Geriyə yol varmı...

 

Nemət Veysəlli

 

(əvvəli ötən saylarımızda)

 

Şəfi dayının qızı Nisə Rzalar obasına - Həsən kişinin kiçik oğlu, adlı-sanlı mexanizator Rzaya gəlin gələcəkdi. Məsələ burasında idi ki, Dadaş dayının həyat yoldaşı Sayad xala Rzanın doğmaca bacısı idi. Dadaş dayı həm özü, həm arvadı, uşaqları, atlar bu şadyanalıq, toy mərasimi üçün xüsusi hazırlaşmışdılar. Qız evi yalın o üzündə idi. Yalın o üzündə nələr olmuşdu, Nisə başdan-ayağa necə bəzədilmiş, dümağ gəlin paltarında, gəvəsi, kilimi min rəngə çalan at arabasına necə mindirilmişdi, bu əziz gündə Gülbəs xala, Şəfi və Cavad dayım necə kövrəlmişdilər, son dəfə qonşu obaya köç edən övladlarına nə demişdilər, ağlamışdılarmı, gözləri dolmuşdumu, - bunları bilmirəm, bunlardan xəbərim yoxdu. Amma Şəfi dayının evindən bir az bəri, bəy evi görünər-görünməz, vallah, Dadaş dayı bir hay-haray, qışqırıq qopartdı ki, köhlən atlar yay kimi qəfil yerlərindən götürüldülər: bu səhnəyə tamaşa edənlərin az qala ürəkləri qırılmışdı, bağırları çatlamışdı. Arabaya iki cərgə qoşulmuş atlar, necə deyərlər, dördnala qalxdılar, arabanın təkərlərinin səsi ətrafa, Dadaş dayının cingiltili səsinə qarışdı. Gəlin kəpənək kimi elə bil çəmənlikdə uçurdu. Atlar hirs, hikkəylə qaçırdılar, fınxırırdılar, tez-tez nəfəs aldıqca burunlarının pərəsindən buxar çıxırdı.

Bu səhnələri gərək gözü ilə görəsən. Bu cür tamaşa, sürətlə hərəkət edən, kəskin və dramatik süjetli mərasim, toy-düyün idi.

Dadaş dayının başqa bir şakəri də vardı. Onun bu adətimi deyim, vərdişimi deyim, iki-üç aydan bir təkrarlanırdı. Obaya xəbər yayılırdı ki, bəs Dadaş dayı filan gün, filan saat Ağcabədiyə gedəcək. Niyə Martuniyə, Füzuliyə, Ağdama yox, məhz Ağcabədiyə? Adlarını çəkdiyim bölgələrlə müqayisədə, Ağcabədi bizim kənddən çox uzaqdı. Ağcabədi dünyanın harasındadı, oradakı adamlar nə iş görürlər, xasiyyətləri, vərdişləri də heç - bizə məlum deyildi.

Sən demə, Dadaş dayını Ağcabədiyə çəkib gətirən çoxlu-çoxlu səbəblər varmış. Mən bilməmişəm.

Həsən kişinin böyük oğlu Hüseyn Böyük Vətən müharibəsi illərində almanlara əsir düşmüşdü. Müharibənin çoxlu-çoxlu amansız qanunları var. Bu qanunlardan biri də düşmən tərəfə əsir düşmək, əsirlik həyatıdır. Hərbçilər üçün bu adi haldı və hamı bunu yaxşı anlayır.

Təəssüf ki, ayrı-ayrı Azərbaycan vətəndaşlarının hələ də həsrət hissiylə xatırladıqları sabiq SSRİ rejimində bu, başqa bir çalarda səslənirdi. Müharibə illərində bəzi sovet vətəndaşlarının əks tərəfə əsir düşməsi "Vətən xaini", "xalq düşməni" kimi başa düşülürdü. Hətta qonum-qonşular arasında, camaat içində Hüseyn Rzayevə "bu xalq düşmənidir", "Vətən xainidir" deyənləri, ha uşaqlıq yaddaşımı qurdalayıram, yadıma düşmür ki, düşmür. "Hüseyn Rzayev əsir düşüb" ifadəsi, deyimi, deyəsən, vallah, elə boş havada dolaşırdı. Təkrar edirəm, bu sözlərin konkretliyi, nəyəsə, hansı sənədəsə söykəndiyi, - yenə də heç nə yadıma düşmür. Əslində mən Hüseyn Rzayevi görməmişəm də. Kənd arasında ancaq onun qaraltısı, adı dolaşırdı. Hətta, mən sonralar onun Ağcabədidə "Molla Mirzə" kimi yaxşı tanınan böyük oğlu ilə Yuxarı Veysəlli kənd məktəbində birinci sinifdə oxumuşam. Eyni partada əyləşmişik, əlifba öyrənmişik. Açığını deyim ki, bütün bunların hamısı dumana, cənə bürünmüş illərin arxasında qalıb. Ehtimal edirəm ki, Hüseyn Rzayev belə-belə ürəkbulandıran söhbətlərdən uzaq olmaq üçün Ağcabədiyə üz tutub. Sonralar ailəsini də oraya köçürüb.

Qayıdıram bayaq başladığım mətləbin - Dadaş dayının nə üçün məhz Ağcabədi rayonuna tez-tez getməsinin üstünə. Bunun bir səbəbi də o idi ki, Dadaş dayının qayınatası Həsən Rzayev, qaynı Hüseyn Rzayev də çoxdandı Ağcabədidə yaşayırdılar. Orada özlərinə ev-eşik düzəltmişdilər.

 

Qara kəhriz

 

Qara kəhriz kəndin ən böyük sərvəti və abidəsiydi. Bu kəhrizi kim vurdurmuşdu, quyularını nə vaxt qazdırmışdı, bilinmir.

Amma onun bir ucu gedib İsfahan, başqa bir ucu isə Çeşiyə qədər gedib çıxır. Yal, Güney, çay boyu evlər, Tahirovlar obası Qara Kəhrizə nisbətən yaxındılar. Kəhrizə yaxın həyətlərdə iri-iri tut, alma, armud, qoz ağacları əkilmişdi.

Qara kəhrizin hesabına həyətlərində yaxşı, ətli pomidor, xiyar, istiot, yemiş və qarpız, bir sözlə, bostan məhsulları becərənlər də çoxdu. Elə-belə adi, piyada, şaxlara çıxan, atlı lobyalar da əkirdilər. Necə deyərlər, kəhrizə yaxın evlər, ailələr bir növ xüsusi imtiyaza sahibdilər. Onlar nə yayda, nə qışda su sarıdan korluq çəkmirdilər, bir növ rahat yaşayırdılar. Sizə deyim ki, su sarıdan əziyyət çəkən ailələri qılınc gücünə bu sahələrə, obalara məskunlaşdırmışdılar, əlbəttə, yox. Nə vaxtsa, hansı əsrdəsə simsar kişilər, ağsaqqallar bir yerə toplaşıb məsləhətləşmişlər - gəlin bu yerlərdə özümüzə ev tikək, oba salaq. Mənə elə gəlir ki, məhz bu qayda və prinsiplərə görə indiki Yal, Güney, Tahirovlar və Rzalar obaları yaranmışdı. Təkrar edirəm, heç kimi, heç kim məhz bu yerlərdə ev tikməyə, yurd salmağa məcbur etməyib. Adi bir düşüncə, tədqiqatla qənaətə gəlmək olar ki, yüz on yeddi evlik kənddə, demək olar ki, hamının bir-biri ilə yaxın və uzaq qohumluq əlaqələri mövcuddu.

Küllü Qarabağda çox sayda kəhrizlər görmüşəm. Soltanalı, Cəbrayıl rayonunun mərkəzində Çinar bulaq, Sərdarlıda, Qacarda, Martuninin mərkəzində, Baş kəndində, Çartazın yuxarı hissəsində, Məşədkənddə və sair...

Müşahidələrimi, gördüyüm yerlərin coğrafiyasını da genişləndirmək mümkündü. Tuğda, Abdal Gülablıda, Ağoğlan dərəsində.

Qara kəhriz quruluş baxımından, abidə baxımından bir neçə hissəyə bölünür: quyuları, əsas divarları və novları. Onun suyu tibb, sağlamlıq və məişət baxımından yüngül və tamlıdı. Nə qədər içirsən iç, mədəni incitmir, köpmürsən.

Uzaq-uzaq dağların ətəklərindən, qazılmış quyuların, buz kimi lağımları ilə uzun yol qət edən, sərin, şəffaf neməti daş novlara gurhagur töküləndə gözlərin dincəlirdi, bədənin sakitləşirdi. Qız-gəlinlərin, ağsaqqal və ağbirçəklərin, uşaqların Qara kəhrizin üstündə keçirdikləri xoş anları, gördükləri mənzərələri - suyun şaqqaşaqla novlara tökülməyini, hərlənib-fırlanmalarını, burulğana çevrilmələrini, nəhayət, aşağılara axması səhnəsinə tamaşa etdikcə xoşbəxt anlar yaşayırdılar.

...O biri şenliklərlə müqayisədə Rzalar obası məsafəcə kəhrizdən xeyli aralı düşmüşdü. Kəhrizin gur suları axırdı-axırdı, Azad oğlu Abdullanın, Sadıqov Fərəcin həyətlərinin ayağından, toxmacarlıqdan, Şəfi dayının evinin tuşuna çatanacan o böyüklükdə su itib-batırdı, torpağa hopurdu. O axarlıqda, o gur həyat mənbəyindən Rzalar obasına çatanda heç nə qalmırdı. Rzalar obası həyət-bacalarında nə isə əkməyi, ağıllarına belə gətirə bilmirdilər. Onlar yalnız içməli suyu necə əldə etmək haqqında düşünə bilərdilər. Başqa heç nə.

Su vedrəsi və qıfla yanaşı eşşəyin palanı üstünə iki səhəng aşırılırdı. Bu obadan kəhrizə ulaqla gedib-gəlmək ən azı bir saat vaxt aparırdı. Sizə onu da deyim ki, bu qayda ilə kəhrizdən su gətirmək o qədər də əzablı, əziyyətli iş deyildi. Bizim obadan kəhrizə su gətirməyə yollanmaq o demək idi ki, bu neçə vaxtda kənddə nələr baş verib, kim-kiminlə dalaşıb, küsüb-barışıb, kimin qızına kim elçi gəlib, kimin oğluna toy olacaq - hamısından xəbərdar olacaqdın. Ən adi halda isə adamlarla görüşürdün, hal-əhval tuturdun.

Məktəb binasından bir az irəliyə, Tahirovlar obasına, Sərgandar qayasına çatar-çatmaz yolun üst tərəfi, üst divarları iri və qara qaya daşları ilə hörülmüşdü. Bu enli və etibarlı divar ona görə hörülmüşdü ki, yağış, qar yağan zaman yol çökməsin, gediş-gəliş dayanmasın. Güclü yağışlar yağan zaman sel-su alçaq təpəliklər və qayalardan güllə kimi aşağılara axırdı, su qabağına nə keçirdi, silib-süpürüb aparırdı. Hüseyn Tahirovun çay tərəfə açılan geniş aynabəndli, bağlı-bağatlı həyətindən keçirdin, sonra Muzəyyəmin, rəhmətlik Qiliyev Tohid Səhliyalı oğlunun eviydi. Bunlardan sonra Alı kişinin həyəti başlayırdı. Əslində Alı kişinin çayın o üzü, bu üzünü tutan iri tut ağaclarının əhatəsində, sonrakılarla müqayisədə çox-çox qabaqlar tikilmiş daş evi vardı. Alı kişinin həyətində mıxa bağlanmış, havalı, tükləri qırmızıya çalan əzazil bir iti də vardı. Tərs kimi kəhrizə yol da elə buradan - evin arxasından keçirdi. Buradan keçəndə quduz dəymişin qorxusundan nəfəsimizi belə almırdıq. Allaha yalvarırdıq ki, eşşəyimiz anqırmasın, öskürməsin - buradan salamat çıxıb gedək.

Evin arxa divarına bitişik alça ağacı bitmişdi. Hər yaz gələndə bu ağac çiçəyə bürünürdü. Ağac bütün gövdəsi, qol-budağı ilə ağappaq olurdu. Budaqlarının, kollarının üstündə o qədər sarı və şirin alçalar sallanırdı ki, baxanda adamın ağzının suyu axırdı. Alça ağacı düz su arxının qırağında əkildiyinə, yoxsa yaxşı becərildiyinə görəmi, məlum deyildi - çox məhsuldar idi.

Kəhrizə çatan kimi səhəngləri eşşəyin belindən düşürmürdük. Onları elə ulağın, palanın üstündəcə içməli su ilə doldururduq. Yol boyu çalxalanmasın və qızmasın deyə, üstlərinə də isladılmış şəlpə atırdıq.

İlahi, qədrini bilməmişik, necə də gözəl günlər yaşayırmışıq! Allah ermənilərə nələt eləsin. Yerimizdən-yurdumuzdan, cənnət oylaqlarımızdan didərgin düşdük.

 

 

Anlaşılmaz epizodlar

 

Birinci epizod

 

1990, qış ayı, Bakı

 

Yazıçılar İttifaqının ümumi iclasında təzəcə yaradılmış Azərbaycan Xalq Cəbhəsinin I qurultayına altı nəfər nümayəndə seçilməliydi. Yazıçılar bizi - Yusif Səmədoğlu, Fikrət Qoca, Sabir Əhmədov, Xəlil Rza, İsa İsmayılzadəni və bir də məni qurultaya nümayəndə seçdilər. Təəccüblüsü də o idi ki, AXC-nin Milli Elmlər Akademiyasının akt zalında keçiriləcək I qurultayında biz - AYİ-nın üzvləri səsvermə hüququna malik deyildik. Bizim mandatımız yoxdu.

Xalq Cəbhəsinin liderləri bizi sadəcə qurultaya dəvət etmişdilər. Qurultay da yaxın günlərdə keçiriləcəkdi. Bizim üçün nəzərdə tutulmuş dəvətnamələri almaq üçün Xəlil Rza ilə AXC-nin qərargahına yollandıq.

Bakıya neçə gündən bəri yağan qar hələ də yerdəydi, əriməmişdi. Qar küçə və səkilərdə də çoxdu. O vaxtlar AYİ-nin ədəbi orqanları - "Azərbaycan", "Ulduz", "Literaturnaya Azerbaydjan", hətta erməni dilində çıxan "Hakaqan Azerbaydjan" jurnalları da "Bakı soveti" metropoliteni ilə üzbəüz hündür binada yerləşirdi. AXC-nin qərargahı isə haradasa keçmiş Çapayev, vağzalyanı küçələrin birindəydi. O tərəflərə heç nəqliyyat da fərli-başlı işləmirdi. Xəlil Rza ilə "Bakı soveti"ndən payı-piyada AXC-nin qərargahına yollandıq.

 

(ardı gələn sayımızda)

 

Ədalət.-2018.-22 may.-S.7.