SƏKSƏNİ HAQLADIN, YÜZƏ NƏ QALDI

 

(əvvəli ötən saylarımızda)

 

Babək Qurbanov mənəvi dəyərlərin paylaşdırılmasını xalqlar, millətlər arasında qarşılıqlı zənginləşmə və inkişafında, insanların bir-birilərini daha yaxından tanımalarında, eyni zamanda bir-birilərinin mədəniyyətini əxz edib öyrənməkdə, milli-mənəvi dəyərlərin qorunub saxlanılmasında, onlara sahib çıxılmasını önəmli vəzifələrdən biri hesab edir. Məhz bu məqsədlərlə o, yaradıcılığında bu meylə də xüsusi diqqət ayırır.

Babək Qurbanov fenomeni və yaradıcılığını dəyərləndirdikdə bəlli olur ki, o həyatının yeniyetməlik dönəmindən xarici dillərə də böyük maraq göstərmiş, rus dilini, türk dilini mükəmməl öyrənməklə yanaşı, alman dilinin incəliklərinə də vaqif olmuşdur. Bu cəhət Babək müəllimin daha bir fərqli keyfiyyətini xarakterizə etməkdədir. Hələ gənclik illərində mütəmadi olaraq qərb bəstəkarları, klassik avropa musiqisi, dünya mədəniyyəti və incəsənətilə bağlı "Muzik und Schule", "Muzik und Geseişhaft", "Künsterzühinq" bu kimi yabançı dərgilərə abunə yazılaraq onları əxz etmişdir. Rus dilinə, Azərbaycan dilinə və türk dilinə kamil bələdliyinin nəticəsidir ki, Babək müəlimin elmi yaradıcılğının bir hissəsində Azərbaycan dilində, rus dilində yazdığı məqalə və monoqrafiyalarla yanaşı tərcüməçilik fəaliyyəti də önəmli yer almaqdadır. Bir çox rus klassikləri və elm adamlarının əsərlərinin rus dilindən Azərbaycan dilinə, eləcə də rus dilindən türk dilinə, həmçinin də Azərbaycan dilindən rus dilinə, eləcə də Azərbaycan dilindən türk dilinə çoxsayda etdiyi professional çevirmələr alimin tərcüməçilik sahəsindəki uğurlu çalışmalarındandır.

Yeri gəlmişkən qeyd etməliyik ki, Kalmık xalqının qəhrəmanlıq eposu olan "Canqar" dastanını rus dilindən Azərbaycan dilinə çevirməsi ilə Babək bəy, qədim tarixi keçmişi olan bu kiçik xalqın nəzər-diqqətini də özünə çəkə bilmiş, məşhur türkoloq alimlərin hüsn-rəğbətini qazanmışdır. 2017-ci ildə Bakıda "Şur" nəşriyyatı tərəfindən işıq üzü görən 395 səhifəlik bu qiymətli kitabın yayınlanması ilə qısa bir zaman kəsimində Babək müəllimi sentyabr ayında Qırğızıstanın paytaxtı Bişkek şəhərinə, dekabr ayında isə Kalmık Respublikasına, eyni zamanda 2018-ci ildə Monqolustanda keçiriləcək Beynəlxalq "Canqar" simpoziumuna məhz "Canqar" mövzusunda çıxış etməsi üçün rəsmi dəvət məktubu da ünvanlamışlar. Yeri gəlmişkən onu da bildirməliyik ki, 26-28 aprel 2017 tarixində Niğdə şəhərinin Ömer Xalisdəmir Universitetində keçirilən IV Uluslararası Türk Dünyası Araşdırmaları simpoziumda Babək müəllim "Kalmık xalqının qəhrəmanlıq dastanı "Canqar"da türk kökənli sözlər" ismli elmi məqalə ilə çıxış etmiş, daha sonra həmin məqalə simpozium dərgisinin 87-93-cü səhifəsində yayınlanmışdır.

Müasir mərhələdə hələ də belə bir xeyirxah missiyanın yerinə yetirilməsini üzərinə götürə bilən mütəxəssislərimizin sayının yetərincə olmadığını söyləyə bilərik. Mədəni əlaqələr sahədəki elmi ağırlığı öz çiyinlərində şərəflə daşıya bilən alimlərimizin sırasında məhz Babək Osman oğlu Qurbanov da yer almaqdadır.

Onu da etiraf etməliyik ki, rustürk dilinin incəliklərini mükəmməl bildiyi üçün Ərzurumda çalışdığı illərdə Babək müəllim bu şəhərin ictimai-mədəni və sosial həyatında da yaxından iştirak etmiş, 1 saylı notarius qurumunun səlahiyyətli nümayəndələrindən biri olmuşdur. Bu səbəbdən də Babək müəllimi professional - yəminli tərcüməçilik sahəsində Ərzurumda fəaliyyət göstərə bilməsinə rəsmi olaraq razılıq da vermişlər.

Professor Babək Qurbanovun fəlsəfə, estetika və sənətşünaslığa aid əsərləri, alimin çoxyönlü fəaliyyətində mərkəzi yer tutmaqdadır. Bu baxımdan onun bir çox mütəxəssislərin və geniş sənətsevərlərin marağına səbəb olan fundamental əsərlərini ("Ədəbiyyatla musiqinin əlaqəsi", "Proqramlı musiqinin estetik prinsipləri", "İncəsənətin sosial funksiyaları", "Musiqinin bəzi bədii-estetik məsələləri" və s.) və eyni zamanda ideoloji mübarizəyə həsr edilmiş çoxsaylı məqalələrini xüsusi ilə qeyd etmək lazımdır.

Babək Qurbanovun erməni terrorizminə, vəhşiliklərinə həsr etdiyi elmi-nəzəri səpgidə yazılmış məqalələri, bu qəbildən olan kitablara yazdığı rəyləri misal gətirmək mümkündür. Babək Qurbanovun elmi mahiyyətli yazılarının hər zaman ən mötəbər hakimli dərgilərdə ("Voprosı filosofii", Moskva, "Folklor", "Orkestra", "Güzel Sanatlar dergisi" - Türkiye, "Sanat" Daşkənd və s. ) yayınlanması faktı da, müəllifin əsərlərinin aktuallığına, habelə yüksək elmi-nəzəri səviyyəsinə dəlalət etməkdədir. Təsadüfi deyil ki, onun fəlsəfi-estetik əsərlərinə bir çox tanınmış alimlərin, o cümlədən, Rusiya Federasiyasının Əməkdar Elm Xadimi prof. dr. A.Y.Zisin, prof. dr. E. Çernayanın, prof. dr. M. F. Ovsyannikovun (Lomonosov adına Moskva Dövlət Universitetinin Fəlsəfə fakültəsinin dekanı), Akademik V.V.Vanslovun, prof. dr. N.L.Leyzerovun, prof. dr. T. Mahmudovanın, akademik F.Köçərlinin, akademik A. Aslanovun, prof. dr. Ş.Mirzəyevanın və başqalarının qiymətli fikirləri bir daha söylədiklərimizi təsdiqləməkdədir.

Elmimizin bu müdrik şəxsiyyəti 1981-ci ildən 1989-cu illərə qədər Azərbaycan Milli Elmlər Akademiyasında EstetikaEtika şöbələrinə rəhbərlik etdiyi dönəmdə o, musiqişünaslıq, estetika, etika, sənətşünaslıq sahəsində fəal bir şəkildə iştirak etmiş, Moskva, Sank-Peterburq (Leninqrad), Kiyev, Tiflis, Yerevan, Daşkənd, Bişkek kimi şəhərlərin alimləri ilə bilavasitə yaradıcılıq təması saxlamış, Azərbaycan elminin inkişafı yolunda səmərəli xidmətini əsirgəməmişdir.

Babək müəllimin bir pedaqoq-mühazirəçi kimi respublikamız və onun hüdudlarından uzaqlarda belə xalqımızın zəngin bədii yaradıcılığını, incəsənətini, xüsusilə də musiqi sənətini, folklorunu təbliğ etməsi, Sovetlər Birliyi zamanında da, Müstəqil Azərbaycanımızın bağımsızlıq qazanmasından sonra da hər zaman təqdirlə qarşılanmışdır.

Babək müəllim Azərbaycanda fəaliyyət göstərdiyi illərdə qəbul komissiyasının üzvü və dövlət imtahan komissiyasının sədri kimi etimad qazanmışdır. Yeri gəlmişkən onu da qeyd etməliyik ki, Atatürk Universitetində çalışdığı illərdə Babək müəllim bir neçə dəfə "Gözəl sənətlər" fakültəsində də qəbul imtahanlarında bilavasitə iştirak etmişdir.

Zaman-zaman Babək Qurbanovun yaradıcılığı haqqında bir çox alimlər, tanınmış elm-sənət adamları Türkiyədə və Azərbaycanda məqalələr yazıb alimin elminə və yaradıcılığına mətbuat səhifələrində qiymət vermişlər.

Professor Babək Qurbanovun geniş şaxəli potensial yaradıcılıq imkanlarının digər bir sahəsini bəstəkarlıq təşkil etməkdədir. Təsadüfi deyildir ki, o, hələ tələbəlik illərində "Bəstəkarlıq" fənnini, dünyaca məşhur bəstəkar, iki dəfə Dövlət Mükafatı Laureatı, Dmitri Şostakoviçin istedadlı tələbəsi olan Azərbaycanın Xalq Artisti, professor Cövdət Hacıyevdən öyrənmişdir. Zaman keçdikcə saralmış not vərəqləri tələbəlik illərinin əziz xatirəsi kimi Babək müəllimin arxivində yer aldığı üçün, hər görüşümüz zamanı ondan xahiş edirdim ki, bu bəstələri cəm edib ayrıca kitab halında nəşr etdirməyin zamanı çoxdan çatmışdır. Nəhayət, bir müddət sonra onun fortepiano, skripka, tar, trio, vokal əsərlərdən ibarət "Bəstələr məcmuəsi" adlı 170 səhifəlik kitabı 70 illiyi yubileyi ərəfəsində 2009-cu ildə çap olundu.

Mükəmməl musiqi təhsilinə sahib olduğu üçün, Anadoluda populyar olan 63 Türk xalq mahnılarını və bir çox instrumental melodiyaları Babək müəllim 2005-ci ildə bizim tövsiyəmizlə sazfortepiano üçün harmonikləşdirdi. Bununla da müştərək yazdığımız "Fortepiano müşayiətli saz əsərələri" adlı 140 səhifəlik məcmuəmiz 2006-cı ildə "Şirvannəşr" tərəfindən Bakıda işıq üzü gördü.

Babək Qurbanovun musiqi yaradıcılığını əks etdirən, (Bədii və Texniki redaktoru Musa Ələkbərli və musiqi redaktorluğu Dosent dr. Əfqan Zəki Salehin (Salayev)) 2017-ci ildə "Şur" nəşriyyatı tərəfindən nəşr olunan 244 səhifəlik "Əsərlər məcmuəsi" adlı ikinci kitabda müəllifin ayrı-ayrı illərdə f-noskripka, tar üçün yazdığı pyeslər, son illərdə bəstələdiyi vokal əsərlər yer almışdır. Müəllifin bəstələrinin orijinal adlarına diqqət yetirdiyimizdə, alimin bəstəkarlıq sahəsindəki uğurlu fəaliyyətinə bir dahaheyran qalırıq.

Daha sonra Babək müəllim müxtəlif xalqlara aid klassik musiqi örnəklərini öz aranjimanında ilk dəfə olaraq bu məcmuəyə daxil etmişdir.

Yeri gəlmişkən onu da qeyd etmək lazımdır ki, bir çox musiqiçilər: professor Həqiqət Məhərrəmova, dr. Rəfail Məmmədəliyev, doç.dr. Əfqan Zəki Saleh (Salayev), doç. dr. Tamilla Qasımova, Sənətşünaslıq doktoru professor İlqar İmamverdiyev, doç. dr. Gülər Dəmirova, istedadlı skripkaçı dos. Fərhad Ağamalızadə - Tan Berq fərqli illərdə bəstəkar Babək Qurbanovun əsərlərinə müraciət edərək müxtəlif konsert tədbirlərində uğurla səsləndirmişlər.

Osman Sarıvəlli yadigarını tanıyan, uzun illərdir yaradıcılığını daha yaxından müşahidə edən şəxs olaraq qeyd etməliyəm ki, Babək müəllim elm dünyamızda öz kökü üstündə mərd duran, sərt dayanan nadidə alimlərimizdən biridir. Həyatı boyu kimsəni incitməyən, qəlbinə toxunmayan, ədəb-ərkan, etika gözləyən, öz yerini-yurdunu, məqamın tanıyan, danışdığı hər bir sözün, hər kəlmənin dəyərini anlayan, qiymətini dərk edən, bulaq kimi saf, dağ havası kimi təmiz, səma kimi aydın, günəş kimi nurlu və hərarətli, abır-ismətini daima hifz edən, pak olmağı hər şeydən uca tutan, dünyanın malında, var-dövlətində gözü olmayan, həlim xasiyyətli, kövrək qəlbli, insancanlı, Hatəm səxavətli, saf ürəkli, nəcib diləkli, bəşəri amallı, ağıllı-kamallı, pirani dədələrimizə xas olan keyfiyyətləri özündə yaşadan, Babək Qurbanov adı altında öz ömrünü namusla, qeyrətlə, vicdanla, şərəflə sürdürən, ensiklopedik bilgili ulu ərənlərimizin günümüzdəki təmsilçisi olan, müdrik insan, Vətən sevdalı əsilli-nəcabətli övladımızdır.

Hər zaman özümü bəxtəvər sanıram ki, atam Cəmil İmamverdi oğlu Əkbər, Dədə Şəmşir, Aşıq Mikayıl Azaflı, Qəmbər Şəmşiroğlu, Akademik Firidun Köçərli, akademik Tofiq Köçərli, professor Camal Mustafayev, professor Qəzənfər Paşayev, professor Mürsəl Həkimov, professor Arif Məmmədov, SSRİ xalq artisti Rəşid Behbudov, professor Süleyman Ələsgərov, professor Elmira Abbasova, professor Zemfira Qafarova, professor Gülnaz Abdullazadə, professor Oqtay Quliyev, professor Arif Məlikov, professor Xitab İsmayılov, professor Pənah Göyçə, professor Valeh İsmayılov, Şahnəzər Hüseynov, Asif Əfəndiyev, Ədalət Paşayev, Əli Qurbanov, Səfxan Hüseynov, Arif Hüseynov, Saleh Ocaqverdiyev, Ənvər Qənbərov, Zakir İmamverdiyev, Müzadil Cəmiloğlu kimi parlaq şəxsiyyətlərim, elm aləmində mənə doğru istiqamət verənlərim, yol göstərənlərim arasında professor Babək Osmanoğlu Qurbanov kimi dühalar da qəlbimdə əbədi yer almışdır.

Gecə-gündüz mütaliə edən, tədqiqatlarını daima davam etdirən, yazıb-yaradıb elmi əsərlərini gələcək nəsillərimiz üçün ərmağan etməyə tələsən Babək Qurbanovu 80 illik yubileyi münasibəti ilə təbrik edir, ulu Tanrıdan ona can sağlığı diləyirəm.

Bir zamanlar atası Osman Sarıvəlli: "Hər kim yüz il yaşamasa, Günah onun özündədir" demişdir. Aşıq Alı isə "Əllini keçirdim, yüzə nə qaldı?" demişdir. Bu məqalənin yazarı kimi mən bu misralarda bir qədər düzəliş edib deyirəm: "Səksəni haqladın, Yüzə nə qaldı?".

 

İLQAR CƏMİLOĞLU

İMAMVERDİYEV

Sənətşünaslıq Elmləri Doktoru, Üzeyir Hacıbəyli adına Bakı Musiqi Akademiyasının və Qaziantep Universiteti, Türk Musiqisi Dövlət Konservatoriyasının professoru

 

 

Ədalət  2018.- 25 may.- S.6.