TİSİFLƏRİN QİYAMI... VƏ QƏLƏBƏSİ

Yusif Həsənbəyin bu günlərdə qələmə aldığı "Tisiflərin qiyamı" poeması həmin mövzuya həsr olunmuş çoxsaylı əsərlərdən, ilk növbədə, ona görə fərqlənir ki, şair-mütəfəkkir, erməni faşizminin törətdiyi faciələrə ümumən insanlığın taleyi kontekstində baxmağın ideya-estetik təcrübəsini verməklə bu faciələrin siravi qurbanlarının heç bir "diplomatik" rəngə-çalara boyanmamış hiss-həyəcanlarını dilə gətirir... Erməni təcavüzkarı bəşəriyyətin on min illər bundan əvvəl unutmağa başladığı bir vərdişlə qonşusunun çəpərinə əvvəl daş atır, sonra ən müasir silahlarla onun kəndlərini, şəhərlərini xarabazara çevirir. Və ən müasir silahlarla "daş dövrü" vərdişlərinin bu qeyri-adi "harmoniya"sının təcavüzünə məruz qalan qonşu Alı kişi əvvəl-əvvəl nə baş verdiyini anlaya bilmir. Elə ki, kürəyinə qaynar samovar bağlanır, onun hissləri coşur, daxilindəki ən qədim qatlardan kükrəyən "Tisif qiyamı" bütün varlığına hakim kəsilir.

Poema müəllifi namərd təcavüzünə məruz qalmış Alı kişini nə ətalətdə, nə dünya işlərindən baş çıxarmaqda qınayır, çünki onun qəhrəmanı bəşəriyyətin normal təkamül tarixinin məhsuludur... Şair-mütəfəkkirin qınaq obyekti insan qanına susamış təcavüzkar, onun zaman-zaman dəyişməmiş xisləti, konkret olaraq "erməni xəstəliyinin" simasında bir daha təcəssüm eləmiş vəhşilikdir. O vəhşilik ki, dünyanın gözləri qarşısında Xocalı faciəsini törətməkdən çəkinmədi, utanmadı...

Yusif Həsənbəy nə qədər gerçək hadisələrdən bəhs etsə də, onun təhkiyəsinin poetik məntiqi, mahiyyətcə, mifolojidir. Daha doğrusu, erməni vəhşiliyinin "fəlsəfə"sini real (normal) düşüncə ilə dərk etmək mümkün olmadığına görə müəllif məcburdur ki, hadisələri mifoloji təfəkkür kontekstində nəzərdən keçirsin... Bu elə bir kontekstdir ki, miflə "mif"i qarşılaşdırır. Və "Tisiflərin qiyamı"nı törədən mifin məntiqi səviyyəsindən erməni qəddarlığını körükləyən "mif", əlbəttə, çox eybəcər, anti-insani, anti-əxlaqi görünür.

Təhkiyə boyu əsərə elə bir bədbin ruh hakimdir ki, hətta poema nikbin sonluqla bitsə də, ümumi təəssüratın ağırlığını heç də tamamilə aradan qaldırmır. Fikrimizcə, bunu qüsur yox, əksinə, bədii məziyyət saymaq lazımdır. Yalnız ona görə yox ki, poemanın ideya-estetik məzmun-mündərəcəsi (və şairin məramı) məhz bu manera ilə daha qabarıq nəzərə çatdırılır, həm də (və daha çox!) ona görə ki, ətrafımızda cərəyan edən hadisələr, nəinki erməni təcavüzünün, eləcə də bu tipli çoxsaylı vəhşiliklərin ya birbaşa, ya da dolayısı ilə dəstəklənməsi sözün əsl mənasında nikbin olmağa, demək olar ki, əsas vermir.

Müəllif tez-tez Tanrıya müraciət edib haqq-ədalətin bərpasını diləyir... Əlbəttə, burada hansısa mistikaya qapılmaqdan, yaxud nə qədər ağır, dözülməz olsa da, reallığın gözünə dik baxmaqdan çəkinib fövqəlada qüvvələrə ümid bəsləməkdən söhbət gedə bilməz. Bu, hər şeydən əvvəl, qiyam etmiş Tisif ruhunun nidası, üsyana, haqq-ədalətin bərpasına çağırışın ilahi miqyasıdır.

Və nəhayət, poemanın, nə qədər arxa rlanda dayanmağa cəhd etsə də, nəzərdən qaçmayan bir qəhrəmanı da var ki, həmin qəhrəman mənsub olduğu xalqın başına gətirilən faciələri sadəcə hiss etməklə kifayətlənməyib, bütün ağırlığı ilə daşımağı özünün insanlıq borcu bilən Şairdir - zəmanəmizin Tisifi Yusif Həsənbəydir!.. O Yusif Həsənbəy ki, hər kəlməsi düşmənçilik, iğtişaş, qan-qada ilə dolu saxta-qurama erməni "mif"inə yox, insanlığa min illər boyu azadlıq, xoşbəxtlik, qarşılıqlı hörmət-mərhəmət dərsi keçən bəşəri (və İlahi!) miflərə - Tisif qiyamının qələbəsinə inanır. Və iman gətirir...

 

NİZAMİ CƏFƏROV

Akademik, Milli Məclisin deputatı

Ədalət  2018.- 16 noyabr.- S.7.