Geriyə yol varmı...

 

Nemət Veysəlli

 

(əvvəli ötən saylarımızda)

 

...Qurultayda iştirak edəcək yazıçıların dəvətnamələrini alıb bayıra çıxdıq. Vağzalyanı küçələr izdihamlı, haylı-küylüydü. Adamlar dəstə-dəstə gəzirdi, günü-gündən gərginləşən, alovlanan hadisələri müzakirə edirdilər. Adamlar elə bil havalanmışdılar, birinin dediyinə o biri qulaq asmırdı. Sabiq Çapayev küçəsindən üzü bəri - Xalq Cəbhəsinin qərargahına sarı izdihamdı, bir dəstə pərakəndə şəkildə irəliləyirdi. Əksəriyyəti də cavanlardı. Odlu-alovlu danışırdılar, rabitəsiz qışqırışırdılar.

Dəstənin də qabağında qırx-qırx beş yaşlı bir erməni qadını yeriyirdi. Əslində buna yerimək demək də olmazdı - qadının üst-başı didik-didik, cırıq-cırıqdı. Ayaqları da yalındı. Ayaqqabısız, corabsız açıq ayaqları, baldırları, barmaqları, dizindən aşağı nəyi vardı - hamısı su içindəydi. Zavallı qadın soyuqdan tir-tir əsirdi. Erməni qadını ayaq üstəydi, amma elə bil çoxdan ölmüşdü - heysiz, kor-koranə, çaşqın, gözləri irilmiş vəziyyətdə dəstənin qabağına düşmüşdü. İnsafən qaraguh onu döymürdü, üst-başını da cırmırdılar, heç üstünə acıqlanmırdılar da. Görünür, dəliqanlı, başlarını tamam itirmiş, insanlıq və humanism kimi dəyərləri çoxdan unutmuş bu gənclər haradasa başqa bir yerdə qadına işgəncə vermişdilər, üst-başını cırmışdılar, qarın üstü ilə ayaqyalın yeriməyə məcbur etmişdilər. Çox acınacaqlı, dözülməz hala düşmüş qadının sir-sifətində nəyisə ifadə edən heç bir əlamət qalmamışdı. Bütün bədəni keyləşmişdi, gözləri donmuşdu, cansız müqəvvaya çevrilmişdi.

Xalq Cəbhəsinin dəliqanlı fəalları bu zavallı erməni qadınını niyə bu hala salmışdılar, bu görkəmdə hara aparırdılar, bu kortəbii axının sonu nə ilə qurtaracaqdı, - bilmədim. Sonralar hadisələr məhvərindən çıxdı. Vaxtında çox asanlıqla söndürülə biləcək erməni-Azərbaycan münasibətləri böyük bir ərazini əhatə edən alova çevrildi. Hərbi müxbir kimi (1993-1999) Qarabağa yollandım. Döyüşlərarası fasilədə, nahar vaxtları, müxtəlif məqamlarda, ayrı-ayrı yerlərdə doxsanıncı illərin o qarlı günü, Bakının tən ortasında, vağzalyanı küçələrin birində, əsir-yesir, zəlil vəziyyətə düşmüş erməni qadınının sifəti heç cür gözümün qabağından getmirdi... Bu işlər niyə belə oldu, xalqlar arasına bu faciəni kim saldı?.. Şər qüvvələrin şirnikdirici, canına qan hopdurulmuş parıltılı sözlərinə niyə inandılar...

 

 

İkinci epizod

 

1992, avqust ayı, Qubadlı rayonu

 

Prezident Əbülfəz Elçibəyin tapşırığı ilə bir qrup respublika ziyalılarının iştirak etdiyi işgüzar komissiya yaradılmışdı. O dövrki Ali məclisin sədr müavini Afiyəddin Cəlilovun rəhbər olduğu bu komissiya cəbhəyanı rayonların hərbi vəziyyəti, təhlükəsizliyi ilə yaxından tanış olmalı, geniş məlumat hazırlamalıydı. Qabaqcadan cəbhəyanı bölgələrə gedəcək şəxslərin siyahısı uzun idi. Amma məsələ dəqiqləşəndə onların böyük əksəriyyəti müxtəlif bəhanələr gətirərək təhlükəli səfərə getməkdən boyun qaçırdılar. Əlbəttə, mən burada Füzulidə, Cəbrayılda, Zəngilanda, Laçının Azərbaycan hərbçilərinin nəzarətində olan yerlərdə gördüyüm gərgin və dramatik məqamlardan danışmayacağam.

...Komissiya üzvləri, sözsüz, Qubadlıya da getdi. İcra hakimiyyətinin AXC-nin rəhbərləri tərəfindən təzəcə təyin edilmiş başçısı, rayonun müdafiəsi ilə əlaqədar, bu işə cəlb edilmiş adamlarla görüşdük. Vəziyyət heç də ürəkaçan deyildi.

A.Cəlilov qərara gəldi ki, xəstəxanaya gedək, atışma vaxtı yaralanan insanlarla görüşək. Əsgərlərə, mülkü şəxslərə tibbi xidmətin vəziyyəti ilə də tanış olaq. Xəstəxana rayon mərkəzindən bir az aralı, dağın döşündəydi.

O böyüklükdə tibb ocağında xəstə, yaralı döyüşçü yox dərəcəsindəydi. Amma baş həkim bizi palataya, bir nəfər ağır xəstənin yanına apardı. O, sistem altındaydı. Nəfəs borularına, ağzına, burnuna, qollarına müxtəlif təyinatlı tibbi cihazlar qoşulmuşdu. Deyəsən xəstənin halı heç özündə deyildi. Onun qaş-gözünün hərəkətindən, durumundan asanlıqla bilmək olardı ki, o, ətrafda baş verənləri görmür, duymur. Beş-altı nəfərin qəfil palataya girməsi, baş həkimin danışıqları - o, bunları dərk eləmək, anlamaq iqtidarında deyildi. Afiyəddin müəllim sərrast müşahidəyə, gərgin vəziyyətlərdən baş çıxaran, iti ağıla sahib adamdı. Bütün bunlarla yanaşı, son dərəcə istiqanlı və duyğulu insandı. O, ağır xəstənin halına emosional şəkildə reaksiya verdi. Kövrəldi, haldan-hala düşdü.

- Həm yaşlıdı, həm də gör nə vəziyyətdədir, - dedi. - Onu bu vəziyyətdən çıxarmaq olmaz, - deyə üzünü həkimə tərəf tutdu. - Nəyə ehtiyacınız var, çəkinməyin, söyləyin. Nə desəniz təşkil edərəm. Lap istəyirsən, Bakıdan buraya sanitar-vertolyot da gətirdim. Nə isə bir iş görün, axı belə olmaz!

Həkimin xəstə haqda məlumatlarından məlum oldu ki, bu zavallını ermənilər avtomatla neçə yerindən güllələyiblər: sinəsini, qarnını, başını və qollarını güllələr deşik-deşik edib. Ən dəhşətlisi də o idi ki, düşmənlər bu zavallının gözləri qabağında həyat yoldaşını, iki oğlunu vəhşicəsinə öldürüblər. Bu xəstə yalvarıb, ermənilər qarşısında diz çöküb, deyib ki, qoyun heç olmasa oğlanlarımı özüm dəfn edim, torpağa basdırım, - qoymayıblar. Dünyada özlərini azadlıq və sülhsevər millət kimi təqdim etməyə cəhd göstərən ermənilər, indi bu ölümcül xəstənin, bu çarəsiz insanın çinar boyda oğlanlarını, həyat yoldaşını yaş torpağın üstünə atıb gediblər. Övladlarını öldürdükləri yerdən iki, üç kilometr aralanandan sonra atanı da güllələyiblər və qəhqəhə içində, heç nə olmamış kimi çıxıb gediblər.

Qubadlının cəngavər oğlanları hansı yollasa həyat yoldaşını, oğlanlarını itirmiş həmyerlilərini ağır yaralı vəziyyətdə tapıblar, xəstəxanaya gətiriblər. Həkimin dediyinə görə, gecə-gündüz ona xidmət edən isə bu zavallının dünyada sağ qalan yeganə övladıdır.

Araya ağır, öldürücü sükut çökdü.

Ətrafda baş verənlərə görəmi, yoxsa bu onun peşəsinə xas keyfiyyətlərdənmi irəli gəlirdi - həkim elə bil daşa dönmüşdü, heykəldi.

Afiyəddin müəllimə tərəf döndü və soyuqqanlıqla:

- Bu adamın sağalmaq ehtimalı yoxdu. Bəlkə də indi söylədiklərimi düz başa düşməyəcəksiniz. O, bu yaralardan, faciələrdən sonra necə yaşayacaq? Sizcə, yaşamağa dəyərmi?

Həkimin bu sözlərindən sonra hamımız heyrət içində donub qaldıq.

 

***

Bu mövzu haradan gəlib düşdü beynimə. Yaşlaşdıqca anamın hazırladığı xörəklər tez-tez yadıma düşür: toyuq çığırtması. Hətta, uşaqlıq və yeniyetməlik dostum Qürbət Cavadovun atası Abdulla Səfərov həmişə deyirdi ki, çolpa əti ki, düşdü suya, oldu heç nə. Parça-parça, tikə-tikə edilib qazana tökülən toyuq ətinin üstünə bir az soğan doğra bəsdi. O, qoy qazanda, yağın içində yaxşı-yaxşı qızarsın, vəssalam. Belə xörəyin dadı damağından getmir.

Anam pomidor çığırtmasını da yaxşı bişirirdi. Pomidorun qabığını bütöv soyurdu. Soyulan pomidoru yaxşı-yaxşı əzirdi. Yağ dağ olandan sonra soyulmuş, əzilmiş pomidoru kiçik qazana tökürdü. İsti odun ocağın üstündə pomidor çığırtması duru hala düşənəcən pıqqapıq qaynayırdı. Qaynayan, maye şəklinə düşən pomidor çığırtmasının üzündə xırda-xırda şarlar əmələ gəlirdi. Mən neçə illərdi Bakıda, Şəkidə, Lənkəranda pomidor çığırtmasını yeyirəm, onların heç biri anam hazırlayan pomidor çığırtmasının dadını, tamını verməyib.

Südlü əriştə, xaşıl, iri yarpaqlı xəngəl - o, bu xörəkləri də tez-tez bişirirdi.

Bizim kənddə, Əstəməz və Tola düzündə "qara qılçıq, "sarı buğda" deyilən taxıl növləri becərilirdi. İllah da il yağışlı, yağmurlu olanda bu buğdaların adam boyda ətli sünbülləri olardı. Sünbüllər iri və sağlamdı. Bir balaca meh əsdimi - sünbüllər tellənirdi, dalğalanırdı, dalğalar bir-birini qovub ifadəyə gəlməz mənzərələr yaradırdı. Elə bil dənizdi, dalğalanırdı. Kiçik, ucu-bucağı görünməyən dalğalar həndəsi ədədlər kimi artırdı, insan taxıl zəmilərinin bu qeyri-adi, əsrarəngiz mənzərələrinə tamaşa etdikcə xəyallar aləminə dalırdı.

Veysəlli torpaqlarında becərilən taxılın unu da dadlı və tamlıydı. Anamın hazırladığı xəngəlin yarpaqları iriydi, bərkdi. O, nadir hallarda xəngəlin üstünə sarımsaqlı qatıq tökərdi. O böyüklükdə xəngəl yarpaqları əridilmiş camış yağının içində, demək olar ki, üzürdü. Maraqlıdı, vallah, billah, o necə yağ idisə insanın ürəyini vurmurdu, diksindirmirdi. Bəlkə də bu ona görə beləydi ki, o taxıl münbit qaratorpaqda, dəmyə becərilirdi, buğda isə su dəyirmanında üyüdülürdü.

Nöyzənbillah, Allahın adı ucadı. Allah haqqı camış qaymağını çörəksiz-zadsız xörək qaşığı ilə yeyirdim. Pendiri təndir çörəyinin arasına qoyub necə yeyirlərsə, mən də camış yağını çörəyin arasına qoyub dişləyirdim. Düzdür, taxılımız, çörəyimiz qıtdı. Amma evimizdəki qazanların, teşt və vedrələrin içi yavanlıqla - qatıq, süd, yağ və qaymaq, şor və ayranla doluydu. Çörək sarıdan qarnımızın yarımçıqlığının yerini qatıq, süd, qaymaqla doldurardıq.

Anam tez-tez həmənkömənçi qaynadardı, üstünə də dağ edilmiş yağ, sarımsaqlı qatıq tökürdü və belə bir xörəyi iştahla yeyirdik. Hərdən həmənkömənçi ilə düyü yarmasından qəribə, çox dadlı xörək də hazırlayırdı. Qarabağda bu cür xörəyə camaat "bomba" adını da vermişdilər.

Bəzən Sosun, Herherin, xüsusilə də Çartazın haqçıqləri qarğa-quzğun kimi kəndin həyətlərinə tökülüşürdülər. Veysəllilərin həyət-bacasından xurcun-xurcun pencər toplayırdılar. Kaş Veysəlli həyətlərindən yığılan o xurcun-xurcun həmənkömənçi, pencər zəqqutun olub töküləydi nankor qonşularımızın boğazına. Erməni separatçılarının 1988-ci ilin fevralında Azərbaycan Respublikasına qarşı ərazi iddiaları, etirazları sonralar hər iki tərəfdən minlərlə insanların faciəsinə səbəb oldu.

Künc-kənəni gəzirdim, evimizdə əlimə çörək keçməyəndə cumurdum qaymağın, qatığın, şorun üstünə.

Az qalmışdı yadımdan çıxa. Sura bibimin qayğanağı, Allahverdi kişinin qızı Rənanın hazırladıqları toyuq çığırtması haqda indinin özündə də nağıl və rəvayətlər danışırlar.

 

Daşları tərs üzünə çevirmək

vərdişi və ya Lətif dayı haqda...

 

Rzalar ilə Yal oba arasında xeyli məsafə vardı. Təsəvvür edin ki, bu ev ilə o birinin arası ən azı iki yüz addımlıq yoldu. Hər obada da ən azı qırx-əlli təsərrüfat yerləşirdi. Məsələn, Rzalar obasındakı evlərin çox hissəsi Qulu qayasının ətəklərinə səpələnmişdi. Gözəl və xoşbəxt günlərimizdi. Yurd-yuva üçün əlverişli sahədə kim haranı istəyir, ürəyindən hara keçir, orada da mülk ucaltmışdı. Səfəralının evi, həyəti bütün yamacı tutmuşdu. Mal-qoyun üçün geniş pəyələri, toyuq-cücə üçün hini, it damı, təndiri, odun, çır-çırpı saxlamaq üçün talvarı. Geniş, cürbəcür meyvə ağacları, üstəgəl bostanı. İnsanın yaşamaq, xoşbəxtliyi üçün, siz deyin, daha nə lazımdır?..

 

(ardı gələn sayımızda)

 

Ədalət  2018.- 23 may.- S.7.