Geriyə yol varmı...
Nemət Veysəlli
(əvvəli
ötən saylarımızda)
Kənddə tibb məntəqəsi, poçt xidməti,
enerji xətti də çox-çox sonralar fəaliyyətə
başlayıb. Belə məişət problemləri ilə
üzləşən təkcə elə bizim kəndin əhalisi
idimi? Yox. Rayonun Cəmilli, Yuxarı və
Aşağı Divanalılar, Dördlər, Xatınbulaq,
Ağbaşlı kəndləri də həmin taleyi
yaşayırdılar.
Füzuli rayonunun əksər yaşayış məskənlərinə,
doxsanıncı illərdə, respublikaya Əbdürrəhim
Vəzirov rəhbərlik edəndə rabitə və qaz xətləri
çəkildi. İnsanlar indi-indi yaşayırdılar
ki, ermənilər Qarabağı qan çanağına
çevirdilər.
Fikirlərimin əsas qayəsi burulğana
düşüb. Çox mətləblərdən
danışıram. Amma oxuculara demək
istədiklərim, çatdıracaqlarım bunlar deyil. Demək istədiyim odur ki, coğrafi baxımdan, ərazi
baxımdan, ərazi etibarı ilə rayon mərkəzindən
uzaq olmaq o demək deyil ki, gərək vətəndaşlar
çox şeydən faydalanmasın. Kədərin
olmadığı kimi, gərək xoşbəxtliyin də
ögeyi, doğması olmasın. Xoş günlərdən
gərək hamıya pay düşsün. Mənim təsvir
etməyə cəhd göstərdiyim uzaq kənd içindən
çıxıb nəyəsə nail olmaq məşəqqətli
və əzablı işdi. Bəlkə də
heç mümkün olan deyil.
Silsilə dağların ətəklərində,
döşündə və dərinliklərində bəzəkli
muncuq kimi səpələnmiş diyarda kinofilmlərə,
teatr səhnələrinə də tamaşa etməyim
yadıma düşmür. Düzdür, Tahirovlar
obasında, demək olar ki, hamı musiqiçiydi. Kimi yaxşı tar, o biri qaval çalırdı, o
birisinin isə yaxşı səsi vardı. Ürəyi istəyəndə zildən, keyfi
aşağı olanda isə bəmdən oxuyurdu. Deyilənə görə, həmin obanın
nümayəndəsi Fərrux yaxşı qara zurna,
Şahmurad Tahirov isə gözəl balaban
çalırmış. Hətta, Şahmurad
Tahirov 1938-ci ildə Moskvada, Azərbaycan incəsənəti
dekadasında iştirak edib, balabanda ifa etdiyi
"Segah"ı vala yazdırıb. Sonralar bu val Azərbaycan radiosunda səsləndirilib. Amma bütün bunlar müharibəyə qədər
olub. Nəyə görəsə, sonralar Fərruxu
həbs ediblər. Şahmurad Tahirov isə
davaya gedib və bir daha geri qayıtmayıb.
Yeddi-səkkiz yaşım olmasına baxmayaraq,
ara-sıra musiqi və mədəniyyət xəbərləri
də eşitmişdim. Hətta deyirdilər ki, Seyid
Şuşinski dəfələrlə Tahirovlar obasına gəlib,
Şahmurad Tahirovun, Fərruxun qonağı olub.
Taledimi, təsadüfdümü, qismətdimi bu, - bilmirəm. 1960-cı ildə
Bakıya, Azərbaycan Dövlət Universitetinə qəbul
imtahanlarına getmişdim. "Malakan"
(indiki Xaqani bağı) bağında əyləşmişdim.
Özüm, gələcəyim, qəbul
imtahanlarından necə çıxacağım barədə
düşünürdüm. Mənimlə yanaşı
saçları dümağ, əynində ağ
nazik parçadan kostyum geymiş bir nəfər əyləşmişdi.
Necə oldusa mənimlə yanaşı əyləşmiş
kişi qəfil soruşdu:
-
Haradansan, a bala?
- Qaryagindən.
- Hə,
Qaryaginin hansı kəndindənsən?
-
Yuxarı Veysəllidən...
Qısa və
təsadüfü söhbətimizdən məlum oldu ki, mənimlə
yanaşı əyləşən əfsanəvi muğam
ustası, Seyid Şuşinski, - Ağadı.
Qayğılı-qayğılı
üzümə baxdı:
- Sizin kənddə,
dəfələrlə Fərruxun qonağı olmuşam. O qədər
Sərəncam bacının hazırladığı xəngəldən
yemişəm ki... O xəngəlin dadı hələ də
damağımdadır.
O
görüşdən sonra mən bir daha Ağanı görmədim.
Söhbətimin əvvəlinə qayıdıram. Kənddə
xəbər dolaşırdı ki, bəs Seyid Şuşinski,
böyük Bülbül, Eloğlu Qaryaginə gəliblər,
istedadlı cavanlar sorağına düşüblər.
Ola bilərdi. Amma mən
onları kəndimizdə görməmişəm.
...Tarixən,
dünya yaranandan bəri "atalar" və
"oğullar", müxtəlif nəsillər arasında
mübahisə, münaqişə baş verdiyi kimi, kənd ilə
şəhər arasında da ziddiyyətlər həmişə
mövcuddu. Kənd adamı, kənddə
doğulan, böyüyən adamlar dünyanı başqa
meyarlarla dərk edir. Onun sənədi,
sübutu dağlar, dərələr, gah gur, gah da lal axıb
gedən çaylardı.
Adi quş uçuşu, anadan yenicə doğulmuş
quzunun ilk addımları onun üçün xoş
ovqatdı, xoşbəxtlikdi. Qartal, sərçə
və qarğa uçuşunun, bu dağdan o biri dağa, bir
ağacdan o biri bağlara qanad açmaları da heç nə
ilə müqayisəyə gəlməyən sevincdi. Başqa sözlə desək, onun xəmiri
dağların, qayaların min qatından keçib,
süzülüb-süzülüb, nəhayət, bulağa
çevrilən suyu ilə yoğrulub. Bir az
köntöydü, yonulmamışdı, amma heç vaxt namərdliyi,
dostuna, tanışına arxadan zərbə vurmağı
yoxdur.
Şəhər
adamının düşüncələrinə isə
başqa amillər hakim kəsilir: küçələr, tinlər,
evlər, çoxfiqurlu aynabəndlər, aynabəndlərin
dizayn, memarlıq baxımından işlənməsi. Bu cür sənət nümunələrində sənətkarın
istedadını, nəfəsini duyursan. Kənd
adamının fikrini, düşüncəsini daha çox
duman-çən, göy gurultusu, göy çəmən cəlb
edirsə, şəhər adamları daha çox dəqiqliyə,
rəqəm dünyasına, gözü ilə gördüklərinə,
faktlara üstünlük verir.
Hər ikisinin ortaq və oxşar məqamları ilə
yanaşı, çoxlu-çoxlu səbəblər var ki,
onlar bir-birindən xeyli fərqlidi.
Əlbəttə, mən burada şəhərlər
yaranandan üzü bəri cəmiyyətdəki mübahisələr
və müzakirələr haqda danışmaq fikrindən
uzağam. Neçə əsrdi "şəhər" və
"kənd" anlayışları mübahisə və təhlil
obyektidi. Hə, mən burada, beş-on səhifəlik
əlyazmada ciddi-cəhd göstərim ki, bu
anlayışların əsl mahiyyətinə, dərinliklərinə
nüfuz edəcəm, Amerika açacam - baş tutan söhbət
deyil.
Amma mən, ağlım kəsəndən,
gözümü açandan həmişə kənd ilə
şəhər arasında ayrı-seçkilik
görmüşəm. Ayda-ildə yolum bir dəfə Martuniyə
(hələ Martuni o zamanlar qəsəbə təsiri
bağışlayırdı), Ağdama, ya da nə bilim Xankəndinə
düşəndə heyrətdən donub qalırdım.
Kiçik qəsəbə mərkəzində
cürbəcür dükanlar, kasıb olsa da, bazarı, evlərdə
elektrik işığı görmüşəm. Döşəmələrinə daş
düzülmüş küçələriylə
yanaşı, asfalt örtüklü yollar da gözə
çarpırdı. Dəlləkxana,
fotoatelye, uşaq bağçaları, yaraşıqlı orta
məktəb, yaşayış binaları.
Kənd
adamları belə şeylərə çox çətinliklə
nail olurdular. Veysəllidə yaşadığım illərdə
(1941-1961) mən nə Qaryaginin, nə də Bakının bir
vətəndaş, azərbaycanlı kimi isti nəfəsini,
qayğısını hiss etməmişəm. Nə
rayon mərkəzi, nə də Bakı ilə nə nəqliyyat,
rabitə və sair sahələrdə əlaqəmiz
olmayıb. Ayda, ildə yolu bir dəfə
Bakıya düşən adamların söhbətlərinə
heyranlıqla qulaq asırdıq. Moskva
bizimçün göylərdəki ulduzlar qədər
uzaqdı. Bircə onu bilirəm ki, atam,
subay dayım, əlahəzrət Moskvanın göstərişi
ilə davaya getmişdilər və bir daha geri
qayıtmamışdılar. O ağrıları
ömrüm boyu, bütün bədənimlə,
varlığımla hiss etmişəm. Dayılarımın
uca boyuna, gülüşlərinə həsrət
qalmışam. Söhbətimizin bu yerində
sual dolu gözlərin mənə dikildiyini görürəm.
Həmin illərdə - 1939-1940-cı illərdə
dünyada, sabiq SSRİ-də baş verən siyasi və hərbi
vəziyyətləri yada salmağa çalışırlar.
Beş-on dəqiqəliyə o illərdə
baş verənləri yad etmək, hətta bu ətrafda
müzakirələr, fikir mübadiləsi də aparmaq da
mümkündü. Bütün bunları
başa düşürəm. Bəs mənim
bir insan, vətəndaş kimi zəhərə və məşəqqətə
dönmüş uşaqlığım və yeniyetməliyim
necə olsun? Mənim taleyin,
Tanrının bircə dəfə verdiyi o illərdən həzz
almaq ixtiyarını, hüququmu necə edək?
Müharibədə ərləri həlak olan qadınların
əzabları... Bu uşaqlar, Azərbaycan
qadınları kimə neyləmişdi? Bəlkə
də mən bilmirəm, sadəlövh hisslərə
düşmüşəm, veysəllilərin ulu babaları,
neçə illər bundan qabaq almanlarınmı,
italyanlarınmı, ispanlarınmı uşaqlarını məhv
etmişdi, heysiyyatlarına toxunmuşdu, yurdlarını
yandırmışdı?
Bu günlərin ovqatına qayıdıram. Özüm cəhənnəm,
özüm öyrəncəliyəm. Bəs
mənim dörd övladımın günahı nəydi?
Nə üçün onlar baba üzünə,
baba nəvazişinə həsrət qalmalıydılar?
Dünyada şirlər, pələnglər
bir-biriylə vuruşur, didişirlər, qoy didişsinlər.
Dünyanın hansı nöqtəsindəsə
kim-kim iləsə vuruşur, bir-birinin qanını
tökür. Bütün bunlara görə
niyə mən, övladlarım əziyyət çəkməlidilər?
Bu olayları, dava-dalaşları veysəllilər
başlamayıb ki...
Yuxarı Veysəllidən davaya yüz əlli
çağırışçı gedib və onlardan yalnız
qırx doqquzu geriyə, kəndə qayıdıb. Geriyə
qayıdanların əksəriyyəti yarımcandı, əlil
və əsəbi idi. Elələri
vardı ayaqları, elələrin də vardı, amma
qollarının biri yoxdu, şil-küt olmuşdular. Qəzəbli və hirsli adamlardı.
Müharibədə həlak olan kişilərin iyirmi-iyirmi beş yaşlı arvadları dul,
uşaqları isə yetim qalmışdı. Atalarımız,
əmi və dayılarımız Rusiyanın buzlu
çöllərində, dəniz və çaylarında,
Avropada, uzaq Yaponiyada nələr çəkmişdilər,
bunu bir Allah bilir. Arxada qalan
analarımız, nənə və bibilərimiz, müharibəyə
yollanan kişilərin azyaşlı uşaqları nələr
çəkmişdi, bunları təsəvvürə gətirmək
çətindi.
Hə,
görəsən davadan qayıtmayan o yüz bir kişi, arxada olmazın məşəqqətləri
ilə üzbəüz qalan qadınlar bir də bu dünyaya
gələcəklərmi?
Müqayisəyə gəlməyən əzab və faciələrə
düçar veysəllilər nə rus şovinizmindən, nə
də alman faşizmdən xəbərsizdi. Əslinə qalsa heç
müharibə bizim müharibəmiz də deyildi...
Ağoğlan
dərəsi...
Su dəyirmanları
və Məşəd xalanın çay dəstgahı
İnqilaba qədər, lap kollektivləşmə
dövrünə qədər Yuxarı Veysəllidə ən
azı üç su dəyirmanı fəaliyyət göstərib. Bu dəyirmanlar
Qara Kəhrizinmi, Soltanalı kəhrizininmi sularının, ya
da başqa su mənbələrinin hesabına işləyib, -
demək çətindi. Uşaq vaxtı mən
bu dəyirmanların xarabalıqlarını görmüşəm.
Hətta,
o dövrün yaşlı adamlarının söylədiklərinə
görə, Soltanalı kəhrizinin indikindən qat-qat
artıq suyu qobunun döşü ilə gəlirmiş-gəlirmiş,
rəhmətlik Vahid Həsənovun evininmi, yoxsa
xırmanları başından başqa bir arxa qovuşar,
oradan da Tapdıq Pənahovun evinin altından düz Qulu
bağının qurtaracağındakı dəyirmanacan
axırmış. Sonrakı proseslər də
artıq sizə məlumdu.
Əllinci
illərin ortalarında, axırlarında bizim camaat dən
üyütmək üçün əsasən ətraf kəndlərin
su dəyirmanlarına gedirdilər: Fialotovkadakı, Dövlətyarlı,
Qərəmmətli, Qacar kəndlərinə. Amma
nə səbəb idisə, veysəllilər çox vaxtı
Yuxarı Divanalılar və Ağoğlan dərəsindəki
ermənilər işlədən dəyirmanlara gedirdilər.
Əslinə qalsa, Yuxarı Divanalılar, Veysəlli
eyni camaatdı. Ona görə eyni
camaatdır deyirəm ki, bu kəndlər bir-birinə qız
alıb-vermişdilər. İkitərəfli
qohum idilər. Yuxarı Divanalılardakı dəyirmançı
İmamverdi kişi isə Şəfi
dayımın həyat yoldaşı Gülbəs xalanın
yaxın qohumuydu. Həm dənimizi rahat
üyütmək zərurətindən, həm də qohumluq əlaqələri
bizi tez-tez çəkib Yuxarı Divanalılardakı su dəyirmanına
gətirirdi.
Danışmaq istədiyim mətləblər birbaşa
dən üyütməyə, bu yollarda başıma gələnlərə
tam aid deyilsə də, hər halda başqa mənalarda gərəklidi.
(ardı gələn
sayımızda)
Ədalət 2018.- 18 may.- S.7.