Abır-həya pərdəsinə
bürünmüş misralar
Salatın
Əhmədova,
filologiya
üzrə fəlsəfə
doktoru, dosent
Bu yaxınlarda şairə-publisist, Respulika Xatirə Kitabı Redaksiyasının baş redaktoru və "Yada düşdü" jurnalının baş redaktoru və təsisçisi Nəzakət Məmmədova "Yurd dediyim bu torpaq" kitabını mənə bağışladı. Bir poemadan və şeirlərdən ibarət, həcmcə kiçik, lakin mənaca böyük tutumlu bu kitabı çox böyük məmnuniyyətlə oxudum. Nəzakət xanımın şeirlərini çox bəyənirəm. Çünki xalqın dərdindən, bəlasından, Qarabağ məşəqqətlərindən, bir sözlə, ümümi bəlalarımızdan yazır. Xalqdan yazır, xalqın dilində yazır. Yalançı sevgini, aşiq-məşuqun göz yaşlarını, sevgililərin ah-naləsini yox, vətənin yaralarını, düşdüyü bəlaları qələmə alır. Nəzakətin şeirlərində bayağılıq yoxdur. Onun şeirlərində fəlsəfilik, can yanğısı, vətənə hədsiz sevgi var. Şeirləri abır-həya pərdəsilə örtülüdür, ismətli gəlinlər kimi utancaqdır, əyninə geydirdiyi libaslar layiqlidir.
...
"Qalx, qalx, ulu torpaq" səslənişinlə,
Arzular, ümidlər solmasın, dedin.
Car çəkib aləmə sən var səsinlə
"Qisas qiyamətə qalmasın!"
- dedin.
Yazımı Nəzakətin yazıçı-publisist Nahid Hacızadənin səksən illiyinə həsr etdiyi "Səksəninci bahar" şeiri ilə başladım. Oxucu soruşa bilər: Niyə?
Çünki Nahid Hacızadəni bütün Azərbaycan tanıyırdı. Televiziyadan - yazdığı, qurduğu verilişlərdən. Çünki əzablı, ancaq baldan şirin olan işini sevirdi, sevdirirdi. Uzun illər radioda çalışmış, yollar yorğunu olmuşdu. Buna baxmayaraq gördüyü işlərinə qəlbinin, ürəyinin işığını salıb, nurlandırıb. Vaxt olub ki, onun da qəlbinə dəyiblər. Ancaq zamanın amansız gərdişlərində heç vaxt simasını dəyişməyib. Dillər əzbəri olan "Qalx, qalx, ulu torpaq" şeiri bütün millətimizin içinə bir işıq saldığı kimi, Nəzakət xanıma da xüsusi bir ilham verib. Nə yazıqlar ki, Nahid Hacızadə uzun sürən xəstəlikdən dünyasını dəyişdi. Canı-qanı qədər sevdiyi işindən, Respublika Xatirə Kitabı Redaksiyasının, "Yada düşdü" jurnalının baş redaktorluğundan, qələmindən, kağızından ayrıldı. Nəzakət onu unutmadı, qədirbilənliklə onu yad etdi, "Yada düşdü" jurnalının tarixində görünməyən bir işi o gördü: jurnalın bir sayını bütünlüklə Nahid Hacızadənin unudulmaz xatirəsinə həsr etdi. Mənə elə gəlir ki, neçə ki "Yada düşdü" jurnalı çap ediləcək, Xatirə Kitabı Redaksiyası çalışacaq onun dəsti-xətti orada görünəcək, narahat ruhu gedən yazıların içindən boylanacaq...
Qarabağ müharibəsi, Xocalı soyqırımı Nəzakətin yaradıcılığından qırmızı xətt kimi keçir. Bəzi şairlərin şeirlərində rast gəlirsən: "Vətən, məni bağışla", - yəni səni lazımınca qoruya bilmədim, sənə göz-qulaq ola bilmədim. Əslində isə həmin şair bəlkə də müxtəlif ziyafətlərdə olub vətən haqqında pafoslu şeirlər söyləyib. Zabit anası olan Nəzakət isə şeirlərində deyir: "Vətən, bizi bağışlama!"
Qarabağın yağıların tapdağı,
Meşələrin yalquzaqlar oylağı,
Yaman olduq
yad ellərin qınağı,
Vətən,
bizi bağışlama!
Mən Nəzakət
xanımın bəzi naxələflərin yerinə xəcalət
çəkib tər tökdüyünü hiss edirəm. "Vətən, bizi bağışlama" deyib
haray çəkən Nəzakət xəyalən
Qarabağı qədəm-qədəm gəzir.
Cıdır düzü, Şuşa, Xarı bülbül,
yağmalanan ocaqlar, əsir düşmüş qız-gəlinlər,
yarasından qanı axan Vətən, ayrılıqdan zəhər
dadan qarı, kafirlərə qismət olmuş bağların
barı, şirin-şəkər məhsulları,
nübarları, budanmış meşələr, əsir olan
yurd yerləri xəyalından keçir. Bütün
bunlara dözə bilməyən vətən qızı qəzəbli
səslə "Vətən, bizi bağışlama"
deyir. Ancaq ümidini yenə də itirmir.
Torpaqlarımızın alınacağı günü səbirsizliklə
gözləyir, onda bəlkə, "Vətən bizi
bağışlayar", söyləyir:
Qəzəbini
öz içində hörən, gəl,
Qara
başın Babək kimi verən, gəl,
Koroğlutək
meydanlara girən, gəl! -
Bəlkə Vətən bağışladı bizləri.
***
Nəzakət xanımın kökü Cənubi Azərbaycana
gedib çıxır. Qan yaddaşı onu baba yurduna - Ərdəbilə
çəkib aparır. Baba yurdunun həsrətindən
yanıb yaxılır. Gündəlik
problemlər onu baba yurduna gedib görməyinə əngəllər
törədir. Ancaq şair özündə təpər
tapır, sərhədləri dağıdacaq qədər
güclü olduğunu dilə gətirir, nəyin bahasına
olursa olsun baba yurduna gedəcəyinə söz verir:
Elimə
həsrətəm, yuvama həsrət,
Vurub dağıdacam bütün sədləri.
Aşıb
keçəcəyəm nə vaxtsa əlbət,
Sərhəd tək çəkilmiş o məftilləri.
Nəzakətin arzusu bir gün çin olur. Özü
sökməsə də, həmvətənləri sərhəd
məftillərini sökür, iki doğma qardaş bir-birini
görə bilir, qucaqlaya bilir. Uzun illərin
ayrılığı insanların ürəyinə su səpir.
Nəzakətin də təşnə sinəsinə
su səpilir, doğmalarının görüşünə
gedir. Yuxularında gördüyü
Ərdəbili, Təbrizi gəzir. Onun
üçün o taylı-bu taylı Azərbaycanın fərqi
yoxdur. Dizin-dizin sürünüb ulu
babalarının uyuduğu torpağı öpüb
gözünün üstünə qoyur. "Ərdəbilim"
şeirində Nəzakət özü də hiss etmədən
ətrafına cavabını ala bilmədiyi sualları
yağdırır:
Dedilər
ki, bu həsrətdi,
ayrılıqdı, fəlakətdi,
bu nifrətdi.
Necə
oldu canı candan,
qanı
qandan ayırdılar.
paralayıb, parçalayıb, dağıtdılar?
Əsir
düşdü doğma elim,
yasaq
oldu doğma dilim, Ərdəbilim.
...
Nəzakət xanım acılı-şirinli bir həyat
yaşayıb.
Uşaqkən atasını itirmişdi.
Onda lap körpə idi, fidan idi, açılmamış
qönçə idi, 5 yaşı vardı, atası
bu dünyadan köçünü sürüb gedəndə.
Atalı yaşıdlarına baxanda
köksünü ötürməkdən başqa əlacı
yox idi. Nə yaxşı ki, anası
sağ idi, yanında idi. Bir şair demişdi:
Atasız
övlada yetim deməzlər,
Deyərlər arxası, dayağı yoxdur.
Anasız
bir övlad görəndə isə,
Deyərlər
yetimin heç kəsi yoxdu...
Ata
haqqında mənim də ürəyimdən belə bir
bayatı keçdi:
Eləmi
ata yeri,
Görməyin xata yeri.
Könül
alan çox olar -
Heç verməz ata yeri.
Nə
yaxşı ki, bu dünyada analar var. Bir də
doğmasının oduna yanan bacılar var. Ancaq atanın
yerini heç kim vermədiyi kimi, ananın
da yerini heç kim verə bilmir. Ata övlad
üçün qürur, güvənc yeridir.
Əlçatmaz zirvəsi, vüqar yeridir, ən ali həyat məktəbidir. Atası
dünyadan köçsə də, Nəzakət
üçün ölməyib, ruhu həmişə
onunladır. Vaxtilə söylədiyi
şirin sözlər, verdiyi öyüdlər qulağında
sırğa olub sallanır. İndinin özü də
onu qoruyan atasının ruhudur:
İndi də
ruhundur məni qoruyan,
Bu günə adınla gəlib çıxmışam.
Həyatın
ən çətin imtahanından
Sənin öyüdünlə qalib
çıxmışam.
Ata dünyadan köçəndə yalnız
özünü aparmır, həm də evin səadətini,
qadınının xoşbəxtliyini, uşaqlarının
atalı dünyasını aparıb gedir - şirin-şəkər,
nağıllı, şıltaq dünyasını. Atanın
yoxluğu ən çox onun ömür-gün
yoldaşını sarsıdır. Qadın
evin kişisi, uşaqların isə həm atası, həm də
anası olur. Qadın zərifliyi, qadın
xanımlığı o gündən yağlı əppək
kimi göyə çəkilir. Çıraqla
da axtarsan, tapa bilməzsən. Şairin
anasına ithaf etdiyi "Tənha qadın" ərin
yoxluğundan sonra dul qalmış qadınlara verilmiş
"titul"dur. Nəzakətin tənha
qadınlara, o cümlədən anasına həsr etdiyi,
ürəyində qövr eləmiş hisslərini "Tənha
qadın" şeirində dilə gətirir.
Bütün bu acıları yaşayan şair sonda təsəlli
verir:
Göz
yaşları yanağının sığalı,
Qəm-qüssədir qəlb evinin qonağı.
Ağ
saçların qara günün sınağı
Tənha qadın, alın yazın beləymiş.
Görünmür
ki, azdırasan, azasan,
Yuxu deyil, görüb tərsə yozasan.
Əlin
çatmır yazılanı pozasan,
Tənha qadın, alın yazın beləymiş.
Nəzakətlə söhbət edərkən, ata-anadan
söz düşəndə həmişə kövrəlir. Göz
yaşları içinə axır, dərindən köks
ötürür. 5 yaşında
atasını, 28 yaşında anasını itirən
övlad necə kövrək olmaya bilər? Ana itirəndə insanın dünyası uçur,
yer-göy başına dolanır, dayaq nöqtəsini itirir.
Atamdan bu sözləri eşitmişdim:
5
yaşında: Atam (anam) hər şeyi bilir!
10
yaşında: Atam (anam) çox şey bilir.
15
yaşında: Mən də atam (anam) kimi hər şeyi bilirəm!
20
yaşında: Düzünə qalsa, atam (anam) heç nəyi
bilmir.
30
yaşında: Yox, atam (anam) müəyyən məsələlərdə
haqlıdır.
40
yaşında: Bir atamla (anamla) da məsləhətləşim.
50
yaşında: Atam (anam) hər şeyi bilirmiş!
60
yaşında və ata (ana) həyatda yoxsa: Kaş atam (anam)
sağ olaydı, onunla məsləhətləşəydim. Ona yaman ehtiyacım var.
Nəzakət neyləsin bəs? O da təsəllisini anasına,
atasına şeir həsr etməkdə tapır. "Anam"
şeirində bütün hiss və həyəcanını
dilə gətirir:
İsti nəfəsinmiş
həyatım, anam,
Sənsiz keçən illər boşdur, hədərdir.
Bəxtəvər olmuşam səninlə, anam.
Yoxluğun əzabdı, bitməz kədərdir.
Uşaqlıqda yaşanan ağrı-acılar sonradan
xatirəyə dönür. Bu xatirələrdən
misralar, beytlər, bütöv şeir yaranır. Atasız qız çətinlikləri
yaşaya-yaşaya səbrdən, dözümdən əyninə
parça biçib, libas geyinir. Naşükür
olmayıb taleyinin ona damcı-damcı verdiyi sevincə, qucaq
dolusu verdiyi ayrılığa, həsrətə, kədərə
şükür deyir. Bir də
şükür edir ki, bu ağrıları unutmağa,
daşımağa, mətiniklə dözməyə Tanrı
ona həm də ümid çırağı olan bacı da
verib. Hər iki bacı bir-birinə ata, ana, qardaş,
ömür yolunda yoldaş, dost oldular. Sirləri,
sözləri bir oldu. Birlikdə qəhərlənib,
birlikdə sevindilər.
Həyatda
ata-anasının ona bəxş etdiyi bircəcik doğması
- bacısına həsr etdiyi "Sən var ikən"
şeirində deyir:
Acıları
uda-uda böyüdük biz,
Arzuların qanadında.
Yer idik
biz, göy idik biz
Dərdlərini
danışmadı
dağ-daşa da,
Baş əymədi
məğrur anam qardaşa da...
Təkəm,
baxıb gördü ki,
Səni
Tanrı verdi ki,
Həyatda
doğmam olsun,
Dərdimi-sevincimi,
acımı-şirinimi,
Yarı bölənim olsun.
Nəzakət bacısının yaddaşının
möhkəmliyinə inanır, onun yaddaşı vasitəsilə
keçmişini, itirdiklərini, kədərli günlərini,
atasız illərini, xanımlığını, zərifliyini
itirmiş anasının kişiləşməsini görmək
istəmir. Bu yaddaş ona göz yaşları gətirir.
"Bacımın yaddaşı" şeirində şair
deyir:
Bir
keçmiş var - yada salmaq istəmirəm,
Yaşadığım o illəri xatırlamaq istəmirəm.
İstəmirəm
itirdiyim uşaqlığı yada salım,
İstəmirəm acı dolu gəncliyimi
xatırlayım.
İnsanın bəxti gətirməyəndə gətirmir. Ancaq şair
ümidlidir, ümidini sabahlara bağlayır. Çox inanır ki, itirdiklərini mütləq
sabahında tapacaq. Çünki axırıncı
ölən ümiddir:
Bir sabah var - ümid atın
sabahlara
çapacağam.
İtirdiyim
hər nə varsa,
sabahımda tapacağam.
***
Bakılılar Bakı bağlarını çox sevirlər. Çünki
uşaqlıq illəri orada keçib, oradan pərvazlanıblar,
dünyaya oradan baxıblar. Hər bir adama
doğulduğu torpağı, bağı-bağçası,
eli-obası, yurdu doğmadan doğma, əzizdən əzizdir,
dünyanın ən əsrarəngiz guşəsi,
şirin-şəkər dadı-tamıdır. Bu elə bir şirinlikdir ki, dünyada onu heç nə
əvəz edə bilməz.
Anamı bir gün Bakı bağlarına qonaq
apardım. Kənd yerində doğulub-böyüyən anam
birinci dəfəydi ki, Bakı bağlarında olurdu. Biz bağ dedikdə içərisi cürbəcür
meyvələrlə dolu olan, göz oxşayan ləklərdə
müxtəlif göyərtilər əkilmiş sahə
düşünürük. Bakı bağlarında isə,
qumluq sahədə ağ şanı, qara
şanı, bir də əncir yetişirdi. Anama
bu mənzərə qəribə gəlirdi.
Özünü saxlaya bilməyib bərkdən: "Bağ ha
bağ.., budurmu sizin bağınız? Bu ki səhradır".
Dedim, ana, yavaş danış, ev sahibinin xətrinə
dəyər. Dedi ki, mən yalan ha danışmıram,
gördüyümü deyirəm. Gülümsəməkdən
başqa çarəm qalmadı. Nə deyə bilərdim
ki...
Ev sahibi bal kimi şirin olan şanı
üzümü, göbəyindən bal süzülən ənciri
ortaya qoydu. Bəh-bəhlə Bakı
bağlarının nemətlərindən daddıq. Ağ şanı yarpağının dolmasından
nuş etdik, sərin quyu suyundan içdik. Gedəndə hətta bizə tut doşabı, əncir
mürəbbəsi, abqora hədiyyə etdilər. Anamın üzünə baxdım, simasında
razılıq əlamətini görüb sevindim. Nəzakət həmin o köhnə Bakı
bağlarını öz şeirində təsvir edir.
Hiss olunur ki, köhnə bağların həsrətini çəkir.
Nakam şairimiz Mikayıl Müşviq kimi o günlərə
qayıdır:
Yenə o
bağ olaydı, yenə yığışaraq siz
O bağa
köçəydiniz...
Biz də
muradımızca fələkdən kam alaydıq,
Sizə
qonşu olaydıq...
Nəzakət
isə uşaqlıq illərinin ən unudulmaz anlarına,
"Vişnyovka bağları"na həsr
etdiyi "Bağımız" şeirində deyir:
...
Gözlərimin qabağında
Həyətdəki
çarhovuzdan,
Su daşıyan
həmin uşaq
Bir də
həmin qum üstünə səpələnib,
qumdan
bişən salxımlardır...
Həmin
quyu ətrafına yığılardıq,
fırfıratək fırlanardıq.
O da bizə
bir oyuncaq,
Budur, həmin
külək döyən çardağımız,
Qalxıb ordan elektrik qatarını izləyərdik.
işdən yorğun-arğın dönən
anamızı gözləyərdik.
...Maştağa
bazar yerimiz,
Buzovna
çimərliyimiz...
Nəzakəti xatirələr çox sıxır,
incidir, üstünə cavabı tapılmayan suallar
yağdırır. Niyə görən qum yollara asfalt
döşəyiblər, bağların ətrafına daş
hasarlar hörüblər, əncir, üzüm
ağaclarını kəsib yerinə təbiətimizə yad
olan ağaclar, kollar əkiblər. Bu günümüzlə
dünənimizin arasına görünməz sədd çəkibdilər,
qonşular yaddaşıbdılar...
Nəzakət, gəl bu sallardan vaz keç, dövranla,
zamanla ayaqlaş, problemləri sən həll edə bilməzsən.
***
Şair xanımın öz həyatına,
ömür-gününə, taleyinə yazdığı
şeirlər bir silsilə təşkil edir. Həyatda
çox çətinliklərlə üzləşib,
xoşbəxt anları ötəri olub. Qəm-qüssədən
boğulanda kağız-qələm onun köməyinə
çatıb. Ömrünü gah
ötüb keçən qatara bənzədib, gah da
saralmış yarpağa. Ümumiyyətlə
Nəzakət şən, deyib-gülən xanımdır.
Ancaq nə olsun ki, onun həyatının
müxtəlif dövrlərində sarsıntıları olub,
özü demişkən, o dünyanı görüb
qayıdıb. Təsəllisini vərəqə
boşaltdığlı yazılarından alıb:
Saralmış
yarpağa bənzəyir ömrüm,
Sanki payız gəlib, xəzan düşübdür.
Durub əl
açmışam bahara sarı,
Sıxıb əllərimi qış
görüşübdür.
Bu
sözləri yüz yaş ömür sürmüş
anamın dilindən eşitmişəm:
Ay mənim
taleyim, ay mənim baxdım,
Dedilər gendən bax, mən gendən baxdım.
Bəxtini itirmiş şair onu tapanda məyus olur. Acı-acı gülümsəyərək
deyir:
Dözməkdən
bezmişəm, ruhum ağrıyır,
Həsrəti İsa tək sanki dardayam.
Bəxtim
yatan yeri tapdım, oturdum,
O vaxtdan
bu vaxta hələ ordayam.
İnsan taleyi elədir ki, qabaqcadan Allahı tərəfindən
yazılır.
Yazıya isə pozu yoxdur. Nəzakətin
taleyi də qabaqcadan yazılıb, heç kimdən fərqlənmir.
Yarıyan tale var, yarımayan tale var. Bir də
ki, yarımçıq talelər var. Qarabağ müharibəsində
yarımçıq qalmış talelər yüzlərcədir.
Dul qalmış gəlinlər, nişanlı
qızlar, oğul, ər yolu gözləyən analar,
qadınlar, yaşıdları müharibənin amansız
qanadlarında məhv olmuş, ümidi üzülmüş
qızların taleyi də belə talelərdəndir.
Nəzakətin Qarabağ müharibəsinə,
münaqişəsinə dair yazdığı şeirlər
də bu cür talelərdən bəhs edir. Bu müharibəni
yaradan, alovlandıran erməni şovinist-daşnaqlarına dərin
nifrət, alovlu qəzəb şairin şeirlərinin
leytmotivini təşkil edir.
"Qarabağ
qoxusu" şeirində şairi hər şey, o cümlədən
Qarabağa gedən yolun itməsi, sönmüş
ocaqların hənirsiz külü, əsirlikdə
qalmış Xarı Bülbülün axan göz
yaşını silə bilməməsi çox mütəəssir
edir:
Xiffətini
çəkirəm gör neçə ildir,
Sönmüş ocaqlarda hənirsiz külün.
Bir əlçim
ümid ver, böyük Allahım,
Silim göz yaşını Xarı Bülbülün.
Hər
gün misra-misra haraylayıram,
Həsrət dumanında azan yolları.
Şuşa
məscidində namaz qılmağı,
Yol gəlir Babəkin kəsik qolları.
Şairin "Gözün yaddaşı" şeiri də
çox orijinaldır. Göz burada insan surətində verilib.
İnsanın daxilində olan xəbislik, paxıllıq,
qurdluluq, xainlik, pis niyyət - bütün bunların
hamısı gözə yazılır, göz vasitəsilə
ətrafa ötürülür. "Göz
ürəyin aynasıdır" deyirlər. Bu cəhətədən
Nəzakət xanımın "Gözün
yaddaşı" şeiri müasir dünyamızda baş
verən olaylarla cox yaxşı uzlaşır:
Gözünün
səsindən qulaq tutulur,
Bu kimin gözüdü İraqdan baxır?
Çıxası
gözlər var, - Qarabağdadı,
Oymalı gözlər var, qıraqdan baxır.
Hər şey ölsə də, ümid ölmür,
"ümid sonda ölür" deyirlər. Nəzakət xanımın
da əli hər yerdən üzüləndə bircə
ümidi üzülmür, ümidini göylərə
bağlayır, əllərini açaraq Tanrıya
yalvarır, hətta arzu edir ki, bircə yol gedib
Tanrısını görsün, Qarabağ dərdini,
gördüyü, rast gəldiyi haqsızlıqları
danışsın. Fövqəlgücə malik
dövlətlər Qarabağda törənən
qırğınları, talanları, ölənləri
sankı nə görmür, nə də orada olanlardan
agahdır. Şair çox bərk sarsıntı
keçirir, "Allahdan başqa heç kimimiz yoxdur" -
deyir:
Gözlərim
göylərə dikilib qalıb,
Nə gördü yaddaşa hörsün
qayıtsın?
Əllərim
yetməyən, sözüm çatmayan
Tanrını bircə yol, görsün-qayıtsın.
***
Nəzakət xanım üç zabit anası, iki zabit
qayınanasıdır. Qarabağ torpaqlarını qaytarmağa qadir olan Milli
Ordumuza, Milli Ordumuzun zabiti oğlu Ramilin simasında vətənə
xidmət edən oğullarımıza arxalanır, onlarla fəxr
edir, "Zabit anasıyam mən" şeirində zabit
anası olduğunu qürurla dilinə gətirir:
Dağlarının
başında buludlarım ağlayır,
Dili batmış o yetim bulaqlarım ağlayır.
İçimdə
qəzəb, nifrət çaylar kimi çağlayır,
Məni
bu intiqama, bu qisasa səsləyən
Zabit
anasıyam mən!
Düşmənə
göz dağısan, gücümsən, qüvvətimsən,
Ürəyimin
təpəri, gərəyim, köməyimsən,
Vətənin
dar günündə, səsinə hay verənsən,
Bu
torpağa, bu elə, bu vətənə bağlısan,
Səni Vətənə
verdim!
Sən Vətənin
oğlusan!
***
Nəzakətin "Yurd dediyim bu torpaq" poema və şeirlər kitabını oxuduqdan sonra çox təsirləndim. Və bu yazımı ona bir təbrik kimi ünvanladım.
Kitabların çox, uğurların bol olsun, əziz
bacım. Yeni-yeni şeirlər müjdəsi, yeni-yeni kitablar
ümidilə görüşənədək.
Ədalət 2018.- 19 may.- S.12-13.