UNUDULMAZ
QABİLİMİZ
(Xalq
şairinin özü və onun yeddi cildliyi haqqında)
Xalq şairi Qabil. Özü bu dünyada yoxdur, amma xatirəsi qəlbimizdə yaşayır, poeziyamızın yaddaşında yaşayır. Bu il aprelin 4-də Qabilin vəfatından 11 il keçdi. Bir ay əvvəl oğlu Mahir Qabilin təzəcə çapdan çıxan yeddi cildliyini mənə hadiyyə etdi (bu yeddi cildliyin tərtibçisi və redaktoru Mahirdir). Dedi ki, atam sizin xətrinizi çox istəyirdi. Özümə mənəvi borc bildim ki, bu cildləri sizə hədiyyə edim. Bu yeddi cilddə Xalq şairinin demək olar ki, bütün yaradıcılığı əks olunub. Bu cildləri açıb vərəqləməmiş Qabil müəllimlə bağlı görüşlərimi, söhbətlərimi, isti münasibətlərimizi xatırladım. Mənim fikrimcə, hər bir yaradıcı insanın, özü də tanınmış bir sənətkarın şəxsiyyəti birinci sıradadır, onun şeirləri, yaratdıqları əsərlər isə bu şəxsiyyətin təsdiqidir.
Uzun illər Qabil müəllimdə müşahidə etdiyim bir çox insani cəhətlər vardı ki, onlar haqqında da danışmasam olmur (bu xüsusda iki il əvvəl jurnalımızın avqust nömrəsində az-çox danışmışam da).. Ən əvvəl qeyd edim ki, Qabil müəllim təkcə sağlığında yox, onu gördüyüm ilk günlərdən-yetmişinci illərdə mənə köhnə kişiləri xatırladırdı. Elə kişiləri ki, onların demək olar ki, hamısı bir-bir dünyasını dəyişdi. Qabil müəllim o köhnə kişilərin dostu olub, onlarla oturub-durub, onlardan görüb-götürüb. İkincisi; Qabilin yaradıcılığında yalnız azərbaycanlı olduğu, Azərbaycana məxsusluğu bilinirsə, danışığında sırf Bakı əhli olduğu, Bakı mühitinə, koloritinə məxsusluğu hiss edilirdi. O, tipik Bakı əhliydi, amma bütün ömrü boyu bəzən xəstəlik həddinə çatan regionçuluq mərəzinə tutulmayıb.
Üçüncüsü; Qabil müəllim heç vaxt istedada biganə qalmayıb. Doğrudur, o, kiminsə haqqında yazı da yazıb, onun qayğısını da çəkib, amma imkan verməyib ki, həmin adam Qabil müəllimin kölgəsinə çevrilsin.
Dost olub onunla. Qabil müəllim həm də hər bir kəsin ədəbiyyatda yerini, mövqeyini doğru-dürüst qiymətləndirirdi. Məsələn, bir dəfə o, televiziya verilişlərinin birində Əli Kərim poeziyası haqqında o qədər səmimi danışdı ki... Dedi ki, etiraf edirəm, Əli Kərim böyük şair idi.
Dördüncüsü; Qabil müəllim gözəl yol yoldaşı idi. Onunla yola çıxan adam gərək bir az hal əhli ola, yeyib-içə, amma kefli olmaya, gərək bir az səbirli ola - Qabil müəllimin zarafatlarına dözə, gərək evə - Bakıya qayıtmağa tələsməyə.
Bu mənim Qabil müəllimdə müşahidə etdiklərimdir. Ancaq bu məqamda mən gözəl şairimizin "Təmizlik" adlı şeirini xatırlayıram və mənim fikrimcə, həmin şeir şair Qabilin həyatda və sənətdə mənəvi ölçülərini təyin edən poetik məramdır.
Kişilərin sözündədir təmizlik,
Gözəllərin gözündədir təmizlik.
Düz deyən dil topuq çalıb dolaşmaz,
Günahsız göz kölgələnib bulaşmaz.
Ürəklərin telindədir təmizlik.
Zirvələrin selindədir təmizlik.
Qabil ədəbiyyata qırxıncı illərdə gəlmişdir. Yeddi cildliyin ikincisində öncə Qabilin həmin illərdə yazdığı şeirləri təqdim olunur. İlk şeiri ("Gəl baharım") 1944-cü ildə "Ədəbiyyat qəzeti"ndə çap olunmuşdu (şeirin aşağısında belə bir qeyd var: "Qabil ədəbiyyata "Ədəbiyyat qəzeti"ndə çap olunan bu şeirlə qədəm qoyub. 4 aprel həm də onun ölüm günüdür". Təsadüfə bax ki, mən də bu yazını 4 apreldə qələmə aldım). Elə ilk şeirindən hiss olunur ki, Qabil ədəbiyyata təsadüfi gəlməib, şeir texnologiyasını, qayda-qanunlarını az-çox mənimsəyib, klassik poeziyadan yaxşıca bəhrələnib. "Gəl, baharım!" şeiri əruzun oynaq bir bəhrində yazılmışdı:
Yenə bülbül kimi mən hicrinə yandım, baharım,
Səni sordum səni duydum, səni andım, baharım,
Dedilər: dünyada nemət nə deməkdir, desənə?
Çəkərək mən adını, tək səni sandım, baharım!
Gəlişinlə bəzənər şiş təpələr, gen dərələr,
Donunu al və yaşıldan geyinər mənzərələr.
Sadə daşlar şəfəqinlə alışıb parlayacaq,
Bir zəfər müjdəsitək ruh açacaq badi-səhər.
Bir müddət şeirlərini "Nikbin" təxəllüsü ilə çap etdirmişdir. Əgər ənənəvi bölgü ilə yanaşsaq, qırxıncı illərdə yazdığı şeirlərini onun ilk poetik məşqləri saymaq olar. Ancaq bu ilk şeirlərdə nəzərə çarpan bir məqamı nəzərə çatdırmaq istəyirəm. O da bundan ibarətdir ki, elə ilk şeirlərində Qabil poeziyada özünü təsdiq etmək istəyirdi. O, həmin illərin poeziyasının bir zərərli cəhətindən-saxta pafosdan uzaq olmağa çalışırdı. Sanki hər əlinə qələm alan da "bu şeiri Səməd Vurğun, Süleyman Rüstəm, Rəsul Rza, Məmməd Rahim oxuyacaq" deyə düşünürdü. Daha çox süjetli şeirlərə meyl edirdi, amma bu şeirlərdə lirik həyəcan, duyğu nəqli üstələyirdi. Qabil 1949-cu ildə yazdığı "Odunçular" və "Kənd müəllimi" şeirlərində sadə insanların həyatını qələmə almışdı. Gördüyünü, müşahidə etdiyini o, poeziya həqiqətinə çevirmişdi.
Əllinci illəri bütövlükdə Qabil yaradıcılığının axtarışlar dövrü adlandırmaq olar. Onun mənsub olduğu ədəbi nəslin nümayəndələri - Bəxtiyar Vahabzadə, Nəbi Xəzri, Hüseyn Arif, Əliağa Kürçaylı da poetik axtarışlar mərhələsini yaşayırdılar.
Qabil axtarırdı. Hər zaman, ədəbiyyatın hər mərhələsində olduğu kimi mövzu bol idi. Sadə insanlardan da yazmaq yasaq deyildi, əməkdən, zəhmətdən və əməkçilərdən də. Sevgi yenə poeziyanın şah mövzularından idi. Təbiət gözəlliklərinin tərənnümü də, Vətənin vəsfi də həmçinin. O dövrdə beynəlxalq tiperializmi ifşa edən, Kommunist Partiyasını, Lenini, Stalini, xalqlar dostluğunu, komsomolu vəsf edən şeirlər də bol-bol. Qabil də elə hamı kimi bu mövzularda yazırdı. Amma öncə dediyim bir fikri bir də təkrar edirəm: Qabil hamının getdiyi, üz tutduğu yolda öz cığırını arayırdı. Və tapdı o cığırı, onu ayrıca bir yola çevirdi. Bu məqamda mən Qabilin 1965-ci ildə yazdığı bir şeirini xatırlayıram. Fikrimcə, həmin şeir ("Şeirim") Qabil poeziyasının yerini və həm də məramını əks etdirir:
Saysız şeir içində adi şeirsən,
Ancaq nə şərikin, nə ortağın var.
Böyük bir axında üzüb gedirsən,
Xırdaca gəmisən, öz bayrağın var.
Əllinci illərdə Qabilin "xırdaca gəmisi" poeziya ümmanına doğru baş aldı. Hələ bu gəmi asta-asta sürət götürmüşdü, hələ sahildən uzaqlaşmamışdı. Bu "xırdaca gəmi" digər xırdaca gəmilər içindən özünə yol açırdı.
Altmışıncı illərdə Qabilin "xırdaca gəmisi" artıq poeziya ümmanına daxil olmuşdu. Şairin fərdi poetik üslubu bütün rəngarəngliyi ilə üzə çıxırdı. "Tramvay parka gedir" şeiri (üçüncü cilddə bu şeir poema kimi təqdim olunur) bu yolda ilk addım idi desək, səhv etmərik.
Gecə
saat bir,
Tramvay parka gedir.
Ləngərlə.
Bu ləngər
bilinməzdi -
Vaqon dolu olsaydə sərnişinlərlə.
Uzundur
parkın yolu,
Küçələr sükut dolu.
Relslərin
calağında çıqqıldayır təkərlər
Elə bil bir nəhəngin dişlərini tökürlər.
Məftillərdən
od qopur şimşək çaxan
sayağı.
Məftillər fışıldayır qızıl ilan
sayağı.
Alliterasiya ilə zəngin olan bu bu təsvirlərdən
sonra müəllif sürücü Baləli ilə konduktor
Münəvvərin söhbətini təqdim edir. Bu söhbətdə
onların işlə, güclə bağlı bütün
qayğıları əks olunub, onlar bir-birilərini sevirlər,
amma ev-eşikləri yoxdur. O zaman bu şeir böyük əks-səda
doğurmuşdu. Çünki Qabil bu şeirdə
zəhmətin "romantikasını" deyil, həyatın
reallıqlarını əks etdirmişdi, insanların
"qanadlı arzuları"ndan yox, onların gün-güzəran
ağırlığından söhbət açırdı.
Vaqif Səmədoğlu Qabilə həsr etdiüyi bir
yazıda etiraf edir ki: "Mənim mənsub olduğum nəslin
bir çox şairi Qabilin "Tramvay parka gedir" şeirindən
çıxıb".
Vəsf, tərənnüm motivləri də hər
hansı bir şairin yaradıcılığına qətiyyən
yad deyil. Hərçənd ki, neçə illərdir
şeirdən-şeirə, kitabdan-kitaba bir-birini təkrar edən
eyni vəsf və tərənnüm "priyomları"
axıb gəlir. Qabil də
yaradıcılığının ilk illərində bu
cür steotipdən qaça bilməyib, amma sonrakı illərdə,
onun poetik istedadı cilalandıqca eynilikdən
uzaqlaşıb. Belə ki, o, dağları vəsf edəndə
də yeni təşbehlər, poetik deyimlər tapıb, öz
"dağlar"ını yaradıb, bahardan, payızdan
qışdan yazanda da həmçining Azərbaycanı vəsf
edəndə də Qabilə məxsus poetik ifadələr,
obrazlar diqqəti cəlb edib. Şairlik məharəti də
elə bundadır - hamının müraciət etdiyi
mövzuya üz tut, amma təzə söz de:
"Göyçay narı", "Quba bağları",
"Azərbaycan torpağı", "Göygöl",
"Adsız bulaqlar", "Vətən" şeirlərində
olduğu kimi...
hər
şey qopar, ayrılar -
Ayrılmayan bəs nə var?
Mən,
Vətən!
Bu məqamda mən Qabilin dillər əzbəri olan
"Qoy danışsın təbiət" şeirinə
üz tuturam.
Əgər Azərbaycan təbiətinin gözəlliklərini
əks etdirən şeirlərdən ibarət bir poetik toplu tərtib
edilsə, Qabilin bir neçə şeiri və heç
şübhəsiz, "Qoy danışsın təbiət"
şeiri orada özünə yer tapacaq. Bu
şeiri xarakterizə edən bir səhət diqqəti
xüsusilə cəlb edir - süni və qeyri-təbii
görünə bilən heç nə yoxdur- "patetika
istisi, ritorika soyuğu" (Yaşar Qarayev) bu şeirə
doğma deyil.
Professor
Tofiq Hacıyev "Qabilin qabilliyi" adlı məqaləsində
yazır: "Qabil deməli olduğu sözü heç vaxt
saxlamayıb. Həmişə düşünüb: Tanrı
bu şairlik istedadını ona verib ki, xalqına gərək
olan sözü desin". Bu mənada Qabili
sözün əsl mənasında xalqa bağlı olan bir
şair hesab edirik. O heç vaxt xalq haqqında mücərrəd
danışmayıb, onun sevincinə şərik olub, dərdindən-sərindən
yazıb. Xatırlayaq 1990-cı ilin o dəhşətli
yanvar günlərini. O günlər təkcə
xalqımız deyil, şeirimiz də yas içindəydi.
Xalqın istilaya, zülmə qarşı çevrilmiş
etirazı poeziyada da dərhal öz əksini tapdı:
Qabilin "Mərsiyə" şeiri o zaman dillər əzbəri
idi. Klassik Azərbaycan şeirinin bu forması elə bil
yenidən doğuldu. Ümumiyyətlə,
Qabil 90-cı illərdə hamımızın ürəyindən
xəbər verən, bilavasitə məmləkətimizin
olayları ilə bir sıra elə şeirlər
yazmışdır ki, onların üzərindən sükutla
keçmək mümkün deyil. Qabilin həmin illərdə
qələmə aldığı "Çalsın Azərbaycan
haray zəngini", "Qeyrət, a vətəndaşlar",
"Çalma, qaboy", "Bu gün idman vaxtı
deyil", "Xəcalət", "Qərənfillərdən
uzaq", "Çadırlar", "Çadırlara
alışmayın", "Yanıq Kərəmi",
"Nəsimi bazarında", "Rəqs", "Haray, tələsir,
gəlin!" və nəhayət, "Ümid sənədir
ancaq..." şeirləri vətəndaşlıq cəsarətindən
doğan poetik nümunələrdir. Həmin
şeirləri Qabil xaos və hərc-mərclik
dövrünün yaratdığı ictimai-siyasi, mənəvi-psixoloji
ab-havaya kəskin etiraz kimi qələmə almışdı.
Çadırlara alışmayın! - bu,
o deməkdir ki, ruhunuz sönməsin, xarici ölkələrin
pay-puşuna göz dikməyin, əlinizə silah
götürüb torpaqları azad edin. "Yanıq
Kərəmi"yə oynamaq olmaz, bu gün hər kəs
işğal olunmuş Vətən torpaqları barədə
düşünməlidir. Qablin bu şeirləri
fransız yazarı Apollinerin belə bir fikrini
xatırladır: "Yaddan çıxarmayaq ki, hər
hansı bir millətdən ötrü ruhən işğal
olunmaq silah gücünə işğal olunmaqdan daha təhlükəli
ola bilər".
Bir
başqa şeirdə - "Nəsimi bazarında" Qabil
hamımıza tanış olan bir mənzərəni
siyasi lirikanın mövzusuna çevirir. "Nəsimi"
adlanan Bakı bazarlarının birində qızğın
alver gedir. Xalq, əlində ölü
manat, qarın hayındadır. Adlı-sanlı
Bakı qaçqınla, köçkünlə dolub. Şair yüzlərlə şəhidi olan bir məmləkətin
halına acıyır, birdən-birə Nəsimini
xatırlayır, onun dönməzliyini yada salır.
...Söz
ki Nəsimidən, onun dönməzliyindən
düşdü, Qabilin "Nəsimi" poemasını
xatırlamamaq olmur. (Yeddi cildliyin I cildi bu poemayla
başlayır). Qabil bu poemaya ömrünün beş ilini əsr edib, amma elə bilirəm, Qəsimi
dünyasına mültəfit olmağı illər çəkib.
Heç
kimsə Nəsimi sözünü fəhm edə bilməz,
Bu quş dilidir, bunu Süleyman bilir ancaq.
Qabil də mümkün qədər bu "quş
dilini" öyrənməyə səy etmiş, Nəsiminin
yaşadığı dövrü, o dövrün ictimai-siyasi
hadisələrini, ən başlıcası isə şairin mənsub
olduğu hürifilik təriqətinin mahiyyətini öyrənə-öyrənə
Nəsimi əsrinə gedib çıxmışdır. "Nəsimi"
poeması dahi Azərbaycan şairinin həyatı, sənət
yolu, fəlsəfi dünyası və faciəli
ölümü barədə poeziyamızda ilk böyük əsərdir.
Nəsimi böyüklüyünə və onun
faciəli ölümünə çoxlu şeirlər həsr
edilsə də, amma gəlin etiraf edək ki, Nəsimi
obrazını ən dolğun şəkildə Qabil
yaratmışdır.
Sonda onu da deyim ki, Qabil həm də rübai ustası
idi. Mərsiyə janrını ehya etdiyi kimi, rübaini
də dəbə salan Qabil oldu. Dörd
misrada böyük bir şeirin deyə biləcəyi qədər
fikir ifadə edən bu rübailər də Qabilin
yaradıcılıq enerjisinin tükənmədiyini sübut
edirdi. Həm də onu sübut elədi ki,
bizim müasir poeziyamıza yeri gələndə ustad şair
dilində didaktika, nəsihət, moralist şeir də gərəkdir.
Onun iki rübaisi ilə mən də sözümə xitam
verirəm:
Yanına
düşməsin əl-qolun, Qabil,
Sən ki yolçususan düz yolun Qabil.
Özün
bilirsənsə öz qiymətini,
Birə-beş biləcək sağ-solun, Qabil.
Dünya nə boydadır? - Qollarını aç,
Dünya haradadır? - Arxasınca qaç.
Günəş
işıq salır kürreyi-ərzə,
İnsan! Dünya sənsən, dünyaya nur
saç.
Ədalət 2018.- 19 may.- S.15.