Hərb tariximizdə Heydər Əliyev fonemeni

 

Dünyada elə müdrik, elə uzaqgörən dövlət xadimləri olublar ki, onlar öz ölkəsinin taleyində mühüm rol oynayıblar. Müstəqil Azərbaycanın memarı olan ümummilli liderimiz Heydər Əliyev də tarixdə dərin iz salmış dahi şəxsiyyətlərdən biridir. Azərbaycanlı olmağı ilə həmişə fəxr edən ümummilli liderimiz Heydər Əliyev bütün şərəfli ömrünü xalqının rifahına, Azərbaycanı qurub yaratmağa və müstəqil ölkəsini dünyada tanıtmağa sərf etdi. Son nəticədə istəyinə, amalına çatdı, güclü, qüdrətli və yenilməz bir dövlət qurdu, tarixin səhifələrində pozulmayan dərin izlər qoydu. Buna görə də ulu öndərimiz Heydər Əliyev xalqın böyük ehtiramını qazandı. Müasir Azərbaycan tarixinin ən parlaq və ən möhtəşəm səhifələri ümummilli liderimiz Heydər Əliyevin adı ilə bağlıdır.

Ötən əsrin 70-ci illərindən Azərbaycana rəhbərlik edən ümummilli liderimizin yüksək təşəbbüskarlığı, müdrik siyasəti və bacarığı sayəsində ölkəmiz sözün həqiqi mənasında, intibah dövrünü yaşamışdır. Hələ Sovet hökumətinin ən sərt bir dövründə Heydər Əliyev Azərbaycanda Cəmşid Naxçıvanski adına Hərbi Liseyi yaratdı. Bu gün kursantların təhsil aldıqları hərbi məktəbin əsası 1971-ci ildə ümummilli liderimiz Heydər Əliyevin təşəbbüsü və uzaqgörən siyasəti nəticəsində qoyulmuşdur. Sovet rejiminin hökmran olduğu bir vaxtda milli zabit kadrlarının hazırlanmasına yönəldilmiş təşəbbüs böyük cəsarət və qətiyyət tələb edirdi. Heç kim kommunist ideologiyasının hakim olduğu bir məmləkətdə bu məsuliyyəti öhdəsinə götürməyə risk etməzdi. Bu təşəbbüs yalnız xalqının gələcəyini düşünən, millətinə qəlbən bağlı olan, həyatını vətəninin çiçəklənməsinə həsr edə bilən dahi şəxsiyyətlər tərəfindən edilə bilərdi.

Azərbaycanda hakimiyyətə gəldiyi ilk illərdən Heydər Əliyevi düşündürən əsas məqsəd və amallardan biri də azərbaycanlı gənclərin orduya və hərbi məktəblərə cəlb edilməsi məsələsi olmuşdur. Bildiyimiz kimi bütün fəaliyyəti dövründə Heydər Əliyev öz taleyini hərb sənətinə, zabitlik peşəsinə həsr edənlərə hörmətlə yanaşmış və onların xidmətinə yüksək dəyər vermişdir.

1971-ci ildə məhz ulu öndər Heydər Əliyevin təşəbbüsü, zəhməti və uzaqgörənliyi sayəsində, böyük əziyyətlər bahasına tarixi addım atıldı. C. Naxçıvanski adına hərbi təmayüllü məktəb yaradıldı. Bu hərbi məktəbdə yüzlərlə, minlərlə azərbaycanlı gənc təhsil almağa başladı. Hərbi Liseyin milli zabit kadrlarının hazırlanmasında və o dövrdə ali hərbi məktəbləri bitirənlərin Silahlı Qüvvələrimizin formalaşmasında müstəsna dərəcədə rolu vardır. Bu gün də ordumuzun sıralarındakı zabitlərin əksəriyyəti C.Naxçıvanski adına Hərbi Liseyin məzunlarıdır. Onlar Qarabağ müharibəsində böyük hünər göstərdilər.

Yaxın tarixdən bilirik ki, xalqları əsarətdə saxlayan keçmiş sovet imperiyası tarixin səhnəsində yetmiş ildən çox yaşaya bilmədi. 1991-ci ilin isti yay günlərində süquta uğradı. Yetmiş ildən sonra xalqımız yenidən müstəqilliyinə qovuşdu. 1991-ci il oktyabrın 18-də Milli Məclisdə müstəqillik Aktı qəbul edildi. Xalqımıza bir əsrdə iki dəfə müstəqil dövlətini qurmaq nəsib oldu.

Azərbaycan dövlət müstəqilliyinin bərpa etdiyi dövrdə ölkəmizdə ictimai-siyasi vəziyyət çox gərgin idi. Azərbaycan Silahlı Qüvvələrinin yaradılması haqqında qərar qəbul olunsa da, səmərəli bir iş görülmürdü. O zamankı iqtidarın ölkədə yaratdığı xaos və özbaşınalıq ordu quruculuğuna da mənfi təsir göstərirdi. Hakimiyyətdə olanların dövlətçilik təcrübəsi, ölkəni idarə etmək qabiliyyəti yox idi. Ona görə də hər yerdə özbaşınalıq baş alıb gedirdi. Bundan istifadə edən erməni işğalçıları addım-addım torpaqlarımızı ələ keçirirdilər. Qəsbkarların torpaqlarımızı işğal etdirdiyi bir vaxtda yaradılmış silahlı birləşmələr dövlətə, hakimiyyətə yox, ayrı-ayrı adamlara tabe idi. Yeni qurulmağa başlayan orduda baş alıb gedən bu özbaşnalıq, vahid komandanlığın olmaması torpalarımızın 20 faizinin işğalı, bir milyondan çox vətəndaşımızın doğma yurdundan didərgin düşməsi ilə nəticələndi.

Quruculuq işləri aparmaq gücündə və səriştəsində olmayan iqtidar getdikcə xalqın gözündən düşürdü. 1993-cü ilin iyununda isə ölkədə vəziyyət çox gərgin xarakter aldı. Yenicə müstəqillik qazanmış Azərbaycan dövləti dünyanın siyasi xəritəsindən silinmək təhlükəsi ilə üz-üzə qaldı. Zaman və vəziyyətin ağır durumu, həyatın özü tələb edirdi ki, xalqı bu fəlakətdən qurtarmağa qadir olan bir şəxsiyyət hakimiyyət gəlsin. Məhz ölkəmiz, Vətənimiz üçün belə çətin və keşməkeşli bir zamanda milyonların dəvəti və təkidi ilə ümummilli liderimiz Heydər Əliyev xalqın dəvətini qəbul edərək 9 iyun 1993-cü ildə ölkəmizin paytaxtına gələrək dövlətçiliyimizin xilasına başladı.

Ulu öndərin hakimiyyətə qayıdışı və dövlətçiliyimizi inkişaf etdirməsi ölkəmizin hər bir vətəndaşını sevindirdi. Bütövlükdə isə Azərbaycan xalqı bu tarixi qayıdışı böyük ümidlərlə qarşıladı. Həmin gərgin günlərdə baş vermiş hadisləri çox düzgün qiymətləndirən və böyük siyasi iradə nümayiş etdirən ulu öndər Heydər Əliyevin gərgin fəaliyyəti nəticəsində tədricən ölkədə sabitlik, əmin-amanlıq hökm sürməyə başladı. Cəmiyyətdə ölkə başçısına inam artdı.

Ümummilli liderimiz Heydər Əliyev yenidən hakimiyyətə gələrkən "Bundan sonrakı ömrümü də xalqıma bağışlayıram və onun xoşbəxt gələcəyi uğrunda həyatımı fəda etməyə hazıram" - demişdir. Hakimiyyətdə olduğu illər ərzində ulu öndər dediyi sözlərə sadiq qaldı. Ölkəmizin başının üstünü almış qara buludlar dağıldı. Hakimiyyətə qayıdandan sonra heyrətamiz iradə, qətiyyət, güc nümayiş etdirən ümummilli liderimiz ölkəni düşdüyü fəlakətdən qurtarmağa müvəffəq oldu. Ulu öndərimiz hakimiyyətə qayıdan kimi səmərəli işlahatlara başladı. İstər hüquqi dövlət quruculuğu istiqamətində, iqtisadiyyatın dirçəldilməsi yolunda, istərsə də cəmiyyətdə kütləvi xarakter almış cinayət hallarının qarşısının alınmasına və həmçinin ən başlıcası ordu quruculuğu istiqamətində inamlı addımlar atıldı.

Ulu öndər 1993-cü il noyabr ayının 2-də radio və televiziya ilə çıxış edərək, ölkədə yaranmış vəziyyətlə bağlı Azərbaycan xalıqına tarixi müraciət etdi. Azərbaycan oğullarını ordu sıralarına, yurdumuzun müdafiəsinə səslədi. Qısa müddət ərzində yüzlərlə, minlərlə vətənpərvər gənc ordu sıralarına axışdı. Onlar silaha sarılaraq torpaqlarımızın müdafiəsinə qalxdılar. Təcavüskar Ermənistanın torpaqlarımızı işğal etməsinə yalnız Heydər Əliyevin Silahlı Qüvvələrin Ali Baş Komandanı kimi cəbhə bölgələrinə səfərlərindən, zabit və əsgərlərlə görüşündən sonra son qoyuldu. Onun cəbhə xəttinə gəlişi, çıxışları, dəyərli və qiymətli sözləri hərbçilərin qələbə əzmini daha da artırdı, döyüş ruhunu yüksəltdi. Yenicə formalaşan Azərbaycan Silahlı Qüvvələrinin bölmələri bir sıra bölgələrdə uğurlu əməliyyatlar həyata keçirərək düşməni geri sıxışdırdılar. Erməni qəsbkarlarının tapdağında olan neçə-neçə kənd-kəsək olundu. Müharibədə dönüş yarandı. Yurd-yuvasından didərgin düşmüş neçə insan öz doğma ev-eşiyinə qayıtdı.

Ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi altında hərbi təhsil sahəsində də uğurlu addımlar atıldı. Qısa müddət ərzində müstəqilliyimizin təminatçısına çevrilən, vahid komandanlığa tabe olan güclü və qüdrətli ordu yaradıldı. Məhz bu dahi şəxsiyyətin Ali Baş Komandanlığı dövründə ordumuz hərb elminin prinsipləri əsasında yaradıldı, dövlət səviyyəsində hərtərəfli qayğı və yardımla əhatə olundu. Müasir dünya ölkələrinin təcrübəsi əsasında formalaşma yolu keçməyə başladı. Bu gün hər birimiz fəxrlə deyə bilərik ki, sıralarında Azərbaycan oğul və qızlarının xidmət etdiyi ordu məhz ümummilli liderimiz Heydər Əliyev kimi bir sərkərdənin yetirməsidir.

1994-cü il may ayının 12-də Ermənistanla Azərbaycan arasında atəşkəs haqqında müqavilə imzalandıqdan sonra Azərbaycanda ordu quruculuğu daha da sürətləndi. Uğurla həyata keçirilən islahatlar nəticəsində Silahlı Qüvvələrin maddi-texniki təminatı getdikcə yaxşılaşdı, şəxsi heyətin mənəvi-psixoloji hazırlığı daha da artdı, döyüş ruhu, qələbə əzmi yüksəldi. Bu gün tam inamla demək olar ki, muasir müstəqil dövlətimizin memarı və qurucusu olan ulu öndər Heydər Əliyev həm də qüdrətli Azərbaycan ordusunun yaradıcısıdır.

Məhz ulu öndər Heydər Əliyev dövlətimizin imicini beynəlxalq aləmdə yüksəldikdən sonra Silahlı Qüvvələrimizin də dünya ölkələrinin ordularına inteqrasiya etməsinə əlverişli şərait yarandı. Həyata keçirilən uğurlu islahatlar nəticəsində ordumuzun beynəlxalq əlaqələri qısa vaxt ərzində möhkəmləndi və bu proses bu gün də sürətlə davam etməkdədir. Ümummilli liderimizin təşəbbüsü ilə Silahlı Qüvvələrimizin tərkibində formalaşan sülhməramlı taborun şəxsi heyəti Kosovoda, Əfqanıstanda və İraqda sülhün qorunmasında fəal iştirak edib. Bu gün isə Azərbaycan əsgəri yenə də Əfqanıstan torpağında sülhyaratma əməliyyatlarında xidmətini uğurla davam etdirir.

Ümummilli liderimizin layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyevin rəhbərliyi altında başqa sahələrdə olduğu kimi ordu quruculuğu istiqamətində də uğurlu islahatlar həyata keçirilir.

Xalqımızın tarixində layiqli yer tutan dahilər, bacarıqlı sərkərdələr və dövlət xadimləri çox olub. Onların xalqımıza olan misilsiz və əvəzsiz xidmətini unutmuruq.

Xalq belə rəşadətli oğullarını zaman-zaman xatırlayıb hörmətlə yad edir. XX yüzillikdə xalqımızın böyük və nəhəng tarixi şəxsiyyətlərlərdən biri də ümummilli liderimiz Heydər Əliyevdir. Nə qədər ki, Azərbaycan xalqı var, Heydər Əliyev də yaşayacaq. Azərbaycan xalqı isə həmişə var olacaq, tarix durduqca yaşayacaq.

Dünyanın hər bir xalqının öz xilaskar ordusu ilə öyünməyə, qürur duymağa haqqı var. Qəhrəman Azərbaycan xalqı da öz ordusu ilə öyünür. Əminlik hissi ilə qeyd etmək olar ki, zabit və əsgərlərimiz döyüş meydanlarında böyük hünər və rəşadət göstərərək, adlarını xalqımızın qəhrəmanlıq tarixinə böyük hərflərlə yazacaqlar.

 

Ədalət  2018.- 6 may.- S.5.