimiz üzündən bu qədər insan tələf olur; igidlik və bahadırlıq ikimizin qarşı-qarşıya gələrək
vuruşmasındadır" deyərək düşmən
sərkərdəsi Əbu
Bəkri açıq
döyüşə çağırır.
Lakin o bu təklifdən imtina edir. Qaraqoyunlu qüvvələri teymuriləri
məğlub edir.
Əbubəkr üzərində bu ilk qələbə Qara Yusifin şöhrətini
xeyli artırdı, onun sonrakı qələbələrinin müjdəçisi
oldu.
Əbubəkrin məğlubiyyəti atası
Miranşaha ağır
təsir etdi. Odur ki, 1408-ci il
aprelin 21-də Sərdrud
adlı yerdə Qara Yusifin qüvvələri
ilə Teymurilər arasında ikinci döyüş oldu. Bu döyüş də Qaraqoyunluların qələbəsi ilə başa çatdı.
Miranşah öldürüldü, Teymurilər təslim oldular. Beləliklə, Teymurilərin Azərbaycandan
qovulmasında Qaraqoyunluların
həlledici rolu oldu. Nəticədə Azərbaycanın cənub torpaqları onların hakimiyyəti altına keçdi.
(ardı
gələn sayımızda)
ƏBÜLFƏT MƏDƏTOĞLU
Ədalət 2018.- 6 may.- S.7.