AZƏRBAYCAN XALQ
CÜMHURİYYƏTİNİN XARİCİ
SİYASƏTİ
Layihənin istiqaməti: Azərbaycanın
dövlətçilik tarixinin, milli adət-ənənələrinin,
elm və mədəniyyətinin təbliği
(əvvəli ötən
sayımızda)
Mövcud
olduğu dövrdə Bakıda ABŞ, Belçika,
Böyük Britaniya, Danimarka, Finlandiya, İsveç,
İsveçrə, İtaliya kimi dövlətlərin
nümayəndəlikləri fəaliyyət göstərdi.
AXC-nin ərazisi 147.629 kv.km, Paris Sülh Konfransına təqdim
olunmuş sənədlərə əsasən həmin vaxt Azərbaycanda
4. 617. 671 nəfər əhali yaşayırdı. Onların
75,4%-ni, yəni 3 481 889 nəfərini azərbaycanlılar təşkil
edirdi. AXC elan edildiyi gündən, dövlət rəmzlərinin,
xüsusilə dövlət bayrağının qəbul edilməsi
məsələsinə, həssaslıqla yanaşıldı.
Bu məsələdə Ə.Hüseynzadənin "Türkləşmək,
islamlaşmaq, müasirləşmək" şüarı əsas
götürüldü. Cümhuriyyət Hökuməti 1918-ci
ilin noyabrın 9-da mavi, qırmızı, yaşıl rənglərdən,
ağ aypara və səkkizguşəli ulduzdan ibarət
bayrağının milli bayraq kimi təsdiq olunması
haqqında qərar qəbul etdi.
Onu
da qeyd etmək lazımdır ki, 1988-ci ildə müstəqillik
uğrunda ümumxalq hərəkatı geniş vüsət
alanda AXC dövründə qəbul edilən hər iki bayraq həmin
ilin 24 noyabrında Şəki Mərkəzi stadionunda
keçirilən mitinqində dalğalandırılmışdır.
Həmin bayraqlar 70 il ərzində Şəkidə yaşayan
vətənpərvər insanların evində
saxlanılmışdır. Bu isə insanların bayrağa
olan sevgisinin göstəricisidir.
Pul
vahidi əvvəlcə Bakı bonu, daha sonra Azərbaycan
manatı müəyyən edildi.
100
illik yaşı olan Azərbaycan diplomatiyası mürəkkəb
eyni zamanda şərəfli yol keçib. Müasir
diplomatiyamızın formalaşması müstəqilliyimizin bərpası
ilə bağlıdır. Ə.Topçubaşov Azərbaycan
diplomatiya tarixində silinməz iz qoymuşdur. 1918-1920-ci illərdə
AXC-nin beynəlxalq münasibətlərinin bir hissəsinə
çevrilməsi nəticəsində Azərbaycan diplomatiya məktəbinin
formalaşması prosesi başlanmışdır.
Ə.Topçubaşov Azərbaycan Parlamentinin sədri və
Xarici İşlər Naziri kimi 1918-ci ildən etibarən səlahiyyətli
səfir kimi xarici səfərlərə
başlamışdır. 1934-cü ildə Parisdə
mühacirətdə vəfat etmişdir. Məzarı da bu
şəhərdədir. 1920-ci il yanvarın 11-də Azərbaycanın
Antanta tərəfindən de-fakto tanınması Azərbaycan
nümayəndə heyətinin ən böyük
uğurlarındandır. Topçubaşova həmçinin
xarici əlaqələrin qurulmasında məsul şəxs
kimi fövqəladə səlahiyyətli nazir statusu
verilmişdi. 1919-cu il 28 mayda ABŞ prezidenti Vudro Vilsonla
görüşən nümayəndə heyətinə
Topçubaşov başçılıq edirdi. Parisə
Sülh Konfransına gedən qrup mövcud vəziyyətlə
əlaqədar olaraq vətənə geri dönə bilməyib.
Topçubaşov siyasi mühacirətin görkəmli xadimlərindən
biri kimi Fransa rəsmi dairələrinin nümayəndələri
ilə görüşərək Azərbaycanın
işğalına son qoyulması uğrunda mübarizədə
milli qüvvələrə yardım edilməsi məsələsini
qaldırıb.
1920-ci
ildə bolşevik Rusiyasının Azərbaycanı
işğal etməsindən sonra ilk xarici işlər naziri Nəriman
Nərimanov,daha sonra Mirzə Davud Hüseynov olub. SSRİ
yaranandan sonra Azərbaycanın müstəqil xarici siyasəti
tamamilə dayandırılıb, hər şey vahid mərkəzin
əlində cəmləşdirilib. Lakin bu da Azərbaycanın
ittifaq üçün əhəmiyyətini azaltmayıb. II
Dünya müharibəsi illərində Azərbaycan
SSRİ-nin xarici siyasətində mühüm rol oynadı. Təkcə
bir faktı qeyd etmək kifayət edər ki, II Dünya
müharibəsi illərində SSRİ-nin beynəlxalq hava xəttində
yalnız Bakı-Tehran aviaxətti fəaliyyət göstərirdi.
Dünya müharibəsinin sonlarına yaxın 1944-cü ildən
etibarən artıq respublikalarda Xarici işlər
komissarlıqları bərpa edildi. 1946-cı ildə Azərbaycanda
da Xalq xarici işlər komissarlığı yaradıldı.
70-ci illər Azərbaycan diplomatlarının
hazırlanmasında əhəmiyyətli dövr hesab olunur. Azərbaycan
dövlət müstəqilliyini bərpa etdiyi ərəfədə
SSRİ Xarici İşlər Nazirliyinin sistemində 36 nəfər
azərbaycanlı diplomat fəaliyyət göstərirdi.
1991-ci
ildən etibarən Azərbaycan diplomatiyası yeni mərhələyə
qədəm qoydu. Azərbaycan diplomatiyası 27 ildə
çox böyük yol keçib. Dünyanın 80-dən
artıq ölkəsində Azərbaycanın diplomatik
nümayəndəliyi fəaliyyət göstərir.
Müasir
diplomatiyamızın bir nömrəli diplomatı Ulu Öndər
Heydər Əliyevdir. Müstəqilliyimizin ilk illərində
ölkədəki mürəkkəb siyasi şəraitdə
diplomatiyanın formalaşması bu sahənin siyasi fəaliyyətinin
həyata keçirilməsinə
uyğunlaşdırılması baxımından Heydər
Əliyev məktəbi böyük əhəmiyyət
daşıyır. Ümumilikdə Azərbaycan
diplomatiyasının tarixi orta əsrlərə gedib
çıxır. Ağqoyunlu, Qaraqoyunlu, Səfəvilər
dövləti zamanında Azərbaycan diplomatiyasının
önəmli addımları atılıb. Sara Xatun Azərbaycanın
ilk diplomat qadını sayılır. Uzun Həsən
bütün xarici siyasət məsələlərini onunla məsləhətləşir,
ən məsul diplomatik danışıqlar üçün
onu göndərirdi.
Cümhuriyyət
Hökuməti yarandığı gündən isə
çevik xarici siyasət xətti yeritməyə
başlandı. Dövlət müstəqilliyinin qorunması
üçün təhlükəsiz beynəlxalq şəraitin
yaradılması olduqca vacib idi. Cümhuriyyətin dünya
birliyi tərəfindən tanınmasına nail olmaq lazım
idi. qonşu dövlətlərlə normal münasibətlərin
qurulması böyük əhəmiyyət
daşıyırdı.
Şərti
olaraq AXC-nin xarici siyasətini bir neçə istiqamətə
ayırmaq olar:
1. Azərbaycan
- Osmanlı (Türkiyə) əlaqələri
2.
Qonşuluq siyasət - Qafqaz dövlətləri -
Gürcüstan, Ermənistan, Dağlı, İran, Rusiya ilə
əlaqələr
3.
AXC-nin qərbyönümlü xarici siyasəti - ABŞ,
Böyük Britaniya, İtaliya və digər Avropa ölkələri
ilə əlaqələr
4.
AXC-nin müstəqil dövlət kimi Paris Sülh
Konfransında dünya birliyinə tanıdılması.
Osmanlı
dövləti ilə 1918-ci il 4 iyunda Batum (Sülh və dostluq
haqqında müqavilə) müqaviləsinin imzalanması ilk
uğurlu addım idi. Müqavilədə Azərbaycanla
Osmanlı dövləti arasında daimi sülh və dostluq əlaqələrinin
bərqərar olacağı, əgər ehtiyac olarsa
Osmanlı hökumətinin Azərbaycana hərbi yardım edəcəyi
göstərilmişdi. Sonralar Bakı-Batum neft kəməri ilə
bağlı müqavilə imzalandı və
razılığa gəldilər ki, neft kəmərinin təhlükəsizliyini
təmin etsinlər. Növbəti saziş dəmiryollarıyla
bağlı idi. Osmanlı imperiyası müstəqilliyimizi
tanıyan ilk dövlət oldu. Həmçinin AXC
yarandıldığı vaxt müxtəlif ölkələrdəki
türk səfirlikləri AR-nın yaradılması
haqqında dünya ictimaiyyətinə məlumatın
çatdırılmasında mühüm rol
oynamışdır. 1918-ci ilin avqustunda Berlində Sovet
Rusiyası ilə Almaniya arasında gizli saziş (Brest-Litovsk)
imzalanması Bakının gələcək taleyi
üçün böyük təhlükə yaratdı. Bu
müqavilənin 14-cü maddəsi Azərbaycanın ərazi
bütövlüyünə qarşı yönəlmişdi
və onu təhlükə altına alırdı. Yalnız Azərbaycan
və Osmanlı dövlətlərinin birgə
addımları bu sazişin reallaşmasına imkan vermədi.
Sentyabrın 6-da İstanbulda Azərbaycan nümayəndələri
Tələt Paşa tərəfindən qəbul edildi və
Bakının tezliklə azad olunmasının vacibliyi
vurğulandı. Sentyabrın 12-də isə İstanbulda Azərbaycan
nümayəndələri Almaniyanın Osmanlı dövlətindəki
səfirliyinə Azərbaycan hökumətinin etiraz
notasını təqdim etdilər.
(ardı gələn
sayımızda)
Könül
Kərimova.
Azərbaycan Pedaqoji Universiteti
Şəki Filialinın baş müəllimi.
Ədalət 2018.- 16 may.- S.7.