FÜZULİ
VƏ LEYLİ
Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği
Dünyanın
ən görkəmli bioqrafları, tarixçiləri həmişə
bir sualın önündə tərəddüd etmişlər:
Məhəbbətlə süslənmiş kövrək
ömür sahibləri - qadın obrazları sənətkarın
həyatında olmuşlarmı, yoxsa onlar xəyalın, təxəyyülün
yetirməsidir? Nizaminin Şirini, Vaqifin Pərisi,
Dantenin Beatriçası, Tolstoyun Nataşasıg barədə
yazanlar da bu suala aydınlığı ilə cavab
tapmamışlar.
Bəlkə
də bunun bir səbəbi işə maneçilik törətmişdir:
Qadınlar məhəbbətdən doğulur, sənətkarlar
isə hər ikisini dünyaya gətirir. Bəlkə
də belə deyil? Bir həqiqət
danılmazdır ki, əsərlərin gözəl və zərif,
ehtiraslı və xudbin, şöhrətpərəst və
qatil qadın qəhrəmanları dünyanın bütün
ədəbi-tənqidi və mübahisəli dalğalarına
dözmüş, müəllifiylə sahilə
çatmışlar. Belə təkrarsız
obrazlardan biri də Füzulinin Leylisidir. Hələ orta
məktəbdə oxuyarkən bu nəsli Məcnundan öncə
Leyliylə tanış etmiş, Füzuli
eşqini bir azərbaycanlı qızının sədaqətində
mənalandırmışlar. Bəlkə də
bu yanaşma ilə ədəbiyyat müəllimləri 3 nəslin
yaş yanğısını, etibarsız sevmək hissini
gözləmişdir? Axı, həyatın
etibarlılığı bu yaşlardan ayaq tutur.
Deyə bilmərəm, amma Mən illər ötdükcə
Leylinin nakam və ölməz bakir ömrünü vərəqlədikcə
müəmmalı sualların dolambacından
çıxmağı bacarmadım.
Təsəllim
bu dəfə özümə verdiyim sual oldu: Fuzuli Leylisi Məcnun
Məhəbbətinin təcəssümüdür, yoxsa
eşqinin?! Mən möhtərəm oxucuları
inandırmağa çalışacacam ki, Leyli Məhəbbətin
pak suyundan içsə də o, Eşqin acı təmini
dadmağa üstünlük verdi. Amma məsələyə keçməzdən qabaq,
Füzuli yaradıcılığında kişi-qadın məhəbbətinin
bioloji-genetik yozumuna toxunmaq istərdim. Füzulinin
məhəbbət konsepsiyası (bizcə, "məhəbbət"i
"eşq"lə əvəz etmək məqsədəuyğun
olardı) "üzrə məhəbbət
poeziyasının" (G.Baxşəliyeva) mahiyyətindən
irəli gəlir və ərəb şairlərinin təsiri
göstərilir. Maraqlıdır ki,
"Leyli və Məcnun"dan danışarkən əsas
fikirlər Məcnun obrazının fonunda verilir. Şübhə gətirməyə ehtiyac da yoxdur ki,
Məcnun həyatda real şəxsdir. Lakin
Məcnunu "dəli-divanə" eləyib çöllərə
salan Leylinin gözəlliyidir, məhəbbətidir, yoxsa
eşqidir? Birinci tərəfi Məcnun üçün
də, oxucular üçün də bir o qədər maraq kəsb
eləmir və hətta qədim zərb-məsəl də
yaşayır: Leyliyə Məcnunun gözü ilə bax. İkinci tərəfi Məcnun üçün
yalnız məktəb illərində maraqlı idi; onun
üçün sinif rəfiqi, çəlimsiz cavan bir
qız vardı. Ona münasibətinin mənasını
bilməmiş deyildi. Uzağı, bu
sevgiydi, məhəbbətdi. Əlbəttə,
bu məqamlarda şəhvani hisslərə meyl yox deyildi.
Təəssüf ki, Leylinin subyekti olan Məcnun
obrazından yazanlar Füzulinin məhəbbət aləminə
daxil olanda, şəhvaliliyin mahiyyətindən çəkinirlər.
Hərçənd, üzri şairlər
"şəhvani hisslərdən azad olaraq bu işlər
sevgini ilahiləşdirib, ona ideal xarakter verir, məhəbbət
hissini Allahın əmri ilə irəlicədən məlum
obyektə yönəldilmiş, bir növ alnına
yazılmış faciəli bir ehtiras kimi təsvir edirlər"
- qənaəti vurğulanır. Əvvəla,
Füzulinin "məhəbbət konsepsiyasına" vararkən,
ona tam sərbəst yanaşmaq lazımdır. İkincisi, Füzulinin Məcnununu şəhvani
canatmadan təcrid eləmək düzgün deyil. Məşhur türk füzulişünası
Əbdulqadir Qaraxan əlbəttə istisnadır. O,
haqlı olaraq Füzuli eşqini cinsi intimlərdən, şəhvani
hisslərdən ayırmır. Onun qənaətincə,
bu eşqi (Leyli və Məcnun eşqi nəzərdə
tutulur) şairin yüksək dərəcədə tərənnüm
etməsi - cinsi həyatda arzulara qovuşması, "ehtiraslarını
boşaltması" qeyri-şüurdakı fırtınalarla
burulan ruhunun alt duyğu təzyiqindən qurtarmaq istəməsi
ilə bağlıdır. Ə.Qaraxan
yazmışdır: "Cinsi həyatda arzularına
qovuşmaya böyük sənət ərbabı bu
iştiyaqlarını əsərlərində ifadə etmək
surətinə ruhlarında dalğalanan fırtınanı
boşaltmış olurg Şairimizdə cinsiyyət instinktinin
dərin bir kompleks halında bütün ömrü boyunca
qüvvətli təsirli olduğuna və fikri, dini
etiqadlarının bu cinsiyyət həyacanilə daima
mübarizə etdiyinə əsərləri şəhadət
etməkdədir. Bu cinsi duyğu hər zaman bəşəri
bir hüvayyətlə qarşımıza
çıxmayacaqdır. Füzuli cinsi
instiktin özündə oyandırdığı kompleksləri
təmin etmək üçündür ki, əvvəl elmə
yapışdı. Cinsiyyət instiktinin təzyiqilə
müstəsna, mümtaz bir adam olmaq istədi".
Füzulidən 4 əsr sonra Z.Freyd tərəfindən əsaslandırılan
bu faciəli, fırtınalı eşqin mayasında Məcnunun
- şairin yaradıcı fəaliyyətində libido - cinsi
enerji dayanır. Əgər məhəbbətdə həqiqətən
faciəli ehtiras mövcuddursa, bir qədər dərinə gedək:
Leyli aşiq-subyektdir; pak, ləkədən uzaq məxluqdur və
o da ilk vaxtlardan Məcnunun münasibətlərini duyur.
Çünki bu hiss simptomlara, şüura, varlığa daxil
olduqda, xüsusilə gənclərə bir şey hakim kəsilir:
Xəyalpərvərlik (Məcnunda bu, daha güclüdür),
davranışın qəribəliyi (Leylinin anasının nəsihəti),
Kainatın bir şəxsin-aşiqin ətrafında
fırlandığı və heç kəsin bu hissi
yaşamadığına dəlicəsinə inamı.
Qəribəlik ondadır ki, Məcnun-Leyli məhəbbətində
buna heç kəs nə axmaqlıq, nə də
yüngüllük kimi yanaşmayıblar, sadəcə dərk
olunub ki, məhəbbət bioloji və kimyəvi proseslərlə
təbiətin təkamülündən doğulan bir
fonemendir.
Məcnunun
məhəbbəti ilk baxışdan ağılsızlıq
və onun davranışı ilə nəzarətdən
çıxmış şəkildə görünən
şey, əslində təbii qüvvələr sistemində ən
mühüm elementdir, ümumiyyətlə, kişi və
qadına yaşamaq, mübarizə aparmaq, min illərlə nəsil
artımına kömək edəcək həyat cəhətdən
zəruri bir mexanizmdir.
Məcnunun ilahi məhəbbətindən
danışanlar nədənsə onun Leyliyə ilkin
münasibət hisslərinin mahiyyətinə varmırlar;
bunsuz Məcnunun Leyliyə gələcəkdə
qovuşması reallığının inkarına haqq
qazandırmaq çətindir. Necə ki, Məcnun və
Leyli bir-birini ilk dəfə görərkən,
baxışları qoşalaşarkən onlar
varlığında müəmmalı duyğunun
oyandığını hiss eləmişlər.
Bəllidir
ki, məhəbbət hələ 4 milyon il
qabaq Afrika düzənliklərində doğulmuşdur: Beynin
neyrokimyəvi maddələri qana təsir göstərmiş,
nəticədə xoşagələn qadının gözlərinə
baxanda kişinin sifətində müəmmalı bir təbəssüm
əmələ gəlmiş, əlləri titrəmişdir.
Leyliyə Məcnun da bu stress haldan istisnalıq yaratmırlar.
Keyfiyyəti-halı
qılmağa faş,
Gəlmişdi təkəllümə gözü
qaş.
Eylərdi
gözüylə bu, xitabı,
Qaş ilə verərdi ol cavabi.
Artıq onlarda "faciəli bir ehtirasın" səsi
eşidilir; aşiqlər eyforiyaya qapılır və bu
prosesdə hər iki gənci hərəkətə təhrikləyən
kimyəvi maddələr - dopamin, norepinefrin, xüsusilə
fenilefilamin güclü təsir göstərərək
işini görür. Əlbəttə, Məcnun
varlığında hələlik zərif romantik təlatümün
əbədiliyini götür-qoy eləmək iqtidarından
uzaqdır, çünki fenilefilaminin nəşəsi həmişəlik
olmur, bunu ehtiraslı romantik məhəbbətin ötəriliyi
də təsdiq eləyir. Məşhur rus
alimi G.N.Simkin bu barədə yazarkən göstərir ki, məhəbbət
fərdi, bütün xarici, daxili və fizioloji xüsusiyyətlərin
müəyyən olunduğu tayı-bərabəri
ölçülməyən genlər dəstinin-genomun səsidir.
Füzuli öz qəhrəmanı Məcnunu və
qismində Leylini Eşq zirvəsinə çatdırmağa
sanki tələsmir. Çox yaxşı bilir ki, ideal Məcnunda
kimyəvi maddələrin təsirinin azalması - fasilənin
yaranması ağılsız ehtiraslardan xilas olmağa gətirib
çıxarar və o, adi varlığa çevrilər; əksinə,
Məcnunda bu, getdikcə güclənir və o,
vurulmağın sanki sər-xoşluğuna o dərəcədə
mübtəla kəsilir ki, itirilmiş duyğuların
sorağı ilə tərəfdaşı Leylidən
uzaqlaşır, xəyalına üstünlük verir:
Xəyalilə
təsəllidir, könül meyli-vüsal etməz,
Könüldən daima yar olduğun aşiq xəyal etməz.
Doğrudanmı Leyli platonik məhəbbətin
səddini aşıb, tamam görülməz məxluqa
çevrilmişdi? Xeyr, Leyli heç yerə ayaq basmayıb,
öz ata evindədir.
(ardı gələn
sayımızda)
ALLAHVERDİ
EMİNOV
Ədalət.-2018.-20 noyabr.-S.7.