Rafiq Yusifoğlu poeziyasında Füzuli eşqi

Zəkulla Bayramlı

Mən şəxsən çoxdan tanımasam da, Rafiq Yusifoğlu çoxdanın adamıdır, ən azından respublikada çoxdan tanınmış şair və alim-professordur. Düzünü deyim ki, belə sadə, təvazökar və istedadlı bir insanı gec tanıdığıma görə təəssüflənirəm və hər görəndə ürəklə salamlaşır, hal-əhval tutur, bu qənimət adamla tanışlığın zövqünü yaşayıram.

Uzun illər uşaq qəzet və jurnalllarında işlədiyi üçün bəzilərinin yalnız uşaq şairi kimi tanıdığı Rafiq Yusifoğlu əslində böyüklərin də zövqünü oxşayan və yaşından asılı olmayaraq, hamıya mənəvi qida verən gözəl şeirlər müəllifidir. Rafiq müəllimlə tanışlığımız Füzuli poeziyasından söhbət gedən bir ədəbi məclisdə baş tutdu. Mənim dar bir çevrədə Füzuli haqqında dediyim bəzi sözlər sən demə onun diqqətini çəkmişdi. Məclisin sonunda mənə yaxınlaşıb bir şeir kitabını verdi və internetdə özünün

"Qəm karvanı" televiziya tamaşasını tapıb dinləməyi xahiş etdi.

Elə həmin gündən o kitabı hərdən vərəqləsəm də, öncə "Qəm karvanı" televiziya tamaşasına baxmaq istədim. İlk dəfə "youtube"da tapıb dinləyəndə gözəl və əsrarəngiz bir aləmə düşdüm, sanki Füzuli poziyasının sirli-sehrli möcüzələr dünyasına qərq oldum. Sonra kitabı diqqətlə oxumağa başladım, müəllifi daha yaxından tanımaq istədim, başqa bir şeir kitabını da alıb baxdım. Beləcə, Rafiq Yusifoğlunun poeziya dünyasına sonsuz səyahətim başladı.

Nə gizlədim, Rafiq müəllimin rəngarəng poeziya kəhkəşanında ən çox diqqətimi cəlb edən onun sevgi şeirləri oldu. Bəlkə də elə mənim kimi Füzulini çox sevdiyindən, çox oxuduğundandır ki, öz şeir çələngində sevgi qoxulu çiçəklərə daha çox yer verir, ölməz məhəbbət motivlərinə daha artıq diqqət ayırır. Təkcə onun indiyədək nəşr etdirdiyi kitablarının adları bu barədə çox şey deyir: "Həsrət köçü", "Ayrılığın qəm hasarı", "Könül səltənəti", "Arzular kəhkəşanı","Sevdalı sabahlar", "Eşqin qarlı yollarında" və s. Hələ hamısının adlarını çəkmədiyim bu kitablarda toplanmış sevgi-məhəbbət motivli şeirlərini oxuduqca Rafiq Yusifoğlunun Füzuli poeziyasından necə ustalıqla yararlandığını, Füzuli günəşinin şəfəqlərindən bol-bol nurlandığını görürük. Yeri gəlmişkən, deyim ki, bu, hər şairə, hər yaradıcı adama qismət olmur. Rafiq müəllim, özünə də şəxsən dediyim kimi, Füzulini, çoxlarından fərqli olaraq, gərəyincə anlayır, başa düşür və çox məharətlə ondan bəhrələnir.

R.Yusifoğlunun istənilən şeirində Füzulinin ölməz qəzəllərindən bir dad-tam vardır, özəlliklə, sevgi şeirlərində Füzuli gözəllərinin süzgün baxışları gülümsəyir, naz-qəmzəli yerişi boy göstərir, ictimai-sosial məzmunlu misralarında isə Füzulinin sadə və təvazökar təbiəti, möhtəşəm şəxsiyyəti və əyilməz ruhu duyulur. Həyatda, özəlliklə, şair təbiətli, həssas ürəkli insanların həyatında sevgi və məhəbbətin rolu haqqında görək şair nə deyir:

 

Məhəbbət damarlarımda

Axıb gedən qana bənzər.

Sevgisiz, sevdasız ömür

Susuz dəyirmana bənzər.

 

Sevgisiz ömrün susuz dəyirmana bənzədilməsinə Füzuli poetikasında rast gəlinməsə də, Rafiq Yusifoğlunun özünəməxsus füzuliyanə bir poetik tapıntısı kimi yadda qalır.

Lirik bir şeirində özünə "sevmək istedadı verdiyinə" görə yaradana minnətdarlığını bildirən şair "dəli sevda" ilə sevməyənin bu dünyada qərib olduğunu bildirir. "Gözəlliyin önündə diz çökən" şairin həmin misralarını oxuyanda istər-istəməz Füzulinin "Məndə Məcnundan füzun aşiqlik istedadı var" - kimi məşhur nidası yada düşür:

 

Dəli sevda dolanmırsa başında,

Sevmirsənsə, bu dünyada qəribsən.

Ulu Tanrım, baş əyirəm qarşında,

Mənə sevmək istedadı veribsən.

 

"Təklik" adlı kiçik bir şeirində isə təkliklə tənhalığı ayırmağın gərəkliyini necə incəliklə göstərir, çoxluqdan, adamlardan qaçmağın bəzən onlara olan sevgidən qaynaqlandığını diqqətə çatdırır:

 

Adamlardan gen gəzsəm də,

Ürəyim mənə deyir ki;

İnsanları düşünürsən,

Təklik tənhalıq deyil ki?!

 

Səs-küydə kobudlaşıram,

O qədər kövrək olmuram.

Mən təkliyə can atsam da,

Heç bir zaman tək olmuram.

 

Bu şeiri ilk dəfə oxuyanda Füzulinin məşhur "Könül, səccadəyə basma ayaq, təsbihə əl urma" misrası ilə başlayan qəzəlindəki aşağıdakı beyti xatırladım.

 

Cəmaət izdihamı məscidə salmış küdurətlər,

Küdurət üzrə, lütf et, bir küdurət sən həm arturma.

 

Başqa bir kiçik şeirində Füzulinin bir beytindəki fikri aydın və anlaşıqlı bir dildə oxucuya çatdırır. Burada Füzulinin fikri-düşüncəsi olduğu kimi verildiyi üçün Rafiq müəllim elə şeirin adını da "Füzuli kimi" qoymuşdur.

 

Həsrət dolu baxışlarım

Çevrilər bir ac arıya.

Gözüm görüb ləzzət çəkər,

Ürəyim düşər ağrıya.

 

Bilənlər bilir, bilməyənlərin nəzərinə çatdırım ki, bütün dövrlərin dahi şairi Füzuli bir qəzəlinin bir beytində həmin fikri belə ifadə etmişdi:

 

Cövrü könlümdür çəkən, gözdür görən rüxsarını,

Allah, allah, kam alan kimdir, çəkən kimdir təəb?

 

Xöş bir təbəssümlə baxıb gülümsəyən bir gözəlin üz-gözündə oynayan sevinc və şuxluq qığılcımlarını, görün, şair ikicə misrada necə açıq-aydın mənalandırıb:

Qəlbində məhəbbət yanıb şam kimi,

Üzünü, gözünü işıqlandırıb.

Bu iki misranı oxuyan kimi, qəlbində məhəbbət şamı yenicə alovlanan gözəl bir qızın sevinclə kədərin qarışmış halda bərq vurduğu təbəssümlü çöhrəsi gözlərimiz önündə canlanır.

 

Hələ "Şüşə" şeiri... Müəllifin yazdığına görə, bir oxucu məktubundan qaynaqlanan, olduqca maraqlı və incə bir müşahidəyə əsasən "günəş şüası şüşədən pəncərənin qabağındakı taxtaya düşmüşdü. Qəribə idi; şüanı şüşə keçirib taxtaya verdiyi halda, özü soyuq, taxta isə isti idi..." İlk baxışdan adi təbiət hadisəsi kimi görünən, bəlkə də çoxlarımızın görüb müşahidə etdiyi, amma fərqinə varmadığımız bu olay həssas və incə şair ürəyində hansı duyğular oyadır, onu hansı qəribə fəlsəfi düşüncələrə gətirib çıxarır?..

Ürəyim buz deyil, düşmə təşvişə,

Sevda yollarında çox xiffət çəkib.

Sənin qınadığın bu soyuq şüşə,

Şüşə olanacan müsibət çəkib...

 

Şüşənin timsalında çoxlarına soyuq və laqeyd görünən insanların əslində hansı əzab-əziyyətlər bahasına öz həyat missiyalarını yerinə yetirməyinə, başqalarına kölgə salıb qızındırmağına və çox vaxt diqqətdən kənarda qalmalarına işarə edən şair sonda yenə üzünü sevdiyinə tutub füzuliyanə bir ifadə işlədir:

 

Şüşə ürəyimlə oynama, gözəl,

Sınmağı cəhənnəm, əlini kəsər...

 

Rafiq Yusifoğlunun yuxarıda adını çəkdiyimiz "Qəm karvanı" poemasından ayrıca danışmaq istərdik. İlk adı "Füzuli danışır" olan, yəni dahi şairin şah beytlərinin öz dilindən çağdaş oxucuların başa düşəcəyi təmiz, aydın və anlaşıqlı sözlərlə verildiyi bu əsər əsasında radio və televiziya tamaşaları hazırlanmışdır. Ona vaxtilə şair Məmməd Aslan və Məsud Əlioğlu kimi klassik ədəbiyyatımızın biliciləri müsbət rəy vermişlər. Şeirlər mərhum aktyorumuz İlham Əsgərovun ifasında səsləndirilib. Sonda şairin öz ifasında verilən "Füzuli meydanı" şeiri isə tamaşaya ayrı bir şirinlik, təbiilik və canlılıq gətirir.

Füzulinin məşhur bir tərkibbəndinin ilk misrasının epiqraf seçildiyi, özü də bütünlüklə Füzuli sevgisinə və Füzuli poeziyasına həsr olunmuş bu lirik poema olduqca maraqlı müşahidələr və rəngarəng bədii təsvir vasitələrindən yoğrulmuşdur. Elə klassik sənət inciləri kimi, giriş-müqəddimə xarkterli ilk 7 bənd R.Yusifoğlunun Füzuli sənəti və sevgisi haqqında heyrət və heyranlıq dolu urək sözləridir. Burada o, "neçə əsrdir için-için yanan, amma odu azalmayan şair urəyinin" oduna qızındığını, "bəzən urəyinin odu sönəndə, onun sözünün oduna alışdırdığını" söyləyir. Böyük bir sənət imtahanına girirmiş kimi, öncə "öz ulu eşqiylə Məcnunun eşqinə yuxu gətirən" dahi şairimizdən

Ey böyük Füzuli - sənət tanrısı,

Bizdən əsirgəmə səxavətini,

 

deyərək mənəvi yardım istəyir, dərhal da Füzuli sənəti qarşısında öz acizliyini bildirir. Onun kimi şair-sənətkar ola bilməyəcəyini etiraf edir, eyni zamanda, heç olmasa, onun qədər sevə biləcəyini arzulayır:

 

Sənin tək sənətkar ola bilmərəm,

Barı sənin kimi sevə biləydim.

 

Yalnız müəllifin öz dilindən deyilən bu giriş-müqəddimədən sonra meydana dahi sənətkarın özü çıxır, klassik məsnəvilərdəki kimi, öncə ulu yaradana üz tutur və "suçu sevmək olan" Füzulinin bağışlanmasını xahiş edir. Ardınca Füzuli qəzəllərində müxtəlif məqam və biçimlərdə deyilmiş, 500 ilə yaxındır ki, çoxlarının dillər əzbəri olan, bir-birindən gözəl və incə deyim-ifadələr "Qəm karvanı" əsərində bu günkü təmiz ana dilimizdə oxuculara şərbət kimi içirdilir.

 

Sinəmdə min tənə oxu olmasa,

Ürək tənhalıqdan darıxmazdımı?

 

Məndən ki, cəfanı əsirgəmirsən,

Elə bu özü də vəfa deyilmi?!

 

Bağrımın başında olan yaralar

Cünunluq dağının qönçələridir.

 

Sənin o pərişan saçlarındadır

Könlümün quşunun yuvası, gözəl.

 

Füzui qəzəllərinin şah beytlərində ərəb-fars tərkibləriylə ağırlaşdırılmış ifadə-aforizmlərin "Qəm karvanı" poemasında bu gün hamının başa düşəcəyi təmiz və aydın bir dildə verilməsi hazırlıqlı oxucunu belə valeh edir, heyrətləndirir.

 

Sənin tellərini açdıqca şanə,

Mənim can telimə düyünlər düşüb.

 

Eh, eşqə salmışam özüm-özümü,

Heç düşmən etməzdi, etdim mən mənə.

 

Füzuli poetikasında sıx-sıx qarşılaşdığımız qəriblik və qürbət motivlərinin R.Yusifoğlunun əsərində sevgilinin ayrılığından doğan həsrət və intizar çalarlarıyla necə əlaqələndirildiyinə diqqət edək:

 

Aşiq göz yaşını necə saxlayar,

Dolaram yadıma, yar, sən düşəndə.

Adətdir, həmişə zar-zar ağlayar,

Qəribin yadına vətən düşəndə.

(ardı gələn sayımızda)

Ədalət  2018.- 22 noyabr.- S.6.