"BƏDİİ SÖZ - MƏNA
OCAĞININ KÖZLƏRİ"
Şair-publisist,
filologiya elmləri doktoru, professor Rafiq Yusifoğlunun imzası
Azərbaycan oxucularına çox yaxşı
tanışdır. Rafiq müəllim təkcə elmi-ədəbi
fəaliyyətlə deyil, həm də naşirliklə məşğul
olduğundan onun redaktoruluğu ilə çıxan
"Göyərçin" jurnalının oxucuları tərəfindən
də sevilən ziyalılarımızdandı. Bax, bu mənada
hər bir yeni kitabı, yeni şeir çələngiylə
oxucularını sevindirən Rafiq Yusifoğlu
özünün publisist, eləcə də elmi məqalələri
ilə də kifayət qədər oxucu auditoriyası toplaya
bilibdi.
Bu gün
bir çox dillərə çevrilmiş kitabların, bədii
əsərlərin, elmi məqalələrin müəllifi
olan Rafiq Yusifoğlu 2018-ci ildə də özünün iri həcmli,
yəni 530 səhifəlik kitabı ilə oxucuların
qapısını döyüb.
Elmi
redaktoru akademik Nizami Cəfərov, rəyçiləri
filologiya üzrə elmlər doktorları, professorlar Məmməd
Əliyev, Məhərrəm Qasımlı və Şahin Xəlilli
olan "Bədii söz - məna ocağının sözləri"
məqalələr toplusu ADPU nəşriyyatında
işıq üzü görübdü. Kitabın
anatasiyasında oxuculara bildirilir ki, şair, ədəbiyyatşünas,
əməkdar mədəniyyət işçisi, filologiya elmləri
doktoru, professor Rafiq Yusifoğlu 20 ilə yaxındır ki, ali
məktəblərdə tələbə auditoriyalarında
mühazirələr də oxuyub. Onun "Ədəbiyyatşünaslığın
əsasları", "Müasir ədəbi proses və ədəbi
tənqid", "Uşaq ədəbiyyatı"
kitabları ali məktəblərdə dərs vəsaiti kimi
istifadə olunur. Çoxlu sayda elmi monoqrafiyaların müəllifi
olan Rafiq Yusifoğlu yenicə işıq üzü görən
kitabında da kifayət qədər sanballı
mövzuları işıqlandırıbdı.
Bu
kitabın birinci bölümü "Poetik söz və onun məna
çalarları" adlanır. Həmin bölümdə
müəllif bədii sözə, poeziyaya, xalq
mahnılarına, aşıq yaradıcılığına,
ümumiyyətlə, Cəfər Cabbarlı, Mikayıl
Müşfiq, Rəsul Rza və digərlərinin poetik
düşüncəsinə işıq salmış, onlar barəsində
özünün əsaslandırılmış elmi fikrlərini
diqqətə təqdim etmişdi.
Kitabın
ikinci bölümü tariximiz, bu günümüz adlanır.
Həmin bölümdə də söhbət daha çox ədəbiyyat
və bütövlükdə söz sənəti tariximizin
aydınlarından olan Həsən bəy Zərdabi, Cəlil
Məmmədquluzadə və digərləri barəsində
fikir söyləməklə bu bölümün əhatə
etdiyi söz sahiblərinin bu günümüz
üçün də nə qədər önəmli
olduğunu işıqlandırıbdı.
Bütövlükdə
7 bölümdən ibarət olan topluda Rafiq Yusifoğlu
özünün müxtəlfi kitablara yazdığı
ön sözləri, ədəbiyyatdan ədəbiyyətə
baxışlarını, uşaq ədəbiyyatı barəsində
fikirlərini, gəlimli-gedimli dünyaya poetik
baxışlarını və nəhayət, dünya ədəbiyyatına
özəl münasibətini qələm alıbdı.
Bir
oxucu kimi qeyd etmək istəyirəm ki, topluda yer almış
məqalələrin müəyyən hissəsi "Ədalət"in
oxucularına da məlumdur. Ona görə də dəyərli
Rafiq müəllimin "Bədii söz - məna
ocağının közləri" kitabı barəsində
fikirlərimi həm də onun daimi izləyicisi, oxucusu kimi ifadə
etməklə müəllifə yeni yaradıcılıq
uğurları arzu edirəm. Düşünürəm ki,
onun bizlərə etdiyi bu söz hədiyyəsi qısa zamanda
öz oxucularını tapacaqdı.
Mədətoğlu, Əbülfət.
Ədalət 2018.- 17 may.- S.6.