Geriyə yol
varmı...
Nemət Veysəlli
(əvvəli ötən
saylarımızda)
Kəndin
qız-gəlinləri, uşaqları meyvəsi
yığılan bağların, bostanların "ura"
gününü səbirsizliklə gözləyirdilər.
"Ura" vaxtı yığılan üzüm
salxımları, küncdə-bucaqda qalmış yemiş,
qarpız tağlarının arasından tapılanlar daha
şirin, ləzzətli idi. O böyüklükdə bağlardan,
bostanlardan üzümə qoz düşəndən ta solana qədər,
sərasər yemiş, qarpız, şamama yeyirdik -
bütün bunların nəşəsi ayrıydı,
"ura"dan sonra ordan-burdan, dəngül-düngül şəkildə
yığıb topladığımız meyvələrin ləzzəti
ayrı. Biz yeyib-içməklə yox, ovqatla, emosiyalar
burulğanının xoş nəqarətiylə
böyümüşük, yaşa dolmuşuq. Veysəlli
bağlarını el yolu ilə ayıran dərin xəndəklərin
o üzü ilə bu üzü arası ayrı-ayrı
qütblərə bölünmüşdü.
Bütövlükdə bir kənd Rzalar obasından tutmuş
ta Yal obaya qədər - ayrı, Veysəlli bağları - bu
yaşıl aləm ayrı həyat yaşayırdı. Vəli
kişinin bağından keçirdin, o biri qardaşın
bağına, oradan da Balaş kişinin, Məşədi
Eyvazın, Qulu kişinin yaşıl səltənətinə.
Qara kəhrizin o gur, dupduru suyu da bir neçə arxa
bölünüb - bağları neçə-neçə hissəyə
bölürdü. Sığırçın və sərçə
sürüsü iri, hündür ağacların
qol-budaqlarında qatarlanırdılar. Onların min səsli
cirriltisi pıçıldayan yarpaqların nəğməsinə
qarışırdı. Yaz vaxtı yorğun, heydən
düşmüş ayaqlarını göylük, payız fəsli
isə xəzəl sığallayırdı. Ürəyinə
arzular, duyğular dolub-boşalırdı. Qara kəhrizdən
törəmə çayların şırıltısı,
haradansa, uzaqlardan, lap uzaqlardan, Qanlı gədik, Türk
bağları tərəfdənmi sirli-sehrli sərin meh,
ağacların gövdəsinə, qoluna-qanadına,
yarpaqlarına toxunurdu - ətrafda sözə, ifadəyə gəlməyən
simfoniyaya çevrilirdi. O zamanlar mən hələ Üzeyir
Hacıbəyovun, Baxın, Bethovenin, Şoponin kim
olduqlarını, necə möhtəşəm musiqi əsərləri
yaratdıqlarından xəbərsizdim. Sonralar
böyüdüm, qabaqca Martuniyə, Füzuliyə, sovet
ordusu sıralarına (1961-1964), tin və küçələri,
dalan və skverləri yumor, lətifə, deyimlərlə dolu
anamız - Odessanı, Nikolayevi, Tiraspolu, Moskva və Riqanı
dolaşdım. Çox-çox sonralar (2015), Malaziya, Qətər,
Şotlandiya Birləşmiş Krallığına (2017) yolum
düşdü. Qədim və qoca Avropanın tən
ortasında - Aberdində, Edinburqda, Qlazqoda, Frankfurtda bayaq
adlarını çəkdiyim böyük bəstəkarların
məlum əsərlərinin melodiyalarını dinlədim, mənə
elə gəldi ki, çox-çox əvvəllər, on-on
bir yaşımda Veysəlli bağlarında, o sirli-soraqlı
aləmdə bu melodiyaları, o əsərlərdən
fraqmentləri dəfələrlə eşitmişəm. Uzaq
ölkələrdə eşitdiyim melodiyalar mənə
tanış gəlirdi.
...Məşədi
Eyvazın Qulu bağı ilə sərhəddində suyu
çoxdan qurumuş arxın üstündə dəvə
boynu kimi əyilmiş erkək bir tut ağacı vardı. Elə
bil o böyüklükdə ağacın gövdəsini, iri
qol-budaqlarını qəsdən
sındırmışdılar, əymişdilər. Ağaca
yarpaqları, giləsi gah qonura, gah da qırmızıya
çalan üzüm tənəyi
çıxarılmışdı.
Bağlarda
mövcud o biri uzüm növləri tədricən
yığılıb qurtarırdı, amma bu ağaca
dolaşmış üzüm tənəklərinin
üstündə hələ də salxımlar, kiçik gilələr
vardı. Bu qonurmu, qırmızıya çalan üzüm
salxımlarını yedikcə adamın dişləri
altında xırçıldayırdı, səs
salırdı. Kənd arasında bu üzüm növünə
"sədr üzümü" də deyirdilər.
Çünki bu üzüm növü aman-zaman, göz
muncuğu kimi qorunurdu - çünki bu üzüm
salxımları sədr üçün, onun ailəsi
üçün nəzərdə tutulmuşdu. Erkək tut
ağacının, üzüm tənəklərinin
yarpaqları saralıb-solurdu - amma o üzüm
salxımları heç nə olmamış kimi oktyabrın
axırları, noyabrın əvvəllərinə qədər
bütün təravəti ilə qorunub qalırdı. Səhər-səhər
üfüqlərdən qızaran günəşin zəif
şüaları salxımların, üzüm dənələrinin
üstünə düşürdü. Ətrafda qızıl
şarlar yaranırdı.
Qulu
bağı nisbətən güneydəydi. Buradakı
ağaclar da alçaqdı. Gövdələri çəlimsiz
üzüm tənəkləri kifayət qədərdi. O biri
bağlarla müqayisədə buradakı uzüm
salxımları da kiçikdi, dənələri də
buğda boyda. Amma qənd kimi şirindi. Qulu bağı bir az
erkəkləşmiş, çox yerini fızıllıq
basmışdı. Vaxtında doyunca sulamadığına,
yaxşı-yaxşı baxılmadığına görəmi
tut ağacları kütləvi şəkildə
cırlaşmışdı: ağı, qarası. Qulu
bağında yay, payız böyürtkəni da çoxdu.
Bağ içi suyu qurumuş arxlardan, hovuzu xatırladan
tikintilərdən güman etmək olardı ki, nə vaxtsa bu
sahələr gündüşməz bağ sahələriymiş.
Artıq alma, armud, qoz, şaftalı ağacları
kökü ilə birgə qurumuşdu,
çürümüşdü. Hiss edilirdi ki, bu yerlər
uzun illərdi baxımsız qalıb, becərilməyib. Hələ
o zamanlar, əllinci illərdə, Şəfi dayımın
evinin qabağında, üzümlüklərin şeytan
ağaclarının üstündə, üstəgəl Qulu
kişinin bağının qurtaracağında su dəyirmanlarının
xarabalıqları, divarları, dəhnənin yerləri
qalmışdı. İndi təsəvvür edirsinizmi Veysəlli
bağlarının o çağlarını,
haylü-küylü günlərini. Hər iki dəyirmanın
dəhnələri Taptıq Pənahovun evinin yanından
başlayırdı. Yol boyu, kəndin güneyindən quzeyinə
sarı boylanırdın. Yamac boyu uzanıb gedən arxın əzəmətli
mənzərəsi adamı heyrətləndirirdi.
Qulu
bağında əzgil, göyəm, qarellə ilə
yanaşı, xırda dənəli əncil topası da əkilmişdi.
Əncil ağacları bəzi yerlərdə sıxdı.
Seyrək yerləri də vardı. Məhsul yetişən
zaman kənd uşaqları onun içərisi ilə o qədər
o yana, bu yana gedib-gəlirdilər ki, ayaq izlərindən əməlli-başlı
cığır yaranmışdı.
Əncil
dənələri kiçikdi, amma çox dadlı idi.
Astan
kişinin bağlarından Məşədi Eyvazınkına
qədər təpəlikdi. Dəvə boynuna oxşar uzun təpəliklər
bir neçə bağı birləşdirir, həm də
ayırırdı. Yastı təpəlik deyəndə bu
heç də açıq, çılpaq çöl
deyildi. Yastı təpənin çökəyi, sağı,
solu, döşləri ağaclıqdı. Həm də bu təpəliklər
Qulu sağı ilə, Məşədi Eyvazın geniş
bağını sıx ağaclar, nar və göyəm
kolları hesabına birləşdirirdi. Elə bil bir
yaşıl kəmərlə hər iki bağı
doğmalaşdırmışdın, mehriban etmişdin.
Ədalət
naminə onu da deyim ki, bu bağların məhsulları -
odunundan, otundan o biri obaların əhalisindən daha çox,
Rzalar camaatı istifadə edirdilər. İstifadə edirdilər
deyəndə, pis zamanlar, aclıq və yoxsulluq kabusu hökm
sürürdü. Alma, armud, qoz, üzüm yığmağa
hara gedək? Analarımız - Çullu xala, Tutu xala,
Çulum, Nabat mama, Əziz nənə təndir qalamaq, odun
toplamaq üçün bəs hara gedəcəkdi? Ayrı
yerimiz, gedən yerimiz yoxdu. Dar məqamda camaatın yeganə
ümid və güman yeri bağlardı. Kəndin əl-ayaq
tutan uşaqları bütün günü bağları
dolaşırdılar. Bağlardan, çör-çöp,
göy və quru ot daşıyırdıq. Qış vaxtı
divarları daşdan hörülmüş evlərimiz buza
dönəndə o saat bağa qaçırdıq. Siz nə
danışırsınız, o zamanlar elektrik enerjisinin, mavi
yanacağın nə olduğunu belə bilmirdik heç. Nə
vaxtsa belə xoşbəxtliklərin bizə nəsib
olacağını da ağlımıza gətirmirdik.
Astan
kişinin bağının ayağında, çayın
güney üzündə bir neçə heyva ağacı əkilmişdi.
Biri o birindən yaraşıqlı, boylu-buxunlu. Onların
üstündəki iri və sapsarı saralmış heyvalar
düz qışın oğlan çağına qədər
qalırdı. Saralmış, sulanmış heyvaları
dilim-dilim doğrayıb yeyirdik, onların fil qulağı
boyda yarpaqlarından isə çay dəmləyirdik. Heyva
yarpağından dəmlənmiş çayın ayrı ləzzəti,
ətri var. Fərzalı (cici), Mirzə (xoxu), Əbdül,
Boran, Cəlil - bu yaşıl qalanın, yaşıl səltənətin
daimi sakinləriydi, partizanlarıydı. Fərzalının,
Kamilin, Astanın, Quliyev Süleymanın - neçə-neçə
yaşıdlarımızın ataları müharibədən
qayıdıb gəlməmişdilər. Belə tərcümeyi-hala
sahib uşaqları aclıq, kasıbçılıqla
yanaşı, tale, bəxt da birləşdirirdi.
Analarımız cavan yaşlarından dul qalmışdılar.
Atalarımızdan qara kağız gəlmişdi.
Atalarımız müharibədə həlak olduqlarına
görə həddi-buluğa çatana kimi - bizə, necə
deyərlər, qan pulu, dövlət tərəfindən təqaüdü
də ayırmışdılar. Demək istədiyim odur ki, bu
qəbil mövzulara həsr edilmiş tədbirlərdə - həyat
yoldaşları, qardaşları, oğlu müharibədə
həlak olan analarla yanaşı, valideynlərini davada itirən
uşaqlar da iştirak edirdi. Mən bu mühitin necə
ağır, üzücü olduğunu öz taleyimdə
yaşamışam.
Anam
axşamlar evimizin qaranlıq bir küncünə çəkilib
xısın-xısın ağlayırdı. Anam, əslində
bizə, azərbaycanlılara heç bir dəxli olmayan o
amansız müharibədə cavan həyat
yoldaşını - atamı, qardaşımı,
dayımı itirmişdi. Böyük qardaşı - Məhəmmədəli
isə kənddə baş verən adı
dolaşıqlıq işindən altı il həbs cəzası
almışdı və bir daha geri qayıtmamışdı.
Təkcə sabiq SSRİ-də iyirmi yeddi milyon insanın həyatına
son qoyan bu dava mənim uşaqlıq və yeniyetməlik illərimi
əlimdən aldı. Atamı, iki dayımı itirdim. Mən
heç kəsi kövrəltmək istəmirəm. Faciəyə
bir bax ki, mənim nə anamla, sözsüz, nə də
atamla, heç qardaşlarımla da bir yerdə fotoşəklim
yoxdur. Lap olsaydı belə həyatımda, keçib gəldiyim
ömrümdə nə kimi dəyişikliklər olacaqdı?
Mən ilk dəfə fotoşəkli Martunidə, beynəlmiləl
orta məktəbdə təhsil aldığım illərdə
(1957-1959) çəkdirmişəm.
Cəmiyyət
arasında ara-sıra sabiq SSRİ-nin dağılmağına
təəssüf hissi keçirən insanlara da rast gəlirəm.
Onların nostalgiyasına şərik çıxmadan ürəyimdə
fikirləşirəm: "Nələtə gəlsin
SSRİ-də, onun qurumları da, kommunist rejimi də. Mənim
üçün Hitler də, Stalin də eyni adamlardı -
qaniçən, milyonlarla insanların həyatını
puç edən, hətta bu saat dünyada kommunizm rejimi ilə,
faşizmi, eyniləşdirə, eyni tərəzinin
gözünə qoyan aydınların sayı da
çoxalıb. Hər iki rejim bəşəriyyətin şər
qüvvələri sırasındadır".
...Kənddəki
ataları müharibədə (1941-1945) həlak olan
tay-tuşlarımın heç sonrakı telləri də gətirmədi.
Sonralar, Fərzalı öz yaxın dostunu, qohumunu -
Əbdülü axmaq bir münaqişə üstündə
armaturla başından vurub öldürdü. Uzun illər həbsxanada
cəza çəkəndən sonra azadlığa
çıxdı. İndi-indi azad nəfəs almaq, ailə
qurmaq istəyirdi ki, qaniçən ermənilər Martunin
Xocavənd kəndində, təzə düzəltdiyi evinin,
qapısının ağzındaca onu avtomatla güllələdilər.
Uşaqlıq və yeniyetməlik illəri ac-yalavac
keçdi. Atasız böyüdü. Cavan illərində isə
həbsxanalarda çürüdü. Axırda da erməni
gülləsinə, namərd gülləsinə tuş gəldi.
Mirzə
(xoxu) isə hərbi qulluğa yollandı, Qazaxıstanın
ucu-bucağı görünməyən küləkli
çöllərində itib-batdı. Nə anası
Çullu xalanın, nə də böyük qardaşı
Şükürün yas məclisinə gəlmədi.
Adsız, ünvansız, işsiz-tozsuz itib batdı.
Həyatın
insanlar tərəfindən axıra qədər dərk edilməyən,
yozulmayan qanunları var. Adlarını çəkdiyim,
çəkmədiyim tay-tuşlarımın, müharibə
uşaqlarının ilk addımları daşa dəydi.
Dözüləsi mümkün olmayan ağrılar, yük
onların çiyninə düşdü - əzildilər,
büküldülər, bir daha qədlərini düzəldə
bilmədilər. Ha vurnuxdular, ha çabaladılar - talelərini,
həyatlarını qura bilmədilər. Həyatlarını
hansı nəqarətlə başlamışdılarsa, elə
həmin minvalla da bu dünyanı tərk etdilər.
...Sənəm
nənəm, dayılarım rəhmətə gedəndən,
onlardan xəbər çıxmadıqdan sonra Allahverdi
babamın evi, yurdu sahibsih qaldı. Yazıq Sənəm nənəm
iki oğul itkisinə necə dözüb, Allah bilir. Belə vəziyyət
yaranandan sonra anamın dayısı - Şəfi dayım
kolxozun xırman yerindəki evini söküb -
bacısının - nənəmgilin hazır, hər bir şəraiti
olan evinə, həyətinə sahib çıxıb. Deyəsən
o, həm də bu addımı atmağa məcbur olub: onun bir
mərtəbəli daş evi kolxoz xırmanının ərazisindəydi.
Düzdür,
anamın dayısı, Şəfi dayını nənəmin,
bacısının evinə, həyətinə
köçmüşdülər - kimsəsiz və
baxımsız evin qiyafəsi nisbətən dəyişilmişdi.
Amma ev, sözün geniş mənasında, əsl sahiblərinin
- nənəmin və babamın, onun oğlanlarının
nisgilini həmişə çəkirdi. Hündür qaya
üstündə, qırmızıya çalan, damı
küləşli ev həmişə fikirli və qəmliydi.
Məktəbə həmişə nənəmgilin einin
qabağından keçib gedirdim. Evin nasazlığı, qəmli
və nisgilli görkəmi ürəyimi
parçalayırdı. Anam hərdənbir ata evindən, nənə
və babamdan danışırdı. Nənəmin
ölümündən, subay qardaşlarının talelərindən...
Vaxtı ilə doğma sahiblərinin məhəbbət və
qayğılarla dolu xoş günlərini yaşayan ev, həyət
- indi hündür qayalar üstündən qəmli-qəmli ətrafa
boylanır, heç cür ürəyi
açılmırdı. Sənəm nənəmin, Allahverdi
babamın qəm, kədər, hüznlə dolu o evi, həyətləri
tez-tez yadıma düşür.
(ardı olacaq)
Ədalət
2018.- 6 may.- S.7.