Ərəb ərəb şeyxini necə yola saldı...

 

 (hekayə)

 

Akif Cabbarlı

 

 

Allah sənə rəhmət eləsin, Mir Cəlal müəllim!

 

"Ərəb ərəb şeyxinin başına elə bir oyun açıb, elə corab hörüb ki, o kişi bir də bu yerlərə çətin qayıdar".

Kiminsə ekspressiv qaydada yaydığı qaranlıq məzmunlu xəbər ildırım sürətilə bütün Yaşıltəpənin hər yerində əks-səda verdi. Həmişə dincliyi, əmin-amanlığı ilə öyünən, ad-san qazanan ucqar dağ şəhərinin sakinləri bir-birinə dəymişdilər - necə yəni, Ərəb axı kiməsə fırıldaq gələn, yalançı, saxtakar kişilərdən deyil, o ki, qaldı ərəb ölkəsindən gələn əziz qonağımız ola...

 

***

Dağlar qoynundakı kiçik, qədimliyi ilə yanaşı, müasirliyi ilə də seçilən Yaşıltəpə ətraf rayon mərkəzlərindən bir çox xüsusiyyətləri ilə fərqlənir. Bu şəhərin sakinləri olduqca qonaqpərvər və baməzə, zarafatcıldırlar. Söz ağzından çıxmamış, dərhal cavabları hazırdır. Amma hər şeyin ölçü-biçisini, əndazəsini yaxşı bilirlər. Bu yerlərdə kiminsə qəlbinə toxunmaq, xətrinə dəymək əsl qəbahət hesab olunur. Bir-birilərini də hədsiz çox istəyir, qonaq-qaranın xətrini də dünyalar qədər əziz tuturlar. İllah da ki, qonaq xaricdən gələ, əcnəbi turist, səyyah kimi Yaşıltəpəyə üz tuta.

Yaşıltəpə də əksər şəhər və kəndlərdəki sayaq iaşə obyektləri, xüsusən də çayxana sarıdan korluq çəkmir. "Çökək" adlanan çayxana isə günün bütün saatlarında basırıq olur. Şəhərin tən ortasından keçən izdihamlı küçənin qırağında, geniş ərazini büsbütün tutmuş çayxana bütün gün arı yuvasıtək qaynayır. Uzun-uzadı, səhərdən-axşamadək oturanlar da tapılır. Bu adamlar əsasən işsizlərdir. Rayon toylarını yola verən alababat musiqiçilər, xanəndələr, tamadalar, dərs saatı az olan müəllimlər, ev alveri ilə məşğul olan maklerlər, yalnız rayon qəzetində yazıları dərc olunan veteran jurnalistlər, təkcə heca vəznində yazan əyalət şairləri, yay tətilində Bakıdan bura dincəlməyə gələn sabiq məmurlar, polisdən və hərbi hissələrdən istefaya göndərilən keçmiş paqon sahibləri və digər kateqoriyalardan olan adamlar da bu çayxananın sədaqətli və etibarlı müştəriləri hesab olunur.

"Çökək"də digər çayxanalardan fərqli olaraq, ara-sıra endirimlər də olur. Bayram günləri pensiyaçıların pulunun tükəndiyi məqamlarda daimi müştərilərə bir çaynik çayı lap havayı da verirlər. Bir məsələni də yaddan çıxarmayaq. "Çökək"də yığılanların çoxu şəhərin ən məşhur lətifəçiləri, şəbədə ustaları, baməzə insanlardır. Onların arasında ən adlı-sanlısı Ərəb adında orta yaşlı kişi isə çox vaxtlar yan-yörəsindəkiləri, necə deyərlər, "qoz qabığına" qoyur. Ərəbə söz çatdıran, qabaqlayan hələ ki, "Çökək"də görünməyib. Bəziləri hətta onu qısqanır da. Bir bədxahı hətta Ərəbə əl də qaldırmaq istəmişdi, imkan verməmişdilər. O da qayıdıb nə desə yaxşıdır: - Yetim, kimsəsiz oğlanam. Bir də ki, yaddan çıxarmayın, yiyəsiz qoyunu qışda da qırxarlar.

Ona girişən adam qəssab olduğundan daşın haradan atıldığını dərhal anlamış, elədiyi hərəkətə görə Ərəbdən üzr də istəmişdi.

Ərəb əslən Yaşıltəpədən iyirmi kilometrlik məsafədə yerləşən Qurdlar kəndindən idi. Ali məktəbə girə bilməmiş, hansısa peşəyə yiyələnməmişdi. Atası, anası, sonra da həyat yoldaşı vəfat etmiş, cavankən tənha qalmışdı. Yeganə oğlu da əsgərlikdən geri dönməmiş, Rusiyanın ucqarlarında özünə yurd-yuva qurmuş, tikinti fəhləsi kimi çörək qazanmaq yolunu tapmışdı. Ərəb ikinci dəfə evlənmək barədə dost-yoldaşın, qohum-əqrəbanın təkliflərinə birdəfəlik "yox" demişdi. "Allah da təkdir, Ərəb də" deyə həmişə zarafata salmışdı. Yaş keçdikcə ona eşitdirmələr də azalmış, Ərəb də sözünün üstündə möhkəm dayanmış, bala-bala yaşlanmağa başlamışdı. Amma o qədər də əfəl deyildi. Sinədəftər adam kimi tanınan Ərəb öz yazdıqlarını, klassik və müasir şairlərdən əzbərlədiklərini toylarda elə söyləyirdi ki, ürəyiyumşaq söz sərrafları olan kişilərin sağ əli əvvəlcə ciblərinə girir, sonra da Ərəbin sağ əli ilə "öpüşürdülər". Rayonun ən varlı-hallı, vəzifəli adamları övladlarının toyunda tamadalığı Ərəbə həvalə edirdilər. Həcv yazdığını bilirdilər, ona görə də yüksək çinlilər hər ayın başında onu kabinetlərinə çay içməyə dəvət edir, sonra da dədə-baba qaydasıyla yola salırlar. Çünki Ərəb getdikcə zəifləyən, yerini müğənnilərin özlərinə verən tamadalıq statusunu əlində saxlamağı bacaran tək-tük oğullardan biri kimi sözü yerində deyən, ədəb-ərkanlı, mərifətli bir insan kimi də eloğlularının yanında böyük nüfuz qazanıb. Onu cavanlar da, yaşlılar da, vəzifəli-vəzifəsizlər də ürəkdən sevir, yeri gələndə qolundan tutur, bütün xahişlərinə əməl edirlər. Ərəb də borclu qalmır, kasıb-kusubun xeyir işlərini təmənnasız yola verir.

Bir dəfə rayona qonaq gələn yazı-pozu adamlarından biri Ərəbdən soruşub ki, "bu nə addır sənə qoyublar, axı?". Söz üçün heç kimin cibinə girməyən Ərəb soruşur ki, "qardaş, bəs, sənin adın nədir?". O da cavab verir ki, "Həsən".

-Hə, aydın oldu, sən də ərəbsən, mən də. İntəhası, sən bir adamı, mən isə bütöv bir milləti təmsil edirəm. İndi de görüm, sən böyük adamsan, yoxsa mən?

Həsənin deməyə sözü olmur.

Həqiqətdə isə heç Ərəbin özü də bilmir ki, niyə adını belə qoyublar, kim qoyub, nə münasibətlə, kimin təklifi ilə - bilmir, bilinmir. Bircə həmişə onu deyir ki, it adı, pişik adı deyil ki, böyük bir millətin adıdır daşıyıram. Ərəblərin xoşu gəlmir ərizə versinlər BMT-yə, təzminat ödəsinlər, mən də adımı dəyişim, qoyum ispan, ingilis, alman. Qardaş, mən bu adı daşımaqla bir şey udmasam da, uduzmamışam da heç vaxt.

Ərəbin quruca evdən başqa heç nəyi yoxdur. Vaxtilə dörd-beş inək saxlayırdı. Tək olduğundan çətin bacarırdı bu işi. Sonra heyvanları satdı, tamadalıqdan qırtlayıb yığdığı pulu da üstünə qoyub, özünə ortabab vəziyyətdə olan "Niva" markalı bir minik maşını aldı. "Dağa-daşa, kənd yollarına ancaq bu maşın dözər" - dedi. Doğrudan da ucqar kəndlərə toya çağırılanda, yaxud yas yerinə, başqa tədbirlərə gedəndə bu maşının əvəzedilməzliyini yaxşı dərk elədi. Hətta "Mercedes"i, "Cip"i olanlar da bəzən Ərəbin maşına minir, mənzilbaşına rahat çatırlar.

Son vaxtlar turizmin daha da inkişafı, Yaşıltəpəyə gələn xarici və yerli qonaqların sayının xeyli artması Ərəbin də işini artırıb, maddi vəziyyətini yaxşılaşdırıb. Turizm idarəsindəki dostu onun adını da dəftərinə yazıb, Ərəbi xarici qonaqlara xidmət göstərənlər siyahısına salıb. Elə yerlər çıxır ki, ora ancaq atla, yaxud "Niva" ilə getməli olursan. Göydən yağır, möhkəm də külək əsir. Qonaq da kimdənsə eşitdiyi Çömçəli bulağa getməkdə israrlıdır. Yada birinci kim düşür? - Əlbəttə, Ərəb.

-Ərəb, tərpən idarəyə, üç nəfər rus qonağımız var, apar Çömçəli bulağa, su içsinlər, əl-üzlərini yusunlar, qaytar gətir otelə.

Allah çörək yetirib, daha durmalı-dayanmalı vaxt deyil, axı. Bir də ki, növbəti toya hələ bir həftə var. Ərəbin "Niva"sı üzüyola və etibarlı kolxoz atı kimi tövşüyə-tövşüyə uca dağların ensiz cığırları, çaylaq yolları ilə sürətlə şütüyür, hörmətli qonaqları sağ-salamat istədikləri məkana vaxtında çatdırır. Beləcə Ərəb özünə ikinci məşğuliyyət, qazanc yolu tapmışdı. Allahına şükür edir, dostlarına isə uzun ömür arzulayırdı həmişə.

Günlərin birində yenə idarəyə çağırdılar. Başı çalmalı, sanki ağappaq kəfənə sarılmış uca boylu bir ərəbi, qapqara çarşaba bürünmüş bəstəboy qadını və şortik geyinmiş, qısa saçlı oğlanı ona təqdim etdilər:

-Qonaqlarımız Əmirliklərdən gəliblər, üç gün onlarla işləyərsən, yaxşı dəyərləndirərlər, inşallah, əməyini.

Sonra qonaqlara Ərəbi təqdim elədilər. Sürücünün adı turistlərin diqqətini dərhal cəlb elədi:

-Necə yəni Ərəb? Axı, bu adam sarıbənizdir, Don kazakları kimi sapsarı, uzun bığları da var.

Tərcüməçi bu sözləri səsləndirəndə Ərəb gülümsədi, zarafatından da qalmadı:

-Qonağımıza deyin ki, bığım qaradır, sadəcə bu gün onların gəlişi şərəfinə sarı inəyin yağı ilə yaxşıca yağlamışam bığımı.

Tərcüməçi qonağa nə isə dedi, təbii ki, söylənilənlərin ciddi redaktəsindən sonra.

Elə ertəsi gün Yaşıltəpənin yaşlı sakinlərindən olan Nisə arvad Ərəbin maşınının qənşərini ərəbzəngi kimi kəsdi.

-Ərəb, başuva dönüm, sənə işim düşüb, axı.

-Buyur, Nisə xala.

-Ərəb, Allahdan gizli deyil, səndən niyə gizlədim? Bilirsən ki, babam da, atam da zəngin adam olublar. Düzdür, onlardan mənə miras çox şey qalmayıb, amma gümüş qolbaqlarım, sinəbəndlərim, iki sərnicim, iki dənə də tərtəmiz gümüş xəncərim var evdə. Qoruyub saxlamışam, Bakıdakı nəvəm çox istədi aparsın şəhərə, vermədim. İndi o sənin gəzdirdiyin hündürboy ərəb şeyxi var ha, dünən parkda gəzişəndə çağırdım evə, baxdı. Çox xoşu gəldi. Dedi ki, yola düşəndə gəlib hamısını götürəcək. İndi xahiş edirəm, birdən yadından çıxar, gedər, sən onu yola salanda gətir bizə, qoy amanatları götürsün, pulunu versin. Sənə də şirinlik verərəm, Həzrət Abbas haqqı.

Ərəbi elə bil ildırım vurmuşdu. Boğazı qurumuşdu. Necə yəni, ata-babamızdan qalan milli sərvətimizi bu arvad pulu, var-dövləti ilə öyünən bir əcnəbiyə versin, o da aparsın getsin...

Yox, burada bir biclik işlətmək lazımdır.

-Nisə xala, arxayın ol, sən nəyin var, yaxşıca bük bir odeyala, saxla. Qalanı mənlikdir.

Qonağının dincəlməyindən istifadə edən Ərəb qarıdan ayrılan kimi maşını sürdü düz Tarix-diyarşünaslıq muzeyinə. Xoşbəxtlikdən müdir Xalis müəllim də yerində idi. Məsələdən agah olan kimi Ərəbə razılığını bildirdi.

-Çox sağ ol, qardaş, sabah Nisə xalanın amanatını da, özünü də düz gətirirsən bura. Hal şahidlərini, hüquq-mühafizə orqanlarının nümayəndələrini də mən dəvət edəcəyəm. Qalanı ilə sənin işin olmasın.

...Nisə xala əvvəl-əvvəl özünü itirdi, heç nə anlamadığından hətta ağladı da. Qonşularını, prokurorluq işçilərini görəndə ürəyi sıxıldı. Xalis müəllim əsl diplomatlar kimi Nisə xalanı yola gətirməyə çalışdı:

-Əzizim, gözümün işığı, sənə rayon ictimaiyyəti, muzeyimizin əməkdaşları adından təşəkkür edirəm ki, bu cür əntiq əşyaları, keçmişimizdən yadigar qalan nümunələri belə səliqə ilə qoruyub saxlamısan. İndi bunlar muzeyimizin eksponatları kimi qeydə alınacaq.

Biz də rayona gələn qonaqlarımıza göstərib, fəxr edəcəyik. Burada sənin gətirdiyin əşyalardan ibarət xüsusi guşə də olacaq, altında da şəxsi imzan. Necədir hə, Nisə xala? Adın düşür tarixə. İndi bu kağıza da qol çək, bu qəbzi götür, bankdan sənin adına yazılmış məbləği də bu gün götürərsən. Nisə xala, qonağımızın sənə verəcəyi pul şirin olardı, yoxsa bizim özümüzün? Bu məsələyə görə Bakıdakı oğlun, nəvələrin də sevinəcək. Bütün ölkə səni tanıyacaq. Səni təbrik edirik, minnətdarıq ki, muzeyimizi bu cür əntiq əşyalarla zənginləşdirdin.

Nisə xalanın deməyə sözü qalmamışdı. Amma bircə onu dəqiq bilmirdi ki, hündürboy ərəbə nə cavab verəcək.

...Ərəb qonaqlar çamadanlarını götürüb, oteldən aşağı düşdülər. Ucaboylu kişi Ərəbi yanına çağırdı. Tərcüməçi vasitəsilə bildirdi ki, parkın yaxınlığında yaşayan Nisə arvadgilə getməlidir, alınası şey var. Getdilər. Nisə arvad dünənki əhvalatı olduğu kimi tərcüməçiyə nağıl elədi. Qonaq təbii ki, pərtliyini gizlədə bilmədi və təmiz Azərbaycan dilində həmişə dəbdə olan söyüşlərdən birini Ərəbin düz sifətinə nalladı. Yaşıltəpənin bərkgedən kişilərindən sayılan Ərəb təbii ki, belə söyüşlərə ömründə dözməzdi. Amma düzüb-qoşduğu əməliyyatı axıradək düzgün oyun qaydaları ilə başa çatdırmalı idi. O, Nisə xanımın həyətindəki mətbəxinə tərəf getdi. Bir azdan əlində iri bir karton yeşiklə geri qayıtdı.

-Ərəb qardaş, adaşım və dostum, üç gündür buradasan. Allah xatirinə, düzünü söylə, kimdənsə incimizsən, narazı qalmısan? Bəlkə mən sənə yarıtmaz yol yoldaşlığı eləmişəm? Olmayıb ki, belə şeylər? Olmayıb. Bizim Yaşıltəpənin öz yazılmamış qanunları var. Bax, bu səliqə ilə qablaşdırılmış yeşikdə Nisə arvadla birlikdə sənin ailən üçün sovqat qoymuşuq - Qızıləhmədi alması, nar armudu, qoz, fındıq, şabalıd, paxlava, şorqoğal, ağ xiyarın turşusu, əzgil mürəbbəsi, nə bilim, başqa şirin nemətlərdir.

Aparın, dadına baxın, nə vaxt da istəsəniz, yenə gəlin. Necə lazımdır, qulluğunuzda durarıq. Amma bizim Nisə xanımın muzeylə müqaviləsini kimsə poza bilməz - heç bir qüvvə, heç bir məbləğ. İncimə, başına dönüm. Necə olsa da, mən də Ərəbəm, axı, adınızı yaşadıram bu yerlərdə.

Ərəbin dediklərini gənc tərcüməçi sətirbəsətir ərəb şeyxinə tərcümə elədi. Bayaqdan ildırım vurmuş qarağac kimi qupquru görkəmdə dayanan şeyx əvvəlcə Nisə xanımı, sonra da Ərəbi möhkəm-möhkəm qucaqlayıb, heç bir söz demədən "Niva"ya sarı addımladı.

 

Ədalət.-2018.-22 may.-S.6.