Zəlimxan  Yaqub Almatıda anılıb

 

Qazaxıstanın ən böyük şəhəri olan Almatıda Dünya Axıska Türkləri Birliyinin təşkilatçılığı ilə Xalq Şairi Zəlimxan Yaqubun xatirəsinə həsr olunmuş gecə keçirilib.

 

AZƏRTAC xəbər verir ki, tədbirdə birliyin sədri Ziyaetdin Kassanov böyük söz ustadının təkcə Azərbaycanda deyil, türk dünyasının hər yerində sevildiyini, milyonlarla oxucu sevgisini qazandığını bildirib. Qeyd edib ki, təşkilat tərəfindən yaxın zamanlarda Türkiyə və digər türkdilli dövlətlərdə şairin xatirəsinə həsr olunmuş silsilə tədbirlər keçiriləcək.

 

Tədbirdə Azərbaycanın Almatıdakı konsulu Ramil Rzayev, Qazaxıstan Azərbaycanlıları Assosiasiyası İctimai Birliyinin sədri Əbülfəz Müslümoğlu, Türkiyənin Almatıdakı konsulu Rza Kagan Yılmaz və tanınmış alimlər çıxış edərək şairlə bağlı fikirlərini bölüşüblər.

 

Milli Məclisin deputatı Adil Əliyev, Azərbaycan Aşıqlar Birliyinin katibi, Əməkdar Mədəniyyət İşçisi Musa Nəbioğlu, “Kəpənəkçi” Xeyriyyə Cəmiyyətinin sədri Azər GöyüşovXalq Şairinin oğlu Bəhlul Yaqublu çıxışlarında böyük söz ustadının xatirəsinin qardaş Qazaxıstanda əziz tutduqlarına görə minnətdarlıqlarını ifadə ediblər.

 

Sonra şairin sağlığında çəkilmiş filmlərdən parçalar nümayiş olunub, şeirlər oxunubonun sözlərinə bəstələnmiş musiqilər səsləndirilib.

 

Tədbirdə, həmçinin şairin Almatıda bu günlərdə nəfis tərtibatla nəşr olunmuş “Borçalının bir tərəfi Axıska” adlı kitabı da təqdim olunub. Rövşən Məmmədoğlunun redaktorluğu ilə işıq üzü görən kitabda şairin yaradıcılığından seçmələr oxuculara Azərbaycan və rus dillərində təqdim olunur.

 

Ədalət 2018.- 8 may.- S.7.