MƏNZƏR NİYARLININ ƏSƏRLƏRİNDƏ REALLIĞIN TƏCƏSSÜMÜ

Mərziyyə Nəcəfova

Filologiya elmləri doktoru

Mənzər xanımın qələmindən çıxan hekayələr, istər sovet dövründə, istərsə də müstəqillik illərində, həyatı düşüncələrin, qəlbdən gələn həqiqətlərin, səmimi, inandırıcı duyğuların təcəssümüdür. Onun çılğın bir ehtirasla təsvir və tərənnüm etdiyi insanlar, hadisələr təbiidir, realdır. Oxucunu düşündürür, maraqlandırır. Ona görə ki, oxucu müəllifə inanır, hadisələrin reallığı, dövrün, zamanın məhsulu olması və özünəməxsus sadə, təmiz bir dillə nəsrə çevrilməsi Mənzər Niyarlı yaradıcılığını fərqləndirir. Təbii ki, onun yazılarının sevilməsində mövzu seçiminin də müəyyən rolu var.Mövzularını həyatdan alan nasirin obrazları da fərqlidir ; safdır, səmimidir. Onun yığcam hekayələrində dərin məna, dünyanın problemləri, dərd-səri əks olunur. Əsərlərində iynənin gözü boyda işıq, ümid axtaran insanın sarsıntıları, əzabları, çırpıntıları və müəllifin özününbu dəhşətlərlə mübarizə aparması, qalib gələ bilmə yolları haqqında düşüncələri təsvir olunur. Müəllif-obraz münasibətlərinin qoyuluşu oxucunu düşündürürbütün diqqət müəllif-obraz-oxucu dünyasında cəmləşir.

O, bir nasir kimi zamanın, günün nəbzini tutmağı bacarır. İnsan psixologiyasına yaxından bələd olan müəllif yaratdığı obrazların xarakterini müəyyən edir, real yaşantıları verməklə cəmiyyətdəki hadisələrə bədii dillə münasibət bildirir. Amma bununla da rahatlıq tapmır, çıxış yolu axtarır. Müəllifin "Sərnişin biletibaqaj çeki" hekayəsi bu baxımdan diqqətə layiqdir. Hekayənin mövzusu cəmiyyətimizdəki faciələr, dəhşət doğuran hadisələrdir. Əsərin qəhrəmanı ziyalı alim Muraddır. O, təfəkkür tərzi, düşüncəsi ilə seçilən, hörmət qazanan alimlərdəndir. Elmi konfranslarda, seminarlarda, hətta ondan vəzifəli alimlər belə Muradın fikri ilə razılaşır, lazım gələndə çətin vəziyyətlərdə onunla məsləhətləşirlər. İki övladını, həyat yoldaşını halal zəhmətlə dolandıran Murad son zamanlar ailəsi qarşısında maddi çətinliklər üzündən başıaşağı olur. Hətta onlara bir parça çörək pulunu da güclə qazanır. Onun yüzlərcə elmi əsəri, məqaləsi var. Ancaq Elmlər Akademiyasının ona verdiyi əməkhaqqı bazar iqtisadiyyatına keçid dövründə ailənin dolanışığına yetmir. Gün-gündən körpə qızları saralıb-solur, əyin-başları tökülür, nimdaş hala düşür. Layiqli bir ziyalı çıxılmaz vəziyyətə düşür, problemlərin ağırlığından xəstələnir, özünü idarə edəcək güc tapa bilmir. Ailəsinin məhv olmaması üçün alim əsərlərini, beynini satmalı olur. Əslində bu Muradın yox, cəmiyyətimizin faciəsidir. Müəllif əslində qəhrəmanının bu qərarı ilə razılaşmır. Əsərin sonuna qədər müəllif oxucusunu düşündürür, sarsıdır. Düzdür, oxucu öz ziyalı alimini aciz görmək istəmir. Lakin bu bir həqiqətdir və günümüzün reallığıdır. Hekayənin sonunda müəllif qəhrəmanını öldürür. Qəhrəmanın ölümü ilə bir daha təmiz, saf düşüncələrin, yüksək ideyaların günümüzün dəhşətləri içəsrisində məhvə doğru yol aldığı vurğulanır. Müasir dövrümüzdə, bir çox ədəbiyyatşünasların fikrincə, nikbin ruhlu əsərlərə ehtiyac daha çoxdur. Ancaq reallıqları əks etdirməklə sözün həqiqi mənasında nikbinliyə qovuşmaq daha doğru olardı.

Günümüzün faciələri nasirin "Ölümlə üz-üzə" hekayəsində də təbii boyalarla təsvir olunur. Müəllif bu əsərində də ziyalı, sənətkar obrazına üstünlük verir. Əsas obraz rəssam qadın Həmidədir. Həmidə tənha qadındır. Həyatın sərt sınaqlarından çıxan, ölkəsini onun hüdudlarından kənarda təmsil edən tanınmış sənətkardır. Əsərləri, tabloları dünyanın bir çox yerlərində sərgiləri bəzəyib. Bütün bunlara baxmayaraq, xərçəng xəstəliyinə tutulan qadına vətəndə köməklik göstərən bir kəs tapılmır. Həkim onun döş qəfəsində şiş olduğunubunun gündən-günə böyüdüyünü nəzərə almayaraq Həmidənin ömrü boyu görmədiyi miqdarda pul tələb edir. Həmidə çətinliklər qarşısında qalır. Qadın üzvü olduğu cəmiyyətə belə müraciət edir: "Pul nə gəzir. Olsa verərəm" sözlərini eşitdikdə, yaxın adamlarına üz tutmalı olar. Yenə də rədd cavabı alır. Rəssam əsərlərini satmaq fikrinə düşür. Düşünür ki, "lombard" adlanan bir yerə qiymətli əşya qoymaqla həkimin istədiyi məbləği əldə edə bilər. Müəllif xəstə qadının "lombard"ın direktoru ilə söhbətində imkanlı adamların ətrafdakılara münasibətini belə əks etdirib:

"Həmidə qapısına "lombard" yazılan yerə gəldi. Ancaq lombardın direktoru, üzü qırmızıya çalan kişi heç rəsmlərə baxmaq belə istəmədi.

- Bu nədir? - dedi - Bizi dolamısınız?

Həmidə qızardı:

- Bəs lazımdır ki?

- Qiymətli əşya

- Siz qiymətli əşya nəyə deyirsiniz?.

- Ancaq qızıl, gümüş, maşın, daş-qaş, ev. Gedə bilərsiz"

("Ölümlə üz-üzə")

Müəllif Həmidənin ölümündən çox insanların bir-birinə qarşı göstərdiyi laqeydlikdən qorxduğunu oxucuya çatdırır. Həmidə daha böyük bir xəstəliklə qarşılaşır. Bu həyatın, zamanın, dövrün "xərçəng"idir. Hekayənin sonunda müəllif Həmidənin canını almaq üçün gələn ölümü fərqli verir. Ölüm belə zəmanəmizin eybəcərlikləri qarşısında dəhşətə gəlir. Həyatda hər şeydən əlini üzən Həmidə ölümü qəbul etməkdən başqa çarə tapmır. Onun canını alıb, bütün əzablardan, iztirablardan qurtarmaq üçün ölümə yalvarır.

"Ancaq ölüm ürəyində nəyi götür-qoy etdisə Həmidənin əllərini geriyə itələdi. Sonra əbasının ətəklərini əlinə yığıb geri çəkildi sabun köpüyü kimi yox oldu." (Ölümlə üz-üzə)

Müəllif burada ictimai mühitə real münasibəti ilə fərqlənir. Nasirin əsərlərində insana qayğı, diqqət, isti münasibət güclüdür. Onun "Dua" hekayəsində biganəlik, laqeydlik kimi mənfi keyfiyyətlərin qəbul edilməməsi ilə rastlaşırıq. Əsərin mövzusu kənd həyatından götürülüb. Bu hekayə ədəbiyyatşünaslar tərəfindən yüksək qiymətləndirilmişdir. Filologiya üzrə fəlsəfə doktoru Xanverdi Turaboğlu yazır: "Hekayədə qoyulan problem ikiqatlı, ikitəyinatlı funksiyanı yerinə yetirir. Problemin bir qütbündə adamların şəraitsizlikdən əziyyət çəkdiyi önə çəkilirsə, digər qütbündə məhz həmin şəraitsizliyi aradan qaldırmaq yolunda problemin özü bilavasitə ayrıca olaraq əlavə neçə-neçə çətinliklərin aradan qaldırılmasına səbəb olur. Bunu müəllif Pəri Sevdimalı qızının subyektiv qavrayışında ələnən öz əksini tapan daxili düşüncələrin təsviri təhkiyəsində daha aydın bədii lövhələrlə çoxqatlı problemin üzərinə işıq salır, onun bütövlükdə bədii psixoloji portretinin yaradılmasına nail olur. Bu baxımdan laqeydliyin pislənməsi əsər boyu iri planda özünün daha qabarıq bədii ifadəsini tapır."

Nasirin "Qızıl qaval" kitabına daxil edilmiş bütün hekayələri ciddi ideya bədii estetik yük daşıyır.

Bu yaxınlarda Mənzər Niyarlının "Vətəndən Vətənə" povesti "Azərbaycan" jurnalında "Ədəbiyyat" qəzetində çap olunmuşdur. Povest tez bir zamanda sevilmiş oxucularda maraq oyatmışdır. Povest V.Nabokovun "Ən təmiz hiss vətən üçün qəribsəyən insanların hissidir"dəyərli bir ifadəsi ilə başlayır.Və elə bu ifadənin fonunda da davam edir.Burada əzab çəkən insanlar Vətən həsrəti çəkən bu ağrıyla da faciələrini içlərində daşıyan insanlardır. Hər bir əsərində olduğu kimi bu povestdə obrazlar sistemi əhatəli rəngarəngdir. Çənubi Azərbaycanda Bakıda yaşamağa məhkum olan insanların həsrəti, qohum -əqrabanın bir-birindən ayrı düşməsi əsərin əsas ana xəttini təşkil edir.İki ailə fonunda yaşayanlar insanların mənəvi maddi durumlarına zərbə vurur. Əsas ailə üzvüləri Ərdəbilin Pətəxor kəndində məskunlaşmışdır.Ailənin başçısı Zinyət,onun yanında yalnız yeganə oğlu Səməd, qızı Mələk, gəlini, yaxın qohumlar, Bakıda onlardan uzaq düşən oğlu Əhməd , onun arvadı Qumru, qızları Həlimə, kiçik oğulları İsmayılın həyat hekayələri təsirli düşündürücüdür. Əhməd qardaşı Bulud İçəri şəhərdə yaşasalar da Pətəxor həsrəti, ana - bacı həsrəti onları üzür. Bir gün bir-birlərinə qovuşmaq istəyilə yaşasalar da zaman yolları bağlı qalır, arzuları reallaşmır. Nəhayət ki, Ərdəbildəki tumgöz Fərruxla görüşmələri qovuşmaq istəklərini daha da gücləndirir. Tumgöz Fərrux onlara torpaq almaq işində yardımçı olur. Sənətsiz, imzasız baha qiymətə əkin yeri vəd edir, ailənin olan-qalan pul qızıl əşyalarını alır. Aldanıldıqlarının fərqinə varmadan ailə köçmək üçün hazırlananda kiçik Həlimə "O, "yaxşı adam deyil" deyə evdəkiləri ayıltmaq istəsə "Adam özündən böyüklərə elə deməz" desədə, Bulud əmisi balaca Həlimənin haqlı olduğunu gec olsa dərk edir. Əsərdə müəllif adət -ənənələrdən bəhs edir. Həmçinin ailələrdə çərşənbə bayramına hazırlıq, bu bayramın İçəri şəhərdə necə keçirilməsi, süfrə hazırlıqları, gözəl şirniyatların bişirilməsi, Qumrunun namaz qılan , oruc tutan , iman sahib olması əks olunur. Əhmədin ailəsinin köçüb Pətəxora getməsi yenidən gizli yolla Şimali Azərbaycana qayıtması duyğusal bir dillə qələmə alınıb ki, bu da əsərin oxunaqlı olması üçün əsas şərtlərdəndir.Ailənin yenidən pərən-pərən düşməsi tumgöz Fərruxun rüşvət alaraq haqqı ədaləti taptayan böyüklərin sayəsində baş verir.Əkin yerini şumlayıb əkən Əhmədin halal pulu ilə aldığı torpaq əlindən alınır.Tumgöz Fərrux qaziyə yağlı erkək rüşvət verərək, torpağı Əhmədə satdığını danır. Ailənin daha məşəqqətli günləri başlayır. Yenidən onların Azərbaycana dönməkdən başqa əlacı qalmır.Artıq İçəri şəhərə qayitmaq olmazdı, Bulud aran kəndlərində vəzifədə çalışdığı üçün qardaşının ailəsini aran kəndinə -yanına gətirmək məcburiyyətində qalır. Bir gün qohumlarla vidalaşa bilməyən Əhməd ailəsi gecə qayıqla Şimali Azərbaycana qaçır. Faciələrlə dolu həyat yenidən davam edir Əhmədi sərhədi pozduğu üçün cəsus adı ilə həbs edir Sibirə sürgün edirlər.

Ailənin madii vəziyyəti, psixoloji durumları, kənddə ailəyə olan, iki uşağın məktəbdə qarşılaşdığı soyuq münasibət, qonşuların belə ailədən üz çevirməsi real həqiqətlər yazıçı qələmindən böyük ustalıqla çıxmışdır. Müəlifin yazıçı ustalığından biri də illər sonra, müstəqillik dövründə qohumlarını görmək üçün Ərdəbilə gedən Həlimə və onun ötən günlər,keçmişdə qalan uşaqlıq illərini gözləri önündə canladırması, ən çox görmək istədiyi bibisi Mələyi görə bilməmək qorxusu həsrətin ən təsirli tərəfidir. Yazıçının hadisələrə yanaşmaq bacarığı, önə çəkdiyi hadisələr və yazıçı münasibəti əsərin daha dolğun olmasına təsir edir.

Əsəri ilin ən güclü povesti kimi dəyərləndirmək yerinə düşər. Son zamanlar iri həcmli əsərləri oxumaq səbr və iradə tələb etdiyi bir vaxda əsərin bir nəfəsə oxunması, təbii ki, müəllifin əsərlərinin dilinin sadə və oxunaqlı olmasında, reallığı səmimiyətlə paylaşmasındadır. Bu da Mənzər Niyarlının yaradıcılığının əsas məziyyətlərindən sayıla bilər.

Ədalət.-2018.-15 noyabr.-S.6.