Geriyə yol
varmı...
Nemət Veysəlli
(əvvəli
ötən saylarımızda)
Son söz
Qaryagin
rayon məhkəməsinin yeddiillik kənd məktəbinin
binasında keçirdiyi səyyar məhkəmə
iclasında (1946) Məhəmmədəli dayıma "Qəsdən
adam öldürmək" maddəsi ilə altı il
azadlıqdan məhrum ediblər və ona son söz veriblər.
Məhəmmədəli
dayım:
- Mənim
heç bir sözüm yoxdur. Amma bir xahişim, son arzum
var.
Məhkəmənin
sədri:
- Buyurun.
-
Mümkünsə mənə iki saatlıq vaxt verin. Evimizə gedim, evimizlə, həyətimizlə
vidalaşım.
Məhkəmə dayımın bu arzusunu yerinə
yetirir.
Dayım
evlərinə, həyətlərinə baxandan sonra Sənəm
nənəmə deyib:
- Ana, mənə
bir dovğa çal. Könlümə dovğa
düşüb.
Sənəm nənəm tələm-tələsik
dayım üçün dovğa çalıb.
Dayım
anasının hazırladığı dovğadan doyunca
içib və deyib:
- Ana, bu
dovğanı mənə halal et. Yəqin ki, bu mənim altı illik davğamdı.
Sonralar dayım həbsxanadan qalmayıb, elə cəza
evindəcə həlak olub. Nənəmin onun
üçün hazırladığı dovğa altı
illik yox, ömürlük olub.
İnsafən mən həmişə o evə gedəndə
Şəfi dayımdan (biz həmişə ona dayı deyirdik)
məhəbbət və mehribançılıq
görmüşəm. Məni evin kəndarında görən kimi
üzünü Gülbəs xalaya çevirirdi:
- Aaaz,
Gülbəs, uşağa çay, çörək ver, -
deyirdi.
Gülbəs xala sobanın bir qırağında
altıma yumşaq döşəkcə qoyurdu, ünvanıma
xoş sözlər söyləyird. Amma bütün bunlar
o deyildi, həyət-bacaya ha göz gəzdirirdim - Sənəm
nənəmi, Allahverdi babamı, dayılarımı
axtarırdım. Onların heç biri
yoxdu.
Yadımda
qalanlar: Qışın oğlan çağıydı. "Təpələ" verməyə heç nəyimiz
yoxdu. Nə ot, nə də saman. Hər dəfə pəyəyə girəndə
heyvan yazıq-yazıq üzümə baxırdı.
Saman istəyirdi, ot istəyirdi. Adam onun irilmiş, yalvarışlı gözlərinə
baxdıqca o dünyaya gedib gəlirdi. "İlahi,
mən buna alafı, otu haradan tapım? Kolxoz
xırmanında ot vardı, alaf vardı -
amma bütün bunların hamısı kolxoz təsərrüfatları
üçündü. Həm də kim idi
qışın bu oğlan çağında mənə bir
cəngə ot verən? Nə isə etmək
lazımdı, "Təpəl" günlərlə, həftələrlə
bu vəziyyətdə qalsa arıqlayacaq, ayağa qalxa bilməyəcək".
Pəyədə
"Təpəl"in nə vəziyyətdə olduğunu
Şəfi dayıma pıçıltı ilə söylədim.
Diqqətlə üzümə baxdı. Birtəhər Gülbəs xalanın diqqətində
yayındıq.
- Mən Gülbəsin başını qatacam. Gör nə
deyirəm. Qalx çovustana, orada xeyli ot
var. Tez-tələsik iki, üç şələ ot
düşür, apar. Amma tez ol, elə et
ki, Gülbəs xəbər tutmasın.
Haradansa nərdivan tapdım. Dama qalxdım. Xeyli alaf tədarükü görüb evimizə
yollandım. Bir dəfə, iki dəfə.
Daha bəsdi.
Şirəli, gömgöy alafı "Təpəl"inin
qabağına, axura tökmüşdüm. O axurda otu görəndə
gözləri parıldadı, alafı acgözlüklə
yedi. O alafı yemirdi ha, gözünə təpirdi.
"Təpəl"in
doyunca yediyinə, hətta bir az da gərnişdiyini
görəndə sakitləşdim. Deməli,
işlər yaxşı gedirdi.
Təzədən Şəfi dayıgilə
qayıtdım. Qaş-göz işarəsiylə Şəfi
dayıya bildirdim ki, hər şey qaydasındadı. Şəfi dayı nur tökülən bütün
sifətiylə gülümsündü.
- Aaaaz... Gülbəs, uşağa çay ver, - soyuqdan gəlib.
...Əmilərim - Əli və Qara əmim kəndin
yuxarı başında - Əhməducan tərəfdə
yaşayırdılar. Anamın o biri dayısı - Cavad
dayım isə Ağdaşlıda, Sosun, Çartazın
qulağının dibində yaşayırdı.
Özünə qədim və çox geniş sahəsi olan
taybəndin üstündə daş ev
tikdirmişdi. İkimərtəbəli evin aynabəndindən
ətrafa baxırdın - mübaliğəsiz, zadsız
dünya görünürdü. Ta Quzumkəndin kəhrizinə
qədər uzanıb gedən Qaraxan dərəsi, alma bağları... Başmaqçı
gədiyi, Qala yeri, İldırım düşən Topal dərəsi,
Bala dərə. Pamidor, xiyar, lobya əkilmiş
həyəti, bostanı Qaya bulağın dağlardan
süzüb gələn sularına qovuşurdu. Cavad dayım ayda-ildə bir dəfə Şəfi
dayımgilə gələrdi, böyük qardaşından
hal-əhval tutub tələsik də geri qayıdırdı.
O, bir növ çöl adamıydı, əhalisi, evləri
sıx yerlərdən qaçırdı. Belə
yerlərdə darıxırdı.
Anamın ən kiçik dayısı - İsa dayım
bəxtsiz-talesiz, zavallı bir adamdı. Lap cavan
çağlarından onun ömrü həbsxanalarda
keçmişdi. Elə cəzaçəkmə
müəssisəsində də rəhmətə getdi.
...Amma
adlarını çəkdiyim qardaşların ən
böyüyü - Şəfi dayım - işıqlı və
nurlu sifətilə ömrüm boyu yadımda qalıb. Hətta ulu nənəm - Xatın nənəmin belə
bir laylası varmış. "Lay-lay
balam, Şəfi balam, yumşaq və ipək balam. Cavad balam, İsa balam cod balam, külək balam".
Şəfi dayım başdan-ayağa - boy-buxunu, duzlu, məzəli
söhbətləri, gülüşü və min rəngli,
min çalarlı danışığı ilə
xeyirxahlıq və müqəddəslik təcəssümüdür. Qəribə
danışıq tərzi vardı. Bu və
ya digər mətləblərdən danışanda gerçəkliklə,
fantaziyanın sərhədlərini ayıra bilmirdin. Öz tay-tuşlarından, dostlarından,
tanışlarından danışırdı - sonralar
araşdırıb görürdün ki, o, tamam başqa mətləblərdən,
mövzulardan danışırsış. Sözünün,
söhbətinin hədəfi, nə demək, nəyi söyləmək
istədiyi birbaşa adama çatmırdı. Söyləmək istədiyi mətləblər, əhvalat
və süjetlər çoxmərtəbəli və
çoxşaxəliydi. Normal adamlar, Şəfiyev
Şəfi Fərhad oğluna, onun danışıq tərzinə,
danışıq manerasına bələd olmayanlar - deyilənlərdən
baş çıxara bilməzdi.
O,
xüsusi, xüsusi külçədən yoğrulmuş
şəxsdi. Bu koloritli, ağayana, bütün kənd
uşaqlarının əziz və mehriban dayıları
Böyük Vətən müharibəsi illərində
(1941-1945) Yuxarı Veysəlli kəndində, "Sosializm"
adına kolxozunun idarə heyətinin sədri olmuşdu. Dünyanın, veysəllilərin ən çətin
günlərində o, camaatın ağsaqqalı, dirəyi
idi. İndinin özündə də Veysəllilər
Şəfi dayımın kolxoz sədri olanda camaata necə
qayğı göstərdiyi haqda əfsanələr və
nağıllar danışırlar. O, gündüzlər
əri, qardaşı, oğlu uzaqlarda vuruşan
qadınları qızmar günəş altında qan-tər
içində zəmilərdə, xırmanda, bağlarda
işlətmişdi. Çöllərdən, tarlalardan
yığılan məhsulları "Hər şey cəbhəyə"
şüarı altında tədarük edir, müharibəyə
göndərir... Gecələr isə, dəhşətli
dərəcədə risk edir, qanını ağzına
alıb xırmandanmı, anbardanmı gündüzdən gizlətdiyi
buğdanı, arpanı, darı və noxudu - bir sözlə,
yeməyə yarıyan qidaları köhlən atın yəhərli
belinə yükləyir - düz sürür Nənəxanımın,
Nazimxanın, Pərzad və Şahxanımın, Zərqələmin
qapısına. "Amanın
günüdür, heç kəs bilməsin. Sənə
bir pud buğda gətirmişəm, bilirəm əziyyət
çəkirsən", - deyirmiş. Qəfil
qaranlığın içindən peyda olduğu kimi, həmin
minvalla da qaranlıqda itirmiş. O zamanlar belə
addımın nə demək olduğunu təsəvvür
edirsinizmi? Ölkədə müharibə
gedirdi, bir kiloqram buğdanı mənimsədiyinə görə
adamı Sibirə, gedər-gəlməzə göndərirdilər.
O illərdə Şəfi dayımın başına gələnləri,
axşam düşən kimi əlsiz-ayaqsız, aclıqdan əziyyət
çəkən ailələrə, xüsusilə də əsgər
ailələrinə əl yetirməyindən indi də
danışırlar. Şəfi dayının
belə qorxulu əməliyyatlarından yalnız o özü,
köhlən at, bir də nöyzənbillah Allah xəbərdardı.
Başqa heç kəs.
...Müharibə
illəriydi. Nazimxan xalanın külfəti də
böyükdü: Rüstəm, Hətəm, Məhəmməd,
Qeys, Rəna. Hər taxıl biçəndə,
xırmanda işləyəndə, qoyun-qoltuğunda bir ovuc
buğda, bir neçə noxud dənəsi gətirirdim ki,
uşaqlarına nə isə bişirsin, onların
başını qatsın. Kolxoz sədri
bu ürəkağrıdan səhnələri görür.
Neyləsin, camaatın gözü qabağında ona buğda
verə bilməzdi ki...
Axşam düşəndə "qoy məni
assınlar, həbs etsinlər. Nazimxanın, onun
kiçik uşaqlarının korluq çəkməsinə
dözə bilmərəm".
O gecənin
zil qaranlığında kəhər atını yükləyir.
Atın belinə iki kisə buğda
aşırır və yollanır kəndin yuxarı
başına - düz Əhməducana, Nazimxan xalanın
qapısına.
Nazimxan xala kolxoz sədrini atın belində iki kisə
buğda ilə görəndə həm təəccüblənir,
həm də bərk qorxur.
- Ay Şəfi,
bu nədir? - deyə soruşur.
- Bu iki
kisə buğdanı sənin üçün gətirmişəm,
görürəm bərk əziyyət çəkirsən. Kövşəndən, xırmandan qayıdanda
qoyun-qoltuğuna buğda-arpa doldurma, dost-düşmən var.
Allah evlərini yıxsın bizi bu günə salanların.
Hələlik bunlarla birtəhər dolanın,
qurtardıqdan sonra yenə gətirəcəm. Qorxma, Fərhad
oğlu Şəfi hələ sağdı, ölməyib...
O
ağır illərdə bu və buna oxşar əhvalatlar
çox olub.
Haşiyəvə
ya olmuş əhvalat
"Əli
deyil, Qədirdir"
Aşağı və Yuxarı Veysəlli kəndləri
biri o birindən məsafəcə uzaq olsalar da, eyni
camaatdı. Amma müharibə illərində, lap elə sonralar
da, hər iki kənd ayrı-ayrı təsərrüfatlarda
birləşmişdi, müstəqil kolxozdu. Yuxarı
Veysəlli "Sosializm", Aşağı Veysəlli isə
"Şərq" adına kolxoz
adlandırılırdı. Yuxarıda Şəfi
Şəfiyev, Aşağıda isə Qədir İbrahimov
kolxoz sədri olub. Bu iki ağsaqqal, o
çətin illərdə nəinki Veysəllidə, Qaryagində
də tanınan, adlı-sanlı şəxslərdi, onlar hətta
külli Qarabağda yaxşı tanınırdılar,
sayılırdılar. Hətta, yazıçı
İlyas Əfəndiyev Veysəlli
taxılçılarının, "Şərq" adına kolxozun əfsanəvi sədri Qədir
İbrahimovun zəngin həyat və fəaliyyətindən
geniş həcmli oçerk də yazıb. Qədir kişi dolubədənli, yaraşıqlı
adamdı.
Onun boy-buxunu, bolşeviksayağı geyinməyi,
danışığı, oturuş-duruşu həmişə
diqqət mərkəzindəymiş. Hətta, deyirlər
ki, o, ata minəndə atın beli əyilirmiş. Hə, belə-belə işlər, dünyaya belə
kişilər gəlib və deyildiyi kimi, köhnə kişilər
köhlən atlara da minib çıxıb gediblər.
...Kiçik
qayığı xatırladan vəllər kəllərə,
öküzlərə qoşulurdu. Kövşəndən
gətirilmiş barfaları, dərzləri, sarı və
qaraqılcıq sünbülləri vəllə
yaxşı-yaxşı döymək üçün enli
taxtanın içini ovub çay daşı doldururdular.
Belə olan halda sünbüllər tez ovulur,
buğda dənələri sünbüllərdən
asanlıqla aralanırdı. Sünbüllərdən
ayrılmış buğda samandan, qabığından da
ayrılsın deyə onu taxta bellə, kürəklə
havaya sovrulurdu, saman ayrı, buğda dənələri isə
digər tərəfə tökülürdü.
(ardı olacaq)
Ədalət 2018.- 9 may.- S.6.