Geriyə yol varmı...
Nemət Veysəlli
(əvvəli
ötən saylarımızda)
"Təpəl" ailəmizin bir üzvü idi, o, həm
də bizim çörək ağacımızdı. Bıçaq
kəsməz qatığını, südünü
aparıb Martunidə, Cartazda satırdım. Satdığım ağartıların hesabına əldə
etdiyim pul ilə ilk növbədə çörək
alırdım, bazarlıq edirdim.
Balaca qardaşlarım - Nizami, Səməd axşamdan
bilirdilər ki, mən səhər-səhər Martuniyə gedəcəm,
apardıqlarımı - yumurtanı, toyuq-cücəni,
qatıq və südü satıb bir torba çörək
alacam. Gün üfüqdən qalxan kimi hər ikisi
ayağa qalxırdı, evimizin ikinci mərtəbəsinə
qalxan pilləkənlərin sonuncu pilləsində
qoşalaşıb intizarla mənim bazardan nə vaxt gələcəyimi
gözləyirdilər. Məni həyətimizin
ayağında, el yolundan qalxan görəndə yerlərindən
qoparılırdılar, ayaqları bir-birinə
dolaşa-dolaşa üstümə qaçırdılar.
Yol boyu Martunidən alıb gətirdiyim "bomba"
çörəyini parça-parça edib
ağızlarına təpirdilər.
"Təpəl" ailəmizə, bizə başqa bir
əlamətlərinə görə də əzizdi. Anam atamla ailə
quran zaman (1932) "Təpəl"in ulu, lap ulu nənəsini
ona cehiz vermişdilər. İllər
keçmişdi, ulu "Təpəl"dən
doğulub-törəyənlərin sayı da
artmışdı. İndi mənim
nazını çəkdiyim, gecə-gündüz
qayğısına qaldığım "Təpəl" həmin
nəslin sağ qalmış yeganə yadigarıydı.
O çətin,
hər şeyin qıt zamanlarında Veysəlli bağları
hərəyə bir cür xidmət edirdi. Ot,
alafından mal-qara qidalanırdı. Bağlardan
toplanan ağac qurusu, kötüklər sobalarımızı
qızdırırdı. Həsən, Vəli
və Alı Rzayev qardaşlarının, Astan kişinin, Məşədi
Eyvazın bağlarındakı çoxsaylı tut
ağacları yay vaxtı çırpılardı,
analarımız həmin ağaclardan dərilmiş tutdan bəhməz
düzəldərdilər. Meyvə
ağacları seyrək yerlərdə iri, böyük ərazini
zəbt edən böyürtkən kolları vardı. İri salxımları ilə yanaşı, dənələri
qoz boydaydı. Böyürtkən mürəbbəsi bir
yana, üstəlik də kasaya
atdıqlarımızın üstünə duz
tökürdük, ağzımızı
marçıldada-marçıldada şirin-şirin yeyirdik. Üst-başımız cırmaq, dizlərinə
tikan batdığını özünə
sığışdırmayanlar isə bizə həsrət-həsrət
baxırdılar.
Payızın
axırlarında, Qarabağa sərt qış gələndə,
bağların məhsulu sovuldumu, bir də görürdün,
haradansa, lap uzaqlardan ucu-bucağı kəsilməyən qara
qarğa sürüsü uçub gəldi Veysəlliyə. Onlar ağacların çılpaq budaqlarının
üstündə qatarlanırdı. Beş,
on dənə deyildi ha, yüzlərlə, minlərcə idi.
Görünür, kənddə qara qarğa ətinin
həvəskarları da çoxdu. Vallah,
gecənin bir aləmində, bağlara bir vəlvələ,
vurhavur düşürdü ki, gəl görəsən.
Qarğalar yetişmiş, saplağı dibindən
boşalmış iri armudlar kimi tappatapla yerə
düşürdü.
Hər adamı bağlara keşikçi qoymurdular. Belə adamlar
kolxoz idarə heyətinin xüsusi süzgəcindən
keçirilirdi. Keşikçi təyin
edilən şəxslər xüsusi statusa, əxlaq kodeksinə
malik olmalıydılar. Ağsaqqal,
gözü-könlü tox, namuslu, qeyrətli...
Bağların keşikçiləri az
qala kolxoz sədrinin, maşın-mexanizmi üzrə baş
mexanik, ferma müdirinin, kənd sovet sədrinin, məktəb
direktorunun statusuna bərabər tutulurdu.
Kənd camaatı, uşaqlar daha buna öyrəşmişdilər. Hər il,
eyni adamlar, növbə ilə bu "vəzifəyə" təyin
edilirdilər. Qara Həsənov, Balaş
Mustafayev, Mirzə və Gəray Sadıqov qardaşları.
Bağlara keşikçi olmaq lotoreyası bəzən
təsadüfi adamlara da düşürdü. Belə təyinatlar nadir hallarda baş verirdi. Yadıma düşən və düşməyən
adamlar arasında mülayimi, insanları yola verən,
zalımı və qəddarı da çoxdu. Elələri
vardı, adi uşaq təbəssümünə görə
bütöv, üstü barla dolu ağacı göstərirdi
və deyirdi: "ürəyin nə qədər istəyir
yığ, qoyun-qoltuğunu da doldur, qurbandı sənə".
Eləsi də vardı ki, bir salxım üzüm, beş-on
almaya, nara görə sənin yumşaq
yerlərini, kürəyini yaş çubuqla
çubuqlayırdı, sonra da bunların yeri günlərlə
göynəyirdi. Hələ üstəlik
"Uşaqları kolxoz malını taladığına
görə" analarını kolxoz idarə heyətinin
iclasına çağırırdılar.
Qayıdıram bayaqkı söhbətimin üstünə. Çünki
Veysəlli bağlarına çox adamlar, ailələr
göz dikmişdi. Bağlar sanki
böyük bir ərzaq, əxlaq və mənəviyyat mərkəziydi.
Buradan hamıya pay düşürdü.
...Bağlarda
bol məhsul olanda, necə deyərlər, keşikçilərin
qılınclarının dalı da,
qabağı da kəsirdi. Kənd əhalisinin
böyük əksəriyyəti onlarla yaxınlıq,
ünsiyyət qurmağa çalışırdılar.
Özlərinin çox lazımlı vəzifə sahibi
olduqlarını hiss edən qoruqçular əyin-başlarına
xüsusi fikir verirdilər. Gözəgəlimli papaq, sudan, yağışdan qorunmaq
üçün plaş, keyfiyyətli dəri materialından
hazırlanmış çəkmə, çiyinlərində
də Qaçaq Nəbi kimi, aynalı tüfəng.
Bağlarda
məhsul bol olanda - üzüm, əncir, alma,
armud, heyva, nar - onların qorxusundan bu həndəvərə
heç qanadlı quş da səkə bilməzdi. Məhsul yetişəndə, aşıb-daşanda
bağ təsərrüfatı xüsusi qaydaya keçirdi.
Bağlar səltənətinə girmək istəyən
hər kəs gərək mütləq sədrindən
buraxılış kağızı alaydı. Əlahəzrət kolxoz sədrinin imzası ilə əgər
əlində kağız parçası vardısa, sahələrə
girə bilərdin. Qaryagin rayon rəhbərlərinə,
kolxoz sədrinin ailəsinə mer-meyvə tədarük ediləcəkdisə,
bu əməliyyatlar mütləq gecələr həyata
keçirilirdi. Yadıma gəlmir ki,
günün günorta çağı rayon rəhbərlərinə,
ya da kolxoz sədrinin evinə pay-püşt, ya da sovqat
göndərilsin. Bu haqda arada-bərədə,
camaat arasında söz-söhbət dolaşardı. Həqiqətdə isə mən belə halların
şahidi olmamışam.
Etiraf edirəm, ayda-ildə yolu bir dəfə Veysəlli
bağlarına düşənləri növbənöv
üzümlə, sineyvaz yemişlə, ala qarpızla qonaq
edirdilər. Amma, hər addım əndazə çərçivəsindəydi.
Harınlıq, xalq malına nümayişyana xəyanət,
talançılıq yoxdu. Belə eləsəydilər
ha, vallah, çəkib adamın dərisini boğazından
çıxarardılar.
Heç kəs düşünməsin ki, mən veysəlliləri
Azərbaycanın başqa bölgələrindən, kəndlərində
yaşayan insanlardan fərqləndirmək istəyirəm. Həqiqətən, mən
bu fikirlərdən çox-çox uzağam... Ağlım kəsəndən bizim kənddə
al-verə, alıb-satmağa meyilli adamlara rast gəlməmişəm.
Martuninin dağ kəndlərinin erməniləri
tez-tez kəndimizə gəlirdilər. Dərzi
maşınları da qalın palanlı eşşəklərinin
belində, tanış azərbaycanlı
kirvələrinin evində aylarla lövbər
salırdılar. Camaata xəbər göndərirdilər ki,
bəs kəndə usta, dərzi gəlib.
Ayrı səhnələri də görmüşəm. Masası, çəkici,
ulağının noxtası da əlində kəndi
başdan-başa gəzib dolaşırdı:
- Ev
tikirəm, dülgər işləri görürəm, bənnalığı
da bacarıram. Köhnə evlərin pilləkənlərini,
damlarını da təzələyirəm. Ay, hay...
ustalıq edirəm...
Ağdamdan bizim tərəflərə yaxın
şenliklərindən - İsmayılbəylidən, Muradbəylidən,
Abdal Gülablıdan da mer-meyvə, nubar tərəvəz məhsulları
- alma-armud, yemiş, qarpız gətirirdilər. At arabası,
minik maşını ilə gələnlər də
çoxdu.
Sizə onu da deyim ki, uzaqlardan gələnlərlə
alver etməyə hər ailənin imkanı yoxdu. Ustaya, dərziyə, dəmirçiyə
də az adam müraciət edirdi. Kənd camaatının həyət-bacası kifayət
qədər genişdi, bərəkətli torpaqları
vardı. Amma su sarıdan
qıtlıqdı. Camaatda elə imkan yox
idi ki, o çaya mühərrik qoysun, həyətinə su
çəkdirsin. Veysəlliyə elektrik xətti
çəkiləndən sonra (1961) artesian quyuları
qazıldı, hətta dağların zirvəsindəki evlərə
də su xətti çəkildi. Kənddə
içməli su məsələsi birdəfəlik həll
edildi.
Kənd arasında, camaat içində alver edən adamlara
qarşı açıq-aşkar nifrət olmasa da, heç
sevgi, məhəbbət də yoxdu. Alver, alqı-satqı
kimi vərdişlər bu kənddə bəlkə də ona
görə yox idi ki, Veysəlli rayon mərkəzindən
çox aralıydı. Yetmişinci illərin
axırları, səksəninci illərin əvvəlləri,
o vaxt ki, artıq camaat həyət-bacalarında mer-meyvə,
kartof, soğan becərirdi, heç o illərdə də
qapılarında becərilənləri bazara, dükana
çıxaran adamlar yox dərəcəsindəydi. Səngandar qayasında xəbər
dolaşırdı ki, hə, kimsə Yal obadan Füzuliyə
satmağa pomidor, xiyar aparıb. Bu xəbərin
düzgünlüyünü heç kəs təsdiq edə
bilmirdi. Yox, yox, mən deyə bilmərəm
ki, belə-belə işlərlə məşğul olmaq qəbahətdi,
qınaq obyektidi. Sadəcə, mən kəndimizdə
alver edən, alış-verişlə məşğul olan
adamlara rast gəlməmişəm. Sapsarı
saralmış armudlar, qıpqırmızı almalar
ağacın budaqlarından yerə düşüb
çürüyürdü, amma o təravətli məhsulu
vaxtında yığıb bazara aparmırdılar. Bu
yaxşımı, pismi haldı, - aydın heç nə deyə
bilmərəm. Bəlkə burada ideoloji təbliğat
da öz işini görmüşdü, bunları da deyə
bilmərəm. Dönə-dönə onu
demək istəyirəm ki, kənd içində tək-tük
alıb-satmağa meyilli adamlar vardı.
"Alverçi" sözünü üstünə
götürənlərə də münasibət birmənalı
deyildi. Ölçülər başqaydı. Kəndimizdə çoxlu-çoxlu mənasız və
lazımsız adətlər, vərdişlər də
mövcuddu.
...Veysəllinin
köhnə kişilərinin - Həsənin, Alı və Vəli
Rzayev qardaşlarının, Məşədi Eyvazın,
Astanın, Qulunun becərdikləri o zəngin bağlar səltənətində
əsrlərin, xalqımızın yaşıllığa,
torpağa, əkinə münasibətləri audın ifadə
olunmuşdu. Elə bil Veysəlli bağlarının
ağacları, calaq növlərinin hər birini
ayrı-ayrı ölkələrdən, diyardan gətirmişdilər:
Təbrizdənmi, Tehrandanmı, Balkan ölkələrindənmi,
Ordubaddanmı. Onları bağ üçün
ayrılmış sahənin harasında əkilməsinə,
torpağa basdırılmasına da xüsusi diqqət, həssaslıq
göstərilmişdi. Bağa girirdin,
yaraşıqlı, üstü bol meyvəli ağaclar o saat
gözə dəyirdi. Onların hündür və
yaraşıqlı olması bir yana, həm
də münasib yerdə əkilmişdi. Sanki bu
ağaclara, almayamı, bedanayamı, əncil və nar
topasınamı - bağban əli dəyməmişdi, sanki
yerin yeddi qatından çıxmışdı, təbiət
özü yaratmışdı. Ətraf ilə,
üzüaşağı axıb gedən çayla, təpəliklərlə
həmahəng idi.
Qarabağın ucqar bir guşəsində,
dağların, qayalıqların, təpəlik və dərələrin
qoynunda lövbər salan, cəmi yüz on yeddi evlik kənddə
belə bağbanlar necə yetişmişdi? Onlar Veysəlli
bağlarında mövcud, cürbəcür növlü
ağacların, bitkilərin qəribə ahəngini,
landşaftını, onlara necə xidmət etməyi kimlərdən,
haradan öyrənmişdilər? Ağaclar,
meyvələr sahəyə uyğun yerləşdirilmişdi.
Yemişan kolları, göyəm, əzgil,
qarellə bağın qıraqlarına səpələnmişdi.
Bağ içində, ortalarında bizim başa
düşdüyümüz çəpər, hasar deyilən
şeylər yoxdu. Həsən kişi
ilə Məşədi Eyvazın bağının
arasını qara kəhrizin gur axıb gedən suları, o
birisini isə göyrüş, nar və əzgil
zolağı, yaşıl xətt ayırırdı. Beş-on addımlıq sahədə nə qədər
mer-meyvə növləri becərmək mümkündü?
Su quyuları, arxlar və dəyirmanlar da qəribə,
planlı şəkildə yerləşdirilmişdi. Dahi memarlar
layihələşdirdikləri binaları bütün incəlikləri,
ən xırda hissəcikləri nəzərə
aldıqları kimi, köhnə bağbanlar da
yaratdıqları bağlarda ən xırda məqamları belə
nəzərə almışdılar.
Oxuculara hər şey aydın olsun deyə, ümumiyyətlə,
bu ağacların, bağların sabiq sovet dövlətinə,
kolxoz təsərrüfatlarına heç bir aidiyyatı, qarışacağı
yoxdu. O mənada
yoxdur deyirəm ki, bu bağlar inqilabdan çox-çox qabaq,
xüsusi mülkiyyətin müqəddəs
sayıldığı zamanlarda salınmışdı. Azərbaycanda kolxoz təsərrüfatları
yaradılanda bağlar müsadirə edilmiş, kolxoz təsərrüfatlarının
balansına keçirilmişdi.
Ötən
əsrdə, əllinci illərin axırları,
altmışıncı illərin əvvəllərində,
vaxtı ilə bu bağları yaradan insanların - Həsən,
Vəli və Alı Rzayev qardaşlarının, Məşədi
Eyvaz, Astan və Qulu kimi yaradıcı kişilərin nəinki
özləri sağ idilər, hətta qohum-əqrəbalarının,
törəmələrinin də sayı seyrəlmişdi.
Tutalım ki, onlar lap sağ qalsaydılar belə, o
qarışıq zamanlarda kim idi onların
fikirləriylə hesablaşan. İndi zaman ayrı idi, indi
dünyada başqa adamlar at oynadırdılar...
Veysəlli bağlarına ilk sarsıdıcı zərbəni
kimlər vurdu, ilk zərbə hardan gəldi? Bu suallara cavab
vermək üçün minlərlə amili yada salmaq,
sadalamaq, minlərlə söz-söhbətə, səbəblərə
qol-qanad vermək mümkündü.
Bu bəla, bu isti külək haradan əsdi - Füzulidənmi,
Bakıdanmı, bəs haradan? Bəlkə də
yüz illərin yaşıllıq, bağbanlıq və əkinçilik
mədəniyyətlərini, təcrübə və vərdişlərini
qoynunda saxlayan bağlara dəyən zərbənin köklərini
heç uzaqlarda yox, elə Veysəllinin öz içində,
özlərində axtarmaq gərəkdi.
(ardı gələn
sayımızda)
Ədalət 2018.- 15 may.- S.7.