Kinomuz da ədəbiyyatımızın
tayı olub...
Müasir
Azərbaycan ədəbiyyatında təsdiqini tapmış
bir neçə əsərlər var ki, onlar haqda filmlər
çəkmək olar. Bəs yazarlarımız hansı
əsərin üstündə
dayanır.
Adalet.az bu barədə
yazıçıların münasibətini
öyrənib.
Yazıçı Səfər Alışarlı:
"Bizim kinomuz da ədəbiyyatımızın
tayı olub. Təsəvvür edin ki, mənim ən çox xoşuma gələn iki-üç
Azərbaycan filmindən
biri "Bəxt üzüyü”dür. Çünki bu filmdə konyunktura azdır, Vaqif Səmədoğlu zəkasının itiliyi və korrektəsi var. Azərbaycan kinosunun simasında kinematoqrafı
ümumiyyətlə sevmirəm,
baxmaq mümkün deyil. Utanmaz-utanmaz da o siyasi xalturaları bu gün də xalqa göstərməkdə
davam edirlər. Mən hansısa əsərimi indi bizim kinoya
etibar etməzdim.”
Yazıçı Azad Qaradərəli: "Kuma-Manıç çökəkliyi”nin
ekranlaşdırılmasını çox istərdim. Sabir Əhmədli "Yamacda nişanə”, Əkrəm Əylisli
"Kür qırağının
meşələri”, Şərif
Ağayar "Haramı”,
Aqşin Yenisey "Gölə qarğısancan”
və bir də Mübarizin "Qar tanrısı” mətnlərində ekran elementləri çoxdur məncə. Təbii ki, güclü
ssenarist və rejissor işi olmaqla.”
Şair
Aqşin Yenisey: "Nəriman Əbdülrəhmanlının
"Yalqız” və Zakir Sadatlının "Əfqanstan uçrumu” romanlarının adını
çəkə bilərəm.
Bu romanların mövzusu Azərbaycan kinosunda əl dəyməmiş mövzulardır.”
Yazar Xalid Kazımlı: "Əslində filminin çəkilməsinə layiq
olanların, demək olar ki, hamısına
film çəkilib. Həm də
bir əsəri götürüb film çəkəndə
elə çəkəsən
ki, ən azı əsərin özü qədər maraqlı alınsın.
Fərman Kərimzadənin
"Qarlı aşırım”
romanının 60-65 səhifəsi
kifayət edib ki, ortalığa "Axırıncı aşırım"
kimi mükəmməl
bir bədii film çıxıb. Hazırda hansısa
əsərin adını
çəkməyə çətinlik
çəkirəm.”
Telejurnalist Elçin ƏIibəyli: "Ümumiyyətlə romanın ekran həlli bizim üçün çox önəmlidir. Çünki, oxumayan kütlə üçün yeganə təsir gücü audiovizual sənətdir. Bununla bağlı xeyli misallar çəkmək olar. Amma, qəribədir ki, Sabir Rüstəmxanlının və Elçinin, Aqil Abbasın romanlarının ekran həlli böyük uğur qazanmadı və geniş yayılmadı. Bunun səbəbkarı kimi mən kinosənayesinin vacib qolu olan kino marketinqi və tv-lərin biganə münasibətini görürəm. Dövlət tərəfindən maliyyələşən kinoların çəkilməsindən söhbət gedirsə burada məncə, daha çox tarixi mövzular önə çəkilməlidir. Çünki, çağdaş tamaşaçı yaxın tariximizi yaxşı bilmir. Ancaq bədii məziyyətləri baxımından fikir söyləsək düşünürəm Qan Turalın, Əliabbasın, Fəxri Uğurlunun, Seymurun, Rafiq Tağının və yaxşıca unutduğumuz (indi onu ancaq şair kimi tanıyırıq) Baba Vəziroğlunun nəsri ekran həlli üçün daha yatımlıdır. Əslində son illər bir neçə uğurlu roman çap olundu. Amma onların ekran həllinin dramaturji əsaslarını görə bilmirəm. Bir çoxu hadisəlilikdən uzaq, təsvir üzərində qurulduğundan onun ekaran həlli də çətinləşir. Bir də mütləq bu filmin kim üçün çəkilməsi dəqiqləşməlidir. Əgər festival üçündürsə yuxarıda dediyim müəlliflər. yox əgər kütləvi tamaşaçı üçündürsə o zaman Varis, Elxan Elatlı nəsri daha uyğun gəlir. Yəni seyrçi fokus-qrupuna görə əsər seçilməlidir ki, onun əhəmiyyəti olsun. Əks halda son on ildə çəkilən filmlər kimi nə festivallıq, nə də tamaşaçılıq olacaq. "Nabat” filmini istisna etməklə.”
Yazıçı Narıngül Nadir: "Mübariz Örənin "Ağ buludlar” romanına film çəkilməsini istəyərdim. Romanın strukturu, çoxşaxəli olması, özünəməxsus təhkiyəsi, müasirliyi buna imkan verir. Bu roman həm də yaxın keçmişimizi – keçid dövrünün müəyyən ştrixlərini özündə əks etdirir. Təbii ki, əgər ortada peşəkar rejissor işi olarsa bu romandan dünya səviyyəsinə çıxarılacaq bir film çəkmək olar.”
Yazar Sevinc Elsevər: "Seymur Baycanın "Quqark” romanı əsasında yaxşı ssenari yazmaq olar. Nəinki romanın , balaca bir hekayənin də əsasında ustad ssenarist yaxşı bir ssenari yaza bilər. Şərif Ağayatın neçə hekayəsi var, -biri elə " Şəkil" hekayəsi,- gözəl film qurmaq olar o hekayələrin üstündə. Hətta Şərifin bir neçə hekayəsini birləşdirib tammetrajlı film də eləmək olar. Ssenari sahəsi zəifdi bizdə. Yaxşı bir romanı elə günə qoya bilərlər, mat qalarsan. Sualı belə qoymusan ki, hansı romanın əsasında film çəkmək olar? Roman nədi, yaxşı ssenarist cıqqılı bir şeirin motivləri əsasında elə ssenari yazar ki, romandan o cür ssenari çıxmaz. Film çəkmək imkanım olsaydı, Azərbaycan ədəbiyyatından gen-bol yararlanardım. Azərbaycan kinosu yaranan gündən böyük uğurlarının 80 faizini milli ədəbiyyata borcludur. Bu gün də çağdaş ədəbiyyatımız kinematoqrafiyaya çox şey verə bilər.
Ədalət.-2018.-22 may.-S.8.