ƏGƏR SƏMİMİYYƏT VARSA...
Son illərdə bir şair kimi özünü təsdiq etmiş və ədəbi ictimaiyyətdə də etiraf olunmuş Fəxrəddin Teyyubun yeni şeirlər kitabı çapdan çıxıb. Onun yaradıcılığını mən də diqqətlə izləyirəm və sevinməyə əsas var ki, Fəxrəddin Teyyub kitabdan kitaba bir şair kimi inkişafdadır. Bu inkişaf onun həyata, gerçəkliyə, yaşadığı aləmə, onu düşündürən hadisə və olaylara münasibətindəki poetik yanaşmadır, həm də yeni yanaşma. Kitabda onun qələm dostlarının (bu sətirlərin müəllifinin, Əsəd Cahangirin, Elçin Hüseynbəylinin, Ağacəfər Həsənlinin, Adil Cəmilin, Fərqanə Mehdiyevanın, Qəşəm Nəcəfzadənin, Balayar Sadiqin, Zülfüqar Şahsevənlinin) yığcam fikirləri də öz əksini tapıb və onun saf və səmimi şair olduğu, bədii tərənnümü ilə seçilən şair olduğu təsdiq edilir. Xüsusilə, "o, səmimi şairdir" ifadəsi üzərində dayanmaq istərdim.
Səmimiyyət insana xas olan ən müsbət keyfiyyətlərdən biridir. Şairdə və onun şeirlərində bu keyfiyyət yaşayırsa və həm də onun şeirlərinin özəyini təşkil edirsə, oxucunun da ürəyinə yol tapacaq. Ancaq bir şərtlə ki, şeirin özü o səmimiyyəti obrazlı şəkildə ifadə etsin.
Yolum kəndə düşdü bir bahar günü,
Elə bil azaldı dərdim, azarım.
Gördüm başa vurub çoxu ömrünü,
Gözümə dəymədi tanıdıqlarım.
Yollandım anamın məzarı üstə,
Qırx nə tez ötüşdü, indi gəlmişəm.
Həsrətim sel kimi axdı gözümdən,
Ana ürəyidi, bildi, gəlmişəm.
Necə də doğmadı o kəsək, o daş,
Yoxuşlar kitabdı oxuyum
bir az.
Saxla dəryazını biçinçi
qardaş,
Onların ətrini qoxuyum
bir az.
Gəzdim
uşaq kimi yaşıl çəməndə,
Şehdə ayağımı yuyub qayıtdım.
Sıxıldı ürəyim dumanda,
çəndə,
Kəndin havasını uddum, qayıtdım.
Çox səmimi şeirdir. Kənd həsrətini
ancaq bu cür səmimiyyətlə
ifadə etmək olar. Yeri gəlmişkən deyim ki, kəndlə
bağlı eyni hissləri mən-yaşımın
yetmişində daha artıq yaşamışam.
Çünki 40 il, 50 il əvvəl gördüyüm
kənd daha o kənd deyil. "Şəhərləşən"
kənddir. Vaxtilə gördüyüm
o insanların çoxu
dünyadan köçüblər.
Amma xatirələr yaşayır.
Özü də bu xatirələr kövrəkdi,
ömrün arxada qalan illərinin, aylarının, günlərinin
heç vaxt unudulmayacağı anlarıdı.
Sən yoxsan, od
saçır ahım
elə bil,
Könlümün qəmini necə qovarsan.
Ruhuna qarışıb ruhum elə bil,
Mən harda varamsa, sən orda varsan.
Eh, nəyim qalıb ki, bir quru
canam,
Köksümdən qəlbimi qoparıb getdin.
Daha iştaha yox, nə də acanam,
Dünyanın tamını aparıb getdin.
Sənsiz
dərd alıbdır
hədəfə məni,
Yoxluğun zülümdü, bilmədin,
Ana,
Ömründə aldatdın bir dəfə məni,
Dedin gələcəyəm, gəlmədin,
Ana.
Bu şeiri ona görə misal gətirdim ki, Fəxrəddin Teyyubun kitabında Ana obrazı xüsusi yer tutur. F.Teyyub hər bir şeirində özüdür,
istər Vətəndən
yazsın, istər analı-anasız dünyasına
baş çəksin,
istər kənd həsrətini ifadə etsin, istər təbiətdən, istərsə
də sevgidən söz açsın.
Buraya onun öz dostlarına
və ustad hesab etdiyi insanlara
ithaf elədiyi şeirləri də daxil etmək olar. Bu şeirlərdə
didaktika da var, yəni bu didaktika da
insanları xeyrə, halallığa səsləyir.
Təpəyə: "Zirvəsən" - deyirəm bəzən,
Yamac inciyəndə deyirəm:
"Dağsan!"
Gözündə həyatın işığı sönən
Xəstəyə deyirəm: "Sağalacaqsan!"
İçimdə ölçü var, məhək daşı var,
Çatır harayıma, düşsəm dara mən.
İşimin nə adı, nə maaşı var:
Ümid paylayıram adamlara mən.
Fəxrəddin ən çox qoşma yazır. Daha doğrusu, ilk şeirlərindən qələminin öyrəşdiyi, öz təbinə uyğun gələn bir şeir formasına sadiqdir. Qoşmada - ən azı üç-dörd bəndlik şeirdə fikir ardıcıllığını, məzmun və forma vəhdətini hifz eləmək xalq şeirindən, ustad sənətkarların poetik təcrübəsindən gəlir. Azərbaycan poeziyasının xalq şeiri üstündə köklənən bu qolu çox zəngin nümunələrlə doludur. F.Teyyub da bu zəngin ənənələrdən faydalanır. Demirəm ki, onun bütün qoşmaları yaxşıdır, təbii ki, tüstüsü düz çıxan, amma gözü acışdıran nümunələr də diqqətdən yayınmır. Mən onun "Vətəndi" rədifli bir qoşmasından misal gətirmək istəyirəm. Bu qoşmada Vətən haqqında təzə söz deyilir iddiasındayam.
Alovu dilimdə, odu dilimdə,
Sevgisi qəlbimdə, dadı dilimdə,
Hər gecə yatanda adı dilimdə,
Gördüyüm ən şirin yuxu, Vətəndi.
Qoy səni bağrıma basım, cəl, kitab,
Dünyada dürr kitab, inci, ləl kitab.
Kitablar içində ən gözəl kitab,
Götür, səhər-axşam oxu, Vətəndi.
Gördüm dağ döşündə
bir daş masanı,
Var olsun üstündə qəndil asanı,
Evinin içində şair Musanın,
Şırıl-şırıl axan arxı Vətəndi.
Şeirdə adı çəkilən
şair Musa Yaqubdur və F.Teyyub bizim bu dağlar
şairindən, müasir
poeziyamızın zirvə
şairlərindən biri
olan Musa Yaqub poeziyasından çox şey əxz edir. Onun bu kitabında
da Musa müəllimə
həsr olunan şeirlərlə qarşılaşırıq.
Hətta Musa müəllimin
kəndini, oranın gözəl təbiətini
görəndən sonra
"Buynuz bayatıları"nı qələmə
alıb.
Əziziyəm, ummaram,
Heç
kimdən pay ummaram.
Mən Buynuzu görməsəm,
Gözlərimi yummaram.
Əziziyəm, yaşıdı,
Həsrətimin yaşıdı.
İsmayıllı üzükdü,
Buynuz onun qaşıdı.
Ümumiyyətlə, F.Teyyubun bir çox qələm dostlarına yazdığı
şeirlərdə də
poetik səmimiyyət
duyulur. Bunlara ithaf şeirləri
də demək olar, ancaq F.Teyyub
bu şeirlərdə
tanıdığı, ustad
hesab etdiyi sənətkarlara uca təriflər söyləmir,
sadəcə, onların
ucalığını obraza
çevirir. Məsələn,
böyük sənətkarımız
İsmayıl Şıxlıya
həsr olunan şeirin sonuncu iki misrası belə bitir: "Mən səni çiynimdə aparan zaman, Elə bilirdim ki, çiynim
Vətəndi".
F.Teyyubun "Mən səninlə barışmamışam" şeirlər kitabı göstərir ki, onun yaradıcılıq imkanları get-gedə cilalanır. Bir az da şəxsi duyğuları ilə həyati gerçəkləri birləşdirsə, daha yaxşı olar. Bu qədər.
Ədalət 2018.- 6 may.- S.6.