FÜZULİ VƏ LEYLİ

Layihənin istiqaməti: Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği

(əvvəli ötən sayımızda)

Onun keçirdiyi iztirabları Məcnunla bərabər biz də yaşayırıq. Bu gənclərin artıq Məhəbbətdən Eşqə mübtəla olduqlarına şübhə eləmirik. Bu vaxt Leylidə, Məcnun da şəhvanilik xəyalından uzaqlaşırlar. Məhz Eşqdə əsil məhəbbət özünün inkarını tapır. A.A.Bakıxanov yazır ki, Eşq Məhəbbətin ən yüksək dərəcəsidir. Məhəbbət ifrat dərəcəyə çatdıqda insana elə bir hal üz verər ki, onun ürəyi başqasının xəyalından azad olar. Varlıq və yoxluq onun üçün bir olar.

Eşq vücudda dərinləşdikcə, şəhvanilikdən uzaqlaşdıqca o, ülviləşir və subyektlər bu hissdən ayrılmamağa üstünlük verir. Ona görə ki, Eşq Sədi demişkən: "İnsanlıqdır, hər kimsədə yoxdursa şəksiz heyvandır". Məcnun üzünü Tanrıya tutub yalvarır ki, onu Eşqdən ayırmasın:

Yarəb, bəlayi-eşq ilə qıl aşina məni,

Bir dəli bəlayi-eşqdən etmə cüda məni.

Getdikcə hüsnün eylə ziyadə nigarımın,

Gəldikcə dərdinə betər et mübtəla məni.

Bu iki beytin sonuncusunda Məcnunu Leylinin gözəlliyi maraqlandırmır, Məcnunda hüsnə qovuşmaq istəyi nisbiləşir və o, daxilən saflaşmağa doğru gedir. Və nəhayət, Füzuli qəhrəmanlarını real məhəbbətin bütün atributlarından uzaqlaşdırır, qalır eşqin özünün gözəlliyi. Görkəmli şərqşünas, professor V.Məmmədəliyev Füzulidə Eşq məsələsindən - Allaha olan həqiqi eşqdən danışarkən qeyd edir ki, məcazi eşq Allahın yaratdıqlarını, gözəllərə, böyük insanlara, ulu ərlərə duyulan eşqdirbu fikri M.Cəlaləddinin sözləriylə tamamlayır: "Sevilən kimsə gözəldir, yəni hər gözəl sevilməz, hər gözəlin sevilməsi lazım gəlməz. Gözəllik sevilmiş olanın, yəni Allah-təalanın bir cüzidir. Sevilən olan əsildir. Bu təqdirdə gözəllik özlüyündə olmur. Bir şeyin cüzi (hissəsi) onun küllündən (bütövlükdən) ayrı olmaz". Leyli və Məcnunun mənəvi aləmində gözəlliklə (hüsnlə) eşqin əgər pozulma məqamı varsa, onda idrak məhv olar - qənaətinə sığınır. Artıq məhəbbətdən danışmağa lü-zum yoxdur və hər iki cavanın ruhunu-varlığını bu hiss tərk eləmişdir.

Məhəbbətdə hər halda ya öz aşiqinə, ya da kiməsə qovuşmaq, vüsala yetmək reallığı yox deyil. Eşqdə-Tanrıya qovuşmada bu təhtəlşüur-genetik özək xəyalidir. Necə ki, Məcnunun və Leylinin təkamülündə mühüm amilə çevrilmiş gözəlliklə şüurun birliyi bu iki aşiqi qovuşdurmaq imkanı yaratmışdır. Leyli ağılı vücudunda, platonik eşqin inkarında Məcnunun yanına gəlmişdir və bir qədər də nəsihətçilik edərək: kamlarına çatmağın, həsrətlə barışmağın mümkünlüyünü bildirir. Bu o anlardı, Leyli hər şeyə son qoyub, ilk dəfə məktəbli vaxtlarında riyadan uzaq kövrək və zərif məhəbbətinə yetişmək istəyir və bununla o, ülvi səadətini pıçıldayır. Artıq Leylidə baş verən dəyişikliklər: iki fərd nəslin davamı üçün vaciblik kəsb eləyib rastlaşıblarsa, Məcnunun platonik-ilahi eşqiylə sevgililərin bir-birini tapmağa, bir-birlərinin vüsalına çatmağa imkanı yaradır. Füzuli burada Eşqi müəyyən mərhələsində iki cinsin - Leyliylə Məcnunun bir-birinə qovuşmasında bəşərin kəsil-məməsi - nəslin davamı fövqəl qüvvəni reallaşdırmaq istəmişdir və güman ki, məhəbbətin genetik seçkiliyi, dünyada həyat formalarının hədsiz müxtəlifliyi, canlı məxluqların yaranmasına və ayrılmasına gətirilmiş mexanizmi vermək istəmişdir. Leyli deyir ki, ey ruhumun həmdəmi, yaralı-bəlalı könlümün arzusu! Gözün aydın, zəmanə kamını verdi, istirahət şərabı ilə qədəhini doldur. Leyli mənəm, vəslimin nemətini qənimət bil, yanıma gəl fürsəti əldən qaçırmag Və bir qəzəl söyləyir:

Ey qılan şeyda məni, məndən bu istiğna nədir?

Niyə sormazsan ki, əhvali-dili-şeyda nədir?

Gör mənə xəlq içrə pərva qılmadın, məzursan,

Böylə tənhalıqda qılmazsan mənə pərva, nədir? -

Məcnunla sevgilisinə qovuşmaq həsrətini ifadə eləyir. Məcnun isə cavabında yalvarır ki, mənim karagəlməz vücudumu atəşə tutma, məni xəyalınla yandırma, məndə sənin vüsalına yetməyə taqətim qalmayıb. Bir zərrəyə dönüb, sənin könlünün aynasında əksim qeyri-mümkündür. Məcnun məcnunsayağı yox, tam idrakla Leylisinə bildirir ki, sən hələ varlığımdan çıxmamış cansan, gözümdəki nursan, ciyərimdəki qansan. Bu sözlərdən sonra o, daha müdriklə deyir ki, mən məhv olub sənin varlığındayam, daima pərdə arxasında ol, camalını kimsəyə göstərmə, namusunu gözlə:

Tut pərdəyi-ismət içrə aram,

Rüsvay mənəm, sən ol niku nam.

Leyli yatağa düşəndə Füzuli düşünür ki, məsum, nakam qayğısı Məcnun SArıdan qəbul edilmədi və o, tezliklə əsl Dünyasında sevgilisiylə qovuşacaq. Bu dünyada isə o, öz əzabları ilə təkbətək qalmışdır, xəstəlik və ölüm olan yerdə şəhvani hisslərdən danışmaq əbəsdir, qəbir-əbədi məskən olan zülmət yerdə kəbin də yoxdur. Və Leylinin yeganə xoş günlü məktəb çağlı xatirələrində çox gənc ikən həyatı ilə vidalaşdı, ruhu ilə yox. Bu, Füzulinin ən dərin məhəbbət bəslədiyi Leyliydi, bəlkə də bu qızcığaz onunvaxtsa sevdiyi bir qızın kölgəsiydi. O kölgədə haçansa şam tək sönmüşdü: - "Lətafət gülşəninin gülü Leyli xəzan yeli ilə bəla tapdı, baharı xəzana dönüb, ömrü sona çatdı, biçarə anası başını açdı, qanlı göz yaşını başından aşırdı, ağarmış saçlarına dağıdıb, saralmış üzünə tökdü, ürək yanğısı ilə əfqana gəlib, çox ağladı, ah-nalə elədig Bədən torpağın qoynunda sakin oldu, ruh göylərin zirvəsinə yaxınlaşdı: - şövq əla qürub (Allahın yanı, Allaha qovuşma) qazandı, damla dəryasına qovuşdu". Şairin bu kədərli sözləri çox şeyi agah eləyir və öncə, Eşqin ölməzliyi Füzulinin öz Leylisinə münasibətində ülvi məqamıdır. Unutmayaq ki, Eşq Şərqin İlahidən verilmiş nemətidir, özüTarixi. Bu Eşqlə müsəlman dünyasının tarixinə qayıtmaq və aramla mərhələ-mərhələ bu günə gəlmək, onun poetik mövcudluğunun mübhəm-aşkar nöqtələrinə varmaq mümkündür. Əgər hansı bir şəxs Xalqımızın tarixini qələmə almaq niyyətinə düşərsə, Füzuli dövrünün - ora əsr epoxasının səciyyəvi cəhətlərini poetik dəyərlər kontekstində aşkara çıxara bilər.

Füzuli barədə danışmaq, onun İnsan və Varlıq dünyasında Sözlə çox mətləbləri aşkarlandığını üzə çıxarmaq üçün neçə-neçə əsrlər lazım gələcəkdir. Və hər bir yazan üçün bu suala cavab tapmaq ehtiyacı duyulur: "Füzuli sənin üçün kimdir?". Bəli, Füzuli Mənim üçün Söz Allahıdır. Ona görə də o, Sözdən bəşəri dərdin çarəsini tələb edirdi, Müqəddəs kədəri istəyirdi və deyirdi: "Sən bu möhnət beşiyində məşəqqət südü ilə bəslənmisən və buranın havası, suyu ilə yetişib böyümüsən. Bilirəm ki, sən dərdli yaranmısan. Dərd isə şairlərin əsas sərmayəsidir.

Dərddən danış ki, şeir yarışında söz topunu apara biləsən". Bu dərddən Füzuli nəyi umurdu? Bu umduğu dərd İnsan taleyinin faciəsinə, xalqın mənəvi azadlığına, ali hisslərin yaşanmasına tuşlanırdı.

Bəli, Füzulinin şəri də dərddən yaranır, qan axıdır, ruhunu İnsan Eşqinə tapşırır. Və bu Eşq bəşəriləşir, Məhəbbətin ölməzliyinə çevrilib Leyli və Məcnunun ruhuna qovuşur.

Füzulinin Eşqi Leylinin, Məcnunun ruhundan qopur, daha torpağa qovuşmur. Belə olsaydı Leyli və Məcnun eşqini bir-birinə qovuşmayan qəbirlərində axtarırdıq.

Söz Füzuli üçün Oyundurbu yolu o, təsadüfən seçməmişdi; dünyanın ən dahiyanə kəşfləri Oyundan doğulub. Bu Oyunu oyuncaqlar həyata keçirir. Necə ki, uşaqlar o vaxta qədər oynayır-acırlar. Sonra analarının yanına qaçıb, çörək istəyirlər.

Füzulidən sonra bütün şairlər Sözü Oyuncaq sanıb, ona tərəf qaçdılar. Və bir istək keçdi ürəklərindən: acısınlar. Amma acımadılar, Söz onları öz uşaqları kimi aldatdı!

Füzuli özündən sonra bəşəriyyətin yüzlərlə şairlərini beləcə sehrlədi və pıçıldadı: Məndən sonra Şeir yazmaq ürəyinizdən keçərsə, Məhəmməd Füzulini oxuyun. Və oxuyandan sonra Sözə aldanmayın. Söz aldadır, bircə Məhəmməd Füzulini aldada bilmədi.

ALLAHVERDİ EMİNOV

Ədalət  2018.- 21 noyabr.- S.7.