AZƏRBAYCAN REALLIĞININ QOBUSTAN
NÜMUNƏSİ
(əvvəli ötən
sayımızda)
Rayonda əhali üzrə təbii qazla təminat 93 faizdir. Artıq Şıxzahırlı kəndinin qazlaşdırılması bu il təmin olunacaq və rayon üzrə qazlaşdırma 96 faizə çatacaqdır. Növbəti illərdə Cəngi, Qaracüzlü, Sədəfli və Təsi kəndləri də qazlaşdırılacaq. Rayon üzrə istehlak edilmiş təbii qazın dəyəri birinci rüb ərzində 99,1 faiz ödənilmişdir ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,6 faiz çoxdur. Əhalinin keyfiyyətli və fasiləsiz təbii qazla təminatı daim diqqətdə saxlanılmalıdır. Bəzən kəndlərdə qazın təzyiqinin aşağı olması barədə vətəndaşlardan müraciətlər daxil olur ki, bu məsələlər də öz müsbət həllini tapmalıdır.
Əhalinin içməli su ilə təminatı məsələləri artıq Qobustan şəhərində öz həllini tapmışdır. Qobustan şəhərində hər bir ev 24 saat içməli su ilə təmin edilir. Yaxın gələcəkdə Ərəbqədim, Cəmcəmli və Göydərə kəndlərində də daxili şəbəkənin qurulması üçün müvafiq tədbirlər görülür. Cari dövrdə əhaliyə verilmiş suyun dəyəri 102 faiz ödənilmişdir. Uzun illər susuzluqdan əziyyət çəkmiş bir rayonda əlbəttə ki, istehlak edilmiş içməli suyun dəyəri daim 100 faiz ödənilməlidir.
Rayonda əhalinin sosial müdafiəsi, məşğulluq məsələləri diqqətdə saxlanılır. Bu ilin birinci rübündə möhtərəm Prezidentin tapşırığı ilə açılmış ictimai iş yerlərində 155 nəfər müvafiq işlə təmin olunmuşdur. Rayonda özəl təsərrüfatlarda da çoxsaylı müvəqqəti iş yerləri açılmışdır.
Bu il rayonda 25-30 ailənin özünüməşğulluq proqramına cəlb edilməsi nəzərdə tutulur.
Novruz bayramı ərəfəsində Heydər Əliyev Fondu tərəfindən 78 aztəminatlı ailəyə, Rayon İcra Hakimiyyəti tərəfindən isə 525 ailəyə bayram sovqatı verilmişdir.
Prezident İlham Əliyevin tapşırığı ilə respublikamızın şəhər və rayonlarının ümumtəhsil məktəblərinin IX-XI sinif şagirdləri üçün "Ölkəmizi tanıyaq" devizi ilə keçirilən maarifləndirici tur-aksiya çərçivəsində Qobustan rayonundan olan 40 nəfərlik məktəbli qrupu və 5 nəfər nümayəndə 15-18 mart tarixlərində Lənkəran-Masallı-Astara bölgəsində olmuşlar.
Tur aksiyası zamanı 6 rayon (Ağsu, Ağdaş, Quba, Qusar, Xaçmaz) şagirdləri arasında keçirilən "NƏ, HARDA, NƏ ZAMAN" intellektual oyununda Qobustan məktəbliləri yüksək nəticə göstərərək birinci yerə layiq görülmüşlər.
Rayonda əhalinin sağlamlığının qorunması istiqamətində də tədbirlər davam etdirilir. Birinci rübdə 15947 nəfər tibbi müayinəyə cəlb edilmişdir. Bu tibbi müayinənin keçirilməsi də cənab Prezidentin təşəbbüsüdür. Hər bir sakinin ildə bir dəfə pulsuz tibbi müayinədən keçirilməsi çox mühüm əhəmiyyətə malikdir.
Bu ilin birinci rübündə də Mərkəzi İcra hakimiyyəti orqanları tərəfindən rayonda qəbullar keçirilmişdir. Azərbaycan Respublikasının Baş prokuroru Zakir Qaralov və Azərbaycan Respublikasının Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadə Qobustan şəhərində regional qəbullar keçirmişlər. Əlbəttə ki, bu qəbullar əhali tərəfindən rəğbətlə qarşılanır.
Yığıncaqda qeyd olunduğu kimi, rayonda tikinti-quruculuq abadlıq işləri də uğurla davam edir. Qobustan şəhərində 624 şagird yerlik 3 mərtəbəli məktəb binasının, 50 çarpayılıq xəstəxana binasının tikintisi gedir. Qobustan şəhər 2 saylı uşaq bağçası üçün 100 yerlik binanın tikintisinə başlanılmışdır. Eyni zamanda, bu il Şahmat məktəbi istifadəyə veriləcək.
Bu il Qobustan şəhərində 1 ədəd 3 mərtəbəli, 2 ədəd birmərtəbəli, 2 ədəd 2 mərtəbəli binaların təmiri işlərinə başlanılmışdır. Bu bir tərəfdən şəhərə gözəllik gətirməklə yanaşı, digər tərəfdən 27 ailənin mənzil şəraitini yaxşılaşdıracaqdır.
Yaşıllıqlarla bağlı rayonda müvafiq tədbirlər görülür. Birinci rübdə Qobustan şəhərində, Təklə kəndində yol kənarında, "Aqrolizinq" ASC-nin Qobustan Regional Nümayəndəliyinin həyətində və yol kənarında, Cəngi kəndinin girişində salınan parkda, Bölgə Təcrübə Stansiyasının həyətində ümumilikdə 5000-dən artıq müxtəlif növ ağac, 1500-dən artıq qızılgül əkilmişdir.
Rayonun iqtisadiyyatının əsasını kənd təsərrüfatı təşkil edir. Cənab Prezident tərəfindən bu sahə tamamilə nəzarətə götürülmüş, məhsuldarlığın artımı, subsidiyaların verilməsində şəffaflığın təmin olunması, ayrılmış vəsaitdən, torpaqlardan düzgün istifadə edilməsi qarşıda duran mühüm məsələlərdəndir.
2018-ci ilin məhsulu üçün 30151 ha sahədə əkin həyat keçirilmişdir ki, bundan 19869 ha buğda, 10282 ha arpadır. Qobustan rayonunda taxıl əkini sahəsində bu yüksək göstəricidir. Eyni zamanda, 615 hektardan artıq ərazidə yazlıqlar əkilmişdir. Yazlıq əkin sahələri getdikcə artacaqdır.
Onu da qeyd edək ki, əkinlər təkcə kəmiyyətinə görə deyil, həm də keyfiyyətli əkilməsinə görə fərqlənir. Artıq əhali arasında maarifləndirmə, nəzarət tədbirləri öz bəhrəsini verir. Əkin sahələrində ancaq mədəni bitkilər əkilə bilər. Bundan başqa aqrotexniki tədbirlərə, yemləmə gübrələrindən düzgün və vaxtında istifadə, alaq otlarına və siçanabənzər gəmiricilərə, sünbülqıranlara qarşı ciddi tədbirlər görülür. Görülmüş işlər deməyə əsas verir ki, əgər hava şəraiti əlverişli keçərsə, bu il rayonda 65-70 min tona yaxın taxıl istehsalı mümkünləşər.
Birinci rübdə heyvandarlıq sahəsində də bir sıra uğurlarımız olmuşdur. İribuynuzlu qaramalın baş sayı 0,4 faiz artaraq 30693 başa, o cümlədən inək və camışların baş sayı 11578 başa çatmışdır. Qoyun və keçilərin baş sayı 0,2 faiz artaraq 191054 başa, quşların baş sayı isə 5,7 fazi artaraq 93072 başa çatmışdır.
Baxılan dövrdə ət istehsalı 2,1 faiz, süd istehsalı 1,4 faiz, yumurta istehsalı isə 6,8 faiz artmışdır.
Artıq Qobustan rayonunda da aqroparkın
salınmasına başlanılmışdır. Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 31 yanvar tarixli sərəncamı
ilə təxminən 1000 hektar ərazinin
təyinat dəyişikliyi aparılmış, ərazidə
300 ha buğda, 400 ha arpa əkini
aparılmışdır. Hazırda müvafiq
sənədlər hazırlanmaqdadır. Növbəti aylarda aqroparkda müasir taxılçılıq və
heyvandarlığın yaradılması üçün
müvafiq tədbirlər davam
etdiriləcək.
Ədalət 2018.- 17 may.- S.4.