SƏKSƏNİ HAQLADIN, YÜZƏ NƏ QALDI

 

 (əvvəli ötən sayımızda)

 

Göstərdiyimiz bu faktlar professor Babək Qurbanovun alimlik qüdrətinin təntənəsidir. Bu baxımdan Osmanoğlunu "Elm adlı bağça"nın təcrübəli-peşəkar bağbanı adlandırmaq olar. Əminliklə deyə bilərik ki, Babək Qurbanovun uluslararası arenadakı elm məkanında əkdiyi ağaclar Rusiyada, Özbəkistanda, Qırğızıstanda, Qazaxıstanda, Ukraynada, Türkiyədə, Gürcüstanda öz bəhrələrini verməkdədir.

Genişmiqyaslı fəaliyyətinə ümumi nəzər saldığımızda aydın olur ki, Babək Osmanoğlu bir çox elm sahələrini öz yaradıcılığında ehtiva edə bilən geniş erudisiyalı elm xadimidir. Təsadüfi deyildir ki, estetika aləminin nümayəndələri onu estetikci alim kimi, filosoflar filosof kimi, tarixşünas alimlər onu tarixçi kimi, ədəbiyyatşünaslar ədəbiyyatçı kimi, folklorşünaslar folklorçu alim kimi, aşıqlarımız aşıqşünas kimi, musiqi nəzəriyyəsinin nümayəndələri onu muzikoloq kimi, bəstəkarlar bəsətkar kimi, nəhayət skripkaçı ifaçılar skripka mütəxəssisi kimi tanıyırlar. Lakin Babək müəllimin həm də pianino ifaçısı - cazmen olduğunu hər kəs bilməməkdədir. Məşhur pianinoçu, estrada - caz sənətinin mahir ustası Azərbaycanın xalq artisti Rafiq Babayevlə vaxtilə bir məktəbdə oxumuş, uşaqlıq illərini bir dönəmdə bərabər keçirmiş, yaxın dostluq münasibətlərində olmuşlar. Babək müəllimin təxəyyülünün melodik ifadəsi olan bir çox caz kompozisiyalarını fortepiano arxasında, özünün ifasında dinlədiyimizdə, onun bu sahədəki istedadına heyran qalırsan. Bir anlıq düşünürsən ki, bu şəxs bir neçə elm sahəsini necə əxz etmiş, bir neçə musiqi sənətinə nə cür aşina ola bilmişdir.

Bir insan həyatında 5-6 alim ömrü yaşayan cəfakeş, fədakar, zəhmətkeş, fanatik elm adamı deyərkən Babək Qurbanov yada düşür. Etiraf etmək gərəkdir ki, o, Sovetlər Birliyi dönəmində, eləcə də bağımsızlıq əldə etdiyimiz ana Vətənimizdə, habelə qardaş Türkiyə Cümhuriyyətində əzmli çalışmaları ilə ziyalılıq adına şərəf-şan gətirmiş, Azərbaycan elminə başucalığı qazandırmış azman alimlərimizdəndir. Babək Qurbanovun adı çəkilən mötəbər elmi məclislərdə anlaşılır ki, söhbət həqiqi elmdən gedir. Əsl ziyalı alimlərdən söz düşəndə isə ilk öncə Babək Qurbanovun ismi hörmət və ehtiramla yad olunur.

Babək müəllim redaktorluq işlərinə də ayrıca vaxt ayırmaqla, çoxsayda kitablara ön söz də yazmışdır. Bu ön sözlərin hər biri ayrıca bir elmi məqalə səviyyəsindədir.

Babək Qurbanovun Türkiyədə, Qaziantep Universitetində, xüsusilə də Ərzurum Atatürk Universitetinin Sosial Bilimlər Bölümündə "Estetika", "Etika", "Fəlsəfə", "Sosyal dəyişmə", "ÜmumiXüsusi təhsil metodları", "Türk düşüncə tarixi", Gözəl Sənətlər fakültəsində isə "Musiqi nəzəriyyəsi", "Musiqi nəzəriyyəsinə giriş", "Musiqi əsərlərinin təhlili", "Musiqi estetikası", "Sənət fəlsəfəsi", eləcə də Kazım Qarabəkir Eytim fakültəsinin Musiqi Eytimi Anabilim bölümündə "Musiqi formaları", "Harmoniya", hətta pianinoskripka sənətindən və s. bu kimi fənlərindən bakalavr, magistraspirat tələbələrə dərs deməsi, bir daha onun genişmiqyaslı yaradıcılıq və pedaqoji fəaliyyət imkanlarını xarakterizə etdirməkdədir.

Elmi axtarışlar prosesində əzmli çalışqanlığı ilə seçilən professor Babək Osmanoğlunun uzun illər fərqli sənət sahələri üzrə (ədəbiyyat, tarix, fəlsəfə, estetika, etikas.) yazdığı aktual mövzulardakı məqalələrinə, habelə ayrı-ayrı illərdə vermiş olduğu bir çox elmi-nəzəri dəyərə malik çoxsaylı rəylərə nəzər saldığımız zaman bu alimin ensiklopedik bilgisinə heyran qalmaqla, onun nə qədər geniş maraq dairəsinə və erudisiyaya, habelə peşəkar elmi təcrübə zənginliyinə sahib olduğuna qibtə edirik. Babək müəllimin əsərlərinin qısa təsnifatını vermiş olsaq burada "estetika", "etika", "sənət fəlsəfəsi", "kutlurologiya", "musiqişünaslıq", xüsusilə də "musiqi estetikası"na aid, aktuallığı ilə diqqəti çəkən yüksək səviyyəli neçə-neçə elmi yazılarının mövcudluğu önümüzə çıxar.

Babək Qurbanovun Azərbaycan incəsənətinin digər sahələrinin nəzəri-estetik və tarixi, ədəbi-poetik məsələləri ilə də dərindən maraqlandığını da qeyd etməliyik. Alimin yaradıcılıq axtarışlarında mərkəzi yeri Azərbaycan Mədəniyyəti və İncəsənəti, onun bədii-estetik, sosial problemlərinin həlli, ən nəhayət xalqımızın mənəvi mədəniyyətinin əhatəli və çoxyönlü təbliği durmaqdadır.

Bununla yanaşı Babək Qurbanovun Azərbaycanın Xalq rəssamı Akademik Mikayıl Abdullayev, keçmiş SSRİ-nin və Azərbaycanın Xalq rəssamı Tahir Salahov, professor Əli Verdiyev, professor Məmməd Şirzad, professor Mənsur Cəfərov, Azərbaycan Rəssamlar İtifaqının keçmiş katibi Elmas Mehdi oğlu Hüseynov, Sənətşünaslıq üzrə fəlsəfə doktoru Məhəmməd Əliyev kimi istedadlı sənətkarlarımızla bahəm, həmçinin bir çox Türk rəssamlarının yaradıcılığına (Mustafa Bulat, Mehmet Kavukçu, Mehmet Kayserili, Yılmaz Helvaçı, Rauf Tuner (Hollandiyada yaşayır) və b.) həsr edilmiş və müxtəlif dərgi və qəzetlərdə yayımlanmış onlarca məqalələri, müəllifin Azərbaycan habelə Türk incəsənətinin bir çox sahələrinin elmi təbliği yolundakı məhsuldar, məqsədyönlü və xoşməramlı fəaliyyətinin göstərgəsidir. Əzmli çalışmalarının nəticəsidir ki, Babək müəllimi Azərbaycanda və Türkiyədə bir çox sayğılı dərgi və qəzetlərin idarə heyətinə üzv də seçmişlər. Azərbaycanda "Mədəni-Maarif işi", "Mədəniyyət Dünyası" adlı jurnalın, "Muğan-Şirvan" qəzetinin Türkiyə təmsilçisi, "Aran" ədəbi-bədii dərgisinin redaksiya heyətinin üzvü, Türkiyədə isə "Orkestra" (İstanbul), "Türk yurdu", "Yesevi", "Milli folklor" (Ankara), "Frankomani", "Platform", "Lakin", "Çizgi", "Eytim Bilimləri", "Aralıklar", "Ayrac", "Adım" (Ərzurum), "Türkiyyat", "Gözəl Sənətlər", "Sosial - Bilimlər" (Ərzurum Atatürk Universiteti) kimi iyirmiyədək elmi-nəzəri dəyəri olan dərgilərin adlarını misal göstərə bilərik. Təcrübəsinə, zəngin biliyinə və elminə ehtiramın əlaməti kimi, Babək müəllim üçün ayrıca "Ərzurum" və "Üfüq-2000" və "Türkeli" adlı qəzetlərdə "köşə yazarı" olaraq xüsusi bir guşə də ayırmışlar.

Babək müəllim silsilə yazılarını, elmi məqalələrini məhz adı keçən dərgilərdə və qəzetlərdə yayınlatmaqla, milli mədəniyyətimizi, incəsənətimizi daha çox təbliğ etmək imkanı qazanmışdır.

Babək Qurbanov mədəni həyatımızda meydana gəlmiş hər bir yeni hadisəyə, sənət əsərlərinə, həmçinin elmi-nəzəri mahiyyətli yaradıcılıq nümunələrinə mütəmadi olaraq öz münasibətini elmi yazılarında bildirən, Azərbaycanın ziyalılıq adına hörmət gətirən nadidə alimlərimizdən biridir. Onun zaman-zaman Azərbaycan musiqi mədəniyyətinə, incəsənətinə həsr etdiyi diqqətçəkici məqalələri, bu sahədə fəaliyyət göstərən alimlərin-mütəxəssislərin böyük marağına səbəb olmaqla, öz professionallığı və yüksək bədii-estetik səviyyəsi ilə daima seçilmişdir. Üzeyir Hacıbəyli (5 məqalə və Avrupa nəsriyyatı, tərəfindən 2012-ci ildə Bakıda yayınlanmış 159 səhifəlik "Uzeyir Hacibəyli yaradıçılığının nəzəri- estetik problemləri" adlı monoqrafiya), Əfrasiyab Bədəlbəyli, Cövdət Hacıyev, Vasif Adıgözəlov, Həsən Adıgözəlzadə və s. digər bəstəkarlarımız haqqındakı, eləcə də məşhur sənət adamları (Lütfiyar İmanov, Əflatun Nemətzadə) barədə məqalələri, ümumiyyətlə müasir professional musiqi mədəniyyətimizin inkişaf yolu ilə əlaqədar elmi dəyərə malik fərqli mövzulardakı silsilə yazılarının respublikamızda və digər məmləkətlərdə yayınlanması, professional, habelə milli musiqi mədəniyyətimizin təbliğatında mühüm əhəmiyyət kəsb etmişdir. Təkcə onu qeyd etmək istərdim ki, Babək müəllim Azərbaycanın tanınmış bəstəkarlarından: Qara Qarayev, Fikrət Əmirov, Səid Rüstəmov, Süleyman Ələsgərov (operaları barədə məqalə), Tofiq Bakıxanov, Arif Məlikov, Asya Sultanova (Hal-hazırda Moskvada yaşayır), Azər Rzayev, Ramiz Mirişli, Rəşid Şəfəq, onların yaradıcılığı haqda elmi məqalələrini məhz İstanbulda yayınlanan "Orkestra" adlı hakimli dərginin fərqli sayında nəşr etdirməyə müvəffəq olmuşdur.

Babək Qurbanov yalnız milli-mənəvi dəyərlər sahəsində, olan məhdud çərçivədə qalmaqla kifayətlənmir. Bu baxımdan onun vaxtilə Azərbaycan Dövlət televiziyaradio proqramlarında fotoqrafiya və təsviri sənətə aid çıxışları, tamaşaçılarımız, xüsusən, sənətşünas alimlərimiz tərəfindən maraqla qarşılanmışdır. Yaradıcılığında dünyaca ünlü sənət təmsilçilərinə yer vermiş müəllif - Leonardo da Vinçi, Parfenon, Mikel Ancelo, Rafael, Pikasso, Levitan, Lansare, Şişkin, O. Kiprensi, Abdullayev (Özbəkistanın xalq sənətkarı), "Parfenon" və s. kimi dünya sivilzasiyasına daxil olmuş sənətkarlar və bədii hadisələrlə əlaqədar bu kimi mövzulara həsr etdiyi elmi məqalələr bunu bir daha təsdiq etməkdədir.

Babək Qurbanovun A. S. Puşkin, V. Lermontov, Yesenin, P. İ. Çaykovski, B. Asafyev kimi rus şairlərinin, bəstəkarlarının həyat və yaradıcılığına həsr etdiyi onlarla məqalələr də bir daha onun dünya ədəbiyyatı və incəsənətinə vaqif olduğunun isbatıdır.

Tanınmış sənət və görkəmli elm adamlarının ayrı-ayrı illərdə Babək Qurbanova hədiyə etdikləri kitablarının ilk səhifəsində yazdıqları etiraf xarakterli səmimi cümlələri, onun mütəxəssislər arasında nə qədər böyük nüfuza sahib olmasının nişanəsidir. Azərbaycanın Xalq rəssamı, Akademik Mikayıl Abdullayevin, Vidadi Xəlilovun, professorlardan Məmməd Saleh İsmayılovun, Qəzənfər Paşayevin, Kamil Vəliyevin, Əli Verdiyevin, Əli Uçanın (Türkiyə) və onlarca digər sənət və elm xadimlərimizin xoş məramlı kəlamları, onun əhatəli maraq dairəsinə və istedadına verdikləri təmənnasız - yüksək qiymətdir.

Babək Qurbanovun Türk alimləri ilə olan yaradıcılıq əlaqələrini də xüsusilə qeyd etmək lazımdır. Müştərək fəaliyyətin nəticəsidir ki, Babək müəllim Professor Mehmet Takkaçla birgə yazdıqları "Televiziya sənəti" adlı kitabı Türkiyədə işıq üzü görmüşdür. Bununla belə Babək bəy, professor Bilgə Seyodoğlu, Dosent M. KarabulutYavuz Şenlə birlikdə yazdıqları məqalələrin də ortaq müəlliflərindəndir.

 

(ardı var)

 

İLQAR CƏMİLOĞLU

İMAMVERDİYEV

Sənətşünaslıq Elmləri Doktoru, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının və Qaziantep Universiteti, Türk Musiqisi Dövlət Konservatoriyasının professoru

 

Ədalət  2018.- 24 may.- S.6.