AZƏRBAYCAN XALQ CÜMHURİYYƏTİNİN XARİCİ SİYASƏTİ

 

Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

 

Şərqin ilk demokratik respublikası olan AXC-nın yaranmasından 100 il ötür. Dövlət başçısı İlham Əliyev 2017-ci ilin 16 may tarixində AXC-nin yaranmasının 100 illik yubileyinin Respublikada dövlət səviyyəsində geniş qeyd edilməsi haqqında sərəncam imzalamışdır. Müasir Azərbaycan dövlətinin sələfi AXC-nin yaradılmasının 100 illik yubileyinin dövlət səviyyəsində Prezident İlham Əliyevin sərəncamına uyğun olaraq qeyd ediləcək. Bu məqsədlə Prezident İlham Əliyev tərəfindən 2018-ci il AXC ili elan edilmişdir.

AXC xalqımızın dövlətçilik salnaməsinin ən parlaq səhifələrindən biridir. AXC-nin yaradılması və milli dövlət quruculuğunun bərqərar edilməsi xalqımızın suverenliyinin təmin olunmasında, tarixi yaddaşının formalaşmasında müstəsna əhəmiyyət kəsb etmişdir. ADR-in yaradılmasında və ona rəhbərlik edilməsində M.Ə.Rəsulzadə, F.Xoyski, N.Yusifbəylinin, Ə.M.Topçubaşovun, Xasməmmədovun, Hacınskinin, Səməd bəy Mehmandarovun və digərlərinin çox böyük rolu olmuşdur. AXC-nin yaranması ilə itirilmiş dövlətçiliyimizin bərpası reallaşdı. Eyni zamanda AXC-nin yaranması xalqımızın tarixində ilk dəfə demokratik prinsiplər əsasında müstəqil Azərbaycan dövlətinin, hökumətinin yaranmasının əsasını qoydu. AXC ölkəmizin milli dövlətçilik tarixində mühüm rol oynamaqla 23 aylıq fəaliyyəti müddətində çox böyük işlər görmüş, iqtisadi, siyasi, sosial-mədəni islahatlara təkan vermişdir. AXC-nin müstəqil Azərbaycan Respublikasına verdiyi böyük töhvələrdən biri və bəlkə də ən əsası ondan ibarətdir ki, bütün Şərq-müsəlman aləmində ilk dəfə Azərbaycanda demokratik-üsul idarə prinsiplərinə əsaslanan dövlət, hökumət yaranmış, beləliklə də Azərbaycanda həm müstəqilliyin, həm də demokratiyanın, demokratik-üsul idarəsinin əsası qoyulmuşdur.

Müasir Azərbaycan AXC-nin varisidir. 1991-ci il oktyabrın 18-də qəbul edilmiş Müstəqillik Aktında qeyd olunur ki, 1920-ci ildə itirilmiş müstəqilliyimiz bərpa olunur, Xalq Cümhuriyyətinin siyasi varisi olmaqla Azərbaycan Respublikası onun bayrağını, gerbini, himnini qəbul etmiş, AXC-nin qısamüddətli fəaliyyətinin zəngin ənənələrindən istifadə etmişdir. "İstiqlaliyyət bəyannamə"sinin elan edildiyi 1918-ci ilin 28 may tarixi hazırda Respublika günü kimi, 1918-ci ilin 26 iyun tarixi Azərbaycan Milli Ordusunun yaradılması haqqında fərmanın verildiyi gün Silahlı Qüvvələr günü kimi, 1918-ci ilin 9 noyabr tarixi - üçrəngli bayrağın qəbul edildiyi gün Bayraq günü kimi qeyd olunur.

Ümummilli lider Heydər Əliyev 1998-ci ildə AXC-nin yaranmasının 80-ci ildönümü münasibətilə Azərbaycan xalqına müraciətində AXC-nin yaranmasından keçən dövrü 4 mərhələyə ayırmışdır:

1. I dövr - 1918-1920-ci illər - AXC-nin fəaliyyət göstərdiyi illər;

2. II dövr - 1920-1922-ci illər - Azərbaycan Sovet Sosialist Respublikasının mövcud olduğu illər;

3. III dövr - 1922-1991-ci illər - Azərbaycanın totalitar rejim, kommunist ideologiyası şəraitində yaşadığı dövr;

4. IV dövr - 1991-ci ilin dekabrından indiyədək - Sovet Sosialist İttifaqının dağılması ilə əlaqədar Azərbaycanın dövlət müstəqilliyinin elan edilməsi günündən indiyədək keçən illəri əhatə edir.

AXC böyük tarixə malik Azərbaycan xalqının şah əsəridir. Uzun müddət davam edən rus əsarətindən qurtulan bu torpaqların həqiqi sakinləri öz dövlətlərini yaratmağa nail oldular. 1918-ci ilin 28 mayında Tiflis şəhərində dünyada xaosun, qarşıdurmanın hökm sürdüyü bir vaxtda AXC-nin yaradıldığı bəyan edildi. Həmin vaxt Bakı işğal altında olduğundan paytaxt Gəncə şəhəri elan olundu. Sentyabrın 15-də Sentrokaspi diktaturasına son qoyulduqdan sonra paytaxt Bakı şəhərinə köçürüldü. Bundan sonrakı dövr daha məhsuldar oldu, bir-birinin ardınca mühüm qərarlar qəbul olundu müsəlman şərqində ilk demokratik respublika quruldu. 2 ildən az bir vaxtda mövcud olmasına baxmayaraq dünya tarixində öz sözünü deməyi bacaran AXC ilə bağlı ən mühüm məqamlara diqqət yetirmək lazımdır: 1918-ci ilin 28 mayında Milli Şura AXC-nin I Hökumət Kabinəsini təşkil etməyi Milli Şuranın üzvü bitərəf F.X.Xoyskiyə tapşırdı. Milli Şuranın iclasında Xoyskinin başçılığı ilə Cümhuriyyətin ilk hökuməti təsdiq edildi. İlk hökumətdə vəzifələr bu cür bölünürdü: F.X.Xoyski - Nazirlər Şurasının sədri Daxili İşlər Naziri, Xosrov bəy Sultanov - Hərbi Nazir, Məhəmmədhəsən Hacınski - Xarici İşlər Naziri, Nəsibbəy Yusifbəyli - Maliyyə Xalq maarifi Naziri, Xəlilbəy Xasməmmədov - Ədliyyə Naziri, Məmmədyusif Cəfərov - Ticarət sənaye Naziri, Əkbərağa Şeyxülislamov - Əkinçilik Əmək Naziri, Xudadat bəy Məlikaslanov - Yollar, poçt teleqraf Naziri, Camal bəy Hacınski - Dövlət nəzarəti Naziri, AXC Milli Şurasının Rəyasət Heyətinin sədri - Məhəmmədəmin Rəsulzadə. Sonradan hakmiyyətin daha təkmilləşdirilməsi gücləndirilməsi üçün bir neçə dəfə bu bölgüyə dəyişikliklər oldu. AXC Parlamentinin ilk təsis iclası 1918-ci il dekabrın 7-də Bakıda Tağıyevin qız məktəbində təşkil edildi. Parlamentin sədri Topçubaşov idi, parlamentin 17 aylıq fəaliyyəti dövründə 145 iclas keçirildi, yetərsay olmadığı üçün onlardan 15-i baş tutmadı, AXC Parlamentinin fəaliyyəti dövründə müzakirəyə 270-dən çox qanun layihəsi çıxarıldı, bunlardan 230-u qəbul edildi. Parlamentin fəaliyyəti onun nizamnaməsi rolunu oynayan Azərbaycan Parlamentinin təlimatı ilə tənzimlənirdi. Parlamentdə 11 komissiya fəaliyyət göstərirdi: Maliyyə-büdcə komissiyası, Qanunvericilik təklifləri komissiyası, Mandat komissiyası, Hərbi komissiya, Müəssisələr məclisinə Seçkilər keçirmək üzrə komissiya, Aqrar məsələlər komissiyası, Sorğular üzrə komissiya, Təsərrüfat-sərəncamverici komissiya, Ölkənin məhsuldar qüvvələrindən istifadə üzərində nəzarət komissiyası, Redaksiya komissiyası, Fəhlə məsələləri üzrə komissiya. AXC I dünya müharibəsindən sonra gərgin siyasi hadisələrin hökm sürdüyü bir vaxtda yaransa da, dövlət nümayəndələri Cümhuriyyətin dünyaya tanıdılması üçün ilk gündən fəaliyyətə başlamışdır. Siyasi məzmunda Azərbaycan ideyasını dünyaya təqdim edənlər 1920-ci ildə diplomatik baxımdan bu ideyanın Versal Ali Şurası tərəfindən beynəlxalq təsdiqinə nail oldular.

I Dünya müharibəsindən sonra formalaşan yeni geosiyasi proseslər Azərbaycan millətinin bu tarixi nailiyyətlərindən yetərincə faydalanmasına imkan vermədi. AXC 1920-ci ilin aprelin 28-də ölkə daxilində gedən siyasi proseslərin, məhəlli ziddiyyətlərin nəticəsi kimi deyil, dünya siyasətində baş verən mürəkkəb diplomatik çəkişmələrin nəticəsi kimi süqut etdi.

 

(ardı gələn sayımızda)

 

Könül

Kərimova.

Azərbaycan Pedaqoji Universiteti Şəki Filialinın baş müəllimi.

 

Ədalət  2018.- 15 may.- S.7.