İllərə nə var ki...
(oçerk)
Mən hər
dəfə pedaqoqlardan yazmaq istəyəndə tərəddüd
keçirməyə bilmirəm və özümdən
soruşuram: - Səbəb nədir, məsuliyyətmi,
ehtiyatlılıqmı, diqqətsizlikmi? Sualımın
cavabı: hər üç anlamdır. Pedaqoq
yaşamaq sənətindən, cəmiyyətə vətəndaş
hazırlamaq məsuliyyətindən, cəmiyyətlərdəki
ziddiyyətlərin durulması qayğısını çəkməkdən.
Digər müqayisələr də istisna deyil.
Pedaqoq nəyə nail olmaq istəyir ki, auditoriyadan qan-tər
içində çıxır və bu halət ona
çoxmu lazımdır? Pedaqoq nə
üçün yazır ki, vərəqlərə hisslərini
köçürür; sağlamlığını gizlin nemət
kimi qorumağı bacarmır. Pedaqoq nə
səbəbdən bu əzablı sənəti seçir?
Çün, zəmanə korlanmış,
qardaşlar dəyişmiş, oğul atasından üzr
çevirir. Pedaqoq gənc nəsildə o dəyərləri
aşılayır; İmam Sadiq demişkən:
"Üç şey dünya və axirətin xislətlərindəndir:
sənə zülm etmiş kimsəni bağışlamaq, səndən
qopmuş şəxsə birləşmək və sənə
qarşı cahilyanə hərəkət etdikdə səbirli
olmaq". Xoşbəxtlik də ondandır, klassik
pedaqoqlarımızın xeyirxah əməlləri, sözləri
və əsərləri nəsildən-nəslə
ötürülmüşdür, necə ki, N.Tusi, Qəvamüddin
Əbu Əli Həsən, Məhəmməd Naxçivani,
Mirzə Kazım bəy, A.Bakıxanov, F.Köçərli və
başqalarının qiymətli irsi Əhməd Seyidov, Mehdi
Mehdizadə, Hüseyn Əhmədov, Əliheydər Həşimov,
Yəhya Kərimov, Fikrət Seyidov, Əjdər Ağayev, Yusif
Talıbov, Mircəfər Həsənov layiqincə davam
etdirdilər. Bu gün isə çağdaş
pedaqoq-alimlərimiz, ləyaqətlə sələflərinin
etimadını doğruldurlar. Onlardan biri də pedaqoji
elmlər doktoru Həsən Bayram oğlu Bayramovdur və
"Bayramoğlu" soyadı ilə tanınır da! Mən vaxt olub onun haqqında, elmi-pedaqoji fəaliyyətinin
mahiyyəti barədə yazmaq istəmişəm, lakin
qayğılar, yeri gələndə unutqanlıq bu istəyimi
unutdurub, "bu gün sabaha" qoyubdur. Və
gəlib 2018-ci ilə çıxıbdır; bilməmişəm
1953-cü ildə Qərbi Azərbaycanımızın
Krasnoselo bölgəsinin Toxluca kəndində doğulan Həsən
müəllim yaşın bu zirvəsindədir. Bəli, illər bir göz qırpımında
yetişdi. Hansı ki, doğma
saydığım Pedaqoji İnstitutunun aspirant və müəllim
işlədiyi vaxtı xatırlayıram. Bir
vaxt görkəmli pedaqoqumuz, pedaqoji fikir tarixinin patriarxı
Əhməd Seyidov haqqında "İllər hara tələsir?"
oçerkini qələmə almışdım.
Ağılıma gəlməzdi ki, bir zaman bu sualı
özümə və sənət, qələm dostlarıma
ünvanlayacam!
Həsən Bayramovla tez-tez görüşürəm,
ürək dolusu söhbətləşirik. Onun
keçdiyi yola nəzər salıram. Öz ulu
diyarında doğulub yaşamaq, təhsil almaq, Bakı
mühitində məşhur "APİ-çi" olmaq
şərəfi, sonra fərqlənmə diplomu ilə
aspiranturanı (Elmi Şuranın qərarı ilə) yox,
doğma rayonuna, kəndinə üz tutmaq, pedaqoji və ictimai
vəzifələr daşımaq.
- Bu yol mənim
həyatda, seçdiyim peşədə püxtələşmək
imkanları yaratdı. - Həsən müəllim
vurğulayır. - Nəzəri bilik azlıq edir həyatda,
lazımdır bərkdən-boşdan çıxasan,
müdriklərə qulaq asasan. Antiq şair Esxil
demiş ki, müdriklik çox şeyi bilmək deyil, lakin
olanı bilməkdir. - Gülümsünür. - Pedaqoji
institutu qurtarıb istehsalata getdim və müsabiqə yolu ilə
(1987) Naxçıvan Dövlət Pedaqoji İnstitutuna müəllim
seçildim.
O,
ağır-ağır danışır, illərin
arxasından boylanır. Mən ötən əsrin
80-ci illərinə qayıdıram. Həsən
bəy artıq doğma təhsil ocağında qiyabi
aspiranturaya girmişdi, böyük pedaqoq, akademik Hüseyn
Əhmədovun elmi qayğısı ilə araşdırmalar
aparırdı. "Azərbaycan məktəb və
pedaqoji fikir tarixinin aktual problemləri" (1984)
kitabını mənə hədiyyə etmişdi... Üzeyir
Hacıbəyov və Azərbaycan pedaqoji fikir" (1984),
"Azərbaycanda Sovet pedaqoji elminin təşəkkülü
və inkişafında (1920-1940) rus sovet alimlərinin
rolu", "Müəllim kadrları
hazırlığında mühüm mərhələ
(1961-1987) və onlarla elmi əsərini nəşr etdirdi. Mən
bu tədqiqat işlərini xatırlayıram: O illər bir
fantom kimi canlanır: pedaqoji mühitdə bir qaynarlıq,
yaxşı mənada rəqabət, gənc elmi kadrlara yetərli
yanaşma vardı. Hüseyn Əhmədov, Yusif Talıbov, Nurəddin
Kazımov, Əyyub Tağıyev, Əliheydər Həşimov,
Fikrət Seyidov, Sabir Şəfiyev, Həmzə Əliyev,
Abbas İsmayılov, Abel Kərimov... Onların
arasında mənim də müəllimlərim olub və hafizəmdə
yaşatmağa borcluyam. Bu müqtədir
şəxslər sanki elm üçün doğulmuşdular,
təmənnasızlıq üçün
yaşamışdılar. Dahi Ədib Lev Tolstoy əbəs
deməmiş: "Alimliyə bir tac kimi baxma ki, bununla
öyünəsən; bir inək kimi də baxma ki, onu
sağasan". Bu klassik yanaşmanın qəhrəmanları
- müasirlərimiz məhz belə yaşadılar,
çalışdılar, yazdılar, öz şəxsi
nümunələrilə örnəkləşdilər.
Onlar hər bir gənc pedaqoqun elmi uğuruna
sevinərdilər, elə bil özləri yazmışdı.
Kiçik bir detal: Hətta qəzet məqaləsi dərc
olunanda ya zəng atır, ya da üzbəüz
rastlaşıb təbrik edirdilər,
ruhlandırırdılar. Bu isə müəllif
üçün əvəzsiz töhfə idi, yeni uğura
atılan imza idi! Başqa bir detal: Öz kitablarını
avtoqrafla bağışlayırdılar. Beş-altı
cümlədə sənin xarakterini, qabiliyyətini ümumiləşdirirdilər.
Arxivimdə olan böyük pedaqoqlardan Hüseyn Əhmədovun,
Yusif Talıbovun, Fikrət Seyidovun, Əjdər Ağayevin,
Əliheydər Həşimovun ... avtoqraflarında onların
nurlu simalarını görürəm, dünyasını dəyişənlərin
ruhuna işıq arzulayıram. Mən bu hissimi ona görə
gizlətmək istəmədim: bu gün nisbətən gənc
pedaqoq-alimlərdə ənənə unudulmuşdur. Diqqətsizlik yaranmış ki, gənclərə
mövzu təklif edəndə, yaxud yazısını oxuyanda
həmin mövzudan ilk tədqiqat aparan belə unudulur. Elə isə həmin gəncdə laqeydlik yaranacaq,
çünki "ustadı" belə hərəkət
etmişdir.
Gizlətmirəm və açıqlayıram ki, Həsən
Bayramov bu metaformozalardan uzaqdır, sələflərinə
qarşı diqqətlidir, xələflərə isə
qayğıkeşdir, səbəbsiz deyil - elmin insanlıq və
sərt tərəflərini yaşamışdır. Bəlkə də
bir mühüm səbəbi onun pedaqoji fikrimizin dəyərliliyini
araşdırmaqdır, klassikamızın nümayəndələrinin
xarakterlərinə varid olmağıdır. Bu klassiklərimiz vəzifə üçün dəridən-qabıqdan
soyulmamışlar, şəxsiyyətlərinə xal
salmamışlar və belə niyyətə düşməmişlər.
Böyük şair Ə.Nəvai demiş ki, əgər alim
yüksək vəzifə üçün alçalırsa
bu, onun nadanlığına dəlalət edir...
Həsən
Bayramovda bir keyfiyyəti həmişə
alqışlamışam özlüyümdə: istedadına
arxalanıb yerində saymamaq və inadkarlığı ilə
tədqiqatından soyumamaq, əksinə, irəliyə can
atmaq. Bu, onun həm namizədlik, həm də
doktorluq dissertasiyaları tamamlamaq və müdafiə etməkdə
də özünü bariz göstərdi. "Azərbaycanda sovet pedaqoji elminin təşəkkülü
və inkişafı (1920-1931-ci illər)" mövzusunda
pedaqogika üzrə fəlsəfə doktorluğu
adını almasıdır.
Bu, 1989-cu ilə təsadüf edir. Otuz altı
yaşlı gənc (yaş bölgüsünə yenidən
baxmaq lazımdır) artıq pedaqoji mühitdə
tanınırdı. Bir neçə
kitabı, onlarla məqaləsi işıq üzü
görmüşdü, respublika elmi konfranslarında müntəzəm
çıxış edirdi. Bəzən pedaqoq həmkarlarından
akademik Hüseyn Əhmədov, professorlardan Fərrux Rüstəmov,
Əmrulla Paşayev, Müseyib İlyasov, Eldar Abaszadə,
İramin İsayev və digərləri ilə müştərək
araşdırmalara müəlliflik edirdi.
H.Bayramov ədəbiyyatı sevən, folklor
yaradıcılığını bilən, klassik şəxsiyyətlərin
irsinə bələd bir alimdir, çün, mütaliəçidir. M.F.Axundzadə,
N.Nərimanov, F.Köçərli, Ə.Seyidov, H.Əhmədov
kimi şəxsiyyətlər onun üslubuna və
zövqünə daha yaxın olmuşlar. Məsələn,
M.F.Axundzadənin yüksək humanist
yaradıcılığı və maarifçilik
görüşləri haqqında məruzəsi Moskvada
sessiyada (pedaqoqların) səslənmişdir: 1991. Əsərlərinin bir qismi akademik Hüseyn Əhmədovun
tədqiqatlarına həsr edilmişdir.
Elmlər doktoru, bir dosent olaraq Həsən Bayramov məhsuldar
alimdir, bunu çəkinmədən deyirəm. Hər il
pedaqoqun onlarla jurnal və qəzet məqalələri nəşr
olunur. Və bu siyahıda tematika müxtəlifliyi nəzərə
çarpır, hərçənd, mərkəzi mövzu
pedaqoji fikrimizin tarixi səhifələri konkret desək:
"Çar Rusiyasının Azərbaycandakı təhsil
siyasəti: unifikasiya prosesi və tarixi-pedaqoji paradiqmanın
formalaşması" - eyni adlı monoqrafiyada
toplanmışdır. Həsən müəllimdə inadkarlığı
vurğularkən bir nüansı xatırlatmaq istərdim: tədqiqatın
dərinliyini və genişliyini qurban verməmək, təmkinlə
nəticəni gözləmək. Beş-altı il əvvəl Həsən müəllimdən
gileyləndim ki, nə üçün doktorluq işini
müdafiə etmirsən? Araşdırmaların
yetərincədir, ortadadır, praktik həllini
tapmışdır. O, özünə xas təbəssümlə:
- Allahverdi müəllim, - dedi. - Son nöqtəni qoymağa tələsmirəm.
Hər şey ürəyimcə olmasa tribunaya
çıxmaram.
Haqlı idimi? Harada "bəli", haradasa "yox"! Bu təsdiq və inkar dilemma deyildi, məsuliyyət
hissiydi. Lazım gəlir ki, tələsməmək,
düşünmək və təhlil etmək - bunlar daxili
atributlardır, insanın yaşam tərzini arqumentləşdirir.
Böyük psixoloq Q.Lebon yazırdı ki,
xoşbəxt yaşamaq üçün lazım olandan
çox düşünməliyik. Bu qənaətdən
sonra Həsən bəylə razılaşmaya bilmədim.
Vaxt özü onu tələsdirdi, 2017-ci ildə
müdriklik zirvəsində "Çar Rusiyasının Azərbaycandakı
təhsil siyasətinin əsas istiqamətləri"
mövzusunda dissertasiya işini müdafiə edib, pedaqogika
üzrə elmlər doktoru elmi dərəcəsini aldı
(Bakı E.P.№01 846). Bu, o fundamental tədqiqatla
şərtlənir ki, 24 çap vərəqi həcmində
monoqrafiyası, 40-dək elmi məqaləsi (Samarada, Alma-Atada,
Münhendə, Moskvada, Türkiyədə, Krasnodarda, Koreqdə
və b. xarici ölkələrdə) elmi ictimaiyyətə təqdim
edilmişdir. Bundan əlavə H.Bayramov
onlarla proqramların, metodik tövsiyələrin (göstərişlərin),
tezislərin, dərsliklərin, dərs vəsaitlərin
müəllifidir. Qeyd etməyi lazım
bilirəm ki, Həsən Bayramoğlunun yetərli publisist qələmi
vardır; ictimai-sosial hədislərə çevik reaksiya
verir, jurnalistlərlə anlaşılır, həyati
müsahibələrində zamanın nəbzini tutur. Bu
alimlə, pedaqoqla söhbət etmək xoşdur: təmkini,
müsahibini dinləmək bacarığı, faktlara
reaksiyası, ünsiyyətcilliyi. Mən bu son
sözü bilərəkdən "sona" saxladım.
Bu gün gizlin deyil ki, ünsiyyət mədəniyyətini
itirməkdəyik.
Həsən Bayramovda kamil şəxsiyyəti
özündə ehtiva edən keyfiyyətlər onun şəxsi
və ictimai mühitin həmişə diqqətində
saxlamış, təqdir edilmişdir. Həmkarlarından: professorlardan Fərrux
Rüstəmov, Müseyib İlyasov, İramin İsayev,
İntiqam Cəbrayılov və başqa pedaqoqları
xatırlatmaq yerinə düşür. Bu simalar
çağdaş pedaqogika elminin ən aparıcı nümayəndələridir
və bu sətirlərin müəllifinin hörmətində,
qürur hissində yaşayanlardır...
Pedaqoji
elmlər doktoru Həsən Bayramov yeni monoqrafiyasını
("Çar Rusiyasının Azərbaycandakı təhsil
siyasəti: unifikasiya prosesi və tarixi pedaqoji parodiqmanın
formalaşması") avtoqrafı ilə mənə
bağışlamışdı. Üç
yüz altmış altı səhifəlik bu fundamental
kitabı həvəslə, təmkinlə oxudum. Nə gizlədim, əsər "tutdu" məni.
Müəllifin peşəkarlığı və yazmaq səriştəsi;
tarixi faktlara və arxiv materiallarına dəqiqliyi;
böyük bir dövrümüzün dünyəvi və
milli təhsilimizi vətəndaş mövqeyindən təhlilə
cəlb etməsi - bu "triada", ümimiyyətlə, Həsən
müəllimin vətənpərvər alimliyindən soraq
verir: Monoqrafiyada ictimai-humanitar elmlərin müasir
inkişafı zəminində tarixi keçmişimizə
obyektiv yanaşması, mühüm detallara sosial-fəlsəfi
münasibət: Çar Rusiyası zamanında Azərbaycana
yönəlik təhsil siyasətinin məzmununa və mahiyyətinə
aydınlıq gətirmişdir. Bu cür əsərlər
hər dəfə yazılmır, illərin zəhmətində,
axtarış inadkarlığında hasilə gəlir. Və monoqrafiya haqqında geniş həcmli
ressenziyamı çap etdirdim, yüngülləşdim.
Mən hər bir alimin uğuruna sevinirəm; bu, daxili-mənəvi
rahatlığın bir şərtidir...
Həsən
Bayramov 1990-cı ildən 2014-cü ilə qədər ADPU-nun
"Ümumi pedaqogika" kafedrasının dosenti vəzifəsində
çalışmış, tələbələrə
biliyini aşılamış, onların iç
dünyasına laqeyd qalmamışdır. 2014-cü
ildən etibarən Dəmir Yolu və Metropoliten üzrə
Bakı Dövlət Peşə Təhsili Mərkəzinin
direktoru olmaqla, bu gün də doğma institutunda əmək fəaliyyətini
davam etdirir. Başqa cür necə
mümkündür? Pedaqoq-müəllim
auditoriyasız necə yaşaya bilər?
Mən Həsən Bayramovla
çalışdığı təhsil ocağında
görüşdüm. Bu bina mənə lap əzəldən -
"Təfəkkür" Universitetində işlədiyim
illərdən tanışdır. Mərkəzin
binasından biz də istifadə edirdik - dəmiryolu
ixtisasına yiyələnəcək tələbələr
üçün. Həyətə girəndə
ayaq saxladım, yaşıllıq, səliqə-səhman.
Xatirələrə qayıtdım, burada illərim
keçmişdi. İçəri girdim, mərtəbələri
gəzdim maraq üçün. Burda da bir
sığallıq, sakitlik, ab-hava, rastlaşdığım
müəllimlərin mənə diqqətliliyi, nə istədiyimə
olan sualı - qürurlandım və Həsən müəllimin
bacarığından, iş rejimindən, təhsilə aid sənədlərin
yerli-yerində olmasından soraq verirdi. Atalar deməmiş ki:
"Çörəyi ver çörəkçiyə,
birini də üstəlik".
Həsən müəllimlə üzbəüz oturdum,
hansısa iclasdan gəlmişdi, yorğun təsiri
bağışlayırdı, amma
çalışırdı mənə təsirli olmasın. Düzü,
xeyli vaxtdı görüşmürdük. Uzaq illərə də qayıtdıq,
dünyamızda olmayan müəllimlərimizi,
pedaqoqlarımızı yada saldıq, Allahdan rəhmət dilədik.
Yaşayanların iş-gücündən, səhhətlərinin
durumundan xəbərdar olduq... O, bilmədiklərimdən, xəbər
tutmadıqlarımdan xeyli danışdı və astadan dedi
ki, illər yamanca üstümüzü aldı, elə bil
dünən yaşamışıq bir ömrü. - Armudu stəkanda
çayı soyumuşdu, bir-iki qurtum içdi. -
Çayını soyutma. - Diqqətini mənə yönəltmişdi,
bu, mənə tanışdı. Axı o illər
məni də qabaqlamışdı.
Dərindən
köks ötürdü, qarşısındakı qəzetləri
kənara qoydu:
- Hə,
Allahverdi müəllim, Həsən Bayramov da 60-ı
keçdi. - Susdu. - Üstə beş ili də
gəlsək? Nə etməli, yaşadıq, necə
yaşadıq, nə deyim!
Hər
halda pis yaşamamısan, xeyirxah işlərə
ünvanlanmısan, tələbələrə dərs demisən,
dostlar, həmkarlar qazanmısan...
Həsən müəllimi telefona
çağırdılar. Bu imkandan mənim yaddaşıma pay
düşdü və oxuculara təqdim etdiyim bu yazını
xoş təəssüratla özümlə apardım. Amma istedadlı və məhsuldar pedaqoq-alimin
yaşını "gizlətdim", özüm də bilmədən,
nə səbəbə? Bəlkə
"yetmiş yaş"dı məni çaşdıran?
İllərə nə var ki!
Allahverdi Eminov
Ədalət 2018.- 18 may.- S.6.