İTİRİLMİŞ NUR

 (hekayə)

Əlisəfa Azayev

 

... Nahara az qalmış, Sadıq Babayev köməkçisinə dedi:

- Gələn olsa gözləsin. Gözümə dərman qoyacağam.

Bu onun üçün ən ağrılı bir hərəkət idi. Hərdən sol gözü elə ağrıyır, gicişirdi ki...

Dərman qoyandan sonra da yüngülvari nahar edəsi oldu. Çox yemək, naharda ləngimək onda adət deyildi. Otuz illik zabit həyatı elə beləcə də gəlib keçmişdi.

Birdən özünü lap darıxan kimi hiss elədi. Qara eynəyini taxıb həyətə çıxdı. İşin başlamasına hələ bir neçə dəqiqə vardı. Xoş bahar havasında gəzinmək, nəfəs almaq hər şeyə dəyərdi.

Yaxınlıqda orta məktəb vardı. Həmişə burada, idarənin bağçasında olanda, gəzinəndə sanki o uşaq gülüşlərini, qəhqəhələrini eşidəndə, qayğısız uşaq illəri yadına düşür, eyni açılırdı.

İndi beləcə ömrünün o xoşbəxt illərinin düşüncələri altında gəzinirdi ki, on-on iki yaşlı bir oğlan uşağının diqqətlə ona baxdığını gördü. Qara eynəyini çıxarmış, əlində idi... Oğlan soruşdu:

- Əmi, sənin...

Ona əvvəl elə gəldi ki, oğlanın diqqətini cəlb edən əynindəki yaraşıqlı ədliyyə forması, zərli paqonlarıdı. Ancaq sonra hiss elədi ki, yox, oğlan xəsarət almış gözü ilə maraqlanır.

- Sənin gözünə beləcə kim vurub, yaralayıb?

Bəlkə də gözünə görə indiyə kimi onu beləcə sorğu-suala tutan olmamışdı. Bilmirdi, bu və ya digər səbəbdənsə bir anlıq uşaq kimi tutulan kimi oldu. Məktəbli isə sorğu-sualında ardıcıl idi:

- Ermənilər?

- Yox...

- Bəs kim? Düşmənlər...

Oğlan maraqlandı:

- Hansı düşmənlər?

- Xarici yox, daxili...

Özü də öz sözlərinə istər-istəməz acı-acı gülümsiyəsi oldu. Əslində isə həqiqətən də belə idi. Ancaq məktəblini beləcə intizarda qoymaq olmazdı. Cəld qara eynəyini taxıb, ona baxaraq dilləndi:

- Oğul, həyat belədi də... Xəsarət də almaq olar. Əsas odu ki, ruhdan düşməyəsən. Səni boya-başa çatdıran valideyinlərinə, Vətəninə layiq övlad olasan.

- Sizin rütbəniz...

- ...

- Polkovnik-leytenantsınız. Atam da bu rütbədədi.

- Bəli... Ədliyyə müşaviriyəm.

Bir azdan o Tələt adlı bu uşaqdan əl verib görüşərək ayrılsa da, xəyal onu çox-çox uzaqlara, ömrünün keçmiş günlərinə apardı. Sanki qırx səkkiz illik ömrü bir kino lenti kimi gözləri önündən gəlib keçməyə başladı. O kim idi, kim oldu? Hansı üsitün cəhətləri ilə başqalarından fərqləndi? Bütün bunları heç özü də bilmirdi. Bildiyi o idi ki, köksündə döyünən qəlbi başqalarındakı kimi deyil. 1992-ci ilin 8 May günü Şuşa təslim ediləndə gecəni demək olar ki, yatmadı. Səhəri kimi ona-buna zəng çala-çala qaldı... Səhər də bir dəstə yaxın dostu ilə cəbhəyə yola düşdü...

O vaxt min bir arzu ilə qismətinə düşmüş ədliyyə işindən ayrılsa da, Vətən, torpaq hissi, düşüncəsi ona daha yaxın, doğma idi! Əsil başıpozuqluq zəmanəsi idi. Dəstə komandiri onları ruhlandırmaq əvəzinə qorxutdu:

- Bax, mən sizin heç birinizin sağlamlığına cavabdeh deyiləm ha!.. Burada xəyanət, təxribat baş alıb getməkdədir!.. Arxadan atılan güllələrdən özünüzü qoruyun!..

Sonra da bir başqası. Əsil mənada ortalıqda qalmışdılar. Eşitdi ki, Respublikada çevriliş zamanı ultimatumu oxuyan gənc hərbçi dəstə yaradır. Onun yanına gedəsi oldu. Onu az-çox tanıyırdı. Onun hərbi hissəsinə yazıldı. Sonra da bacarığını, qabiliyyətini görüb hüquq şöbəsində işə götürdülər. Çox keçmədən bu şöbənin müdiri oldu. Günləri isə çox vaxt elə yollarda keçirdi... Qısa müddətdə Rusiyanın neçə vilayət şəhərinə səfər edəsi olmuşdu. Hərbi hissə üçün silah, canlı qüvvə toprlamaq üçün. Sağ olsun yaxşı oğulları... O vaxtlar hərbi hissələrdə zabit heyəti az idi. Çoxları tərəddüd etmədən gəlirdilər...

O vaxtlar cəbhədəki uğursuzluqlar çoxlarına məlumdur. Bunlar öz yerində, maddi və mənəvi dəyərlər gözdən düşürdü. Bir azdan bir şey əldə etmək, varlanmaq hərisliyi hər şeyi kölgədə qoymağa başladı. Apra yerdə o pis olmuşdu. Ətraf kəndləri, qəsəbələri gəzir, hərbçilərin satdığı, hədiyyə verdiyi əmlakı, xüsusilə maşınları qətiyyətlə geri qaytartdırırdı...

Bəlkə də elə bu səbəbdən idi ki, son vaxtlar arxadan açılan atəşlərin, çovuyan güllələrin hədəfi olmuşdu. Hətta arada ağır yaralandı da... Ölümün bir neçə addımlığında idi...

Beləcə hər şey o vaxt onu cəbhədə çirgindirən kimi oldu. Ərizə verib, təhkid elədi... Cəbhədən geri qayıdası oldu. Görünür hərbi onun işi deyildi. Sakit həyat istəyirdi...

Sakit həyat!.. Bu barədə fikirləşəndə onun əsil mənada gülməyi gəlir. Necə bir sakit həyat?! Elə onun çalışdığı, fəaliyyət göstərdiyi ədliyyə işi sakit həyat idimi?! İnanın yox! Gündəlik neçə-neçə narazı adamla, şikayətçi ilə qarşılaşırdı...

Bir yandan da ağır avto-qəza hadisəsi, həyat yoldaşını itirməsi... Övladları ilə tək qalması... Ağrılı-acılı günlər... Nə etmək, görünür taleyinə belə yazılıbmış.

İşlər də yığılıb qalmışdı. Hamı tələsirdi, tələb edirdi. Onları da nə qınayasan, əlində məhkəmə qərarı var. Evinə, mülkiyyətinə sahib ola bilmir. Belə birisi cəncəlli mənzil idi, icrası ciddi nəzarətə götürülmüşdü... Satılmış bu mənzildən rus xanım, onun azərbaycanlı sevgilisi çıxmaq bilmirdi...

Bir gün də ona həyacanlı zəng gəldi:

- Rəis, dəmir seyf qapını açmaq üçün gözlüyü çıxartdıq. Deyəsən içəridə adam var.

Dərhal dedi:

- Səs -küy salıb orada vətəndaşları narahat etməyin.

Özü yola düşəsi oldu... Belə də iş olardı. Mənzilin qanuni sahibinə içəri girməyə imkan verilmirdi. Hər şey qayda- qanunla həll olunmuşdu... Əldə məhkəmə qərarı vardı. Notariatda alqı-satqı müqaviləsi bağlanıb, mənzili satan küllü miqdarda pul almışdı.

O həmin mənzilə qalxıb, qapını döyərək səsləndi:

- Vətəndaş, nə istəyirsiniz, açın qapını... Artıq bu əmlak sizin deyil, əldə məhkəmə qətnaməsi var... O icra olunmalıdır...

Bu vaxt içəridə narazı səs eşidildi. Sərxoş adama oxşayırdı. Kişiliyi qadınlığı bilinmədi. Bir daha xəbərdar edərək şıxarılmış, artıq açıq qalmış göbzlükdən içəri baxaraq:

- Daha bu olmadı ki... Açın da qapını... Mənzildə, içəridəsiniz...

Elə bu vaxt dəhşətli bir maye sol gözünə dolması ilə, sanki onu yandırıb-yaxdı, dünya gözlərində qaraldı!.. Özünü qonşunun mənzilindəki əl-üz yuyana güclə çatdırdı... Yox, artıq gec idi... Bu kislota - kimyəvi turşu idi. Gözünü tamam issaatdan çıxartmışdı. Hələ də amansızcasına yandırıb tökməkdə idi. İşçilər çığırışırdılar:

- O kislota atdı!..

- Təcili yardım çağırın!..

- Maşınla gedək də!..

Beləcə həmin an xəstəxanaya gəlsələr də, olan olmuşdu... Bu ağır dərdinə həkimlər də ciddi bir yardım edə bilmədilər.. Sol gözü öz nurunu itirən kimi oldu...

Xəstəxanada yatdığı müddətdə yaxınlardan, işçilərdən, nazirlik əməkdaşlarından min bir köməklik, qayğı görsə də, mənən özü əzab çəkirdi. Gərək belə olmayaydı...

Düzdür, hər şey iş başında, vəzifədə olanda olmuşdu. Gərək o da sayıqlığını itirməyə, tələsməməli idi... Ədliyyə işçisi ehtiyatlılığını əldən verməməli, gözləməlidi.

Bu ağır hadisəyə görə qadın uzun müddətli həbs edildi. İstintaq onun günahkar olduğunu sübut etsə də, o,işin belə olmasına inanmırdı. Ancaq buna kimi inandıra bilərdi ki...

Bir müddətdən sonra o göz yaşları hopmuş məktubda yazırdı: "Milıy, sən haqlısan... Bu əzazıllığı mən edə bilməzdim..."

Bəlkə də il keçməmiş öz sevgilisini etibarsızlığını görən, onu itirib- axtarmayan naxələfin hərəkətlərinə görə beləcə təsirlənib bu məktubu yazmışdı həmin qadın... Sonra da həmin məktubun biri gəldi... Daha sonra da biri...

Hiss olunurdu ki, qadın ciddi peşmançılıq içində qovrulmağa, ora-bura müraciət edərək bu cinayətdə əli olmadığın sübut etmək istəyirdi.

Bir gün də onu nazirin qəbuluna çağırdılar. Onunla görüşəndə dedi:

- Xəbərin varmı... Onu əfv etmək istəiyrlər... Mənim fikrimi bilmək istəyirsənsə, mən razı deyiləm... Qoy cəzasını çəksin...

Dərhal dilləndi:

- Cənab nazir, onun kiçik yaşlı uşaqları var... Hər dəfə onları görəndə ağrınıram... Qoyun əfv etsinlər. Bir işdi oldu da...

Nazir bu an bir söz demədən yerindən qalxıb ona tərəf gəldi. Onu qucaqlayıb, bağrına basaraq dedi:

- Elə bilirdim ki, belə deyəcəksən... Nə deyirəm kti...

Yerlərdə ədliyyənin regional şöbələri yarananda, onun namizədliyi verildi. Ona baş ədliyyə müşaviri rütbəsi verildi. Artıq polkovnik idi...

Hər dəfə kəndlərinə gedəndə atası Həcc ziyarətindən söhbət salardı. bir dəfə dedi:

- Tələsmə, ata... İnşallah, qismət olar, biz də gedərik.

Bu barədə baş idarələrində söhbət düşəndə dedilər:

- Nə danışırsınız... Respublikadakı gərginliklə əlaqədar kənara çıxış məhdudlaşdırılıb, qadağa olunub. xüsusilə biz ədliyyə işçilərinə.

- Siz deyin də... Axı mən də öz oğulluq borcumu yerinə yetirməliyəm. Atam qoca, imkansız adamdı. Həccə getmək, o müqəddəs yeri ziyarət etmək ən böyük arzusudu...

Bir gün onu sevindirdilər. Başqalarına olmasa da, nazir onun getməsinə razılıq vermişdi. O müqəddəs yerdə olanda da, ölkəmiz, xalqımız, insanlarımız, nazir üçün dua elədi. Gələndə də onun üçün məxsusi o gözəl, şəfalı Zəmzəm suyundan gətirəsi oldu. Görüşəndə dedi:

- Çox sağ ol... Zəhmət çəkmisən... Bilsən ki, mən sənin xətrini nə qədər istəyirəm... İş yolunda fədakarlıq göstərən hər bir əməkdaşın xətri mənim üçün əzizdir...

Kim bilir, səhər onun taleyi necə olacaq. Ancaq söz-söhbət düşəndə, övladlarına da deyir:

- İlk növbədə zəhmətə bağlanın. Yaşadığınız cəmiyyətə yararlı övladlar olmağa çalışın!.. Bir də rəhbərə sədaqətli olun!.. İnsanı insan edən onun həqiqətpərəstliyi, əqidə düzlüyüdü!.. Belə olanda düz həmişə əyrini kəsəcək, başınız uca olacaq!.. Bu gün sizi bəyənməyən, qınayan, sabah gördüyün işi təqdir edəcək, səni öyəcək...

Yenə, o, yaraşıqlı ədliyyə formasında idi. Həmin orta məktəbə o nə üçün gəldiyini heç özü də bilmirdi. Müəllimlər, uşaqlar onu görcək pıçıldaşırdılar:

- Nə gözəl forması var.

- Ədliyyə işçisidi.

- Forma buna gözəl yaraşır.

- Polkovnikdir.

- Baş ədliyyə müşaviri...

- Qara eynəklidi...

- Gözü xəsarət alıb da...

- Onu kim vurub?

- Ermənilər...

- Yox... Daxili düşmən...

O, Tələti soruşdu. Uşaqlar səs-səsə verərək onu səslədilər:

- Tələt!..

- Tez gəl!..

- Dostum gəlib!..

Baş ədliyyə müşaviri onunla görüşəndən sonra direktorun otağına yan aldı. Bu gün burada hüquq günü keçiriləcəkdi. Bir azdan o məktəbin müəllim-şagird kollektivi qarşısında çıxış edirdi:

- Mən çox arzu edirəm ki, siz Vətənimiz, cəmiyyətimiz üçün yararlı övladlar olasınız!.. Azərbaycanımız bir anasa, qucağında tutduğu körpə - Qarabağ torpaqlarıdı!.. Şuşamızdı!.. Düşmən əlindədi!.. Onlar həsrətlə bizi gözləyirlər!..

Ədalət  2018.- 21 noyabr.-  S.6.