ELÇİN HAQQINDA NƏ
DEMİŞLƏR...
Hörmətli Elçin! Siz yaradıcılığınızın çoxşaxəli olması ilə seçilən, müxtəlif janrlarda uğurla işləməyi bacaran qələm sahiblərindənsiniz. Teatr üçün yazdığınız əsərlər ədəbi aləmdə sizi həm də dramaturq kimi tanıtmışdır. Ölkəmizdə, habelə dünyada gedən ədəbi-bədii proseslər barədə dövri mətbuatda müntəzəm olaraq dərc etdirdiyiniz tənqidi məqalələr ədəbiyyatşünasların yüksək qiymətini qazanmışdır. Ssenariləriniz əsasında çəkilmiş bədii filmlər tamaşaçılar tərəfindən həmişə böyük rəğbətlə qarşılanmışdır. Sizin ictimai fəaliyyətiniz müxtəlif ölkələrdə yaşayan soydaşlarımızın mənəvi birlik və həmrəyliyi işinə xidmət etmişdir.
İnanıram ki, yaradıcılığın ən yetkuin dövırünü yaşayan ədib kimi siz müasir ədəbi prosesə ciddi təsir edən yeni-yeni əsərlərinizlə bundan sonra da Azərbaycan oxucusunu sevindirəcək, müstəqillik dövrü ədəbiyyatımızın zənginləşməsi işinə öz töhfənizi verəcəksiniz.
Heydər Əliyev.
Azərbaycan
Respublikasının Prezidenti, 19 may 2003-cü il.
Elçin müasir həyatdan, uşaq vaxtlarından bələd
olduğu adamlardan və mənbələrdən yazır. Təsadüfi deyildir ki,
Abşeron bağları və kəndləri, Xəzər dənizi
onun əsərlərində poetikləşdirilir, zahirən o
qədər də parlaq və cavzibədar olmayan, hətta ilk
nəzərdə cansıxıcı görünən dar və
əyri-üyrü küçələr, dalanlar, ağ neft
piltəsilə qızdırılan balaca otaqlar, boz nahamvar dar
divarlar belə şairanə rənglər kəsb edir;
gözümüzdə yeni, xoş görkəmlə
canlanır. Bizi əhatə edən xarici aləm,
yaşadığımız evlər, gəzdiyimiz dəniz
sahilləri, Bakı bağlarının sarı qumlu, dadlı
üzüm gətirəmeymələri, çadır kimi
kölgə salan ağacları, çılpaq qayaları
Elçinin hekayə və povestlərində davim insan hisslərinin
hərarətini, insan ürəyinin romantik
çırpıntılarını əks edir; çünki
yazıçı onları təsvir xatirinə deyil, qəhrəmanlarının
həyəcan və iztirablarının dərin hisslərinin
tərcümanı kimi əsərə daxil edir. Bu təsvirlərin yığcamlığı və
təbiiliyi bizi o qədər cəlb edir edir ki, gözlənilmədən
özümüzü başqa aləmdə hiss edirik.
Mirzə
İbrahimov, xalq yazıçısı akademik
Elçinin hekayə və povestləri yalnız məzmunca
deyil, forma və üslubca da müxtəlifdir. Elçinin
üslubunda indidən fərqləndirici cəhətlər
özünü göstərir, onu biz yazısından, xəttindən
tanımağa başlayırıq, özünəməxsus
keyfiyyətlərini ayırd edirik. Bu
özünəməxsusluq yazıçının həyati
müşahidə, hadisələrə baxma, onları görmə,
duyma xüsusiyyəti ilə əlaqədardır. Sənətkar fərdiyyəti hər əsərə
öz damğasını basır. Yazıçının
fərdi istedadından asılı olaraq bu damğa bəzən
çox qabarıq, təkrarolunmaz, orijinal keyfiyyətləri
ilə meydana çıxır. Elçinin hekayə və
povestlərini oxuyanda qələmindəki özünəməxsusluğun
bədii cizgiləri, əlamətləri dərhal nəzərə
çarpır... Hazırla keçmişi, ayıqlıqla
yuxululuğu, həqiqətlə xəyalı, real hadisələrlə
nağılı, əfsanəni yanaşı təsvir etmək,
daxili dialoqlardan, öz-özü ilə söhbətdən,
dramaturji səhnələrdən, mozaiku parçalardan,
mübaliğə, şişirtmə üsulundan istifadə
etmək onun təsvirlərinin esosional qüvvəsini
artırır.
MƏMMƏD
ARİF, akademik, 1973
Elçin hələ universitetdə təhsil alarkən,
mənim tələbəm olmuş, geniş
dünyagörüşü, istedadı, fəallığı
ilə diqqəti cəlb etmişdir. Sonralar aspiranturada
oxuyarkən, onun bu keyfiyyəti daha da inkişaf etmiş və
o, yaxşı bir müasir ədəbiyyatşünas-mütəxəssisi
kimi yetişmişdir.
Mənim müşahidəmə görə, Elçin
müasir ədəbi gənclər içərisində
inkişafa meylli və ədəbiyyat sahəsindəki vəzifə
və məsuliyyətini dərk edən cavanlardandır. Savad və
bilikdən başqa, Elçin öz üzərində
çox işləyən, ədəbiyyatımızın və
yazıçılarımızın qeyrətini çəkən
cavanlardandır.
Elçin ədəbiyyata peşə üçün
yox, amal üçün gəlib.
Mir Cəlal
Paşayev, yazıçı, professor
Elçində bədii dərk duyğusu güclü və
cəlbedicidir.
Müxtəlif əhval-ruhiyyəli, müxtəlif
fərdi həyat yolları keçən adamların mənəvi
aləminə eyni səviyyədə dərindən nüfuz
etmək qabiliyyəti onun yazıçılıq
istedadının ən qüvvətli cəhətidir.
Məmməd
Cəfər, akademik
Elçin
nə dərəcədə oxucuların dərin rəğbətini
qazanmış professional bir yazıçıdırsa, o dərəcədə
də yüksək səriştəli professional tənqidçi
və ədəbiyyatşünasdır... Mən
Elçinin keçmiş Ümumittifaq mətbuatında
tez-tez dərc etdirdiyi yüksək səviyyəli və milli
təəssübkeşlik baxımından qiymətli məqalələri
ilə həm klassik, həm də müasir Azərbaycan ədəbiyyatının
təbliğindəki ciddi xidmətlərini xüsusi qeyd etmək
istəyirəm.
Bəxtiyar
Vahabzadə,
Xalq
şairi
Elçin istedadlı yazıçılarımızdan
biridir. Onun hekayə və povestləri, müasir ədəbiyyatımızın
mühüm problemlərinə həsr olunmuş tədqiqat məqalələri
ədəbi tənqidin, geniş oxucu kütlələrinin
diqqətini cəlb etmişdir.
Həmid
Araslı, akademik
Elçinin məşhur "Ölüm hökmü"
romanı Azərbaycanın düşmənlərinə
ölüm hökmü oxuyursa, o böyük epik əsər
həm də keyfiyyətcə parlayırsa, siz nə cəsarətlə
(müasir ədəbiyyata) ölü deyirsiniz?
İsa
Hüseynov, Xalq yazıçısı
Müasir Azərbaycan nəsrində Elçinin yeni
prizma altında yeni rakursdan baxıb təzədən və
tamamilə orijinal şəkildə kəsb etdiyi
mühit-Abşeron kəndləridir. Elçin
yaradıcılığının əsas xüsusiyyətlərindəın
biri obrazların reallığı, dinamikliyidir. Hər obrazın konkret həyat mövqeyindən,
sosial mənsubiyyətindən, mənəvi və psixoloji
axarından asılı olaraq rəngarəng poetik vasitələr
seçilir, detal və təfərrüatlar mühitə,
obrazın siqlətinə uyğunlaşdırılır, daha
doğrusu, hər poetik ştrix situasiyanın özündən
törəyir.
Yusif Səmədoğlu,
Xalq yazıçısı
Son 40-45 ilin Azərbaycan ədəbiyyatını, ədəbi
prosesimizi Elçinsiz təsəvvür etmək mümkün
deyil. Eyni zamanda, Moskva nəşriyyatlarında çap
olunmuş əsərləriylə, Moskva mətbuatında dərc
edilmiş povestləri, hekayələri, məqalələriylə,
layiq görüldüyü Ümumittifaq mükafatlarla
Elçinin keçmiş Sovet İttifaqının ədəbi
həyatında da önəmli yeri vardır. Bu gün Elçin Türkiyədə də
geniş tanınan, mükafatlandırılan
yazıçılarımızdandır. Bütün
bunlar Elçinin də, bir sıra başqa Azərbaycan
yazıçılarının da guya ki, Yevlaxdan o yana tanınmamaları haqqında gülünc
iddiaları danılmaz faktlarla təkzib edir.
ANAR, xalq
yazıçısı
Elçinin öz yazı tərzi, orijinal üslubu, təhlil
manerası vardır, elmi-nəzəri ricətləri sevir,
publisistikaya xüsusi meyl göstərir, hətta
ayrı-ayrı sözlərdən belə sərbəst
istifadə edir və bütün bunlar bilavasitə tənqidçi
üslubu ilə bağlıdır. Elmi-nəzəri səviyyə,
dünya ədəbiyyatına, klassik Azərbaycan ədəbiyyatına
fəlsəfi estetik fikrimizə, bir çox qaynaqlara, mənbələrə
bələdlik yoxsa və bütün bunlarla bir sırada
orijinal düşüncə tərzi, sərbəst mühakimə
qabiliyyəti yoxsa, hətta ən cəlbedici üslubda qurama təsiri
bağışlayacaq.
Kamal
Talıbzadə, akademik
Elçin hər gür yekrəngliyə
qarşıdır. Onun ədəbi palitrasında şərti
rənglərin bolluğu buradan irəli gəlir. Burada hətta
hər əhvali-ruhiyyənin öz rəngi var. Bu üslubda
arzu da, həsrət də "işıqlı və sevincli ola bilir".
"Qatar" qeyri-sabit, qeyri-yekrəng, dinamik bir obraz
kimi Elçinin diqqətini tez-tez cəlb edir. Çünki
o, uzaq məsafələrim, gələcəklə
keçmişi, xatirələrlə indini birləşdirə
bilir.
Həyatda və daxili aləmdə
"gümüşü işıq" sorağında bədii
axtarışlar davam edir. Mənəvi gözəllik
axtarışları yollarında Elçin öz qəhrəmanları
ilə birlikdə addımlayır.
Yaşar
Qarayev, professor,
EA-nın
müxbir üzvü
Elçin xeyirxah qəhrəmanını gözəllik
və ülvilik arzusu ilə və həyata keçirilməsi
ümidi ilə yaşadır. Elçin
"Qeyri-fantastik hekayələr" silsiləsində
göstərir ki, möcüzə təkcə
nağıllarda yox, həm də real həyatda baş verə
bilər; əsl səadət və gözəllik insanın
mayasındadır - onun vicdanında, özünə və mənəvi
borclarına sədaqətli olmaq bacarığındadır.
Elçin sağlam varlığa
çıxış yolunu əxlaqi-etik planda da axtarır,
bunu insanın özü üzərində fantastik,
möcüzəli qələbəsində görür.
Zoya
Kedrina, rus tənqidçisi
Yazıçı (şair) dövrün bədii-estetik
meylini görür və həmin səviyyəyə qalxa
bilirsə, ədəbi prosesi qavrayır və onun axarına
düşürsə, eyni zamanda, bu meyl və prosesin istiqamətləndirici
işığını öz fərdi yaradıcılıq
linzasında sındırmağı və toplamağı
bacarırsa, o, sənətkardır.
Və ümumi və fərdini bağlamaq qabiliyyətidir
ki, həqiqətən yalnız sənətkarlıqla
qazanılır. Elçin bu adı qazanmaq xoşbəxtliyinə
çatıb.
Tofiq
Hacıyev, professor
Elçin daha çox dirijoru xatırladır, o, hisslərdən
öz məqsədinə uyğun şəkildə istifadə
edir, onları öz istəyinə uyğun axara yönəldir. Elçində "Niyə?"
"Nə səbəbə?" sualları
xüsusi dəyər kəsb edir o, insanların ən
"şəxsi" sirlərini belə xırdalamağı
xoşlayır. Buna görə də Elçinin əsərlərində
ən xırda, gözəgörünməz obraz belə az və ya çox dərəcədə,
öz dünya tutumunda filosofdur. Hər kəs nəyi isə
anlamağa, açmağa çalışır və buradan
da Elçin yaradıcılığının geniş səpgili,
analitik təmayüllü dil dünyası yaranır...
Aydın
Məmmədov
Çağdaş Azərbaycan ədəbiyyatının
və qidi fikrinin görkəmli yaradıcılarından biri
olan Elçinin təkcə uğurla təmsil etdiyi
altmışıncılar nəsli içərisində deyil,
bütövlükdə yeni dövr Azərbaycan ədəbiyyatında
özünəməxsus yeri, rolu, mövqeyi vardır. İnamla demək
olar ki, Azərbaycanda çağdaş ədəbiyyatın və
ədəbi tənqidin ən məhsuldar nümayəndələrindən
biri kimi böyük nüfuz qazanmış Xalq
yazıçısı Elçini indii dünya ölkələrində
də tanıyırlar. Elçinin
başlıca xidməti mənsub olduğu ədəbi nəsillə
birlikdə ədəbiyyatı ideoloji buxovlardan xilas edib onu həyata,
insanlara, mənəviyyata yaxınlaşdırmaqdan, daha
doğrusu, ədəbi fikrin adi həyat hadisələri ilə
qaynayıb-qarışmasına nail olmaqdan ibarətdir. Yazıçı Elçin sadə insanların adi
həyatını, təbii psixologiyasını,
yaşadığı gerçək həyat tərzini öz
axarında ədəbiyyatda olduğu kimi deyil, həyatda
olduğu kimi uğurla qələmə almışdır.
İsa Həbibbəyli,
akademik
Elçin möcüzələri sevir, o, zərif və
mehriban nağılçıdır, o, kədərli bir
sehrkardır, bərq vuran, qızılı, gümüşü
rənglərə üstünlük verən impressionimstdir.
Lev
Anninski, rus yazıçısı
Elçin, heç şübhəsiz, müasir Azərbaycan
(və dünya) ədəbiyyatının fenomenidir.
Elçinin yazıçı istedadının
arxasında xeyli dərəcədə zəngin, mənalı,
mükəmməl bir həyat yolu (və təcrübəsi)
dayanır.
Elçinin
də daxil olduğu
"altmışıncılar"!-"yeni ədəbiyyat"
əvvəlki ədəbiyyatdan həm məzmun, həm də
formaca fərqli yeni üslub təqdim etdi ki, bu barədə
keçmiş Sovetlər Birliyi ədəbiyyatşünaslığında
ətraflı bəhs olunmuşdur. Bununla
yanaşı, ədəbi dövriyyədə "Elçin
üslubu" adlanan kifayət qədər populyar (və
mükəmməl) bir anlayış da var.
Nizami Cəfərov,
akademik
Elçinin güclü əsərləri var, məsələn,
"Toyuğun diri qalması" çox gözəldir, burda
bədii informasiyanın təzəliyi var, sırf Elçinin
özünə aid olan ədəbiyyat var.
Əkrəm
Əylisli
Elçinin əsərlərində milli izzət-nəfs,
milli mənlik hissi yüksək psixoloji dəyər olmaqla bərabər,
həm də qəhrəmanların ictimai mövqeyi ilə səsləşən,
onları rəzalətin hər cür təzahürləri ilə
açıq döyüşə sövq edən fəal vətəndaşlıq
duyğusudur.
Elçin fitrətən romantik
yazıçı deyildir. Lakin müasirlərimizi
romantik planda müşahidəyə, daxili aləmin
romantikasını-gizli, qapalı və çox zaman
anlaşılmaz olan bu mənəvi halı izah və təhlilə
meyl onda güclüdür. Bu isə
yazıçının qələminə ayrıca bir təravət
və orijinallıq bəxş edir. Məsələn,
onun nəsrindəki incə lirizmin, ekspressivliyin,
istiqanlılığın oxucu tərəfindəın və
tam emosional dərki üçün özünəməxsus
işıqlı psixoloji fon yaradır.
Nadir
Cabbarlı, tənqidçi
Elçin yeni baxış bucağının
yazıçısıdır. Onun hər hansı əsəri
bəzən çox üst qatda, bəzən də ən dərin
qatda yüksək intellektual potensialın bərqərar
olduğu bir bədii məkandır. Elçin
ədəbiyyatşünaslıqda görülməyən
işləri görən bir sahmanlayıcıdır. Onun sözün əsl mənasında titanmik və
yorulmaz fəaliyyəti çoxumuz üçün ibrətli
və eyni zamanda mənəvi-məntiqi boşluqları
doldurmağa yönəlmiş işıqlı bir energiyaya
qoşulub.
Kamal
Abdulla, akademik
Elçinin yaratdığı bədii surətlər
qalareyası artıq keçmişdə qalmış XX
yüzil Azərbaycan ədəbiyyatının prinsipial nailiyyətləridir
və əsl istedadın bəhrəsi olduqlarına görə
bu qəhrəmanlar XXI əsrdə də müasir və seviləndirlər,
onlar bu gün də eyni bədii təsir gücünə
malikdirlər.
Nərgiz
Paşayeva, akademik
"Ölüm
hökmü" mən deyərdim ki, Zaman haqda pamfletdir;
romanı oxuduqca Zamanın, mühitin yetişdirdiyi,
özünü aydan arı, sudan durru göstərmək
üçün cilddən-cildə, dondan-dona girən
çeşid-çeşid müxtəlif talelər
gözümüz önündən gəlib keçir-biz
onları lap yaxından görürük, gözlərinin rənginə
qədər görürük, damarlarından axan qanın
isti-soyuqluğuna, o qanın mənəvi qruplarına qədər
duyuruq. Amma bir iş də var ki, cilddən-cildə, dondan-dona
girən o insanların, necə deyərlər,
materialını Zaman özü hazırlayıb, onlar hamısı
indi özünə qənim kəsilən Zamanın öz məhsullarıdır.
İsa
İsmayılzadə, şair
Bəzən tənqidçilərin özləri
arasında da "dar ixtisaslaşma" gedir, biri
özünü poeziya, başqa birisi nəsr,
üçüncüsü isə dramaturgiya mütəxəssisi
hesab edir. Elçin üçün isə bu cür məhdudluq
yaddır, o, eyni müvəffəqiyyətlə həm bir
yazıçı kimi özünə yaxın, doğma olan nəsrdən,
həm də poeziya və dramaturgiyadan yazır.
Vilayət
Quliyev, tənqidçi-ədəbiyyatşünas
Elçin yaratdıqlarında səmimi olan, saxta rənglərə,
cansız gəzişmələrə, qanadı
şişmiş cümlələrə yer verməyən, həyatı
əslində necə varsa, o cür ifadə eləməyi
bacaran yazıçıdır. Ona görə də Elçinin əsərlərindəki
həyat bizə tanış olan, rast gəldiyimiz
və ya rast gələ biləcəyimiz mühitdir.
Mövlud
Süleymanlı, Xalq yazıçısı
Bu
yaxınlarda mən "Lit. Azerbaydjan"
jurnalının köhnə nömrələrini yerbəyer
edirdim və V.Portnovun tərcüməsində Elçinin
"Mahmud və Məryəm" romanını yenidən
oxudum. Çox böyük zövq
aldım, birinci dəfə olduğu kimi, yenə də birnəfəsə
oxudum. Bu-Azərbaycan Romeo və Cülyettasıdır.
Yevgeniya
Nevmerjitskaya
Elçin yaradıcılığı kimi özü də
parlaq, səmimi bir insandır. Çoxlu dostları,
tanışları var. Məni bir ziyalı kimi, eləcə də
Elçinin dostu kimi sevindirən ən ümdə cəhət
onun böyük dövlət vəzifəsində olduğu
zaman belə dostları üçün əvvəlki kimi
mehriban qalması, eyni zamanda yaradıcılıqla məşğul
olmasıdır.
Fərhad
Bədəlbəyli
Elçin bütün yaradıcılığı boyu
ona xas olan ən gözəl xüsusiyyətini, müasirlik
duyğusunu qoruyub saxladığı üçün zaman səddini
də aşdı. Və nəinki açdı, hətta
çox mürəkkəb və çətin bir dövrdə
ədəbiyyatımıza bələdlik etmək
missiyasını da öz üzərinə götürdü.
Əminəm kmi, 80, 90 yaşlarında da o bir ədəbiyyat
fədaisi kimi uzun illərdən bəri tutduğu haqq yolundan
dönməyəcək ədəbiyyata, sənətə xidmət
etmək əzmi ilə yaşayacaq və yazıb
yaradacaqdır.
İntiqam
Qasımzadə, tənqidçi
Xalq yazıçısı Elçinin "Baş"
romanı "Azərbaycan" jurnalının xüsusi
buraxılışı ilə oxuculara təqdim olunub və mən
o romanı oxuyanda da eyni hissi keçirdim. Bu əsəri
də ƏDƏBİ HADİSƏ kimi qiymətləndirirəm
və olsun ki, mənim bu fikrim kiməsə subyektiv təsir
bağışlasın, ancaq mən öz fikrimdə
israrlıyam.
Təqdim etdi:
Vaqif Yusifli, tənqidçi
Ədalət.-2018.-23 may.-S.5.