Bir kövrək nəğmədir həyatım mənim...

 

Qurban

Bayramov,

tənqidçi-

ədəbiyyatşünas

 

Poeziya ədəbiyyatın şah damarıdır. Ədəbiyyat adlanan məkana hər yazar işıq sala bilmir. Bu məkanın içərisinə daxil olub qərarlaşa bilmir. Xoşbəxtlik ondadır ki, çağdaş ədəbiyyatımızda bir-birindən bənzərsiz yazıları ilə minlərlə insan qəlbini fəth edən şairlərimiz, söz adamlarımız var. Onlardan biri də Qələndər Xaçınçaylıdır - Əhmədov Qələndər İslam oğludur...

Qələndər Xaçınçaylı - Azərbaycan Yazıçılar Birliyinin və Azərbaycan Jurnalistlər Birliyinin üzvü, tədqiqatçı-jurnalist, tanınmış şair-yazıçı, publisistdir... Respublika mətbuatında müntəzəm olaraq 1981-ci ildən şeir və məqalələrlə çıxış edir. Şeirləri "Ədəbiyyat və incəsənət", "Kommunist", "Bakı", "Savalan", "Azərbaycan pioneri", "Fəryad", "Meydan", "Səs", "Gələcək gün", "Ədalət", "Təzadlar" qəzetlərində, "Azərbaycan", "Ulduz", "Müxbir", "Kənd həyatı", "Göyərçin", "Pioner" jurnallarında ardıcıl olaraq çap edilib. Həmçinin "Gənclik" nəşriyyatının "almanax"larında əsərləri oxuculara təqdim olunub.

Onun ilk kitabı "Qarabağın ağlar gözü" (1998) adlanır. Kitabın tərtibçisi, redaktoru və "Gənc şairin ilk kitabı və ilk söz" ön sözünün müəllifi isə mən olmuşam və bu istedadlı gəncə uğur diləmişəm. Görünür bir tənqidçi kimi zəndimdə yanılmamışam. İndiyənə qədər Qələndərin bir-birinin ardınca "Qarabağa gedən yollar" (2000), "Dünya mənim söz qalamdır" (2004), "Dərd ürəyimdə mamır bağlayıb" (2006), "Qeyrət qalası" (2007), "Yaza tələsən çiçək" (2008), "El ağsaqqalı" - publisistika (2008), "Şərəfli ömür" - (publisistika, 2009), "İkinci ömrümü yaşayıram" (2011), "Gözləmə" (2012), "Ömür mənalı keçəndə" (2012) şeir və poemalardan ibarət kitabları nəşr olunmuş, indi isə ilk nəsr əsəri olan və 20 Yanvar, Qarabağ müharibəsi qəhrəmanlarından bəhs edən çox maraqlı "Güllə işığında" povesti çap prosesindədir və Qələndər Xaçınçaylının 60 illik yubileyində oxucularına ərməğanıdır...

Onun kitablarının adlarından da göründüyü kimi Qələndər Xaçınçaylının bütün yaradıcılığı Qarabağ prizmasından keçərək hədəflərini ümumi bir çevrədə - vətənpərvərlik və mübarizlik çevrəsində toplayır, bu bölgənin söz mühitindən pərvazlanmış qələm sahibi kimi simurqa çevrilir, öz odunda yanıb-dirilir...

Onun yaradıcılığı həmişə maraqla qarşılanmışdır, deyim ki, yaradıcılığı ilə bağlı tanınmış ədəbiyyatşünas-alimlər, ictimai-siyasi xadimlər, qələm dostları - şair və jurnalistlər mətbuatda çıxış edərək dəyərli söz demiş, fikir söyləmişlər.

Millət vəkili, tanınmış yazıçı-publisist Aqil Abbas: "Qələndər Xaçınçaylının yaradıcılığındakı vətən həsrəti, vətən nisgili əslində gənclərimizə örnək, nümunədir. Şairin kövrək, vətən həsrəti ilə yanan poeziyası var. Onun "Qarabağın ağlar gözü", "Qarabağa gedən yollar", "Dünya mənim söz qalamdır", "Dərd ürəyimdə mamır bağlayıb" kimi kitabları Azərbaycan ədəbiyyatına daxil olan gözəl nümunələrdəndir. Ona tutduğu bu yolda uğurlar arzulayır, yaradıcılığının davamını diləyirəm. Fürsətdən istifadə edərək gənclərimizə tövsiyə etmək istərdim ki, Qələndər müəllim kimi şairlərin yaradıcılığını mütaliə etsinlər, kitaba, elmə, yaradıcılığa özlərində həvəs yaratsınlar".

Azərbaycan Yazıçılar Birliyinin Qarabağ bölgəsi üzrə sədri, tanınmış şair, alim-ədəbiyyatşünas Ənvər Əhməd: "80-ci illərdə ədəbiyyata gəlmiş istedadlı şairlərimizdən biri olan Qələndər Xaçınçaylının imzası oxuculara yaxşı tanışdır. Şairin yaradıcılığına nəzər yetirənlər görürlər ki, onun bütün şeirlərinin əsasını vətən dərdi, yurd dərdi, Qarabağ dərdi təşkil edir. Ona bu dərdin sona yetməsini arzulayıram".

Mərhum, tanınmış şair-publisist İbrahim Göyçaylı: "Qələndər müxtəlif mövzularda, özünəməxsus bir tərzdə yazmağı bacarır. Onun üçün əlahiddə ayrıca mövzu sistemi yoxdur. Gördüyünü, duyduğunu, dərk etdiyini ürəyinən yaşayıb poeziyanın materialına çevirə bilir. Bununla yanaşı, onu əsasən mövcud ictimai-siyasi, sosial problem daha çox düşündürür. Bu cəhət isə onun şeirlərini günümüzün problematikası ilə sıx əlaqələndirir. Xüsusən Qarabağ dərdi, erməni işğalına məruz qalmış Yuxarı Qarabağ kədəri onun qəlbinin göynərtisinə çevrilir. Görünür, burada onun jurnalist peşəsi də az rol oynamır".

Tanınmış şair-tədqiqatçı, filologiya elmlər doktoru İslam Sadıq: "Şair dostum Qələndər Xaçınçaylının şeirlərini oxuyub gördüm ki, onun bütün yazılarına misra-misra vətən dərdi, yurd ağrısı, torpaq sızıltısı hopub. Əsası da odur ki, Qələndər müəllimin yaradıcılığı ilə yaşamı vəhdət təşkil edir. Sanki onun həyatı yaradıcılığına yansıyıb və orada əks olunub. Mən də Qələndər müəllimin şeirlərini oxuduqca onun ürəyini gözlərimlə görmüşəm və hiss etmişəm ki, doğrudan da, dərdi onun ürəyində mamır bağlıyıb və bu mamırın dərmanı yalnız Qarabağda - Kolanıdadır".

Tanınmış şair Yusif Nəğməkar: "Qələndər müəllimin kitablarında nəcib missiya var. Bu isə ondan ibarətdir ki, şair Qarabağ dərdini sanki hamı tərəfindən ağlayır. Bundan sonrakı kitablarında Qarabağ sevincini əks etdirməsi isə ona ən böyük arzumdur".

Tanınmış yazıçı-publisist, "Bütöv Azərbaycan" qəzetinin baş redaktoru Tamxil Ziyəddinoglu: "Qələndər Xaçınçaylının yaradıcılığı Qarabağ həsrətindən boylana-boylana, vətənpərvərlik və mübarizlik ruhuyla Bütöv Azərbaycana qanadlanıb. Təbrik edirəm, yaradıcılıq uğuru və Təbriz vüsalı arzulayıram".

Jurnalist həmkarı, "Həftə içi" qəzetinin redaktoru, mərhum Ceyhun Nağının fikridir: "Biz Qələndər müəllimlə bir "səngərdəyik". Qələndər müəllim məsuliyyətli insan, məsuliyyətli jurnalistdir. Yaşına baxmayaraq, istənilən faktın arxasınca gedən, tapan, yazan və yoruldum deməyən bir insandır. Qələndər müəllim şeirlərində işğalda olan torpaqların taleyindən, övladının sabahından özünün narahatlığını ortaya qoyur. Arzu edirəm ki, Qələndər Xaçınçaylı yaxın günlərin birində bu narahatçılıqlardan qurtulmuş olsun".

Trabzondan oxucu Nurəddin Abbasovun fikridir: "Qələndər Xaçınçaylı təpədən-dırnağa vətənpərvər, güclü vətəndaşlıq mövqeyinə malik, yazar-şair!.. Sizi təbrik edirəm, ALLAH sizin dərdinizə əlac eləsin, Qarabağ dərdinizi deyirəm... Qələndər müəllim, siz bu dərdi çəkməyi bacarırsınız, dərdi çəkməyi hamı bacarmır. Siz dərdinizlə birgə yaşadığınız illərin 60-nı başa vurdunuz. Yaşınız mübarək. 100 yaşayın!!"

Qeyd edək ki, şair Qələndər Xaçınçaylı 1980-cı ildən - 37 ildir ki, jurnalist kimi Azərbaycan mətbuatında çalışır. "Fəryad", "Cümhuriyyət", "Meydan", "İcmal", "Ədalət" və digər qəzetlərdə fəaliyyət göstəribdir; hazırda "Həftə içi" qəzetinin ən fəal, deyərdim ki, ağsaqqal əməkdaşıdır. Günün ən ağrılı, lazımlı, aktual problemlərini əks etdirən, dövlətimizin marağını qoruyan maraqlı məqalələrin müəllifidir.

Qələndər Xaçınçaylı yaxşı bir jurnalist kimi həmişə ağrılı məqamlara, düşündürücü problemlərə toxunur, mənəvi-əxlaqi dəyərləri qorumağa cəhd edir. Şeir yaradıcılığında da belədir! O, həmişə çalışır ki, mühüm əxlaqi-mənəvi məsələrə toxunsun... Yazılarında səmimidir, milli ruhludur, xəlqidir, təəssübkeşdir... Mənim fikrimcə, ilk növbədə şair cəmiyyətin gözündə şair olmalı və insanların ürəyinə yol taparaq sevilməlidir və yenə də, mənə elə gəlir ki, Qələndər Xaçınçaylı bunu bacarıb, bunu əldə edə bilibdir.

Və elə bu cür dəyərli ədəbi, ictimai fəaliyyətinə görə Qələndər Xaçınçaylı Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif olunubdur (2015).

O, bir jurnalist-şair kimi xalqına, ədəbiyyatına, millətinə, dövlətçiliyinə, mətbuatına namusla, gücü çatan qədərində xidmətdədir... Onun şair ömrü, şair xisləti kövrək nəğmələrdən mayalanmışdır:

 

Bir kövrək nəğmədir həyatım mənim,

Bir kövrək nəğməylə mən doğulmuşam.

Açılır hər yana qanadım mənim,

Həyatda bir kövrək nəğmə olmuşam...

 

Vətənpərvərlik duyğuları onun şeirlərinin əsas leytmotividir. Vətən həsrəti, Qarabağ dərdi, yurd nisgili şairin yaradıcılığının ana xəttini təşkil edir. Necə deyərlər, sazlı-sözlü, bayatılı Qarabağ torpağında pərvazlanan şair indi yurdundan-yuvasından ayrı vətən ağrılarını çəkə-çəkə yazıb-yaradır. Onun ədəbi yaradıcılığında səmimiyyət və təbiilik ilk baxışdan özünü göstərir. Şair və yazıçının yazıb-yaratmağı onun gələcəyə baxışıdır, sabaha olan inamıdır. Onun şeirlərində sızıltı yoxdur, mübarizə, həyat eşqi, yurda qovuşmaq inamı var...

Yaxşı cəhətlərdən biri də, budur ki, Qələndərin yaradıcılığında mövzu kasadlığı, lirikasında isə janr yeknəsəkliyi yoxdur. O, hissi-emosional, polifon şairdir. Ən müxtəlif mövzularda, lirik, satirik, ironik ladda, qoşma-gəraylıdan tumuş hecanın müxtəlif növlərində, sərbəstdə, modern şeir formalarında, klassik lirik janrlarda təsirli və gərəkli şeirlər qələmə alır, nəfəsi təngimir, ahəngi tıncıxmır, lətif bulaq suyu təki axardadır...

Onun qələmi milliliyimizin, dövlətçiliyimizin, müstəqilliyimizin möhkəmlənməsinə, milli-mənəvi dəyərlərimizin qorunmasına xidmət edir... O, şair-jurnalist məsuliyyətinin mahiyyətinə varan və əməl edən qələm sahibidir. Onun poeziyasında milli cavabdehlik ruhundan irəli gələn kəskin, prinsipial, tendensiyalı notlar olsa da, mövqeyi pozitivdir, nikbindir, ümidi sarsılmazdır, hadisələrə münasibəti durğun və etinasız deyil, intensivdir...

Qələndərin "Qoymayırlar yaşamağa" adında bir şeiri var. Çox şeirində olduğu kimi burada da, onun şair "məni" və ictimai mövqeyi səmimiyyəti və prinsipiallığı ilə özünü göstərir:

 

Nadanlar baş alıb gedir,

Dünyanı qış alıb gedir.

Ömür qısalıb gedir,

Qoymayırlar yaşamağa

Adam kimi bu dünyanı.

...Sabah açmır sabahını,

Heç kəs demir günahını.

İtiriblər Allahını,

Qoymayırlar yaşamağa

Adam kimi bu dünyanı.

 

Qələndər Xaçınçaylının şeirləri məzmunca getdikcə ovxarlanır, daha da bədiiləşir, müdrikləşir, ictimai-sosial motivasiya bu poeziyanın əsas əlamətinə çevrilir, "Ağarmazdı" şeirində olduğu kimi:

 

Hər adamın saçlarını

El ağartmır,

El ağardan saçları da

Yel qaraltmır.

Misri qılınc paslanmazdı

Koroğlular ölməsəydi.

Vaxtsız saçım ağarmazdı,

Həmzələri görməsəydim...

 

Bu rəngarəng, məzmunlu və təsirli yazılar silsiləsi, şeir külliyyatları, milli ədəbiyyatımızın bu gününə verdiyi töhfələr onu tarixən, söz sənətimizin ön sıralarında yer almış Qarabağ ədəbi mühitinin ləyaqətli davamçılarının sırasında qərarlaşdıra bilmişdir...

Qələndər həyatın - cəmiyyətin problemlərinə biganə deyil... Həssasdır, sevgisində də, qəzəbində də... Həyatın şirnliyi də, ağrı-acısı da ona eyni dərəcədə təsir edir və yaxşısı budur ki, o həyatdan, gerçəklikdən aldığı bütün bu hisslərini poetik ovqatla, səmimiyyətlə, bəzək-düzəksiz şeirinə yansıda bilir...

Qələndər bütün məqamlarda Vətəni, torpağı - Qarabağı səcdəgahı bilir. Kürəyini dağ vüqarlı elə-obaya, haqqa-ədalətə söykəyib və "Arxamda dağlar dayanıb.

Onlar qoymazlar Məni yıxılmağa..." - deyərək, bu misraların selində 60 yaşına gəlib çatıb...

 

Qoynunda dünyaya göz açmışam mən,

Ağdam səcdə yerim, qibləgahımdı.

Öz isti yuvamdan perik düşmüşəm,

Qabartı göz yaşım, Xaçın ahımdı,

Babamın məzarı səcdəgahımdı.

 

Qələndər Xaçınçaylə 1958-ci il, 15 apreldə səcdəgahı bildiyi Qarabağın Kolanı ellərində, Qaraman dağının ətəyində dünyaya gəlib, Qabartı və Xaçın çaylarının sularında cilvələnib... Bakı Dövlət Universitetini bitirib, əsgərlik çəkib, Neft Daşlarında fəhləlikdən, müəllimlikdən bu günlərinə gəlib... Zəngi həyat təcrübəsi qazanıb... Bu məqamda Qələndər Xaçınçaylının qələm sehri ilə keçən əsrin 90-cı illərində yaranmış, dillər əzbərinə çevrilmiş və şeirimizin böyük və qüdrətli, ustad-dədə Məmməd Arazının rəğbətini qazanmış, "Vətən sənə oğul dedi" şeirini xatırlamadan keçmək olmur. Bu beş bəndlik şeir Məmməd Arazın "Vətən mənə oğul desə nə dərdim" şeirinə, aşıqların ləfzi ilə söyləsək, "qabaq" deyilmişdir:

 

Vətən sənə oğul dedi, ay Dədə,

Mamır olub qayasında bit, görüm?!

Ələsgəri tək qoymusan Göyçədə,

Baş çəkməyə Göyçəmizə get görüm?!

 

Qələndərin əksər şeirlərində olduğu kimi bu şeirin məna, mahiyyət, poetik yükü, tutumu olduqca dəyərli, çoxmənalı və dərindir, mühüm mətləblərdən xəbər verir... Poetik üslub və dilin cilası, söz duyumu, sözün alt qatının mənalarına vara bilmək bacarığı diqqətdədir. Bunlar Qələndərin şeirlərinə lakonizm, ekspressivlik aşılayır... Lirizm, sətiraltı məna, dünyadakı haqsızlıq və bərabərsizliklər, torpaqlarımızın bir hissəsinin gavur düşmən tapdağı altında olması və s. bu kimi problemlər onun vətəndaşlıq mövqeyindən çıxışlarının mahiyyətini təşkil edir, onu əsasən tənqidi mövzularda da, özü də cəsarətlə çıxış etməyə sövq edir... Və bu motiv kompromissiz olduğundan oxucuları tərəfindən rəğbətlə qarşılanır.

 

Bir yarasan ürəyimdə,

Sinə dağım, Qarabağım!

Sən olmusan yad əlində,

Viran bağım, Qarabağım!

 

Qələndərin "Şüşa da bir qaladır", "Apar məni Qarabağa", "İrəli, əsgər", "Pərvizim", "Vətənimiz Çənlibeldir" və s. şeirlərinə bəstəkar Aydın Mehrəliyevin və Şəfəqin bəstəsindəki mahnılar məşhur müğənnilər Xalq atisti Nəzakət Teymurova, Tuqay İsmayılıov, Rəvanə tərəfindən ifa edilir; onun bir-çox şeirləri dillər əzbəridir, şahidi olmuşam ki, el şənlik və mərasimlərində fanatları tərəfindən fərəhlə söylənilir, coşqu ilə qarşılanır... Bu onun şeirlərinin müasirliyindən, həyat həqiqətlərindən nəşət etməsindən irəli gəlir. Məlumdur ki, şairin hər bir şeiri müasir, ruh və hisscə yeni, təzə olmalı, həyat həqiqətlərinə arxalanmalıdır. Bir sözlə, şair köhnəliklə yenilik arasında bir körpü, vəhdət təşkil etməlidir. Onun poeziyasında keçmişdən baxanda, gələcək necə görünürsə, gələcəkdən boylanıb arxaya baxanda da keçmiş o cürə görünməlidir... Səməd Vurğun, Məmməd Araz, Fikrət Qoca, Rəsul Rza bulağından su içmiş, müasirləri Sabir Rüstəmxanlı, Ramiz Rövşən, Rəşad Məcid enerjisindən güc alan Qələndərin yaradıcılığını mən bu motivdə görürəm... İnanıram ki, onun şeirləri zamanın sınağından, ələnən xəlbirindən keçəcək, dəyərli poeziyamızın zərrin zərrəsinə çevriləcəkdir...

Qələndər Xaçınçaylı hazırda yüksək bir enerji və ilhamla yazıb-yaradır... Onun 60 yaşını qutlayır, ona yeni-yeni yaradıcılıq uğurları arzulayıram...

 

Ədalət 2018.- 9 may.- S.7.