Ermənistan- Azərbaycan, Dağlıq Qarabağ münaqişələrinin ilk günlərindən başlayaraq Azərbaycan Polisinin keçdiyi xidmət və döyüş yolu

 

Polis Azərbaycan dövlətinin, xalqımızın keşiyində duran mübariz bir orqandır.

 

Heydər Əliyev

 

Azərbaycan xalqı Azərbaycan polisini sevməlidir, ona hörmət etməlidir. Bu gün bu hörmət var və mən istəyirəm ki, daha da çox olsun. Bunu etmək üçün gərək siz yaxşı işləyəsiniz, öz gündəlik fəaliyyətinizdə yaxşı nəticələr göstərəsiniz, cinayətkarlara qarşı daha da amansız mübarizə aparasınız. Mən bu sahədəki fəaliyyətdən razıyam. Demək olar ki, Azərbaycanda uzun illər ərzində nə cinayətkar dəstə problem yarada bilər, nə də ki, başqa qeyri-qanuni birləşmələr mövcud deyildir. Arzu edirəm ki, bundan sonra da doğma Vətənimizə ləyaqətlə xidmət edəsiniz, Azərbaycanın müstəqilliyinin möhkəmlənməsi işində iştirak edəsiniz. Azərbaycanda bu gözəl vəziyyəti daha da möhkəmləndirmək üçün, bu gözəl ab-havanı əbədi etmək üçün əlinizdən gələni edəsiniz. Siz bu vəzifəni ləyaqətlə icra edirsiniz.

 

İlham ƏLİYEV

 

Artıq otuz ildir ki, Dağlıq Qarabağ adlı ürəkağrıdan siyasi problemlə üz-üzəyik. Bu sadəcə Azərbaycanın siyasi sıxıntısı deyil, eləcə də torpaqlarımızın itirilməsi, miyondan çox insanın öz doğma yurd-yuvalarından didərgin düşməsi, gənc soydaşlarımızın qurbana çevrilməsi, Vətənimizin saysız şəhid qazanması deməkdir. 1988-ci illərdə baş verən siyasi proseslər nəticəsində Dağlıq Qarabağ Muxtar Vilayətinin (DQMV) Xalq Deputatları Sovetinin Azərbaycan SSR-nin tərkibindən çıxıb, Ermənistan isə SSR- nin tərkibinə birləşməklə bağlı qərarından iki gün sonra Əsgəran rayonu ərazisində Ağdam və Əsgəran rayon sakinləri dinc nümayişi keçirildi. O zaman azğınlaşmış ermənilər atəş açmaqla, iki dinc azərbaycanlı gənc sakini - Əli Hacıyevi və Bəxtiyar Quliyevi qətlə yetirdilər. Bu ağır cinayət barədə Azərbaycan xalqına müraciəti məhz SSRİ-nin o zamankı Baş Prokurorunun birinci müavini F. Katusev Mərkəzi Televiziya vasitəsi ilə çatdırdı.

İstintaq orqanlarının sonrakı araşdırmaları nəticəsində məlum oldu ki, fevral ayının 22-də Dağlıq Qarabağda, Əsgəranda ermənilərin tökdüyü qan, dörd gün sonra yenidən Sumqayıtda təkrarlanır. Belə ki, azğınlaşmış, siyasi plan üzrə hərəkət edən mənfur düşmənlərimizin növbəti təxribatı məhz bir neçə sumqayıtlını Ermənistan tərəfindən xüsusi göndərilən ermənilər tərəfindən öldürülməsi və bu hadisəni öz növbəsində bütün ölkələrə azərbaycanlıların dinc erməni sakinlərini öldürmələri kimi qələmə verilməsi kimi nəticələndi. Sözügedən sadalanan siyası qarşıdurma və ölkədaxili ixtişaşlarda o zaman milis nəfərləri cəlb olunaraq, azğınlaşmış yağılardan dinc sakinləri qoruyurdu. 1998-1993-cü illər ərzində Milli Ordu yaranışına qədər polislərin (o zaman milis adlandırılırdılar) şücaəti və əzmkarlığı vəsf ediləcək dərəcədə tariximizə şanlı hərflərlə yazıldı. Azərbaycan polisinin tarixi yaxın gələcəyə tasədüf edir. Zamanında Sovet hakimiyyətinə tabe olan milis nəfərlərini yeni quruculuğumuzdan sonra məhz polislər əvəz edir. İlk öncə onu qeyd edim ki, "milis" sözü Rusiya vilayətindən keçmə, anlamı qədim slavyan dilindən- "milisioner"- fərdi şəxsə müraciət kimi qeyd olunur. Türkiyədə jandarma, karakolçular qismində ifadə olunan vəzifəni dünyanın bir sıra ölkələrində polislər həyata keçirir. Polis- (ingilis dilindın tərcümədə "policy") siyasi sözündən əmələ gələn ifadədir ki, rejim, qayda, qanun, ciddiyyət anlamlarına istina olunaraq, dayanıqlıq, qətiyyət bildirir. Azərbaycan polisi öz peşə bayramını yeni adına uyğun məhz mərhum Ümumilli Lider Heydər Əliyevin 1998-ci il 24 may tarixli fərmanından sonra hər il iyulun 2-si Azərbaycan Polisi Günu kimi qeyd edir.

Bugünkü Azərbaycan polisinin tarixi çox da uzaq hesab edilmir. Belə ki, Azərbaycan xalq Cümhuriyyəti yaradıldıqdan bir qədər sonra, o zaman ölkədə fəaliyyət göstərən Nazirlər Şurasının 1918-ci il 2 iyul tarixli sərəncamı ilə Daxili İşlər Nazirliyi tərkibində müstəqil Azərbaycanın polis orqanları yaradıldı. Təbii ki, yeni struktur və təzə ab-havaya uyğun yaranan polis sistemi elə fəaliyyətə başladığı ilk andan xalqın və dövlətin mənafeyinə ləyaqətlə xidmət etdi, əsayişin və təhlükəsizliyin mühafizəsi ilə yanaşı sabitliyin və əmin-amanlığın qorunması, cinayətkarlığa qarşı mübarizə kimi məsuliyyətli vəzifələri vicdanla, layiqincə və peşəkarlıqla həyata keçirirdi. Götürək elə AXC (Azərbaycan Xalq Cəbhəsi) dövrünə təsadüf edən yaxın keçmişi; o zaman ki, hakimiyyət süqut etdikdən sonra, bolşevik diktaturası demək olar ki, bütün milli dövlət və hüquq-mühafizə strukturlarını, o cümlədən milli polisi ləğv etdi və yeni qurum "milis" ifadəsi ilə əvəzləndi.

Milisin və ya milisionerin (Sovet ölkələrində milis nəfərinə bu cür yanaşırdılar) vəzifəsi insanların təhlükəsizliyini qorumaqdan ibarət idi və eyni zamanda, cinayətkarlığa qarşı mübarizə aparmaqdan daha çox bolşevik rejiminin qorunmasına, habelə, azadfikirli insanların təqib və həbs edilməsinə istiqamətlənmişdi. Əfsuslar olsun ki, Sovet dövründə mövcud olan milis nəfəri 70 il ərzində dövlətin repressiya aparatı rolunu oynayaraq, bir çox günahsız qurbanların dustağa çevirilməsinə zəmin yaratmışdır. Təbii ki, bu cür yanaşma məhz Sovet hakimiyyətinin o zamankı sifariş xüsusiyyətli prinsiplərindən irəli gəlirdi. Lakin bütün sadalananlarla yanaşı, 1941-1945-ci illərdə faşizm ilə mübarizəyə Azərbaycan milisi də qalxaraq, düz 800 nəfərə yaxın əməkdaşı ilə fədakarlıqla vuruşmuş, qəhrəmanlıq və şücaət göstərmişdi. Bir çoxları o zamankı Sovetlər imperiyasının hakim lideri olan İosif Stalin tərəfindən şəxsən mükafatlandırılaraq, yüksək orden və medallara layiq görülmüşdülər.

Azərbaycan Respublikası öz müstəqilliyinə qovuşduqdan sonra, polis adı bərpa olundu, onun funksiya və vəzifələri dəqiqləşdirildi. Fəxrlə və əzmlə qeyd etmək lazımdır ki, Azərbaycan polisi Birinci Qarabağ müharibəsi zamanı ölkəmizin ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə fəal iştirak etmiş, şücaət göstərərək, əli silahlı şəxslərdən ölkəmizin sərhədlərini qorumağa çalışmışdır. Azərbaycanın müdafiəsi naminə qurbana çevirilən ilk şəhidlər məhz polislər olmuşdur. Onların timsalında əfsanəvi Azərbaycan və Fransa Qəhrəmanı Əhmədiyyə Cəbrayılovun övladı leytenant rütbəli Zaqatala rayonu üzrə sahə müvəkkili Mikayıl Cəbrayılovu və polis leyenantı Arzu Əliyevi göstərmək olar. Bu iki şəxs 1990-cı ildə Kosalarda ilk polis şəhidlər sırasına qoşuldular. O zaman hələ Milli ordu yaranmamışdı. Və 1988-ci ilin məlum Şəki, Sumqayıt ixtişaşlarından sonra polislərdən ibarət Şəki, Zaqatala, Qax üzrə yaranmış könüllülər dəstəsi Vətən uğrunda mübarizədə fəal, əzmlə və qəhrəmancasına vuruşurdu. Ölümlərindən sonra leytenan rütbəli polis Mikayıl Cəbrayılov Milli Qəhrəman adına layiq görüldü. Polis leytenantı Arzu Əliyev şəhidlik zirvəsinə çataraq, Vətən bayrağı ordeni ilə təltif edildi. Ümumilikdə isə, daxili işlər orqanlarının və daxili qoşunların şəxsi heyyətinin 931 nəfəri sözügedən Birinci Qarabağ müharibəsində şəhid olmuşdur.

Eləcə də, polis sıralarında xeyli sayda "Milli Qəhrəman", habelə orden və medallarla təltifə layiq görülən şəxslər də az deyildir. Bu gün Azərbaycan polisi öz peşəkarlığını artırmaqla yanaşı, həmçinin eyni zamanda beynəlxalq standartlara uyğunlaşdırılır, texnoloji baxımdan yüksək inkişaf etmiş ölkələrdə aparılan infrastruktur və yeniklərdən faydalanır ki, bu da onun fəaliyyətində öz əksini müsbət baxımdan biruzə verir.

Onu da qeyd etmək yerinə düşər ki, 1918-ci il may ayının 28-də öz müstəqilliyini bəyan etmiş Xalq Cümhuriyyəti milli hökümətinin tərkibində Daxili İşlər Nazirliyi yarandığı zamandan bu günə kimi, Azərbaycanın Müstəqillik illəri ərzində Respublikanın Daxili İşlər Naziri vəzifəsini tutan şəxslərin sayı 27 nəfərə bərabər olmuşdur. Əfsuslar olsun ki, ölkədaxili və kənar siyasi çaxnaşmalar birbaşa onun ordu və daxili nizam- intizam strateqiyasına nüfuz edib.

Bu baxımdan, yüz illik cümhuriyyət dövründə ilk naziri Fətəli Xan İskəndərxan oğlu Xoyskinin rəhbərlik etdiyi nazirliyə (28.05. 1918- 17.06.1918) bu gün quruma rəhbərlik edən hazırki nazirimiz Ramil Usubov cənabları qədər heç bir nazir uzun müddətli rəhbərlik etməmişdir. Cumhuriyyətimizin ilk illərində Fətəli Xan Xoyskinin bir aydan da az rəhbərlik etdiyi quruma hörmətli nazirimiz Ramil Usubov cənabları artıq nə az, nə çox-düz 24 ildir ki, rəhbərlik edir. Cənab nazirimizin çalışdığı staj müddətindən düz iki dəfə az olan və cəmi on iki illik vəzifə müddətinə malik şəxs - 1929-cu ildən 1941-ci ilə qədər Daxili İşlər Nazirliyində rəhbər mövqedə çalışmış Yemelyanov Stepan Fyodoroviç olub. Təbii ki, bu cür çətin missiyalı iş başında uzun müddətli xidmət hazırkı nazirimiz Ramil Usubov cənablarının dövlətə, ölkə rəhbərliyi və onun siyasətinə göstərdiyi etimad və yüksək peşəkarlığından irəli gəlir; vəzifəsində mühüm perspektivlər, rekonstruktiv islahat xarakterli dəyişikliklər isə təbii ki, göz önündədir.

Daxili İşlər Nazirliyinin 23.05.1990-ci ildən 18.11.1991-ci il - həyatının son tarixinə qədər rəhbərlik etmiş, şəhid-qəhrəmanı qeneral- mayor Məhəmməd Əsədovun adını fəxrlə qeyd etmək gərəkdir. Təkcə adını eşitdikdə, lərzəyə düşən erməni azğınları onu öz aralarında "Çyornıy polkovnik", yəni, "Qara polkovnik" adlandırırdılar. Məhəmməd Əsədov 1990-cı ildə təcili olaraq Qarabağ münaqişəsinin qarşısını almaq məqsədi ilə Xüsusi Təyinatlı Milis Dəstəsi yaradır. O, Xocalı hava limanında ermənilərin gediş- gəlişinə nəzarəti gücləndirmək üçün DİN- nin qüvvələrini səfərbər edərək, bununla da, Respublikanın bütün çıxış yollarını ciddi nəzarətdə saxlayırdı. Sovet imperiyasına ciddi təhlükə yaradan general-mayor Məhəmməd Əsədov Qarakənd üzərindən üç yüz metr yüksəklikdə havaya qalxan Mİ- N72 vertolyotunda, ümumilikdə 22 nəfər ekipaj heyyəti ilə birgə öldürülmüşdür. Xatırladım ki, ermənilər tərəfinən vurulan təyyarədə yerləşdirilən və qəza, fors-major hallar nəticəsində araşdırmalara və ekspertiza- təhlilə cəlb edilən "qara qutu" səs yazma cihazı ümuiyyətlə tapılmamışdır.

1918-ci il may ayının 28-də öz müstəqilliyini bəyan etmiş Azərbaycan Xalq Cümhuriyyətinin milli hökumətinin tərkibində Daxili İşlər Nazirliyi yaradılmışdır. 1918-1920-ci illəri əhatə edən fəaliyyəti dövründə, nazirlik və onun tərkib hissəsi olan polis Azərbaycan dövlətinin formalaşmasında, milli maraqların qorunmasında mühüm rol oynamış, müstəqilliyin müdafiəsinin ön sıralarında olmuşdur.1920-ci il aprelin 27-də Azərbaycan Xalq Cümhuriyyətinin süqutundan sonra SSRİ dövründə İttifaq Daxili İşlər Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan SSR Daxili İşlər Nazirliyi sosialist quruluşuna uyğun, mahiyyətcə sinfi xarakter daşıyan orqan idi. Lakin buna baxmayaraq, həmin dövrdə Azərbaycanın daxili işlər orqanları cinayətkarlığa qarşı mübarizə, ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunması sahəsində böyük təcrübə qazanmış, yüksək bilik və peşə hazırlığı əldə etmiş, respublikada asayişin, əmin-amanlığın keşiyində mətanətlə dayanmış, təşkilati cəhətdən möhkəmlənmişdir.

Ermənistan-Azərbaycan-Dağlıq Qarabağ münaqişəsi başlandıqdan sonra Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə daxili işlər orqanlarının və Daxili Qoşunların şəxsi heyəti 932 şəhid vermiş, 681 əməkdaş isə əlil olmuşdur.

Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə 460 nəfər polis əməkdaşı, 511 nəfər Daxili Qoşunların hərbi qulluqçuları şəhid olmuş, 67 nəfər daxili işlər orqanlarının əməkdaşlarına "Milli Qəhrəman" fəxri adı verilmiş, 86 əməkdaş "Azərbaycan Bayrağı" ordeni, 247 əməkdaş isə müxtəlif orden və medallarla təltif edilmişdir.

Birinci Qarabağ müharibəsində daha şox canlı itkiləri ilə yadda qalan Şuşa şəhərində könüllülərdən ibarət milis dəstəsi vuruşurdu. Sıravi və keçmiş hərbiçi, yerli və digər sadə Vətən övladlarından ibarət Qurtuluş batalyonu yarandığı tarixə qədər 246 nəfər polis nəfəri öldürülmüş və ya itkin düşmüşdür. 1990-1993-cü illərə təsadüf edən ölkə üçün bu ağır dönəmdə xüsusi təyinatlı bölməyə aid vəzifəli şəxslərin də adı yer almaqdadır. Onlardan ilkin olanlarının adları; Babayev Həsən Azər oğlu, Polis sıravisi kimi Şuşada həlak olmuşdur (08.04.1992-ci il), Babayev Ziyafət Qurban oğlu Polis serjantı, Ağdərə uğrunda döyüşlərdə 1992-ci il 12 sentyabrda həlak olub. Bağırov Telman Malik oğlu Polis sıravisi kimi Ağdərə uğrunda döyüşlərdə 20.01. 1990-cı ildə həlak olmuşdur. Əhmədov Zahid Fərrux oğlu, 12.08.1991-ci ildə Kəlbəcər rayonunda həlak olub. Dəmirov İlqar Qəzənfər oğlu, sıravi polis nəfəri olaraq, Ağdam uğrunda döyüşlərdə iştirak edərkən, 23.06.1992-ci ildə həlak olmuşdu. Dzyubin Serqey Valeryeviç- Ağdam rayonunda gedən döyüşlərdə 1993-cü il 22 fevarda həlak olmuşdu. Əbilov Məzahir Yaqub oğlu Polis nəfəri kimi 26.02.1992-ci ildə Xocalı faciəsində həlak olub.

İtkin düşən polislərimiz də sözügedən illərə təsadüf edir; İlyasov Əhməd Məhəmməd oğlu, Polis nəfəri olaraq, 1992-ci il 26 fevralda Şuşa uğrunda gedən döyüşlərdə itkin düşüb. İismayılov İsmayıl Barat oğlu, Polis nəfəri olaraq, Cəbrayıl rayonunda 25.10.1993-cü ildə itkin düşüb. Həsənov Nəsimi Zakir oğlu, Polis serjantı olaraq Şuşa şəhəri uğrunda gedən döyüşlərdə 05.05.0992-ci ildə itkin düşüb.

Azərbaycanımızın Qurtuluşu ilə tarixi salnamə yazısını dünyaya təqdim edən əbədi yaşar Ümumilli Liderimiz Heydər Əliyev siyasətinin ilk addımları-məhz ölkədaxili işləri nəzarətə almaqla, yaxın və uzaq ölkələrə nümunəvi utopik quruculuğa malik respublikamızı tanıtmaqdan ibarət idi.

Dahi liderimiz hər zaman vurğulayardı ki, "Bir ölkənin daxilində qayda-qanun olmadıqda, onun xarici əlaqələri də əhəmiyyət kəsb etmir, inkişafa doğru atılan addımlar ləngiyir". Azərbaycanın qürur dolu keçmə-keşli yolundan bu günə qədər gəlib çıxan şanlı tarixinə daha bir ifadə qızıl hərflərlə yazıldı: ŞƏHİD POLİSLƏR! O polislər ki, öz canları və qanları bahasına, həm ölkəni, həm sərhədi qorudular, Vətənin bütövlüyü naminə ən ali ada-ŞƏHİDLİK adına qədər yüksəldilər. Çiyinlərində ağır yük gəzdirən Vətən övladlarının bugünkü müasir polis əmməkdaşları şücaətdə onlardan geri qalmır. Ölkə üzrə üstü açılmayan qatı cinayətlər peşəkarlıqla öz həllini tapır, qısa vaxt çərçivəsində törədilən qanunsuzluqlar Azərbaycan polisinin ayıq və sayıqlığı nəticəsində aradan qaldırılır. Nəticə etibari ilə, bu gün ölkəmiz inkişaf etmiş reqional ölkələr arasında eyni zamanda öz daxili nizam- intizam qaydalarının həqiqətən də qaydasında olmağı ilə ürəkdolusu öyünə bilər. Çox vaxt, tarixi zamanı bir ölkənin, bir torpağın alnına yazılmış acı sınaq adlandırırlar. Bu zaman sınağından şərəflə keşmiş polislərimizin ruhu önündə baş əyir, dövlət və siyasətimizin doğru istiqamətində çalışan hər bir polis əməkdaşına "yüz yaşın mübarək" deyirəm. 1918-ci ildən müasir günümüzə qədər asayişimizn keşiyində qanı və canı bahasına həyatları ilə keşik çəkən Azərbaycan polisinin yaşı müstəqillik ilimizə uyğundur - YÜZ İLl!

Yüz ildə yüz minlərlə şəhidi olan, qurbanı olan Azərbaycan Polisi, bu gün sizin ən böyük hədiyyəniz ölkə rəhbəri-prezident İlham Əliyev cənablarının qürurla adınızı anmaq, sizə etimadını bildirməkdən ibarət idi. Ümumilli liderimizin dediyi sözləri bir daha təkrarlamaqla, sizə olan güvəninin xatırlatması, sanki sirli şifrə ilə "hər zaman bərabərik" deməsi idi- "MƏNİM POLİSİM MƏNİ QORUYUR!" Bəli, bu gün Azərbaycan polisi ölkəni qoruyur, onun rəhbərliyini, sakinlərini qoruyur, torpağı - VƏTƏNİ qoruyur; mənim Polisim - məni qoruyur!

 

 

Aynur Nurlu

(Nurməmmədova Aynurə İkram qızı)

 

Ədalət  2018.- 25 may.- S.4.