Geriyə yol varmı...
Nemət
Veysəlli
(əvvəli
ötən saylarımızda)
Uşaqlar, yeniyetmələr kəlinmi,
öküzünmü boyunduruğundan
samıqarışıq bərk-bərk
yapışmışdılar ki, yıxılmasınlar. Günəş
rənginə çalan buğda sünbüllərdən
aralanandan, havaya sovrulandan sonra xırmanın bir
qırağına yığılırdı,
tayalanırdı. Kənar gözdən, əyri
əldən uzaq olsun deyə keşikçilər, hazır məhsullara
cavabdeh şəxslər qalanmış, tayaya vurulmuş
taxılın üstündə yalnız onların özlərinə
məlum qəribə-qəribə nişanələr
qoyurdular. Axşamlar, xırmandan gedəndə
nişanələr qoyurdular, səhərlər işə gələndə
onları diqqətlə yoxlayırdılar. Taxıla əl dəyibmi, oğurlanmayıbmı?
Xeyli vaxtdı kolxoz sədrini dərd
götürmüşdü. "Axı, bu buğdanı kim oğurlayır? Keşikçilər,
anbardarlar hara baxırlar? Yuxarılardan gəlib
taxılın çəkisini yoxlayacaqlar, mən onlara nə
cavab verəcəm? Axı, bildiyimə
görə bu kənddə belə nadürüstlər
olmamalıdı? Mənim anam da, atam da veysəlli
qızıdı, oğludu. Axı, bizim tərəflərdə
belə cibkəsən, cələ kəsən
olmamalıdı? Bunun axırına
mütləq çıxacam".
Sərasər
xırmandan buğda oğurluğuna görə halallıq
baxımından Qədir kişi, kolxoz sədri
hamıdan əlini üzmüşdü, daha heç kimə
inanmırdı. Və qarnındakıları,
düşündüklərini də heç kəsə
açıb söyləmirdi. Söyləyərdi,
bu işi görən adamlar ayıq düşərlər, izi
itirərlər.
Kolxoz sədrinin dəqiq qənaətinə görə
onun axşamlar işarə, nişanə qoyub getdiyi buğda
tayasının üstündən oğurlayırlar.
İki kisəmi, üç kisəmi, tonmu, bunu müəyyənləşdirmək
mümkün deyildi. Bu məsələnin axırına
çıxmaq üçün gərək kolxoz sədri
komissiya təşkil edəydi. Komissiya gərək
hesablayaydı ki, çöldən, taxıl biçimindən
sonra xırmana nə qədər taxıl gətirilib,
döyülüb, təmizlənib. Kolxoz sədrinə
təqribən bu rəqəmlər məlumdu. Amma
xırmandakı bu qədər buğda tayasını təzədən
qapana vur, hesabla - bu nə qədər vaxt aparacaqdı, bu
işə nə qədər adam cəlb
edilməlidi.
Müharibənin
belə qızğın vaxtında bunları
çatdırmaqmı olar?.. Bu kimdi, məni nə hesab eləyir? Kolxoz sədri, ağsaqqal olmağım bir tərəfə,
camaat mənə "Dəli Qədir" ləqəbi də
veriblər. Bu kimdi belə mənə
sataşır. Yox, bu işin axırına
çıxacam. Gündüzlərin
yorğunluğu bir tərəfə, məcbur qalıb
heç gecələr də yatmır. Şər
qarışandan sonra xırmanın, buğda tayasının ətrafında
pusqu qurur. Bir gecə, iki gecə... Nəhayət,
bunun bir sonu olacaq, ya yox? "Hə, deyəsən
kələfin ucu açılacaq". Kolxoz
sədrinin gözünə qaraltı dəydi. Qaraltı hər addımbaşı ətrafa
boylanır, həndəvərdə heç kimin
olmadığına əmin olandan sonra yerişini yeyinlətdi.
Hə, deyəsən gözlərinə
döndüyüm keşikçilər də
yatmışdı. Əlbəttə, yatarlar, gecənin
bu vədəsində kim oyaq qalar ki..."
Evlərin
arasından çıxan adam qaraltısı
buğda tayalarına yanaşdı. "Maqamdı,
o, neyləyir? Hə, buğda
tayasının üstündəki qoyduğum işarələrə
baxır, əli ilə nə isə cızır, tülkü
oğlu, tülkü. Yəqin işarələrimin
nizamını pozur".
Kolxoz sədri bayaq pusqu qurduğu yerdən aralanır,
buğda tayalarına tərəf sürünür. Ələkeçməz
taxıl oğrusu isə, iri kisəsini buğda
tayasının böyrünə dirəmişdi. "Allahsız, bir bunun kisəsinin
böyüklüyünə bax". Oğru,
nəhayət, kisəsini ağzına qədər doldurdu.
Sonra da ağzını bərk-bərk
bağladı. Nə isə, tayanın
üstündəki işarələrə əl gəzdirdi.
"Yəqin buğda tayasının
üstünə, şübhələnməsinlər deyə,
mənim işarələrimə oxşar nə isə
cızır. Ay özün öləsən, mənə
də Qədir deyərlər".
gXaralı xatırladan buğda kisəsi ağır və iri idi. Buna görə də oğru çətinliklə,
addım-addım yeriyirdi. Onun ağır-ağır
nəfəs aldığını kolxoz sədri də
eşidirdi. On-on beş addım
atandan sonra, necə deyərlər, xalq malını talan eləyən
dələduz dərin xəndəyə düşdü. Ağzına qədər dolu buğda kisəsini
belindən düşürüb, əldən
düşmüş bədənini xəndəyin divarına
söykədi. Bir az nəfəs
aldı. "Burada çox dayanmaq olmaz", -
deyə düşündü.
- Ya
Əli, sən özün mənə kömək ol, - deyib
ağır buğda kisəsini kürəyinə qaldırmaq
istəyəndə arxadan "Əli deyil, oğraş, Qədirdi"
- sözlərini eşitdi.
Oğru quruyub qalmışdı. Kolxoz sədrinin
içi buğda ilə dolu kisənin arxasından
qaldırdığını, ona kömək etdiyini görəndə
çaş-baş qaldı, dili topuq çaldı.
- Qədir
dayı, sən allah məni döymə,
hökumətə vermə. Qələt eləmişəm,
başımı daşa döymüşəm.
Aşağılı,
yuxarılı - bütün kənd camaatı yaxşı
bilirdi ki, Qədir kişi heç adam
döyən də deyildi. Ürəyiyumşaq,
həlim insandı. Amma amansız, zalım
vaxtlar idi.
-
Çıx, rədd ol get, bir də
oğurluq etmə. Ehtiyacın olanda Qədir
dayına de.
Elə o gecədən də Qədir dayı ilə
"ələkeçməz" oğrunun münaqişəsi
sona çatdı.
***
Qarabağda
günü bu gün də "Şərq" adına kolxozun sədri Qədir İbrahimovun,
onun ailəsinin qonaqpərvərliyindən rəvayətlər
və nağıllar söyləyirlər. Çinindən,
ad-sanından, vəzifəsindən asılı olmayaraq, kimin
ki, yolu Aşağı Veysəlliyə düşərmiş,
o, gərək mütləq Qədir kişinin qonağı
olaydı. Ona görə yox ki, Qədir
dayı hamıdan varlıdı, qapı-bacasında
çoxlu-çoxlu toyuq-cücə, qoyun-quzu vardı. Bütün bunlarla yanaşı, adamları bu həyətə
çəkib gətirən başqa səbəblərdi.
Ona görə yox ki, Qədir dayının
ömür-gün yoldaşı Pakizə xala dünyanın
heç bir qadını ilə müqayisə edilməyən
çox dadlı toyuq çığırtması,
qayğanaq, xəngəl bişirirdi. Deyirlər
ki, Pakizə xalanın bişirdiyi əriştənin,
xaşılın, iki-üç aylıq əmlikdən
hazırlanmış kababın, yarpaq dolmasının
dadı-tamı adamların yadından
çıxmırmış. İlahi,
deyirlər ki, Pakizə xalanın təndirdə
yapdığı çörəyin ətri, Haramının
boz yovşanının ətrinə
qarışırmış. Şıbartıda, düzlərdə
qoyun otaran çobanlar deyirmişlər: "hə, Pakizənin
bişirdiyi təndir çörəyinin iyidir".
Yuxası, fətiri, göy kətəsi də onlar kimi. Çaldığı
camış südünün qatığını
bıçaq kəsməzmiş. Onun
hazırladığı camış qaymağından səhər-səhər
çay ilə bircə nəlbəki ye - bütün
günü acmayacaqsan.
Heç bunlar da əsas deyilmiş. Adamları,
qonaqları bu həyətə çəkib gətirən təkcə
bu amillər olmayıb. Pakizə xalada
Qarabağ, Azərbaycan qadınlarına xas
xanım-xatınlıq varmış. Qədir
dayının adını tutub bu qapıya gələnlər
Pakizə xala üçün dünyanın ən əziz
adamıymış. O, qonaqları nəinki dadlı və
zəngin süfrəyə dəvət edərmiş, yedizdirərmiş,
üstəlik də səmimiyyəti, ürəyinin bir
parçasını da onlara verərmiş. Hər
dəfə gülər üz, mehribançılıq görən
insanlar təkrar-təkrar Qədir dayının qonağı
olmağa çalışırmışlar. O, həm də
namus-qeyrət, əhd-vəfa rəmziymiş. Qadın
kimi hərəkətlərində, oturuş-duruşunda
çalışıb ki, Veysəlli camaatının
ağsaqqalı, Qarabağda seçilib-sayılan bir azərbaycanlı
kişisinin başını uca tutsun, o, məclislərdə
dik gəzsin.
Gəlin etiraf eləyək, həm də çox
ağır illərdi. Adamlar bəzən bir loxma çörəyə,
bir qab xörəyə möhtacdılar. Bunlar
da şərtdi, bunlar da faktdı.
Uşaqlıq və yeniyetməlik illərimin xatirə və
düşüncələri məni çəkib uzaqlara
apardı.
Veysəlli bağları haqda başladığım söhbətin
nizamı az qala pozuldu.
Məşədi Eyvazın bağının bir ucu gedib
Astan kişinin cəh-cəlalına qovuşurdu. Hər iki
bağların üstü, döşlə gələn,
artıq suyu çoxdan qurumuş arxa dirənirdi. İlk baxışda bu yerlər
biyabanlığı, meşəni xatırladırdı.
Əzgil və göyəm, cır nar
kollarına qarışmışdı. Görünür,
uzun illərdən bəri üzüm tənəkləri
budanmadığına görə, üzüm tənəkləri,
onların qarazənciri xatırladan gövdələri bu
ağacdan o biri ağaca, bu koldan, o biri kola körpü
salmışdı. Üzüm
salxımları da ilkinliyindən, əsas növündən
uzaq düşmüşdü, cırlaşmışdı,
gilələri kiçilmişdi. Əzgil,
heyva, alça da həmin "həyat zolağına"
düşmüşdülər.
Maraqlı burasında idi ki, o biri bağlarda əlinə
heç nə keçməsə də, hər şeyin
quruduğu, sovulduğu anda, bağların bu hissəsində əlinə
nə isə düşürdü, ümidin
qırılmırdı. Qalın sahələri gəzib-dolaşırdın,
ətrafa diqqətlə baxsaydın, kiçik üzüm
salxımlarına, yumşalmış, pambığa dönmüş
əzgilə, saralmış heyvaya, cır almalara, narlara rast gələrdin.
Tapdıqlarını tələm-tələsik
ağzına atırdın, aclığın ifritə sifətindən
xilas olmağa çalışırdın.
...Astan
kişinin bağlarından üzü yuxarı - Tapdıq Pənahovun
yurduna qədər üzümlükdü, Qarabağ
camaatı belə sahələrə kələsərlik də
deyirlər. Nədən
danışdığım indiki nəsillərə
aydınlıq gətirsin deyə, üzüm tənəkləri
məlum, ənənəvi qayda ilə dübbədüz əkilməmişdi,
nə də onların qol-budağı beton dirəklərə
bağlanmamışdı, məftillə bərkidilməmişdi.
Üzüm tənəkləri bir-birindən
müəyyən məsafədəydi, gövdələri
yoğun ağac dirəklərə bərkidilmişdi.
Mən nə uşaqlıq, nə də yeniyetməlik
illərimdə bu üzüm bağlarının dərmanlandığını
görməmişdim. Düzdür, dədə-baba qaydası ilə,
bellə diblərini yaxşı-yaxşı
boşaldırdılar, yazın əvvəlində isə
budanırdı. Ağ, qara salxımları, az qala bir salxımı bir kiloqramdı. Camaat bu üzüm növlərinə "keçiəmcəyi"
də, "təbrizi" də deyirdilər.
Kəsilmiş
üzüm budağından kolxozçulara pay
düşürdü, o adamlar əməlli-başlı
sevinirdilər. Qış vaxtı üzüm
çubuqları həm sobada, həm də təndirdə
yaxşı yanırdı. Soba da, təndir
də gec soyuyurdu.
Belə üzüm bağları kvadratlara
bölünmüşdü. Bir də
görürdün bu kvadratların arasına sıx meşə
talası, zolağı düşüb.
Üzümlüklərin ara-bərəsinə tut, alma, armud ağacları da əkilirdi. "Vəzifəsiz", heç nəyə xidmət
etməyən göyrüş, palıd və qarağaca da
rast gəlirdin. Üzüm yığanlar
nahar zamanı bu ağacların ətrafında süfrə
açırdılar. Meyvə ağaclarının,
adi bitkilərin, üzüm və meşə
talalarının belə tez-tez təkrarlanması ətrafa
gözəllik gətirirdi. Bağ
keşikçiləri gah yuxarı başda, gah da üzüm
bağlarının çaya düşdüyü yerlərdə
"ikimərtəbəli" talvarlar düzəldirdilər.
Veysəlli bağları camaatın, qismən də
olsa, qida məhsulları ilə də təmin etməkdən
başqa, həm də onların məişət məsələlərinin
həllinə də kömək edirdi. Ətrafı
yaxşı-yaxşı gəzsəydin, axtarsaydın mütləq
qurumuş ağac, nar, yemişan kötüyünə rast gələcəkdin.
Qurumuş iri gövdəli tut
ağaclarının kötüyünü, dibini dusərlə,
bellə saatlarla qazırdıq. Tut ağacının
kötüyü çoxşaxəli və yerin dərin
qatlarına gedir. Bu çox əzablı,
ağır işdi. Dusəri havaya o qədər
qaldırıb endirirdik qan-tər bizi basırdı,
üst-başımız, dizimiz qatı palçığa
batırdı. Neçə saatdan bəri
qazılan, nəhayət torpaqdan, palçıqdan
aralanmış tut ağacının kötüyünün
yan-yörəsinə baxırdın, elə bil bu yerlərdə
buldozer, yol düzəldən ağır texnika işləmişdi
- torpaq şırım-şırım
açılmışdı.
Amma evimizdəki sönmüş, buza dönmüş dəmir
sobanı qalamaq, qızdırmaq həvəsi bizi yenidən hərəkətə
gətirirdi - təsəvvürümüzdə evimizin
qızmış divarlarının insanı məst edən
istisini hiss edirdik.
Min bir əzab-əziyyətlə
topladığımız odun parçaları hesabına
analarımız sac qururdular, sacın içində qorğa
qovururdular və sacı tərsinə çevirib bizə
yağlı fəsəli yayırdılar. Divarları
qızarmış sobanın üstündə isə
dadlı-dadlı xörəklər bişirirdilər.
Bağlar
Tahirovlar, Rzalar obası sakinlərinin, uşaqlarının,
demək olar ki, ikinci evi, həyatlarının bir
parçası idi. Bağlardan mal-qaramız, qoyun-quzumuz
üçün ot biçirdik. Payızda, yarpaqlar xəzələ dönəndə
onları iri-iri xarallara doldurub mallarımızın
axurlarına tökürdük.
Gövdəli, sıx qol-budaqlı ağacların rahat
yerlərində özümüzə yatacaq, istirahət yeri,
"çarpayı" düzəldirdik. Ağacların iri və
möhkəm qol-budaqlarının arasına quru ot, saman çıxarırdıq. Ağacların bizim üçün rahat yerində
beş-on dəqiqə dincəlmək, göz işlədikcə
uzanıb gedən ətrafı seyr etməyin ayrı ləzzəti
vardı. Bəzən ağacın gövdəsində
düzəltdiyimiz komalara çörək, yavanlıq da
qaldırırdıq. Bu həm də
valideynlərimizin, keşikçilərin gözlərindən
uzaq yerdi.
Qara kəhrizin dupduru suyu bağları bir neçə
yerdən yarıb keçirdi. Küləklər əsəndə
bağlarda qəribə xışıltı eşidilirdi.
Bəzən bu səssizliyi keşikçilərin
hayı, harayı pozurdu.
...Qapımızda
həmişə camış görmüşəm. Söylədiklərim bayağı səslənməsin;
hətta "Təpəl"i əhilləşdirmişdim də.
O, mənim bir işarəmə bənd idi. Əllərimi
aşağıya salan kimi buynuzlarıqarışıq gombul
və iri başını ayaqlarım altına atırdı.
O biri əlimlə ehmallıca kürəyinə toxunurdum; bu o
demək idi ki, "Təpəl" məni yuxarıya, belinə
qaldır. "Təpəl"in yumşaq və
enli beli yaman rahatdı. Hətta, bəzən
mal nobatına gedəndə, qayıdanbaş
camışların "cıdır"ını da təşkil
edirdik.
...Bağların
gözəl çağlarıydı, yaz vaxtı. Payız gələndə "Təpəl"
bağlara necə girməyin yol-yolağını məndən
də yaxşı bilirdi.
Şər qarışanda onu həmin yerə
aparırdım. O, qaratikan çəpərlərinin nisbətən zəif,
xəlvəti yerlərinə iri buynuzları ilə bir balaca həmlə
edir, içəri keçirdi. Mənim vəzifəm
isə "Təpəl"in etdiyi cinayətlərin
üstünü ört-basdır etməkdi. Keşikçilər şübhələnməsin
deyə, dağılmış kol-kosu təzədən yerinə
qoyurdum. Camışın ayaq izlərinin
yerini itirirdim.
Neçə
illərdi təcrübə toplamışdım: bilirdim ki,
"Təpəl" çən boyda qarnını
dolandırmaq üçün ən azı ona dörd-beş
saat vaxt lazımdı. Bəzən "Təpəl"
ona qarşı qayğımı, humanizmimi layiqincə qiymətləndirirdi.
Mənim onu qarşılamağımı
gözləmədən, "cinayət etdiyi" yerdəncə
keçib gəlirdi həyətə. Onu
qarnı tox, qapımızın ağzında, özündən
razı halda görəndə özümü dünyanın
xoşbəxt adamı hesab edirdim.
Bəzən də hadisələr mənim
düşündüyüm kimi cərəyan etmirdi. "Təpəl"
həyətə vaxtında gəlib çıxmırdı.
Belə olan halda təlaşım
artırdı. "İndi mən nə edəcəm,
hava işıqlaşır, vallah bağbanlar camışı
görsələr, aləm bir-birinə qarışacaq,
söhbət gedib kolxoz sədrinə çatacaq. Sədrin də uzunboğaz çəkməsi
vardı, şallağını da həmişə çəkməsinin
boğazına salardı. Anamı idarəyə
çağıracaqlar, kənddə biabır olduq".
"Havanın
işıqlaşmasına nə qalıb ki...".
Dərhal cumurdum bağa. Təqribən
yüz-yüz əlli hektarlıq sahədə "Təpəl"in
harada otladığı, harada yatıb göyşədiyi yerləri
əzbərdən bilirdim. Səhər-səhər
şeh ayaqlarımı isladırdı. Ayaqlarım
kütləvi şəkildə yerə tökülmüş
yarpaqlara toxunduqca ətrafda qəribə xışıltı
yayılırdı. "Bu boynu
qırılmış, görəsən hardadı? Qulu bağındamı, yastı təpədəmi,
toxmacaqlıqdamı?" Bu cür
ağlı-qaralı düşüncələrlə ərazini
dolaşdığım zaman qəflətən onu Vəli
kişinin bağının qurtaracağında, cavan
toxmacıqlıqda tapardım. Nəhəng
bədənini saralmış xəzəl topasının
içinə sərib xoşbəxt-xoşbəxt gövşəyirdi.
Təşvişimi, narahatlığımı dərhal
hiss edirdi. Bağların ən şəfalı,
dadlı-duzlu otlarından, ağaclardan yerə tökülən
xəzəllərdən doyunca yeyib qarnını
şişirdən "Təpəl" dərhal ağır
bədənini qaldırırdı. Onu heyləməyə,
ağacla vurmağa da ehtiyac qalmırdı. Axşam, beş-altı saat bundan qabaq çəpərin
hansı yerindən bağa soxulmuşdusa, elə həmin yerdən
də qaçırdı qapıya, həyətimizə
çatanda "Allaha şükür" deyib, hər ikimiz
sakitləşirdik.
(ardı olacaq)
Ədalət.-2018.-11 may.-S.6.