Geriyə yol varmı...

 

Nemət Veysəlli

 

(əvvəli ötən saylarımızda)

 

Sonra da ölkədə baramaçılığın inkişafı ortaya düşdü. Qonşu erməni kəndləri - Çartaz, Keşkənd, Məşədkənd barama təsərrüfatları üçün qabaqcadan yarpaq tədarükü görmüşdülər. Məhz baramaçılıq sahəsini inkişaf etdirmək üçün xüsusi, cavan bağlar, toxmacarlıq salmışdılar. Hətta, onlar uzaq-uzaq ölkələrdən, məsələn, Yaponiyadan tinglər də gətirtdirmişdilər. Yaponiyadan gətirilən tinglər iki, üç ilin içindəcə sürətlə boy atırlar, məhsul verirlər. Qol-budaqları, qol-budaqlarındakı enli yarpaqları ətrafı tuturlar. Barama təsərrüfatı da belə sıx əkilmiş, enli yarpaqlı bağlar hesabına genişləndirilirdi.

Bizim kənddə isə məsələ başqa şəkildəydi. Hər iki evdən birinə barama qutusu vermişdilər. Əvvəl-əvvəl, tük nazikliyində verilən barama qurdlarını saxlamaq, becərmək asandı. Ey hey... bir müddət keçəndən sonra, bu tük nazikliyindəki həşərat, ipək donuna bürünmüş "mələk" əcdaha kimi yoğunluyur, şişir və ətrafda nə var hamısını süpürüb qarnına doldurur. Xüsusilə də barama qurdları xırəyə gedəndə ona yarpaq çatdırmaq qeyri-mümkündü.

Becərmənin bu mərhələsində məsələ çox qəlizləşir. Kimliyindən asılı olmayaraq, ailə barama qurdu götürdüyü andan gecəsi-gündüzü yoxdur. Bütün ailə üzvləri at və eşşək arabası ilə əllərində iri dəhrə, balta yarpaqlı ağac üstədilər, dəhrənin, baltanın səsi aləmi başına götürürdü. Neçə vaxtdan bəri bu iş üçün səfərbər edilmiş ailə üzvləri barama qurdu xırəyə gedən zaman onun azuqəsini kəm etdilər, vaxtlı-vaxtında yarpaqla təmin etməsələr neçə aydan bəri çəkdikləri əziyyətlər zay olub gedəcəkdi.

Məsələ gəlib belə gərgin həddə çatanda baramaçılar neyləməliydilər?

...İti baltalar, dəhrələr işə düşdü. Başladılar XVIII əsrin sonu, XIX əsrin əvvəllərində torpağa basdırılmış, indi nəhəng və yaraşıqlı gövdələri, böyük bir ərazini əhatə edən tut ağaclarının budaqlarını necə gəldi doğramağa. Xırda yarpaqlı tut ağacları doğrandıqca ona sarılmış, neçə illərdən bəri məhz bu ağacların qol-budağında özlərinə "isti yuva" qurmuş üzüm tənəkləri istinad dayaqlarından, nöqtəsindən məhrum oldular. Üzüm tənəklərinin on metrlərlə uzanan gövdəsi zədələndi, üstü qora ilə dolu budaqlar yerə töküldü. Barama saxlamaq kompaniyası hər il təkrarlandıqca bu əcaib və ziyanlı ənənə o biri ağaclara, neçə vaxtdan bəri onların rahat gövdəsində, cavan budaqları üstündə şah həyatı yaşayan üzüm tənəklərini də əhatə etdi. Nəhayət, mənim beş-altı yaşımdan gördüyüm, xəyal və dünyanın hər yerinə baş alıb gedən fantaziyalarımın mənbəyi, ilhamvericisi, o cəh-cəlallı bağların harmoniyası, daşlaşmış, poladlaşmış nizamı pozuldu. Yarpaq əldə etmək üçün qol-budağından məhrum edilən ağaclar az bir müddətdə keçəlləşdilər, tanınmaz və eybəcər hala düşdülər. Bel sütunu qırılan Veysəlli bağları başqa, daha ciddi bəlalarla üzləşdilər. Məlum bağ ərazisində gah ot çalımı kompaniyası, ya da yeni toxmacarlıq salmaq istədilər. Yerinə düşməyən, yaxşı-yaxşı düşünülməyən təşəbbüslər bütövlükdə bağların məhvinə, faciəsinə yol açdı.

Camaat da, uşaqlar da, yeniyetmələr də bağlara baxdılar, baxdılar və baxıb görəndə ki, yüz illərdən bəri onların xəyallarında və təsəvvürlərində daşlaşmış o yaşıllıq səltənətindən, Veysəlli bağları obrazından heç nə qalmayıb, küskün, çaşmış şəkildə çönüb getdilər. Xoş xəyal və düşüncələrindən, yüz illərdən bəri ürəklərində gəzdirdikləri obrazlarından üz döndərdilər. Bağları Allahın ümidinə, təsadüfi və zalım adamların ixtiyarına buraxdılar. İri, əzəmətli gövdəli tut və qoz, palıd və armud ağacları ilə bərabər, əncir və nar bağları, üzümlüklər də qabaqkı görkəmlərindən məhrum edildi. Qol-budaqları kənd yoluna qədər uzanan qoz ağacları, göyrüş sıraları da onun kimi. Qara kəhrizin bağı bir neçə yerə yarmış və gözəllik gətirən su arxlarının səmtini də dəyişdilər. Gah dedilər Qara kəhrizin gur suları təzə salınmış bostanlara, gah da başqa məqsədlərə gərəkdi ona görə.

Arxasında yüzlərlə insanın faciəsi, məhv edilmiş xatirəsi duran bu əcaib ideyanı kim ortalığa atmışdı - özümüzdənmi, Füzuli rayon mərkəzindənmi - təşəbbüs inadkarcasına, kəskin şəkildə irəliyə atıldı. Bu ideyaları ortalığa atmaq istəyənlər başqa arqumentlərə də əl atdılar. Daha bu bağların vaxtı keçib, bu bağlardan, onun dünya-aləmi zəbt edən ərazisindən səmərəli, effektli şəkildə istifadə edilməlidir. Bu avantürist fikirlər, düşüncələr o vaxt qol-qanad atmışdır ki, artıq respublikada üsümçülüyün, şərabçılığın eyforiyası baş alıb gedirdi. Əvvəl insanlara qəribə-qəribə "fikirlər" sırıdılar: narahat olmayın, üzüm bağları az istifadə edilən, xam torpaq sahələrində - dağların ətəklərində, yamaclarda əkiləcək. O ərazilərdə ki, uzun illərdi becərilmir, əl-ayaq çatmır, xamdır.

Sonralar valın o biri üzü - doxsan dərəcə dəyişildi: üzüm bağları kəndin harada düz, əkin-biçin üçün yararlı və münbit sahələri vardı, məhz o yerlərdə əkildi. Hətta xalqın tarixi yaddaşını silmək məqsədinə yönəlmiş bu əməliyyatın canına "beynəlmiləlçilik" donu da geyindirdilər. Sonra da, qonşu Çartaz, "Kommunizm" adına kolxozun sədri, Sosialist Əməyi Qəhrəmanı Suren Adamyanı (sonralar əfsanəvi kolxoz sədrini həmyerliləri - çartazlıların sifarişi ilə qapısının ağzındaca amansızcasına güllələdilər) da bi işə qoşdular. O, "xalqlar dostluğu" və "beynəlmiləlçilik" ideyalarını əlində şüar edərək, başqa sözlə, "kömək" məqsədilə Veysəllinin qədim bağlarının yerində yeni əkiləcək cavan bağlar üçün maşın-mexanizm verdi. Qonşularımız tərəfindən Yuxarı Veysəlliyə verilmiş texnika barmaqla sayılacaq günlər ərzində iri gövdəli tut ağaclarının, qoz və armudların, göyrüş və söyüdlərin, nar və şaftalının kötüyünü torpağın dərin qatından çıxarıb, it-heyvan leşi kimi atdılar çölə. Kənardan baxanda yoğun kötükləri torpaqdan çıxarılmış ağaclar baş daşları sındırılmış qəbiristanlığı xatırladırdı.

Bu əraziyə, bu yaşıllıq səltənətinə veysəllilərin, Qarabağın, nəhayət, Azərbaycanın neçə-neçə nəslinin əkinçilik və bağçılıq mədəniyyəti hopdurulmuşdu. Minlərlə azərbaycanlı bu bağlara baxdıqca, onun gözəlliyini seyr etdikcə bir insan, şəxsiyyət kimi formalaşmışdı, ürəyinə isti, ilıq duyğular axmışdı. Müharibə illərinin uşaqları üçün (təkcə elə müharibə uşaqlarınınmı?) bir növ həyat, çörək mənbəyi, buza dönmüş sobaların istisi, fərəhli və şad günlərinin şahidi - bir ölkə, məmləkət yerlə-yeksan edilmişdi. Uzun illərdən bəri qəlbimizdə ucaltdığımız məbəd uçub-dağılmışdı. Hələ bunlar harasıydı, bəlkə Veysəlli, Qarabağ camaatını gələcəkdə nələr gözlədiyi faciələrə elə yol bu nöqtədən başlamışdı.

 

***

 

Uşaqlıq illərim...

 

Yeddiillik (1949-1957)

kənd məktəbi...

 

Yeddiillik kənd məktəbinin birinci sinfinə gedənə qədər nə iş görürdüm? Hansı qayğılarla yaşayırdım? İlk növbədə, toyuq-cücə saxlamaqda anama kömək edirdim. Təsəvvür edirsinizmi, altı-yeddi yaşımda səhər tezdən dəhrəmi, düsərimi götürüb minirdim uzunqulağın belinə. Odun tədarükü görməliydim. Kəndimiz kiçik təpəlik, qayalar və dağlarla əhatə edilsə də, meşə massivi yoxdu. Çartaz qobusundan da fərli-başlı odun toplamaq müşkül məsələdi. Kolxoz bağına girməyə, odun yığmağa da icazə vermirdilər. Amma, Əstəməz, Mübahisəli yer tərəflərdə yaxşı qaratikan kolları vardı. Qaratikan kolunun qara, əyri-üyrü kötüyünü əldə etmək üçün əvvəlcə gərək onu adamın əlinə, gözünə girən dik kolundan azad edəsən. Qaratikanın ətrafını, onun kötüyünü qazıb torpaqdan çıxarmaq çox əzablı işdi. Gərək ilk növbədə qaratikan kötüyünü, dediyim kimi, torpaqdan aralıyaydın. Dusər dəfələrlə havaya qalxıb-endikdən sonra istədiyinə çatırsan.

Amma qaratikan kötüyünün odu-ocağı nadir hadisəydi. O, yananda dəmir sobanın üstü, divarları qıpqırmızı qızarırdı. Evimiz divarqarışıq saatlarla isti qalırdı.

Həmişə qapımızda toyuq-cücə, hinduşka, camış və eşşək görmüşəm. Qapımızda it olduğunu, it saxladığımız heç cür yadıma gəlmir. Azyaşlı uşaqlar üçün bu cür məşğuliyyətlər o qədər də ürəkaçan deyildi. Toyuq-cücə becərməyin əzabına, qırılmışın şıltaqlığına yenə də birtəhər dözmək mümkündü: qabaqlarına dən atan kimi üstünə yüyürürlər, qışqırışırlar, bir-biriylə didişirlər, dənlikləri doldumu başlayırlar üst-başlarını, boyun-boğazlarını tumarlamağa, sakitləşirlər. Amma at yerişli hinduşkaları otarmaq, onların torba boyda cənədanını dolduqmaq cəhənnəm əzabıdı. Bir yerdə dayanmırlar ha. Göy ilə uçan həşəratların, tər otların, qaçan, sıçrayan, uçan çəyirtkənin arxasınca kilometrlərlə yol qət edirlər. Əlacın nədir, sən də gərək onları qarabaqara izləməlisən, bir dəqiqə belə gözdən qoya bilməzsən, bunun oğrusu, tülküsü var. Nəfəsin kəsilir, ayaqların arxanca gəlmir.

Bağlarda, bostanlarda faraş məhsullar yığılıb qurtarandan sonra "ura" mövsümü başlayırdı. Taxıl biçiləndən, taxıl biçilib qurtarandan sonra kövşənlərə od vururdular. Bu mərhələdən sonra "başaq" yığımı mövsümü başlayırdı.

Məhz başaq yığmaq "əməliyyatını" həyata keçirmək üçün analarımız bizə güllü döşlük, torba tikirdi. Döşlükləri, torbaları boynundan, bellərindən asanlar da vardı. İlahi, içində beş-on buğda dənəsi qorunub qalan sünbül üçün nə qədər əyilib-qalxırdıq? Belim, boynum-boğazım sızıldayırdı. Yorulmuş əllərimi tez-tez, onlardan da betər ağrıyan belimə qoyurdum, gərnəşirdim, qurumuş, üçlük taxtaya dönmüş boynumun quluncunu qırırdım. Bəlkə dünyanın başqa yerlərində - Avropadamı, Asiyadamı, uzaq Amerikadamı insanlar, bizim yaşıdlarımız yaxşı, firavan yaşayırdılar? Amma Veysəlli camaatı, Veysəlli uşaqları yaman əziyyət çəkirdilər.

Bəzən ayrı, böyüklərə xas işlərə də girişirdim. Yer şumlayan öküzlərin, torpağın tərkinə yeriyən kotanın arxasınca yerimək, heyvanları haylamaq da çətin işdi. Ayaqların kotanın ağzına düşə bilərdi, ayaqlarını baldırqarışıq kotan doğrayardı. Kotan hər addımbaşı kötüyə, daşa ilişib qalırdı. Öküzləri haylamaq bir tərəfə, gərək həm də kotan xətdən çıxmayaydı. Bu da altı, yeddi yaşlı uşağın gücündən, istəyindən çox uzaqdı.

Əkinçilərin, toxumçuların başçısı, rəhmətlik Əmir Rüstəmov hərdən məni boyunduruğun üstünə qaldırırdı və təkrar-təkrar deyirdi:

- Ehtiyatlı ol ha, öküzlərin ayaqları altına düşərsən.

Boyunduruqdan, samılardan bərk-bərk yapışırdım.

Boyunduruğun üstündə yerimi möhkəm-möhkəm bərkidirdim. Əlimdəki uzun şallaqla heyvanları səsləyirdim.

- Allah size qırsın, hey... hey...

Əmir kişinin, necə deyərlər, ata tərəfdən mənə qohumluğu da çatırdı. Çox narahat, zirək adamdı. Nahar vaxtı oturub çörəyini sakit, rahat yemirdi. Şumda qalmasın deyə, ətrafındakı daşları, çayırı da topalayırdı. Əməlli-başlı dincəlməmiş dərhal ayağa qalxırdı.

- vaxtdır qalxın, hələ çox işimiz qalıb. Hava qaralmamış toxumu səpib qurtarmalıyıq.

Bağlardan quzuqulağı, mərəcoyur yığırdıq. Anam mərəcoyuru tavada qızardırdı, üstünə yumurta da çırpırdı. isə, elə-belə bekarçılıqdanmı, yoxsa dolanışığımızı yaxşılaşdırmaq məqsədilə Muğanlı Kuropatginə, Çal dağa tərəf gedirdik. Çal dağdan ta rus-malakan kilsəsinə, Hacı Qasım kəhrizinə qədər dağ ətəkləri, döşlər, yamaclar boyana ilə doluydu. Anam onları soğan, quzu əti boyana ilə birgə aşın qarası düzəldirdi. Çal dağdan boyananı kisə ilə yığırdıq. Sonra da onlardan dəstə bağlayıb Qaryaginin gur, hər şeyi bol bazarına aparırdıq.

 

(ardı gələn sayımızda)

 

Ədalət  2018.- 16 may.- S.7.