Almatıda "Azərbaycan
dili" dərsliyi çap olunub
Mənfur "Qırmızı imperiya" zahirən bir
bayraq altında birləşdirdiyi respublikalarda anti-türk
siyasəti yürüdür, gizlin-aşkar əlaqə
körpülərini uçurur, birini digərinə
qarşı qoyur, xalqların yaxınlaşmasına
maneçilik törədirdi. Eyni soya-kökə mənsub qazaxlarla
Azərbaycanda yaşayan türklər demək olar təcrid
olunmuşdular: sanki dil-din birliyinə qadağa qoyulmuşdu,
heç bu haqda söhbət gedə bilməzdi. Mövcud süni əlaqələr isə
SSRİ-nin "iqtisadi qüdrətinə" və xəyali
kommunizmin bərqərarına hesablanmışdı.
Ən nəhayət, imperiyanın süqutundan sonra hər
şey kökündən dəyişdi. Bu tarixi
dönüş, dəyişmə Azərbaycanı
Qazaxıstana xeyli yaxınlaşdırdı. Siyasətçi-politoloqların,
türkoloq alimlərin, dilşünasların
apardıqları tədqiqatların nəticəsi təsdiq
etdi ki, bizi Orta Asiya xalqları ilə, o cümlədən
Qazaxıstanla təkcə dil-din eyniliyi birləşdirmir, həm
də çoxlu sayda digər tellərin mövcudluğu birləşdirir.
Bəli, həqiqətən qazaxlarla Azərbaycanlılar bir
kökə mənsubdurlar, bir-birilərinə yaxın türk
dillərində danışırlar, islam
dini hər iki millətin dinidir. Digər tərəfdən
müstəqillik qazanmış bu respublikalar həmsərhəd
qonşu dövlətlərdir, aralarında Xəzər dənizi
vasitəsilə birbaşa su sərhədi var. Bir ölkə
bu gün digər qardaş ölkə ilə hər cür əlaqələr
qurmağa qadirdir. Bunu Azərbaycan Prezidenti
İlham Əliyevlə Qazaxıstan Prezidenti Nursultan Nazarbayevin
son dərəcə isti, səmimi münasibətləri
sübut edir.
Bu yaxınlarda əlaqələrimizin inkişafına,
daha da möhkəmlənməsinə elmi-pedaqoji cəbhədə
mühüm addım atılmışdır. Abay adına
Qazaxıstan Milli Pedaqoji Universitetinin Şərq dilləri və
tərcümə işi kafedrasının müdiri, filologiya
üzrə elmlər doktoru, professor, akademik Knyaz Mirzəyevin təşəbbüsü
ilə Almatıda "Azərbaycan dili" dərsliyi
hazırlanıb çap olunub. Azərbaycan tərəfdən
rəyçilər - professor M.Abdullayevanın və dosent
N.Mirzəyevin, eyni zamanda müəlliflərdən İ.Şəmsizadənin,
Ş.Abdullayevanın, O.Piriyevanın, G.Abbasovanın, İ.Məhərrəmovanın
ərsəyə gətirib yardımçı olduqları
möhtəşəm vəsait dost ölkədə dilimizi
öyrənmək istəyənlərə, tələbə
və aspirantlara qiymətli töhfədir. K.Mirzəyevin
qısa giriş sözündə oxuyuruq:
"Dərslik təcrübi xarakter daşıyır. Nəzəri
hissələr qısa olsa da aydın şəkildə izah
edilir. Çünki bu qeydlərsiz
birbaşa çalışmaları yerimə yetirmək
mümkünsüz olardı. Hər dərsin
sonunda verilmiş lüğət (Azərbaycan dilindən rus
dilinə tərcümə) orada istifadə edilmiş sözləri
tam əhatə edir. Həmçinin dərslikdəki
ibrətamiz hekayələr, atalar sözləri, hikmətli
sözlər, tapmacalar dilimizin zənginliyini göstərən
faktor və kitabın daha maraqlı olmasını təmin edən
bir xüsusiyyət kimi çox münasib və
maraqlıdır". Eyni zamanda kitabın
məramı və məqsədi barədə vəsaitin titul
vərəqində də maraqlı fikir yer alıb.
"Dərslik ali məktəblərin
hazırlıq fakültələrinin xarici tələbələri
üçün tərtib edilmişdir. Dərslikdə
fonetika, leksikologiya, morfologiya və sintaksisə aid nəzəri
izahatlar, türkdilli tələbələrin Azərbaycan
dilində yazılı və şifahi nitqlərini
düzgün inkişaf etdirmək üçün müxtəlif
çalışmalar, bədii nəsr parçaları,
şeirlər, aktual problemləri əhatə edən mətnlər,
tarixi faktlar, maraqlı məlumatlar verilmişdir".
Göründüyü
kimi müəlliflər əsl vətəndaşlıq, vətənpərvərlik
nümunəsi göstərmiş, böyük ziyalı
missiyası üzərinlərinə götürmüş,
iki qardaş xalqın yenilməz birliyini əks etdirən
"Azərbaycan dili" dərsliyini Qazaxıstanın Almati
şəhərində, "Ulağat" nəşriyyatında
çap etdirməyə nail olmuşlar. Sözsüz, 45 dərsdən
ibarət (hər dərs beş hissəyə
bölünüb) möhtəşəm dərsliyin
çapında və nəşrində professor Knyaz Mirzəyevin
əməyi göz qabağındadır. "Azərbaycan
dili" dərsliyi hələ hazırlanarkən Knyaz müəllimin
bizə söylədikləri indi də qulağımdadır.
"Azərbaycan və Qazaxıstan bir sınədə
döyünən iki ürəkdir. Bu
xalqlar həqiqi dostdurlar və bir-birilərinə bərk
bağlıdırlar. Hələ sovet
dönəmində Qazaxıstandan Bakıya göndərilən
tələbələr Neft Akademiyasında (Sənaye
Universiteti) Yüksək səviyyədə təhsil
almış, yaxşı mütəxəssis kimi vətənlərinə
qayıtmışlar. Indi ölkənin
neft sənayesinin bütün uğurları həmin
kadrların adlarıyla bağlıdır. Iki dost
dövlətin başçıları - Nursultan Nazarbayevlə
İlham Əliyevin timsalında bu yaxınlığın,
doğmalığın bütün işıqlı tərəfləri
görünür. Mədəni-mənəvi
münasibətlərdən yararlanaraq, əlaqələri
genişləndirmək isə bizim işimizdir.
Dünyada hər mənada bir-birindən faydalanmaqdan
yaxşı nə ola bilər ki? Qoy qazaxlar qədim Azərbaycan mədəniyyətini,
tarixini, məmləkətini, dilini öyrənsin, eyni zamanda
azərbaycanlılar Qazaxıstanı dürüst
tanımalı, bu türkdilli dövləti hərtərəfli
öyrənməyə çalışmalıdırlar.
Atalar məsəlidir: "Əl əli yuyar, əl də
üzü". Bizdə nəşr edilən
"Azərbaycan dili" dərsliyi hər iki ölkədə
möhkəm rezonans doğuracaq".
Çağdaş
əlifbamızla başlayan kitab qarşımızdadır və
nəfis tərtibatı göz oxşayan, təxminən 400 səhifədən
ibarət "Azərbaycan dili"ni
varaqlayırıq. Əslində hər 45 dərs
elə 45 fəsil deməkdir. Müəlliflər
pedaqoji ustalıqla dərsləri başlıqlara
ayırıblar. Bu, sistemli surətdə
sadələşdirmək, dərsi oxucusuna daha tez
çatdırmaq üsuludur. Məsələn: birinci fəsil
beş bölməyə ayrılıb: 1)
Azərbaycan əlifbası, 2) İntonasiya, sual və cavab, 3)
Fonetika (səslər), 4) Azərbaycanca-rusca mükalimə, 5)
Mətn, Abşeron yarmadası. Birinci dərsliyin
içində Azərbayca və rus dillərində olan beynəlmiləl
sözlər verilmişdir. Bu, dərsliyi
öyrənənə müəyyən məsələlərin
izahında kömək edir. Digər tərəfdən
əlifbanın ilk hərfi ilə başlayan sadə sözlər
bütünlüklə kitabda yer alıb və uyğun mətnlər
onların izahını asanlaşdırır.
Şərti
surətdə ikinci dərs - fəsil də beş
hissəyə bölünüb: 1) Heca, 2) Vurğu, 3)
Orfoqrafiya və orfoepiya, 4) Azərbaycanca-rusca mükalimə,
5) Mətn, Atəşgah. Dərsin elə
başlanğıcdakı qeyddə çatdırılır
ki, rus dilində olduğu kimi, Azərbaycan dilində də
sözdə nə qədər sait varsa, o qədər də
heca var. Müqayisəli məlumat daha sonra seçilmiş
xüsusi sözlərlə əsaslandırılır. Burda da nümunə üçün ayrıca mətn
verilib və cəmi müxtəlif məna tutumuna malik doqquz
cümlə Azərbaycan Respublikası barədə oxucuda dəqiq,
geniş təsəvvür yaradır. Məsələn,
Azərbaycanın paytaxtı Bakı şəhəridir.
2) Azərbaycanın rəsmi dili Azərbaycan dilidir. 3) Burada Azərbaycan vətəndaşları
yaşayır. 4) Azərbaycanın prezidenti İlham
Əliyevdir. 5) Azərbaycan Respublikası iki dəfə
müstəqillik qazanıb: birinci dəfə 1918-ci ilin 28
mayında. Bu, 18 ay davam edib. Ikinci
dəfə 1991-ci ilin oktyabrın 18-də SSRİ-nin tərkibindən
çıxmış, yenidən müstəqilliyə
qovuşmuşdur. 6) Hazırada Azərbaycanın
əhalisi 9911800 nəfərdir. 7) Azərbaycanın
ümumi ərazisi 86600 kv. kilometrdir,
pul vahidi manatdır, telefon kodu +994-dur. Göründüyü
kimi bu müfəssəl məlumat ölkəmizi başqa
xalqın nümayəndəsinə tanıtmaq baxımından
olduqca əhəmiyyətlidir.
Məlumdur ki, müxtəlif növ mövzuların (yəni
mətnlərin), şeir və nəsr
parçalarının, tapmaca və atalar sözlərinin, zərb
məsəllərin seçilməsi ayrıca pedaqoji səviyyə,
ustalıq tələb edir. Müəlliflərin
seçdikləri bütün bədii və publisistik mətnlər
dolğundur, bitkindir. Dərslərin məzmununu
dərhal çatdırır, öyrənənlərin bilgilərini
artırır. Mövzuların biri Səməd
Vurğunun məşhur dillər əzbəri "Azərbaycan"
şeiridir. Bu şeirdən dərsdə
istifadə olunan 4-5 bəndlik parça əvvəldə,
çağdaş Azərbaycan ədəbiyyatına, ələxüsus
da poeziyasına yaxşı bir nümunədir. Əsrə yaxındır ki, "Azərbaycan"
şeiri təkcə məktəblilərin deyil, o cümlədən
sənətsevərlərin, sadə insanların qəlblərini
fəth edib. Ikincisi, heca vəznində qələmə
alınmış şeir olduqca sadə və axıcıdır,
burada qulağa öyrəşməyən çətin
sözlər yoxdur. Dilimizə,
poeziyamıza az-çox bələdçiliyi olan şəxs
"Azərbaycan"ı asanca əzbərləyir, məzmununu
qavrayır və yurdumuzun ana təbiəti haqda geniş-əhatəli
bilgi qazanır. Mikayıl Müşviqdən Nəbi Xəzridən , Bəxtiyar Vahabzadədən, Məmməd
Arazdan və başqa ədiblərdən seçilmiş
nümunələr də eləcə. Müasir
nasirlərimizin nəsr yaradıcılığından
parçalar, folklordan, şifahi xalq ədəbiyyatından
götürülən bayatılar, oxşamalar, əzizləmələr
"Azərbaycan dili" kitabının dərslərinə
al-əlvan rəng qatıb.
Ölkəmizin coğrafiyası və keşməkeşli
tarixi qismən də olsa, vəsaitdə əksini tapıb. Bu mənada
toponimləri və adları önə çəkmək
şərtdir. Məsələn: Azərbaycanın yerləşdiyi
geosiyasi məkan kimi Qafqaz və Xəzər dənizinin sahilləri
əsas götürülüb. Torpağımızın
Rusiya Federasiyası, Gürcüstan, Türkiyə Cümhuriyyəti,
Qazaxıstan, İran İslam Respublikası, Türkmənistanla
həmsərhəd olduqları dəqiq surətdə göstərilir.
Həmçinin Xəzər dənizinə
Kür və Araz çaylarının birləşibtöküldüyü
qeyd olunur. Bunlardan başqa Azərbaycan təbiəti
haqda dəqiq təsəvvür yaratmaq naminə
Göygölün, Ağgölün, Qızılağac,
Şirvan, Hirkan, Türyançay qoruqlarının,
Zaqatala-Şəki meşələrinin, əsrarəngiz, nadir
bitki örtüyü ilə dünyada tanınan Talış
ormanlığının, Bazardüzü, Şahdağı,
Murov, Kömürgöy, Dəlidağ, Qızyurdu, Babadağ
zirvələrinin adları çəkilir. Qarabağ,
Naxcıvan, Şirvan, Abşeron, Qəbələ, Beyləqan,
Ordubad, Basqal, Lahıc, Şuşa, Astara, Muğan, Mİl, Gəncə,
Qazax, Şəmkir, Tovuz, Göyçay, Laçın, Batabat,
Xoşbulaq, Quba, Atəşgah, Şabran, Xınalıq, Qusar təkcə
coğrafi toponimlər deyil, həm də məkan-məskən
bildirən yer-yurd adlarıdır. Onların
bol-bol işlənməsi Azərbaycanın xəritəsini
gözümüzün qabağında canlandırır.
Ecazkar Azərbaycan musiqisi millətimizi bütün
dünyada tanıtdırıb. El havaları, bəstəkar
mahnıları xalqımızın ürək
döyüntüsü, mənəvi sərvətimizdir.
Muğamsız isə Azərbaycan musiqisini təsəvvürə
gətirmək olmaz. Klassik ənənələrə
söykənən muğam barədə kitabın 35-ci dərsində
- "Muğamlar" bəhsində yazılıb:
"Muğamın Azərbaycan musiqisindəki rolunu,
konsepsiyasının əhəmiyyətini Avropa musiqisindəki
sonata-simfoniya konsepsiyası ilə müqayisə etmək olar.
Muğam janrının yaranması eradan əvvəl
minilliklərə təsadüf edir. Qədim
şumerlərdə də bu söz "maq" kimi
verilmişdir. "Muğam" sözü də "muğ"
komponenti ilə "maq" kodundan yaranmış, "od
harayı", Tanrıdan gələn, Tanrı göndərən
sehirli musiqidir. Muğamın sirri - Tanrı
sirridir, o səbəbdən də açılması
mümkün deyil. O ki, qaldı "muğam"
sözünün guya ərəb mənşəli "məqam"
- yəni "dayanılacaq yer" hesab edilməsinə, bu
fikir yalnışdır". Və sonda məşhur Azərbaycan
muğamlarının - Rastın, Şurun, Segahın,
Cahargahın, Bayatı-Şirazın, Şüştərin,
Humayunun, Şahnazın və s. adları çəkilir. Onu da əlavə edək ki, dahi bəstəkarımız
Üzeyir Hacıbəyli Azərbaycanın xalq musiqi incilərini
sistemləşdirmiş, muğamlarımızı ciddi təhlil
etmiş, əlvan formalarını
araşdırmışdır. Nəticədə
ölməz bəstəkar Məhəmməz Füzulinin
"Leyli və Məcnun" mənzum poemasına müraciət
eləməklə, orijinal musiqi yazmaqla ilk dəfə Şərqdə
operanın əsasını qoymuşdur. Korifey
Füzulinin qəzəlyatı muğamlarımızın
özəyində dayanmışdır. Müəlliflər
muğam sənətində dəfin, tarın və
kamancanın əvəzsiz rolunu göstərməyi
unutmamışlar.
Kitabda milli kulinariyamız, mətbəximiz,
şirniyyatlarımız da yaddan çıxmayıb. Bizim mətbəx
mədəniyyətimiz həmişə yüksək səviyyəsi
ilə seçilib. Dünya təcrübəsi
göstərir ki, hətta bundan qıcıqlananlar,
qısqananlar var. Xörəklərimizi öz adlarına
çıxaranlar isə başqaları deyil, bədzat, bədniyyət
qonşularımızdır. Əgər "dolma" təmiz
Azərbaycan dilində dolamaq sözündən yaranıbsa və
ya şaşlığın adında şiş kəlməsi
varsa, bunlar necə başqa xalqa mənsuzb xörək
növü ola bilərlər. Əgər həqiqətən elədirsə, onda həmin
xalqın binəsi yoxdur. Başqa xalqdan
törəmədir. Dərslikdə unlu
şirniyyat məhsullarının adları və Azərbaycanın
hansı bölgələrinə məxsusluğu aydın surətdə
ifadə olunur. Şəkərbura, paxlava,
şəkər-şörəyi hər rayonda, qəsəbədə,
kənddə hazırlanır. Ancaq Bakı
qurabiyyəsi, Ordubad ruleti-dürməyi, Qarabağ kətəsi,
Quba tıxması, Lənkəran külçəsi, Gəncə-Qazax
qurutu, Şamaxı mütəkkəsi adları çəkilən
ərazilərin mətbəxlərinin məhsullarıdır.
Şəki isə hazırladığı ləziz
şirniyyatları ilə bəlkə də dünyada
birincidir. "Azərbaycan dili"
kitabında həm xörəklərimiz, milli
şirniyyatlarımız təbliğ olunur, həm də onların
adları hallandırılır. Sözlərin
dil materialı kimi təhlili aparılır. Sözsüz, mətnlərin bu cür sistemli,
ardıcıl verilməyi həmin mövzuları daha tez
yaddaşlara hopdurur.
Qazaxıstanın Almatı şəhərində
nəşr olunmuş "Azərbaycan dili" kitabı
kütləvi oxucu üçün nəzərdə tutulmasa
da, ilk tirajı 2000 nüsxədir. Bu, tələbə və
aspirant ordusu üçün azdır. Yəqin ki, onun yenidən
nəşrinə ehtiyac duyulacaq. Bu cür kitablara
yardımcı olmaq isə milli qeyrət işidir. Bizcə,
Almatının özündə kifayət qədər
varlı-karlı həmvətənimiz var. Onlar
döşünü irəli verib, sponsorluq eləsələr,
zəhmətkeş kitab müəlliflərini
sıxıntıdan qurtarmış olarlar. Pul-para, sərvət
müvəqqəti şan-şöhrətdir, gəldi-gedərdi.
Millət üçün faydalı iş görmək,
halına yanmaq isə sağkən cənnəti
qazanmaqdır.
Həsənli, Ağacəfər
Ədalət 2018.- 14 noyabr.- S.8.