“Sonu mutluluqla
bitən kitab…”
Bu dəfə Cəlilədən danışacağam. Nazim Hikməti dünyaya gətirən qadından! Qorxunun nə olduğunu bilməyən fədakar qadından… Alagözlü kaplandan… Osmanlı dönəminin ilk qadın rəssamından. Yəhya Kamal Bayatlının eşqindən. Oğlunun azadlığa qovuşması üçün ixtiyar yaşında sarsılmaz iradə nümayiş etdirən, Qalata körpüsünün üstündə haqsız yerə məhbəsdə yatan övladı üçün imza toplayan bir Anadan!
Bu günlərdə türk yazarı Osman Balcıgilin "Alagözlü Cəlilə” kitabını oxudum və kitabı oxuyarkən ünlü türk şairi Turqut Uyarın bir misrası hey beynimdə fırlanırdı: "…insan sevdikcə iyileşiyor”. O, sevdikcə gözəlləşirdi – bütün sevən qadınlar kimi. Amma o, sıradan bir qadın deyildi; Polşa kökənli dövlət adamı Həsən Ənvər paşanın qızı idi, Parisdə, Romada təhsil almışdı, Avropa rəssamlıq məktəbini keçmişdi. ("Polşa kökənli” ifadəsinə görə bir haşiyə çıxım. Xalq yazıçısı Anar Nazim Hikmət haqqında yazdığı "Kərəm kimi” romanında Nazimin ana tərəfdən ulu babası Konstantin Borjenskiylə bağlı bir məqamı qeyd edir: "…Vala Nurəddinin və Əkbər Babayevin yazdıqlarına görə Konstantin Borjenski nəinki yəhudi, heç slavyan da yox, qaqauz, yəni qədim türk qövmündən – göy oğuzlardan imiş”. Anar, "Kərəm kimi”, "Azərbaycan” nəşriyyatı, 2015, səh. 102)
Nazim Hikmət haqqında saysız-hesabsız kitablar yazılıb, əksəriyyətini oxumuşam. Amma "Alagözlü Cəlilə” böyük şairi dünyaya gətirən qadın haqda oxuduğum ilk kitabdır. Əsəri janr olaraq sənədli roman saymaq olar. Cəlilənin Yəhya Kamalla yaşanan sevgisi və oğlu Nazimin aclıq aksiyasına qoşulması paralel süjet xətti kimi davam etdirilir. Müəllif bu hadisələrin fonunda Osmanlının sonuncu sultanı Vəhdəddinin ingilislərin gəmisinə minib ölkəni tərk etməsini və Türkiyə tarixində həlledici önəm daşıyan hadisələri də qələmə alıb. Bu hadisələri hamımız tarixdən bilirik, bu yazıda təkrar sadalamağa ehtiyac görmürəm. Əsərdə hadisələrin episentrində dayanan məğrur, əyilməz bir qadın obrazı var.
Cəlilənin olduqca zəngin mənəvi dünyası vardı, amma həyatını bağladığı Hikmət ruhuna hakim ola bilməmişdi. Osman Balcıgil yazır ki, "tamamilə fərqli xasiyyətdə olduqlarını Cəlilə yatağa girdikləri ilk gecədən hiss etmişdi. Özünün zirvələrə can atmağ sevən, macəra axtaran, aza qane olmayıb arzuladığı çox üçün daha artıq cəhd göstərən təbiətindən Hikmət bəydə zərrə qədər nişanə yox idi”. Cəlilə qayınatası, Osmanlı xanədanının yüksək çinli məmuru Mehmet Nazim paşa ilə sənət söhbətləri etməkdən inanılmaz dərəcədə zövq alırdı, ərinin atası kimi dərin intellekt sahibi, incə ruhlu bir adam olmadığından təəssüf hissi keçirirdi.
Bir gün xəfiyyələr evə basqın edərkən sürətlə qayınatasının otağına qaçaraq təhlükəli sayılan sənədləri masanın üstündən götürüb qoynunda gizlətmişdi. Evdə axtarış aparan xəfiyyələr heç bir şey tapmayıb Cəlilənin otağına keçmək istərkən "müsəlman qadının otağına bu şəkildə girmək əxlaqsızlıqdır” deyərək tapançanı onlara tuşlamışdı: "Bir addım atsanız, hamınızı öldürərəm!” Və onların başının üstündən atəş açmışdı. Gələnlər əliboş qayıtmışdılar. Cəlilə qayınatasını beləcə xilas etmişdi. Hər qadın belə bir cəsarət göstərə bilərmi?! "Mavi gözlü dev”i bu qadın dünyaya gətirmişdi.
Cəlilə iki dəfə ərindən boşanmağa cəhd etmişdi, hər dəfə qayınatası Mehmet Nazim paşa ailəni dağılmaqdan xilas etmişdi. Ona qədər ailə Memhet Nazim paşanın işiylə əlaqədar Selanikdən İstanbula, ordan Hələbə və yenidən İstanbula qayıtmışdı. Cəlilə bu səfərdə Nazimdən sonra dünyaya gəlmiş ikinci oğlunu şəhərə yayılmış xəstəlik ucbatından itirmişdi, daha sonra Nazimin bacısı Samiyə dünyaya gəlmişdi. Osmanlı Türkiyəsi müharibələrdən göz aça bilmirdi, imperiyanın dayaqları sarsılmışdı. Xanədan çöküş ərəfəsindəydi. Ailə sonuncu dəfə çat verdi və onlar ayrıldılar. Onda artıq arada Yəhya Kamal vardı. Onları məşhur türk yazıçısı Yaqub Qədri Qaraosmanoğlu tanış etmişdi. Osman Balcıgil yazır ki, Cəlilə öz sevgilisi yolunda ərini, evini tərk etdi. Yəhya Kamal ona "Alagözlü qaplanım” deyə şeirlər yazdı. Qadın özünü göylərin yeddinci qatında hiss edirdi, xoşbəxt idi. Amma hansı xoşbəxtlik sonacan davam edib?!
Osman Balcıgilin yazdığına görə Yəhya Kamal dillərdə əzbər olan "Səssiz gəmi” şeirini Cəliləni limandan gəmiylə yola saldıqdan sonra elə ordaca yazıb:
Artık
demir almak günü gelmişse zamandan,
Meçhule giden bir gemi
kalkar bu limandan.
Hiç
yolcusu yokmuş gibi sessizce alır
yol;
Sallanmaz o kalkışta ne mendil ne
de bir kol.
Rıhtımda kalanlar bu seyahatten elemli,
Günlerce siyah ufka bakar
gözleri nemli.
Biçare gönüller! Ne giden
son gemidir bu!
Hicranlı hayatın ne de son matemidir
bu!
Dünyada sevilmiş ve
seven nafile bekler;
Bilmez ki giden sevgililer dönmeyecekler.
Birçok gidenin her biri memnun ki yerinden,
Birçok seneler geçti; dönen yok seferinden.
"Şair şanslı
idi. Şeirində yazdığı kimi olmayacaqdı, sevilən və sevən nahaqdan gözləməyəcəkdi”.
Onlar yenidən,
təkrar-təkrar görüşəcəkdilər. Yəhya
Kamal Nazimin müəllimi olacaqdı,
onun ilk şeirini qəzetdə dərc etdirəcəkdi və bir gün Cəliləgildən
çıxanda şair
paltosunun cibindən belə bir açıqca
tapacaqdı:
"Müəllimim kimi
girdiyiniz bu evə atam kimi
girməyəcəksiniz”.
Bu, Nazim Hikmətin
xəbərdarlığı idi. Bu xəbərdarlıqdan
sonra Yəhya Kamal sevdiyi qadından
üz döndərir.
Cəlilə qadın olsa
belə cəsarətli
idi, fədakar idi, qurban verməyi
bacarırdı, Yəhya
Kamal isə qorxurdu, ehtiyat edirdi. Yəhya Kamal! "Türk
poeziyasının Boğaziçi
körpüsü” adlandırdıqları
qüdrətli şair
aşiqlik imtahanından
çıxa bilmədi.
Cəlilənin xəyalları suya
düşdü, ümidləri
çilik-çilik oldu,
səmalardan yerlərə
düşdü. Uzun müddətli
depressiya uzun sürmədi. Parisli rəfiqəsi
Marselə yazdığı
məktublar onu xilas etdi, o, acı gətirən xatirələrdən xilas
olmaq üçün
Parisə, rəfiqəsinin
yanına yollandı.
Nazim Hikmət
isə Moskvaya təhsil almağa yollanmışdı. Moskva həyatı onun
siyasi və həm də ədəbi dünyagörüşünə
ciddi təsir göstərmişdi. Onu həbsə
aparan yollar da Moskvadan keçirdi.
Humanist ruhlu şair
istibdad altında inləyən xalqının
xilasını kommunizmdə
görürdü. Kommunist olduğuna
görə hakim dairələr
onu düşmən elan etmişdi və "vətən xaini” damğası həbsdən azad ediləndən sonra da, ölümündən
sonra da onu təqib etdi. Özünün
ən kədərli misralarından biri də budur:
vatan, kurtulmamaksa kokmuş karanlığımızdan,
ben vatan hainiyim.
Yazın
üç sütun üstüne kapkara haykıran puntolarla:
Nazım Hikmet vatan hainliğine
devam ediyor hala.
Cəlilə dişi qaplan kimi haqsız yerə məhbəsə atılan oğlunun azadlığı uğrunda
mübarizə aparırdı. Qalata körpüsünün
üstündə səsi
gəldikcə bağırmaq
istəyirdi. Bacısı Münəvvər və bacısı oğlu Oktay Rıfat onu bu fikirdən
daşındırmışdılar.
Gözəl, ala gözlərində quyruqlu sürmələr,
balaca ağzı boyalı, yaşı altmışa yaxın,
təzyiqi aşağı,
ürəyi var.
İşi-gücü, fikri-zikri rəsm çəkmək,
Qızlığından bəri çəkərmiş,
əri öldükdə
on il bundan əvvəl
ləl-cəvahiratını satıb
Romaya gedir.
Şükür ki, burdakı evini satmayıb,
yoxsa yazıq qadın qayıtdıqdan sonra
acından ölə
bilərdi.
İndi alt mərtəbəni kirayə
verməklə dolanır.
Nazim Hikmət
bu misraları anasına həsr edib və anası
ziyarətinə gələndə
onun üçün oxumuşdu və demişdi ki, sən də məmləkətimin bir insan mənzərəsisən.
Cəlilənin ürəyinə tikan kimi batan əski
sevgilisi Yəhya Kamalın Nazim Hikmətin məhbusluğuna
biganəliyi idi. Yəhya Kamal
Nazimin ustadı olmuşdu, ilk şeirlərini
mətbuatda o çap
etmişdi. Nazim üçün imzatoplama
kompaniyasına ən məşhur şairlər,
yazıçılar, ziyalılar
qoşulduğu halda Yəhya Kamal "məni bu işə
qatmayın” demişdi…
"İnsan ən
azı, nəzakət
xatirinə bir cümlə ilə əlindən heç nə gəlmədiyini yazar”. Yaşlı qadın belə
düşünmüşdü.
Nazim Hikmətin
vəkili Mehmet Əli Sebuk şairin günahsızlığını
hüquqi cəhətdən
sübut edərək
yaranmış vəziyyəti
dünyada məşhur
yanlışlıq kimi
xatırlanan "Dreyfus hadisəsi”nə
bənzətmişdi.
Kitabı
oxuyub bitirəndə yenə Nazim Hikmətin misralarını
xatırladım: "Sonu
mutluluqla bitən kitablar yollayın bana”.
Bu kitab mutlu bir sonluqla – Nazim Hikmətin məhbəsdən azad olması ilə bitir. Şairin azadlığa çıxmasında
ən böyük dirənişi də alagözlü qaplan göstərmişdi.
İmza:Kənan Hacı Dosta:
Göndər
Ədalət.-2018.-22 may.-S.6.