Pir
Hekayə
"Qurban olum pir sana!
Nə yatıbsan, dursana!"
Mirzə Cavad bərk yorulmuş,
hıqqına-hıqqına qapıdan evinə daxil olub, əbasının
altından bir yeşik çıxardıb qapının
ağzına qoydu. Bir dəsmala da bağlı
üç-dörd kitab pəncərənin taxtasının
üstünə qoyub, özünü yıxdı
ocağın qırağına. Arvad əlində
toxuduğu corabı atıb, qalxdı ərinin
başı altına bir mütəkkə qoydu. Mirzə
başını mütəkkənin üstünə qoyub
uzanmaqda olsun, biz də onun kim olduğunu nəql
edək. Mirzə Cavad küçə mirzəsi
idi. Böyük şəhərlərdə,
məsələn, Tiflisdə, Bakıda, Irəvanda, Gəncədə
onları görmək mümkündür. Bunları ya məscid darvazasının altında, ya
meydanlarda, ya məhz küçələrdə görərsiniz.
Bir xırda palaz salıb, qabaqlarında bir
yeşik və yeşiyin üstündə İki-üç
kitab, bir qələmdan, neçə varaq kağız, əyləşib
müştəriyə müntəzirdirlər. Bu mirzələrin müştəriləri əksərən
İran hambalları olar ki, gəlib vətənə
kağız yazdırarlar. Şəhər əhalisindən
də bunların yanlarına gəlib kağız
yazdırarlar, istixarə etdirərlər, fala baxdırarlar,
dua və cadu yazdırarlar...
İrəvanda bir belə mirzənin hətta kəbin kəsdiyini
görmüşəm. Söz yoxdur ki, ticarətin mədaxilinin qədəri
bağlıdır müştərinin az-çoxluğuna.
Həmçinin bu mirzənin də mədaxili
gündə bir abbası ilə bir manatın arasında
dolanırdı. Mirzə Cavad da bu mirzələrdən
idi. Mirzə Cavadın bir oğlu var idi: iyirmi
üç-iyirmi beş yaşında,
adı Əhməd. Bu oğlan bilyard oyununu özünə
peşə eləmişdi. Hər gün
sübh gedib gecə yarısı gəlirdi. Oğlan oyuna bir mərtəbədə aludə
olmuşdu ki, gecə vaqiədə də oyundan
sayıqlardı. Elə görərdin deyir: "Rejotuza
sredino", "uqol desyatovo", "rəhmətlik oğlu,
sən ki oyunçu deyilsən, odunçusan! Utanmırsan,
mən tək hərifin qabağına
çıxırsan?"... Bu növ hədyanatdan
sübhədək danışıb, sübh durub çay
içməmiş gedərdi. Əhmədin,
doğrudan da, özünə hərif deməkdə haqqı
var idi; doğrudan da, bilyard oynamaqda məharət yetirmişdi
və şəhərdə də oyunçular arasında
şöhrət qazanmışdı. Əhməd
çox pul udardı. Amma
hamısını xərc edib evə bir qəpik gətirməzdi.
Evin dolanacağı ancaq Mirzə Cavadın qələminə
bağlı idi. Arvad bir stəkan çay
töküb mirzənin qabağına qoymuşdu. Birdən Əhməd daxil oldu. Gözlərinin
altı göyərmiş, burnu qanamış,
çuxasının bir qolu yox, paltar başdan-ayağa
tabaşirə bulaşıq, xülasə, xubunca
döyülməyin hər bir nişanəsi zahirdə.
Anası
oğlunu bu sifətdə görüb soruşdu:
- A bala,
bu nə kökdü düşübsən?
Mirzə
Cavad arvadın səsinə geri dönüb oğlunun halətini
görüb başladı söylənməyə:
- A məlun,
ay xəsərəddünya vəlaxirə, bu nə sifətdir?
Məgər başına peşə qəhətdir?
Məgər Allah buyuran peşələrin
birisinin dalınca gedə bilməzsən? Heç
utanmırsan ki, səni üçdə bir, beşdə bir bu
günə salıb mənim üstümə göndərirlər?
Bir boyuna bax, məndən utanmırsan,
tay-tuşundan həya elə.
Xülasə, Mirzə Cavad o ki deməli idi, oğluna
deyib, ürəyini boşaltdı. Sonra oğlu ağzını
açıb atasının məzəmmətinin
qabağında söylədi:
- Əlbəttə,
adam ki kasıb oldu, onu döyərlər də,
söyərlər də. Adına divanə də
deyərlər. Mənim pulum olsa, bir beş
qoçu da mən saxlaram. İnsafdır ki,
Hacı Rəsulun oğlu kimi it məni döydürsün?
Təqsir onda, amma döyülən mən! Sən Allah, bir
qulaq as! Şarı naznaçit eləyib uqola, şar
gedib sredinaya düşür. Şarı götürüb
deyir: "Elə mən sredinaya naznaçit eləmişdim".
And içdim, şahid göstərdim, markyordan
xəbər aldım. Heç birisinə qulaq asmayıb
dedi: "Elə belədir ki, belədir". Axırda bircə
dəfə dedim ki, qardaş, bu ağ
yalanı nə üçün deyirsən? Elə
onu dediyimi gördüm. Birdən üstümə bomba
kimi partladı: "Adə, Prişkeviçin oğlu! Sən mənə yaman deyirsən?" Cinim vurdu başıma, yaxasına əl atan kimi
üstümə iki qoçu düşdü. Onlar üç, mən tək. Məni
bu kökə saldılar. İndi mən
bir dövlətli kişinin oğlu olsa idim, Hacı Rəsul
oğlunun ağzı nə idi mənim yavığıma gələ
bilə idi. Əgər qoçular olmaya
idi, ona elə qapaz ilişdirərdim ki, gözləri axund
fanarı kimi yanardı.
Atası
xəbər aldı:
- Ay
oğul, Poroşdoviç dedin, nə dedin, o nə
sözdü?
- Nə
bilim nə sözdü. Yaxşı söz olsa
öz atasına deyər. Soruşdum, dedilər
ki, bu təzə rus söyüşüdür. Mənim bu kökə düşməyimin səbəbi
bax mənim bu ocaq qırağında uzanıb yatan atamdır.
Mirzə
Cavad yerdən bir halətdə sıçradı ki, ev onun başına uçsa idi, belə cəld
sıçramazdı. Üzünü oğluna tutub dedi:
- A gədə,
a zındıq oğlu zındıq!.. Gündə bir dəfə səni it kimi döyəcəklər,
təqsir məndə olacaq?
- Hə,
gündə bir dəfə məni it kimi döyəcəklər,
təqsir səndə olacaq. Həştad
yaşın var, hanı sənin dövlətin?
Tay-tuşlarının hərəsi bir kişi
olub meydana çıxıblar. Sən elə
yüz ildir, gözünü bir qələmdan ilə bir
kitaba dikibsən. Heç ölürsənmi?
Sənin üstündə Nağının
oğlu Musa gəldi milyoner oldu. Arabaçı
Şəmsinin evinə Buxara əmiri qonaq gəlir. Hacı Zeynalabdin gündə iki şahıya
çiynində palçıq daşıyırdı. İndi çiyninə palçıq tabağı əvəzinə
yaranal poqonu taxır. Axır bunların
hamısı sənin yoldaşlarındır. Sən niyə özünə bir gün
ağlamayıbsan? Hanı sənin də
buruqların, zavodların, beşmərtəbə evlərin?
Kişi
dedi:
- Ay balam!
Məni basıb yeməyəcəksən ki?
Onlara Allah verib, mənə verməyib, davan var, get Allah ilə
elə. Dövlət ki, yerin deşiyindən
çıxmaz.
Bu söz
Əhmədi daha da hirsləndirdi:
- Bəs
bu dediyim adamların dövlətləri göydənmi
yağıb? Hamısının dövləti
yerin deşiyindən çıxmayıb, hardan
çıxıb? Şüurun ola
idi, vaxtında xalq tutan yerlərdən bir beş desyatin də
sən tuta idin, indi də bir kişi ola idin.
Mirzə
Cavad cavab verib dedi:
- Ay
oğul, nə olar bu qoca atana elədiyin nəsihətdən
bir az da özünə eləyəsən?
Yer deşiyindən pul çıxartmaq asan isə,
get sən də çıxart. Pul qazanmaq
şüur, fərasət istər isə, səndə də
olsun.
Bu söz Əhmədi tutdu; Əhməd bir dərin fikrə
gedib, birdən guya yuxudan ayıldı.
-
Yaxşı, ata, indi mən yer deşiyindən pul
çıxardım, sən də tamaşa elə!
Bu sözü deyib, evdən çıxdı.
Mirzə Cavadın kənddə atasından qalma bir
xırda bağı və içində də bir somiəsi
var idi. İstilər düşəndə arvadını
götürüb gedib orada payızadək qalardı. Amma oğlu şəhərdən əl çəkməyib
gecə-gündüz vaxtını bilyardxanalarda keçirərdi.
Ata ilə oğul arasında yuxarıda zikr
olunan söhbətdən bir-iki ay keçəndən sonra,
Mirzə Cavad köçdü kəndə. Bu dəfə Əhməd də atası ilə
getdi. Atası soruşdu:
- A bala, səndən
çıxmayan iş. Nə oldu ki, sən də
bağa gedirsən?
- Gedirəm
yer deşiyindən pul çıxartmağa.
Atası gülüb bir söz demədi. Xülasə,
yığışdılar bağa.
Bir gün Mirzə Cavad gördü ki, oğlu ətəyinin
altında bir külüng gətirib evin bucağına
atdı.
Soruşdu:
- Bala,
bunu nə eləyirsən?
Dedi:
- Bəs,
gərək yer qazam ki, oradan pul çıxsın. Bu külüng ilə bağda quyu qazıb,
içindən pul çıxardacağam.
Mirzə
soruşdu:
- Bala, sənin
başın xarab olmuyubdur ki?
- Eliyəndə
duyarsan.
Gecə camaat yatandan sonra Əhməd külüngü
götürüb getdi bağa. Gün çıxana yaxın Mirzə
Cavad dəstəmaz üçün həyətə
çıxıb, gördü oğlu qapının
qabağında beş arşın dərinliyində
bir quyu qazıb. Yaxına gedib gördü içəridə
işləyir, dedi:
- Ay balam,
nahaq yerə bu əziyyət nə lazımdır, niyə
özünü incidirsən?
Cavab verdi:
-
Kişi, danışma. Az qalıb pul
çıxsın. Gecədən nə
keçib?
- Az
qalıb gün çıxsın.
- Bəs
onda bu gecəlik kifayətdir. Qalanı da
qalsın sabaha.
Mirzə Cavad yəqin etdi ki, oğlunun başına hava
gəlib.
Halı xarab olub öz-özünə deyirdi:
- Pərvərdigara! Varım-yoxum bircə oğlum var, o da divanə! Məsləhət sənindir, yarəbbi!
Bu minval ilə neçə gecə bir-birinin dalınca Əhməd camaat yatandan sonra gedib bağda sübhədək işləyib, gün çıxanda gəlib yatardı. Neçə vaxt keçdi, günorta zamanı Mirzə Cavad şəhərdən gəldi kəndə (neçə gün idi getmişdi). Əhməd yeriyib atasının qolundan tutub, gətirdi qazdığı quyunun yanına:
- Ata, görürsənmi?
- Görürəm, oğul!
- Bu nədir?
- Nə olacaq, quyu!
- İndi buraya gəl! Bu əncir ağacının dibindəki deşiyi də görürsənmi?
- Görürəm, oğlum, nə olsun?
- Nə olsun? Ay fəqir kişi! O quyudan burayadək lağım vurmuşam...
Yenə başa düşmürsən?
- Yox, oğul. Oxuduğum mənə qənim olsun əgər bir şey anlayıramsa. Nə olsun? Qapının ağzında bir quyu qazıb, yerin altı ilə bir lağım vurub gəlib çıxıbsan əncir ağacının dibinə. Burada bir deşik açıb aparıb o lağıma bitişdiribsən.
- Nə olsun? Elə haman pul deşiyi budur. Get
anamı buraya çağır, o başa düşər.
Mirzə Cavad başını bulaya-bulaya arvadını
gətirdi. Əhməd anasının qolundan çəkib
deşiyi göstərdi.
- Ana,
görürsən?
- Niyə
görmürəm, bala!
Anası da oğlu qazan yollara bir-bir bələd oldu.
Əhməd
dedi:
- Ana! Bu gecə mən quyudan girib lağım ilə əncir
ağacının dibinə gəlib bir şam yandırıb
deşikdən dışarı çıxardacağam.
Sən get qonşu arvadlardan bir-ikisinə qorxa-qorxa nəql elə
ki, bəs bizim əncir ağacının dibində
çıraq yanır. Ondan sonra gəl, otur
evində, işin yoxdur.
Mirzə
Cavad sevinmiş dedi:
- Afərin,
oğlum, yer deşiyindən pul çıxdı. Qoçaq
oğlum, zirək oğlum!..
Əhmədin
anası gedib keyfiyyəti bir neçə qonşuya dedi. Bu qonşudan o qonşuya, Gülpəridən Xanpəriyə,
Xanpəridən Şahpəriyə... gecə vaxtı Mirzə
Cavadın həyəti arvadlar ilə doldu. Hər kəs
baxıb həqiqətdə əncir ağacının dibində
şamın yandığını görürdü... Amma heç kəs qorxudan yavuğa gedə bilmirdi.
Fatmanisə xala çox ürəkli idi, dedi: "Mən gedib
baxaram". Şama yaxınlaşan kimi şam
söndü. Dala qayıdıb, camaatın
içinə gələndən sonra gördü şam yenə
yanır. Daha əncir ağacının pir
olmağına camaatda şəkk qalmadı... Pirin
tərifi cəmi ətraf kəndlərə, hətta şəhərə
də düşdü.
Zəvvarların
ağzı açıldı: qoyun qurbanı gətirən kim, pul gətirən kim, yağlı
çörək gətirən, qoğal gətirən, fəsəli
gətirən, pirə halva nəzir deyən və başqa nəzir
gətirən kim... Xülasə, Mirzə
Cavadın qapısı oldu xan qapısı. Hər gün azından iyirmi manat mədaxil olurdu.
Bəzi günlər mədaxil əlli,
altmış manata çıxardı.
Əhməd
dedi:
- Ata! İndi gördün yer deşiyindən necə pul
çıxar? İndi sən əyləş
burada, nə qədər kefindir istirahət elə. Gələn mədaxildən ayda əlli manat sənin
məvacibin. Qalan pulların hamısı mənə
çatacaq. İndi görüm Hacı Rəsul
oğlu kimi adamlar qabağımda necə duracaqlar.
O gündən
Şeyx Cavad piri şöhrət tapdı.
***
Bir gün küçə ilə gedirdim. Bizə tərəf
gələn bir faytonda bir damaqlı oğlan, yanında
başına minarə boyda şlyapa qoymuş sarı
saçlı qız, yanımdan yel kimi ötdü.
Yoldaşımdan onun kim olduğunu
soruşdum.
Cavab verdi.
- Buna Mirzə
Cavad oğlu Əhməd deyərlər; yanındakı da
matuşkasıdır.
Haqverdiyev, Əbdürrəhim bəy
Ədalət 2018.- 18 may.- S.1;5.