Geriyə yol varmı...
Nemət Veysəlli
(əvvəli
ötən saylarımızda)
1929-1930-cu illərdə, kollektivləşmə zamanı Azərbaycan bəylərinin, adi, sıravi azərbaycanlıların dədə-babadan miras qalmış torpaqlarını qeyri-obyektiv, əcaib, qəraib şəkildə ölçüb-biçiblər. Bu hallar Qaryagin rayonunun erməni yaşayış məskənlərinə bitişik kəndlərində - Yuxarı Veysəlli, Ağbaşlı, Yuxarı Divanalılar, Cəmilli və Dördlərdə daha çox baş verib. Son dərəcə eybəcər və anlaşılmaz dərəcədə həyata keçirilib. Rus, erməni yerölçənləri bu kəndlərin xüsusi, qədim torpaqlarını xəngəl kimi doğrayıblar. Yenicə yaranmaqda olan DQMV-nin gələcək ərazilərini genişləndirilsin deyə, Azərbaycan kəndlərinə, Azərbaycan bəylərinə məxsus torpaqların başına min oyun açıblar. Yenicə yaranmaqda olan, hələ heç bir cəhətdən - nə inzibati-ərazi bölgü, nə hüquqi, nə də status baxımından aydınlaşmamış onlara bitişik Azərbaycan kəndlərinin torpaqları bütöv, tam, necə var o cür yox, tikə-tikə, parça-parça edilib yeni yaradılacaq təsərrüfatda mərkəzləşib. Kollektivləşmənin elə ilk, ibtidai mərhələsindəcə ermənilərlə bitişik Azərbaycan kəndlərinin, torpaqlarının arasına sonralar, tədriclə partlayacaq bomba, mina qoyublar. Yeni yaradılacaq Vilayət bütün strukturları, parametrləri ilə Azərbaycan Sovet Sosialist Respublikasının tərkibində qatıldığı halda, qəsdən, süni şəkildə sonrakı illər, nəsillər üçün problemlər yaradıblar. Min illərdi bu torpaqların mərəsi, sərhəddi, kimə, hansı bəyə, hansı Azərbaycan kəndinə məxsus olduğu halda, rus, erməni və bizim maymaq yer ölçənlərimiz - sonralar bizi mübahisə və münaqişə zolağına salıblar. Təkrar edirəm, rus və erməni yerölçənləri azərbaycanlıların hamıya, hətta erməni məliklərinin özlərinə də yaxşı məlum, mübahisəsiz torpaqlarını yararsız, gələcəkdə mübahisə meydanına çevirmək üçün min oyundan çıxıblar. Kolxoz təsərrüfatları formalaşan ərəfədə Məşədkəndin fənagir qocaları iddia qaldırıblar ki, Hüseyn bəyin torpağının tən ortasındakı beş-altı hektarlıq "göy tala" bizə məxsusdu, Məlik Akopun yeridi. Dava-dalaş, mübahisə üçün bu da kifayətdi. Məlik Akopun beş-altı hektarlıq "göy tala"sına gedib-gəlmək üçün, sonrakı illərdə yollar, elektrik xətti çəkildi. Nəticədə Hüseyn bəyin yüz hektarlarla torpağı kommunikasiya xətlərinin altında qaldı. Ağoğlan dərəsində ta qədimdən azərbaycanlılara məxsus "Xəzəzin meşəsi", "Xəzəzin meşə"sinin dərinliklərindəki türk bağları, türk qəbiristanlığı, "rus bulağı" deyilən torpaqlar məhz bu cür fitnə-fəsadla sabiq AQMV-nin tərkibinə keçdi. Ermənilər xaçpərəst qardaşlarının köməkliyi sayəsində işlərini elə qurublar ki, Füzuli rayonunun Cəmilli, Yuxarı Divanalılar, Yuxarı Veysəlli kəndləri torpaqları, çayları və bulaqları ilə birgə - ada kimi ərazi-inzibati bölgü baxımından tabe olduqları rayonun ümumi ərazisindən tamam qırılıb, DQMV-nin əhatəsinə düşüblər.
Bizim dədə-babalarımız, başbilənlərimiz hara baxıblar - Allah bilir?!
***
Şirindil Bəyimin atası Nəriman kişi və Gülbəs xala ilə dəyirmandan nə vaxt çıxmışıq, qar-çovğun bizi nə vaxt və harada tutub - dumanlı söhbətdi. Günəşli havalarda Divanalılardan üzü yoxuşa, dağlara tərəf qalxırdın - dünya görünürdü. Güney və Qüzey Çartaz, Sosun dağları, Qanlı gədik, İsfahan, Veysəlli, Qızıl Qaya, Malakan kilsəsi, Məşədi Qasımın kəhrizi, Haramı düzü açıq-aşkar görünürdü.
Güclü küləklə əsən çovğun ulaqları, onların palanlarının üstündəki un küsələrini görünməz etmişdi. Bu minvalla bizi uzun müddət çovğun vursaydı həm özümüz, həm də neçə gündən bəri əziyyətlə hasil etdiyimiz un zay olacaqdı, xəmirə dönəcəkdi.
Rəhmətlik Nəriman kişi Divanalılardan Qaraxona düşən at, eşşək yolunu, cığırı yaxşı tanıyırdı. Vay o günə ki, yolda azaydıq.
O yadımda qalıb ki, birtəhər, zülmlə Qaroxondakı üçnovlu kəhrizə gəlib çatdıq. Kəhrizin novlarından isti buxar qalxırdı. Deyəsən burada, dağın döşündə çartazlıların mal ferması vardı. Erməni malabaxanları bizi isti bir yerə apardılar. Qonşular ulaqlarımızın islanmış yükünü açıb quru yerə qoydular. Nəriman kişinin qar, covğun vurmuş paltarları taxtaya dönmüşdü. Ermənilər onu bu vəziyyətdə görəndə bir az narahatlıq keçirdilər. Onun yaş, buza dönmüş paltarlarını soyundurdular. Bunlardan başqa kişinin paçasının arasında nəyi vardı - hamısı donmuşdu. Bir müddət keçdi. Özümüzə gələndən sonra bizi isti çaya, çörəyə dəvət etdilər. Gündüzdən yaxşı-yaxşı yemlənmiş inəklər, danalar isti tövlədə rahat-rahat yatmışdılar.
Səhər-səhər gecənin o qarından, çovğunundan əsər-əlamət belə qalmamışdı. Qarabağ dağlarının üstünə günəş qonmuşdu.
Təqribən iki-üç saatdan sonra kənddə, Nəriman kişigildə, onların evində idik. İsti sobanın qırağında, yumşaq döşəkçələrin üstündə əyləşib Qaraxon dərəsində başımıza gələnləri, çartazlıların bizə necə qayğı göstərdiklərindən danışırdıq. Məşəd xala, Bəyim danışdıqlarımıza heyrətlə qulaq asırdılar.
- İndi sizə isti samovar çayı verəcəm, soyuqdan gəlmisiniz.
Məşəd xala bu sözləri dedi və samovar qaynatmaq üçün ayağa qalxdı.
...Onun qəribə, kəndimizdə məmə deyəndən, pəpə yeyənə qədər hamının yaxşı bildiyi vərdişi vardı: qaynar suyu gec soyusun deyə, samovarı qaratikan, əncir kötüyü ilə qaynadardı. O, çay içən zaman gərək samovar pıqqapıq qaynayaydı. Samovarın dızıltısı kəsdimi, çayla dolu stəkanı o saat yerə qoyardı.
- Yox, samovar ki, dızıldamadı, mən o çayı içə bilmərəm.
İçdiyi çay da çox tünd
olardı. Tünd yox e,
çox tünd. Çayla dolu stəkanı aramla, naz-qəmzə
ilə içərdi. Sanki tamaşa göstərirdi.
Əllərinin, üzünün hərəkətləri
ayrıca seçilərdi.
Başını, sinəsini, bütün bədənini
bağlayırdı, çalmalayırdı. Bədəninin,
başının ağrıdığından həmişə
şikayətlənərdi.
Qoftasını, jempirini deyə bilmərəm, amma
çoxtaxtalı tuman, paltar geyərdi. Əyninə
geydiyi paltar şahmat taxtası, çoxxanalı qarmonun dilləri
kimi qat-qat idi. Yeridikcə paltarı o qədər
ağır idi ki, ya qabağa, ya da arxaya sarı
yırğalanırdı, yellənirdi.
Kənd uşaqları Məşəd xalanın qəribə
geyiminə, başını, saçlarını kip-kip
bağlamağına, necə çay dəstgahı
hazırladığına görə ona xüsusi maraq
göstərirdilər. Məşəd xala başqa müsbət
cəhətlərinə görə də uşaqların
sevimlisiydi. Uşaqları şirin dillə,
yalnız Məşəd xalaya xas nəvaziş, müraciət
forması ilə dindirirdi. Adama verəcəyi almanı dəfələrlə,
təkrar-təkrar paltarına sürtürdü,
qırmızılığı ilə göz
qamaşdıran alma bir az da
qızarırdı.
Başmaqçı
gədiyi
...Növbə
mənə çatanda dənimi üyütdüm. Amma şər qarışmışdı. Ala-çalpo qar da yağırdı. Qarabağın başqa təbii sərvətləri
ilə yanaşı qar yağanda da xüsusi mənzərə,
sözə, ifadəyə gəlməyən ponaram yaradır.
Qaratorpaq çöllər, dağlar, dərələr.
Mən bütün ömrüm boyu bu
torpaqları, bu mənzərələri təkrar-təkrar yad
edirəm. Əkin-biçin
üçün çətin yerləri böyürtkən,
qara kolluq basmışdı. Cır əzgil,
göyəm kolları özbaşına, heç bir qulluq
edilmədən bitən gül sahəsi. Qar
dənələri kolların, əzgil və gül
budaqlarının üstünə düşürdü,
havanın qış olduğuna inanmırdın. Dəvəboyun dağlar, qatar-qatar dərələr
adamın ağlını başından alır, xəyallar və
arzular aləminə düşürdün. Zador kişinin dəyirmanından ta
Başmaqçı gədiyinə qədər tamam başqa mənzərəydi.
Tut bağları, yeni salınmış toxmacarlıq,
Ağoğlan dərəsi boyu DQMV-nin, Yuxarı
Divanalıların mal-qoyun fermaları, yarımçıq təsərrüfatları.
Yarımçıq tikililərdən,
keşikçi daxmalarından havaya qalxan yanan sobaların
tüstüsü. Fermalara bitişik
maşın-mexanizm parkları da görünürdü.
Qarabağda nadir hallarda külək əsir.
Sakit qar yağır. Az
qala göydən yerə düşən qar dənələrini
barmaqla saymaq mümkündü. Səmadan yerə
yağan yumşaq qar göz qırpımında
qarşısına çıxan maneələri
parça-parça etməyə hazır qırmağa
çevrilir. Ya da yerə düşər-düşməz
suya, quşbaşına çevrilir. Göydən
yerə tikə-tikə edilmiş pambıq şəklində
düşən qar da var.
Zadorun dəyirmanından gələndə,
Başmaqçı gədiyinə çatar-çatmaz
geniş, göz uzandıqca uzanıb gedən qara torpaq sahədi. Onun
qaralığı da başqa cürdü. Min rəngli, min çalarlı. Demək
istədiklərimin dəqiqliyinə varsaq, Ağoğlan dərəsinin
güneyində belə qara torpaq zolağı sən deyən
o qədər də çox deyil. Traktorlar
torpağın altını üstünə çevirəndən
sonra qəribə mənzərə ilə üzləşirsən.
Torpaq gah qara, gah şabalıdı, gah da
qızılı rəngə çalırdı. Bir ovuc torpağı əlinə alırsan n- mədəndən
çıxarılmış qızıl külçəsini
xatırladır. Torpağı əllərinin içində
o üzə, bu üzə çevirirdin, elə bil nar dənələridi,
az qalır çaşıb ağzına
atasan.
Buna oxşar torpaqları mən Soltanalı kəhrizinin
su tutan hissəsində və Əstəməzdə də
görmüşəm. Gəzib-dolaşdığım yerlərdə
"torpaq" ifadəsi eşidəndə, mənim ilk
ağlıma gələn səkkiz-doqquz yaşlarımda
Ağoğlan dərəsində, Başmaqçı gədiyinə
çatar-çatmaz gördüyün o qaratorpaq düzlər
düşür. Başqa heç nə.
...Zadorun
dəyirmanından Başmaqçı gədiyinə qədər
sahələr güneydi. Adi torpaq yoldu. Amma nisbətən rahatdı. At,
ulaq rahat hərəkət edir. Amma
Başmaqçı gədiyinə çatdınmı, kəskin
şəkildə üzü yenişə gedirsən.
Ayaqların bədəninin çəkisinə dözmür, az qala yıxılacaqsan. Başmaqçı
gədiyində adamı qara basır, xoflanırsan. Gədik bir növ lağıma, tunelə
oxşayır. "Tunelə" daxil
oldunmu, səmadan başqa heç nəyi görmürsən.
Elə belə, adi və günəşli günlərdə
bu dağlara, dərin dərələrə baxmaq - xoş dəqiqələr
keçirmək deməkdi. Amma səkkiz-doqquz
yaşlı uşaq olasan, qaranlıq gecə, qarlı,
çovğunlu hava - adamı vahimə basır.
"Axı, dəyirmanda mənə dedilər ki, şər
qarışır, çıxma yola, qal sabah gedərsən. Nahaq sözə
baxmadım".
Gədiyin hündür döşləri, yarğın və
çalaları kol-kosdu. Gecənin qaranlığı, palanı,
tafqırı, çox da yaxşı bərkidilməmiş
ulaq. Hər şey ola bilərdi.
"Allaha şükür, gədikdən aralandım. Sərt
enişi də birtəhər düşə bilsəydim,
yaxşı olardı. Buradan keçdinmi,
o tərəflərdə yollar düzdü, rahatdı".
Qar yalnız at, ulaq üçün nəzərdə
tutulmuş yolun üstünü tamam örtmüşdü. Yol ala-tala idi.
Sulu, sürüşkən yerləri də
vardı. Yolun sürüşkən hissəsində
qəflətən eşşəyin dal ayaqları büdrədi,
bir-birindən aralandı. Elə bil
heyvanın ayaqlarını yerə mıxladılar. Palan əyildi, kisələr boynuna sarı
sürüşdü.
"İlahi, sən özün mənə kömək
ol. Palan aşsa, qanım getdi. Nahaq
sözə baxmadım, gərək səhərəcən dəyirmanda
qalaydım".
Ulaq elə
bil ürəyimdən keçənləri hiss etdi. Sürüşdüyü yerdəcə xırp
dayandı, tərpənmədi. Bu o demək
idi ki, ay Allahın yazıq bəndəsi, sənə şərait
yaradıram, palanımı, ipimi, tapqırımı
yaxşı-yaxşı düzəlt.
"Hə, hə, sən nə yaman ağıllısan. Amanın
günüdü, tərpənmə, tərpənmə.
Kisələr kəndirdən açılsa, yerə
düşəcək, yer də ki, su, palçıq. Evə
bir qırıq un aparıram, o da islanacaq,
xəmirə dönəcək. Kiçik
qardaşlarım, anam neçə gündü mənim yolumu
gözləyirlər".
Bütün
gücümlə eşşəyin boynuna sarı
sürüşən palanqarışıq un
kisələrini bir az arxaya itələdim. Xoşbəxtlikdən
yük gəlib əvvəlki vəziyyətinə
düşdü. Sonra da tapqırı,
palanın kəndirini bərk-bərk çəkib
sıxdım. Palan un kisələriylə
birgə nizama düşdü.
"Hə, əzizim, yaxşı qurtardıq. İndi rahatca
evimizə gedə bilərik".
Anam həyətimizdə səsimi eşitdi.
Hövlnək aşağı düşdü. Mənə
baxdı, qulaqlarını sallamış ulağa, unla dolu kisələrə
baxdı.
Sonra isti əllərini boynumda, boğazımda gəzdirdi. Görəndə
ki, bütün bədənim su içindədi, yaşdı,
başladı hönkür-hönkür ağlamağa.
- Anan
ölsün, sən nə hala düşmüsən...
Səhər açıldı. Anam evimizin arxasındakı təndirə
od saldı, yandırdı. Ay
parçası boyda isti çörəkləri təndirin ətrafına
düzdü. Qardaşlarım kürədən
təzəcə çıxmış çörəkləri
parçalayıb şirin-şirin yeyirdilər.
Onların belə şən, gülər üzlərini
görəndə ötən axşam Başmaqçı gədiyində
keçirdiyim ağrıları büsbütün unutdum...
***
Dadaş
dayının
at
arabası...
Gördüklərim
və yadımda qalanlar
Bu nəqliyyat
növünə nə ad desən vermək olardı: furqonmu,
at arabasımı. Məsələ burasında
idi ki, furqon, at arabası Dadaş dayının bir növ
ovqatı, vizit kartı idi. Onun bəslədiyi
atlar kəndin o biri atlarından tam fərqli idi. Hər gün boyun-boğazları, yalmanının
tükləri təmizlənirdi, qoşovlanırdı. Dadaş dayı bütün günü onların
nazı ilə oynayırdı. Cilovları,
yəhərləri də bütün günü havada
qurudulardı. Noxtasından, cilovundan
tuturdun, o qədər sağlam və gümrah idilər ki,
yerlə-göylə əlləşirdilər. Dadaş dayı atların hansı birisinə
işarə edən kimi (sirklərdə göstərildiyi
kimi) dal ayaqları üstə şahə qalxırdı, qabaq
ayaqlarını havada oynadırdılar.
Dadaş
dayının at arabasının funksiyaları da çoxdu: səhənglərlə,
bidonlarla kəhrizdən evinə içməli su
daşıyırdı, işi vacib olan, bərk tələsən
qonşuları, adamları magistral yollara
çıxarırdı.
Bir də görürdün aləm bir-birinə
qarışdı. Dadaş dayının gur və cingiltili səsi
evinin, qayanın üstündən eşidildi. O,
arabanın çağları arasına, taxta döşəməsinə
allı-güllü gəvə, kilim və palaz döşəyirdi.
Araba cağlar uzunu, bütövlükdə
alışıb-yanırdı. Yerlə-göylə
əlləşən atların gəlin kimi
boyun-boğazını bəzəyirdi. O, belə, səsi-küyü
ətrafa yayılan zınqırovları, rəngbərəng
şarları, ala-bəzək muncuqları haradan
tapırdı, - heç kim, hətta
doğma anası Əziz nənə belə bilmirdi. Qonşular, Rzalar obasının uşaqları -
Boran, Cıcı, Əbdil, Xoxu o saat bilirdilər ki, əgər
Dadaş dayı at arabasını gəlinsayaq bəzəyibsə,
deməli kimsə bəxtəvər olacaq. Mən alyı-yeddi yaşımda Dadaş
dayının at arabası ilə gəlin
köçürdüyünü də görmüşəm.
(ardı gələn
sayımızda)
Ədalət 2018.- 19 may.- S.14.