O, BÖYÜK
AZƏRBAYCANÇILIĞIN
TƏMSİLÇİSİDİR
Söhbət
Şahismayıl Şəmmədoğlundan gedir
Onu efirdən tanımışam. İlk dəfə
Dövlət Televiziyasının efirində Gürcüstanla
bağlı süjeti təqdim edirdilər. Və həmin süjetin təqdimatçısı
da O idi. Diksiyası, faktı təqdim etməsi, eləcə
də fakta uyğun olaraq seçilən məqam, mənzərə
bir-birini elə tamamlayırdı ki, müəllifin
naşı olmadığı, bu işdən kifayət qədər
bilgili olması özünü büruzə verirdi...
Doğrusunu
deyim ki, bəzən ekranda, efirdə elə kadrlarla, elə
informasiyalarla, xüsusilə onu sınıq-salxaq, bir-birilə
uyğunlaşmayan fikirlə təqdim edənlər
görüntülənir ki, adam təəccüb
edir. Hətta düşünürsən ki, bu cür
yanlışlıqlara, bu cür mənzərələrə
necə imkan verilir...
Təbii ki, efir də, ekran da böyük məkandı,
orada yaxşı da, pis də, uğurlu-uğursuz verilişlər
də olub və bundan sonra da yəqin ki, olacaq. Çünki iş olan yerdə
qüsur də qaçılmazdı... Bütün
bunları sözgəlişi xatırlamıram. Bunlar əslində mənim sonradan üzbəüz
tanıyıb dostlaşdığım dostumla etdiyim söhbətlərin
çox kiçik fraqmentləridi. Mən
də həmin fraqmentlərə söykənərək indi
onunla müsahib olmuşam və istəyirəm ki,
müsahibimi olduğu kimi, görüb tanıdığım
kimi sizə də təqdim edim. Biləsiniz
ki, Azərbaycan Televiziya və Radio QSC-nin Gürcüstan təmsilçisi
Şahismayıl Şəmmədoğlu yaradıcılıq
yolunu hardan başlayıb və bu gün Gürcüstan
gerçəkliyi onun təqdimatında necə
görünür.
Haşiyə:
Şahismayıl Şəmməd oğlu Məmmədov 1962-ci
il aprel ayının 10-da Qardabani rayonunun
Kosalı kəndində anadan olub. Burada orta məktəbi
əla qiymətlərlə bitirib. Sonra sənədlərini
Azərbaycan Pedaqoji İnstitutuna təqdim edib və 1980-ci ildə
həmin institutun fransız dili fakültəsinə qəbul
olub. Orta təhsilini əla qiymətlərlə
başa vuran Şahismayıl institutu da fərqlənmə
diplomu ilə bitirərək doğulduğu kəndə
qayıdıb. Burada əmək fəaliyyətinə
başlayıb. Üç il sonra həmin
dövrlərdə Dövlət Universitetinin nəzdində fəaliyyət
göstərən iki illik Jurnalist Sənətkarlığı
kursuna daxil olub və 1985-ci ildə bu institutda da təhsilini
uğurla başa vurub. 1989-cu ilə kimi Kosalar kənd məktəbində
fransız dili müəllimi işləyən
Şahismayıl yaradıcılığa da meylli olduğundan
Tiflisdə nəşr olunan "Sovet Gürcüstanı"
qəzetində "Xəbərlər" departamentində
direktor müavini kimi fəaliyyətini davam etdirib.
Onun imzası, təqdim etdiyi informasiyalar artıq diqqəti
çəkməyə başlamışdı. Ona görə
də Bakıda da bu bacarıqlı kadrdan istifadə etmək
qərarına gəldilər. Və 1991-ci
ildə Şahismayıl Şəmmədoğlu "AzərTac"ın
Gürcüstan üzrə xüsusi müxbiri təyin edildi.
Bir qədər sonra isə, yəni 1994-cü il
yanvar ayının 2-də onu həm də Azərbaycan
Dövlət Televiziyasının Gürcüstan təmsilçisi
vəzifəsinə irəli çəkdilər. Paralel olaraq 2005-ci ilə qədər
Şahismayıl Şəmmədoğlu hər iki vəzifədə
özünü bacarıqlı mətbuat işçisi kimi
oxucu və tamaşaçılara sevdirə bildi. Elə buradaca onu da əlavə edək ki,
Şahismayıl Şəmmədoğlu fransız dilini də
unutmadı. O, bu gün Tbilisi Humanitar Universitetində
fransız dilini də tədris edir. Sadəcə
olaraq, müəyyən qanunçuluğa uyğun olaraq
2005-ci ildən "AzərTac"dakı vəzifəsindən
istefa verib. Ailəlidir, övladları, nəvələri
var.
- Qısa
tərcümeyi-haldan məlum olduğu kimi, Şahismayıl
Şəmmədoğlu kifayət qədər həyat və
mətbuat təcrübəsi olan media təmsilçisidir. Ona görə də bir həmkar kimi söhbətləşmək,
nisbətən asan olsa da, amma onun jurnalist marağında olan
mövzulardan da yan keçmək mümkün deyil. Yəni o, söylədiyi hər bir fikirdə
növbəti bir sualın ipucu ortaya çıxır. Bu mənada yazılı mediadan ekrana, efirə
transfer edən Şahismayıl Şəmmədoğlu
üçün yaradıcılıq mühiti hansı istiqamətə
dəyişdi, siz hansı çətinliklərlə və
yaxud hansı gözləmədiyiniz məqamlarla
qarşılaşmalı oldunuz?
- Həqiqətən
yazılı mediadan televiziya, radio sahəsində
çalışmaq fərqlənir. Yəni biri
var kağızla, qələmlə üz-üzə oturasan,
fikirlərini, düşüncələrini zaman-zaman öz
içində, sonra da vərəqlərdə göyərdəsən.
Biri də var ki, kamera və mikrafonla özünü
hadisə yerinə çatdırıb, hüquqi terminlə
desək, isti izlərlə tamaşaçıya, dinləyiciyə
informasiya verəsən. Bax, bu
informasiyanı elə təqdim etmək lazımdır ki, onu
dinləyən, onu izləyən oradan özünə
lazım olan nəyisə götürə bilsin, məlumatlansın.
Həm də kameranı elə yönəltməlisən
ki, arxa plandakı hadisənin mahiyyəti də
tamaşaçının aldığı informasiyanı
tamamlasın. Bu mənada "Xəbərlər"
Departamentində işləməyim məndə müəyyən
peşəkarlığın formalaşmasına şərait
yaratmışdı, imkan vermişdi. Mən
də televiziyaya gələndə təbii ki, daha çox
informasiyalarla, xəbərlərlə işləyəcəyimi
bilirdim. Ona görə də televiziya
mühiti məni çox sıxmadı. Artıq qısa
bir zamandan sonra hiss etdim ki, yavaş-yavaş "ekran
adamı" ola bilirəm.
- Bir
tamaşaçı kimi sizin təkcə Gürcüstan
bürosunun rəhbəri olaraq yalnız informasiyalar deyil, həm
də televiziyanın müxtəlif redaksiyalarının xəttilə
geniş süjetli, həm də kifayət qədər vaxt
ayrılmış verilişlərinizi də izləmək mənə
nəsib olub. Onlardan biri heç vaxt yadımdan
çıxmır. Borçalı yaylaqları ilə
bağlı hazırladığınız həmin o
kadrları izləyəndə və səsləndirilən
fikirləri yaddaşıma yazanda mən xəyalən həsrətini
çəkdiyim Qarabağa, düşmən caynağında
qalan dağlarımıza getmişdim...
-
Xatırlatdığınız üçün təşəkkür
edirəm. Təvazökarlıqdan uzaq olsa da, deyim ki, həmin
verilişlə bağlı böyük ziyalımız, dəyərli
alimimiz, professor Camal Mustafayev də mənə
görüşlərimizin birində söylədi ki, ekrandan
səsləndirdiyin "o toy bu toya həsrətlə
baxır" fikri yurd nisgilimizin, yurd dərdimizin
qaysağını qopartdı. Gözəl
tapmışdın o məqamı... Və mən
həqiqətən Borçalı yaylaqlarından
hazırladığım həmin o verilişin bütün
kadrlarını bu gün gedə bilmədiyimiz, ermənilərin
nəzarəti altında olan dağlarımıza baxa-baxa lentə
almışdım.
- Şahismayıl müəllim, Azərbaycanın sərhədləri
daxilində yaşamaq, işləmək və bu sərhədlər
içərisindən çıxıb hardasa Azərbaycanı
təmsil etmək bu bir fərqli məsələdir. Amma azərbaycanlı
olub başqa bir məmləkətdə, başqa bir məmləkətin
vətəndaşı olaraq Azərbaycanı və azərbaycançılığı
təmsil etmək bu da başqa bir məsələdir. Sizin taleyinizə Gürcüstan vətəndaşı
olan azərbaycanlı qisməti yazılıb. Bax, bu mənada sizin missiyanız daha böyük və
daha çətindir.
-
Sualın qoyuluşu həqiqətən maraqlıdı. Ona görə ki, biz Gürcüstan azərbaycanlıları,
xüsusilə onun ziyalı təbəqəsi çiyinlərimizdə
iki məsuliyyəti daha çox və həm də şərəflə
daşıyırıq. Onlardan biri
Gürcüstan vətəndaşı olmaqdır, ikincisi isə
Gürcüstanda öz dədə-baba torpağında Azərbaycan
Ziyalısı olmaqdır. Bir vətənpərvər
azərbaycanlı kimi, digər ziyalılarımız kimi, həmişə
Gürcüstanda yaşayan azərbaycanlıların
yanında, içərisində olmaqla onların bütün
yaşantılarını izləmişəm,
görmüşəm, öz həyatımda hiss etmişəm.
Xüsusilə Sovetlər Birliyi dağılandan
sonra, həmin o xaosun baş alıb getdiyi illərdə
Gürcüstandakı azərbaycanlıların maddi, mənəvi
sıxıntıların, üzləşdikləri təzyiqlərin
şahidi olmuşam. Hətta ordakı
insanların təhnəsində çörəyin
olmadığını da görmüşəm, bilmişəm.
Bu gün də yadımdadı, bizim Suqalası kəndində
bir ailənin çörək olmaması səbəbindən
evini-eşiyini atıb köçmək istəyəndə mən
sonuncu vəsaitimi xərcləyib bir kisə un
alıb həmin evə aparıb verdim və rica etdim ki,
yurdumuzu boş qoymayın. Çətinliklər beş-on
gün, lap bir il davam edə bilər. Amma ata yurdunu tərk etmək, onu sahibsiz qoymaq
böyük günahdır. Bu
addımı atmayın. Təsəvvür
edin ki, həmin illərdə Gürcüstanın əksər
ərazilərindən insanların 80 faizi yurd-yuvasını tərk
edirdi. Şükürlər olsun ki, Ulu
Öndərin Azərbaycanda yenidən hakimiyyətə
qayıtması Gürcüstandakı azərbaycanlıların
ümid çırağını yandırdı. Artıq həmin köçmüş insanların
demək olar ki, 90 faizi öz evinə-eşiyinə
qayıdıb. Faktiki olaraq bu gün
Gürcüstandakı azərbaycanlılar quruculuqla, həyat
şəraitlərini yüksəltməklə məşğuldular.
Bu da o deməkdir ki, biz yurdumuzu boş
qoymadıq. Ulularımızın bizə əmanət
etdiyi ocaqlarda işıqların sönməsinə imkan vermədik.
O ki qaldı Gürcüstandakı azərbaycanlı
ziyalılara, onların səsi, faəliyyəti indi daha
çox eşidilir, görünür. Üstəlik,
artıq Gürcüstan iqtidarında bizim təmsilçiliyimiz
də get-gedə artmaqdadı. Burada da Azərbaycan
hökumətinin, şəxsən cənab İlham
Əliyevin böyük xidməti var. Məhz onun
tapşırığı ilə Azərbaycan Neft Şirkəti
Gürcüstanın ali məktəblərinə
daxil olmuş azərbaycanlı tələbələrin təhsil
haqqını ödəyir. Bu isə iqtisadi
problemlərlə üzləşən həmin tələbələrin
valideynlərinə böyük stimul verir. Uşaqlar normal güzəranla
yaşadıqlarından təhsildən yayınmırlar.
Faktiki olaraq bu il ilk
buraxılışı edilmiş həmin məzunların
böyük bir hissəsi ixtisasları üzrə işlə
təmin olunmuşlar.
Çünki Gürcüstanın dövlət dilini
bildiyindən artıq bir kimsə onlara əlavə tələb
ünvanlamır. Bundan başqa mənim hazırladığım
"Heydər Əliyev və Gürcüstan" üç
cildliyi, həmçinin Azərbaycan hökumətinin maddi dəstəyi
ilə gerçəkləşdirilən layihələr,
çəkilən yollar, Tbilisidəki Mirzə Fətəli
Axundovun, Nəriman Nərimanovun, Cəlil Məmmədquluzadənin
və digərlərinin ev muzeyləri, həmçinin 1918-ci
ildə Azərbaycanın mustəqilliyinin elan edildiyi və
tikintisini şəkili ustaların apardığı binanın
təmir-bərpası, ümumiyyətlə isə
Gürcüstan ərazisində müxtəlif təyinatlı
binaların üzərində dalğalanan Azərbaycan
bayrağı Gürcüstan-Azərbaycan dostluğuna bariz bir
nümunədir. Xatırlatmaq istəyirəm ki,
Gürcustan ziyalıları, xüsusilə gürcü
ziyalıları Azərbaycanın önəmini, onun
varlığını yüksək dəyərləndirirlər.
Bilirlər ki, məhz Azərbaycanın dəstəyi
ilə Gürcüstan bu gün özünün iqtisadi, siyasi
durumunu təmin edə bilib. Çünki
Gürcüstan ərazisindən keçən kəmərlər,
dəmir yolu xətləri öz əhəmiyyətinə
görə, Gürcüstan üçün böyük
investisiyadı, yatırımdı. Bir az
obrazlı desək, Gürcüstanın süfrəsində
payın üçdə ikisi Azərbaycanın ona etdiyi hədiyyələrdir.
- Şahismayıl müəllim, mən hərdən
yolumu Gürcüstana salıram. Orada əldə etdiyim
məlumata görə, Marneulidə Gürcüstan azərbaycanlılarının
mədəniyyət mərkəzi var idi. Təəssüf
ki, bu gün həmin mərkəz bərbad bir durumdadı...
- Bəli,
bu doğrudan da belədir və mənim əldə etdiyim
bilgilərə görə, inşallah, həmin mərkəz,
eləcə də Gürcüstanın digər azərbaycanlılar
yaşayan bölgələrində yeni mərkəzlərin də
tikilib istifadəyə veriləcəyi gözlənilir. Bunu ona görə inamla vurğulayıram ki, Azərbaycan
hökuməti, xüsusilə cənab İlham Əliyev
Gürcüstan azərbaycanlılarına həmişə
diqqət yetirib. Hələ ümummilli
liderimiz Gürcüstana etdiyi səfər zamanı
vurğulamışdı ki, bu torpaqlar bizim
ata-babalarımıza məxsusdur. Bu
torpaqları qoruyun, saxlayın və gələcək nəsillərə
siz də hədiyyə edin. Bax, cənab
İlham Əliyev də özünün Gürcüstan səfərlərində
həmişə oradakı azərbaycanlıların problemləri
ilə maraqlanır, onlara hər cür dəstək verir.
Bu, Gürcüstan hökuməti
üçün də yaxşı bir nümunədir.
- Təbii
ki, problemlər həmişə var və problemləri də
ortadan qaldırmaq hər bir kəsin təkcə vətəndaşlıq
borcu yox, həm də insanlıq vəzifəsidir. İnsan da o zaman özünü daha çevik, daha
həvəsli, daha yorulmaz hiss edir ki, onun əməyinə qiymət
verilir. Mən sizinlə dost olduğum bu illər ərzində
öyrənmişəm ki, siz prezident Şevardnadzenin
vaxtında Gürcüstanın "Şərəf"
ordeninə, prezident Saakaşvilinin vaxtında Gürcüstanın
"Şöhrət" ordeninə, bu günlərdə
istefaya göndərilən Georgi Marqelaşvilinin zamanında
isə Gürcüstanın "Əməkdar jurnalist”i
adına layiq görülmüsınız..
- Siz bir
jurnalist dəqiqliyi ilə mənim barəmdə çox
şeyləri artıq öyrənmisiniz. Bu məni
sevindirir. Amma tam səmimiyyətlə demək
istəyirəm ki, Gürcüstan hökumətinin mənim əməyimə
verdiyi bütün qiymətlər Azərbaycan xalqına, Azərbaycan
televiziyasına şamil edilməlidir. Çünki
mən onun təmsilçisiyəm və bununla da qürur
duyuram. Bundan sonra da üzərimə düşən missiyanı
xalqımın və çalışdığım şirkətin
adına layiq bir səviyyədə davam
etdirəcəm.
... Bəli, biz iki dost demək
olar ki, Gürcüstanla, Gürcüstandakı reallıqlarla,
eləcə də Şahismayıl Şəmmədoğlunun
vəzifəsi və özəl həyatı ilə
bağlı çox məqamlardan söhbət açdıq,
çox hadisələri xatırladıq. Bir daha öyrəndim
ki, Şahismayıl 16 sənədli filmin həm ssenari, həm
də ideya müəllifi olubdu. Həmin filmlərdən Ulu
Öndərə həsr olunmuş "Dənizdən dənizə",
prezident İlham Əliyevin 50 illiyinə ithaf olunmuş
"İlham Əliyev və Gürcüstan",
"İrsiyyət Fondu", "Dostluq yolu",
"Borçalıda nə var, nə yox" və
başqaları... Və söhbət boyu mən
birmənalı şəkildə yenidən əmin olub
inandım ki, Şahismayıl Şəmmədoğlu
bütün varlığıyla, bütün ruhuyla Azərbaycanı
sevən, Azərbaycanı təmsil etməyə layiq olan
Gürcüstan azərbaycanlısıdı - həm də
Böyük Azərbaycanlılardan biridir! Özü də
gözü, könlü tox azərbaycanlıdır. Biz söhbət əsnasında bir dəfə də
olsun yaşadığı sıxıntılardan, problemlərdən
kiçik ştrixlərə də yer ayırmadı,
toxunmadı. Amma mən özüm-özlüyümdə
kiçicik də olsa bir sızıltının qəlbimdən
keçdiyini gizlədə bilmədim. Bir
Azərbaycan vətəndaşı, bir mətbuat
işçisi kimi düşündüm ki, Gürcüstan
hökumətinin, Gürcüstanın hakim dairələrinin
dəyərləndirdiyi, əməyinə qiymət verdiyi
Şahismayıl Şəmmədoğlu görəsən
Bakıda niyə yada düşmür? Nədən onun
adı hansısa bir təqdimatda əks olunmur?
Hə, bu mənim Şahismayıla birbaşa demədiyim və nədənini soruşmadığım sual idi. Onu özüm üçün saxladım. Düşünürəm ki, bu sualın mətbuata çıxmasına görə, dostum məndən hardasa incisə, haqlı ola bilər. Amma mən də öz haqqımdan istifadədə çəkinmədim. Çünki ürəyimdən gəlib keçən duyğu idi.
Əbülfət
MƏDƏTOĞLU
Ədalət 2018.-
9 noyabr.- S.8-9.