Geriyə yol
varmı...
Nemət Veysəlli
(əvvəli
ötən saylarımızda)
Gördüm məclisdə əyləşənlər mənə maraqla qulaq asırlar. Bundan istifadə edib fikir və düşüncələrimə bir az da genişlik verdim. Ümumiyyətlə, azərbaycanlıların, Azərbaycan Yazıçılar İttifaqının beynəlmiləlçilik ənənələrindən danışdım. Hətta, erməni mədəniyyətinə, ədəbiyyatına bələdçiliyimi də nümayiş etdirməyə cəhd göstərdim. Kirakosyan və P.Sevak, Q.Matevosyandan tarixi və ədəbi nümunələr gətirdim. Lovğalıq, qeyri-təvazökarlıq kimi qəbul etməyin - hətta Saroyanın, Abovyanın, A.Xaçaturyanın da adlarını çəkdim.
Bizdən fərqli, qonşularımız belə məqamlara əlahiddə diqqət verəndilər.
Gözəl hava idi. Süfrədə nə desən vardı. Yaxşı yeyib-içdik. Hətta, mən həzm edə biləcəyimdən də artıq araq içdim. Bunu hiss edən əsgər atasının qonşusu, Qrişa adlı bir nəfər mənə dedi ki, gəlin bir az havada gəzişək, bizim də həyətə baş çəkək.
Qrişanın gözəl, tərtəmiz zirzəmisi vardı. Heç buna zirzəmi adını vermək düzgün olmazdı. Qarabağda nə qədər meyvə bitirsə, bunların hamısından, sıra ilə rəflərə düzülmüşdü. Sanki rəflər, bu rəflərdə istifadə edilən tikinti materiallarına dülgər əli dəyməmişdi. Gördüklərim, görüb heyran-heyran tamaşa etdiklərim dülgər əməyindən daha çox, memar düşüncəsinin, fantaziyasının məhsuluydu. Mürəbbələr, cürbəcür turşular: armud və əzgil, göyəm və cır armud, xiyar və pomidor, badımcan və lobya.
Buz kimi sərin yerdə əyləşmişdik. Qonşu isti çayla birlikdə mənə bu yerlərin çiçəyindən çəkilmiş bal da verdi. Baldan bir neçə qaşıq içdim - başımın uğultusu, içkililiyim ötüb keçdi. Bayaq dediyim kimi, zirzəmidə gözəl, təravətli, üstü par-par parıldayan alma, armud səbətləri də qoyulmuşdu. Onların da dadından, tamından daddım. Bu kəndə necə gəlmişdimsə, oldum o cür - sağlam və gümrah.
...Bir azdan kənd camaatı, hərbi qulluqdan yenicə tərxis edilmiş əsgərin valideynləri ilə xudahafizləşib qayıtdıq geri. Mən Veysəllidə maşından düşdüm, Sevindikgil qayıtdılar Martuniyə - evlərinə.
***
Maraqlıdı, indi (2017) görəsən hər gün Çartazın, Sosun, Herher və Çanaxçının əhalisi bizim xaraba qalmış, qapı-bacası yandırılmış, dinc, heç kəslə işi olmayan camaatı pərən-pərən olmuş, işğal altında qalmış (1992, fevral) Veysəlli kəndinin içindən keçəndə nələr haqda düşünürlər? Eşitdiyimə, bildiyimə görə çartazlılar Tola düzündə bostan salıblar. Qara kəhrizin suyundan bol-boluna içirlər. Kənd orta məktəbinin binasını işğalçı ordunun kazarmasına çeviriblər.
Bu, dünyanın hansı qanunlarında yazılıb? Bu necə humanizm, bu necə bəşəri dəyərlərdi? Əlində silah, top-tüfənglə Veysəlli camaatını min illik yurdundan, tarix və ənənəsindən uzaq saldılar. Buna nə ad verəsən? Axı, sən çəkmədiyin kəhrizə, sənə məxsus olmayan torpaqlara, mala, mülkə necə, hansı haqla sahib çıxa bilərsən?
Düşünməyə dəyər. Ermənilər ürəklərindəki bizə qarşı kini, küdurəti, nəhayət, qəzəbi neçə il, neçə əsr gəzdirəcəklər? Bunun sonu olacaqmı? Məgər dünya, bəşəriyyət kin-küdurət, qəzəb üstündəmi qurulub? Məgər dünyanı zormu, qəddarlıqmı idarə edir? Dünyanın, bəşəriyyətin qanunları bu qədərmi ədalətsizdi? Allah, Tanrı bunu götürərmi ki, Çartazın, Sosun, İsfahanın, Məşədkəndin, Ağbulağın uşaqları, yeniyetmələri doğulduqları yerlərdə oynayırlar, məktəbə gedirlər, Veysəlli uşaqları isə bu halal hüquqdan məhrumdular. Nə üçün Veysəlli uşaqlarının gözəl illəri məhv olub getməlidi? Adlarını çəkdiyim erməni kəndlərinin yaşlı qadınları, kişiləri bu dünyadan köç edəndə öz torpaqlarında, veysəllilər isə uzaq-uzaq qəbiristanlıqlarda dəfn edilirlər. Niyə? Nə üçün?
Təkcə elə veysəllilərmi, bütün Qarabağ elatı belə vəziyyətdədir. Zəngəzur və Vedibasar əhalisi də bu acı taleyi yaşayır. Bəs Göyçə mahalı necə?
Bu tarixi ədalətsizlik nə vaxtacan davam edəcək?
...Qarabağ müharibəsinin bütün odundan-alovundan keçmiş, uzun müddət Ağdərə, Xankəndində, Şuşa və Füzulidə rayon polis orqanlarında çalışmış dostum, həmişə işğal altındakı torpaqlarımızı necə azad etməkdən söhbət düşəndə deyir:
- Nemət, yaxşı hazırlaşsan, hərb qanunlarına görə hər şeyi ölçüb-biçsən Qarabağı uzağı bir həftəyə azad etmək mümkündü. İşğal altındakı torpaqlarımızı azad etmək üçün, gərək ilk növbədə Martunidən başlayasan. Martunini azad etsək düşmənlərin beli qırılacaq.
Niyə məhz Martuni? İşğal altındakı torpaqlarımızı azad etməyin açarı Martunidədi?
Dostumun dediklərində müəyyən həqiqətlər var. İşğal altındakı bu bölgə son dərəcə bərəkətli və zəngin torpağa malikdi. Mer-meyvə bağları, meşəliklər, qoyunçuluq, maldarlıq kompleksləri. İri və nəhəng mer-meyvə saxlanılan soyuducu kompleksləri, anbarlar, kökəltmə məntəqələri. Dağlar, dərin dərələr, ormanlıqlar. Kənd təsərrüfatlarını, bağçılığı genişləndirmək, onları dünya ölçüləri səviyyəsinə yüksəltmək üçün bütün imkanlar mövcuddu. Ərazisi həm bərəkətli, həm də çox böyükdü. Martuni rayonu bir tərəfdən Füzuli, Ağdam, o biri tərəfdən Mardakert və Xankəndi, Şuşa ilə həmsərhəddi. Rabitə və kommunikasiya xətlərinin əksəriyyəti məhz bu bölgədə mərkəzləşib. Əgər 1994-cü ildən üzü bəri hərbi və taktiki, yeni-yeni döyüş vərdişlərinə, təcrübəsinə yiyələnmiş qüdrətli Azərbaycan ordusu bir neçə qəfil və gözlənilməz hücum və həmlələrlə Martunini, onun əhəmiyyətli mövqelərini ələ keçirsə, işğal altındakı o biri bölgələrimizin azadlığına yol açılacaq. Martuni, təkrar edirəm, Qarabağ torpaqlarını erməni işğalçılarından azad etmək üçün açardı. Bu vacib bölgəni ələ keçirsək, düşmənlər bütövlükdə iflic vəziyyətə düşəcək. Onlar manevr etmək imkanlarından məhrum ediləcəklər.
Mənasız ritorika, pafosdan uzaq olmaq istəyirəm. Erməni işğalçı rejimi kimə söykənir-söykənsiz, fikirlərimi açıq ifadə etmək istəyirəm - bu nahaq qan heç vaxt yerdə qalmayacaq. Azərbaycan vətəndaşları, azərbaycanlılar, Azərbaycan ordusu əzəli, dədə-baba yurdumuz, nazlı-qəmzəli Qarabağı mütləq azad edəcək. Adi şeylərdən belə lovğalanan, riqqətlənib özündən çıxan erməni separatçıları buna tam əmin ola bilərlər.
Mənim itirdiklərimin sayı çoxdu. Böyük Vətən müharibəsində atamı, dayımı itirmişəm. Böyük dayım - Məhəmmədəli kənddə baş verən adi anlaşılmazlıq ucundan dustaqxanaya düşüb və bir daha evinə qayıtmayıb. Anam maşın qəzasında (1973) faciəli şəkildə dünyadan köçüb. Ümumiyyətlə, lap uşaqlıq illərindən çox itkilərlə üzləşmişəm. Ömrüm boyu bütün bunları həyatın, qəzavü-qədərin oyunları kimi qəbul etmişdim, artıq baş verənlərlə barışmışdım. Lakin Vətən, Veysəlli itkisi ilə heç cür barışmaq istəmirəm. Erməni separatçıları Vətənimi, Veysəllini işğal etmələri ilə ürəyimi yaralayıblar. Məlumdur ki, belə-belə yaralar da hələm-hələm sağalmır.
Anam öləndən sonra
dünya boşaldı
(1973, 21 iyun)
Artıq bu faktlar sizə məlumdu: Atamın üzünü görməmişəm. Müharibəyə (1941, iyun) gedib və qayıtmayıb. Üç aylığımda atamı itirmişəm. Qardaşlarımın, özümün bütün həyatı, dirçəlişi, uğuru və sair nə əlamətlər varsa, nə əldə etmişiksə - bütün bunların hamısı anamın - Mehdiyeva Nənəxanım Allahverdi qızının (1915-1973) adı ilə bağlıdır. Tək, tənha vaxtı saatlarla düşünürəm, anamdan, onun gül çöhrəsindən, maşın qəzasına düşdüyü günə qədər, anam haqda yadımda nələr qalıb? Boy-buxunu, oturuşu-duruşu, gülüşü. Sağ ikən elə bilirdim anam həmişə yanımda olacaq. Uşaqlığım ağır, məşəqqətli keçib. Xoşbəxt uşaqlıq illərini yaşamışammı? Yəqin ki, yox.
Gözümü açandan anamı həmişə mal-qoyuna, toyuq-cücəyə baxan, qapımızdakı "Təpəl" camışımız balalayanda sevinən, gülən görmüşəm.
Hərdən də qonum-qonşuları, Güllü və Saray xala, Əziz nənə ilə deyib-gülən görmüşəm. Ərlərini müharibədə itirən, kəndin dul qadınları ilə həmrəydi. O qadınların görüşləri, söhbətləri, heç cür sözə, ifadəyə gəlmir. Bunlar sirli-soraqlıydı.
Danışıqlarında, söhbətlərində mənim o zamanlar dərk edə biləcəyim, mahiyyətinə nüfuz edə biləcəyim çalarlar yox idi. Nədən danışırdılar, - bunlar da mənə məlum deyildi. Dalğa-dalğa, ürəyimdə o tərəfə-bu tərəfə axıb gedən duyğularla Zərqələm və Gülüm xalanı, Bacıxanım və Pərzad xalanı, Əhlimanın anası Saray xalanı, Vəli kişinin həyat yoldaşı Tutu xalanı xatırlayıram. Ona görə yox ki, bu qadınlar bir-biriylə talecə yaxındılar. Ona görə yox ki, mən o qadınların can-ciyərləri, oğlanları - Fərzalı, Süleyman, Əhliman, Astan və Kamillə dostluq edirdim.
Kəndin dul qadınları arasında həmrəylik və mehribançılıq çoxdu.
Vallah, o zamanlar kolxozçuların ümumi iclasında Pərzad xalanın ağzından od tökülürdü. Anam, rəhmətlik Zərqələm xala, Saray və Gülüm belə yerlərdə dinib-danışmırdılar. Sakitdilər, hətta bir az da fağır qadın təsiri bağışlayırdılar. Kimin hünəri nəydi, heç bir kolxoz sədrinin - istər Şəfi dayım, istər Həsənov Məhəmmədəli, istərsə də Bəşirov olsun - Pərzad xalanın sözünün qabağına söz ata bilməzdilər. Xüsusi natiqlik qabiliyyətinə sahibdi. Ötkəmdi, ağzından çıxan sözlər güllə kimi hədəfinə dəyirdi. İdarə heyətinin üzvləri onunla hesablaşırdılar.
Bəs yas məclislərində ağı demələri, toy məclislərində oynamaları necə?
Qapımızda həmişə camış, qoyun-quzu, toyuq-cücə, hinduşka görmüşəm. Əllinci illərin axırlarında böyük qardaşım Valeh (1933-2017) Bakıda, hərbi qulluqdaydı. Kiçik qardaşlarım (Nizami və Səməd) üstəgəl anam - bizim hamımızın işi-gücü qapımızdakı camışa, qoyunlara və toyuq-cücəyə baxmaqdı. Əlbəttə, dərsi, məktəbi qoyuram bir qırağa. Bu günkü və sabahkı günlərimiz, sonrakı aylarla birgə dolanışığımız - bütün bunların hamısı sadaladığım heyvanları, quşları necə becərəcəyimizdən, artırmağımızdan asılıydı.
Anamın sevinən və fərəhlənən günləri ilə yanaşı, qəmli, hüznlü günlərini də çox görmüşəm.
Yaddaşım məni aldatmırsa, deyəsən, bu səhnələri başqa yazılarımda da təsvir etmişəm. Anam, hərdən, biz yatandan sonra evin bir küncünə çəkilib atamı, qardaşını - Səməd dayımı tez-tez xatırlayırdı. Səməd dayım 1939-cu ildə Fin müharibəsinə getmişdi. Sonralar o, müxtəlif cəbhələrdə vuruşmuşdu. Sovet qoşunları tərkibində, 1944-cü ilin mayına kimi Polşanı almanlardan azad edən zaman Peremışe şəhərində həlak olmuşdu.
Nə idisə, anam Səməd
dayımı yaman çox
istəyirdi. Atamdan, böyük qadaşından da çox onu
xatırlayırdı. Onun kənddə
müharibədən qabaq cavanlarla
tez-tez dalaşdığından da danışırdı. "Filankəsləri
iki əliylə tuturdu,
bir-birinə çırpırdı. Ona heç kimin gücü çatmırdı. Hərbi formada fotoşəklini də böyütdürüb
evimizin divarından asdırmışdı.
Bu mətləblərin dərinliyinə nüfuz etsəm, indi anama yaxın, əziz adamlardan
heç biri
qalmayıb bu dünyada.
Sənəm nənəm, dayılarım, atam.
Anam bütün həyatını
oğlanlarına - bizə həsr etmişdi.
(ardı gələn
sayımızda)
Ədalət 2018.- 31 may.- S.7.