"ÜRƏYİMİN
QAPISINDAN KEÇƏNLƏR"
Musa Ələkbərlinin yeni kitabı
barəsində oxucu sözü
Öncədən onu deyim ki,
Azərbaycan ədəbiyyatında elə imzalar var ki,
onları təqdim etmək son dərəcə
asandı. Çünki bu imza sahibləri
özləri özlərini təqdim ediblər. Yəni
onların ürəklərinin pıçıltıları
qələmlərilə oxucu qapısını döyüb və o qapılar da üzlərinə
açılıbdı. Bumənada şeirləri öz oxucusunu tapmış,
sözlərinə yazılmış musiqilər kifayət
qədər dinləyici toplaya bilmiş şairlərimizdən olan Musa Ələkbərli
həm də səmimiyyətin, halallığın öz duyğularını ifa etməyin
mükəmməl ustalarındandı. Hərdən
mənə elə gəlir ki, mən MusaƏləkbərlini
elə doğulduğum gündən
tanıyıram. Çünki onun poeziyasındakı
həlimlik, istilik və bir də təbii
paklıq mənə dağlarımı, bulaqlarımı,
çaylarımı xatırladır. Mən Musa Ələkbərlinin şeir dünyasıyla baş-başa qalanda Gədəbəy
yüksəkliklərindən havalanıb Qarabağadoğru çaparaq gedən
atlıya bənzədirəm özümü. Bu fikir bir az obrazlı
səslənsə də, həqiqətən Musa Ələkbərlinin
şeirlərində oxucunu haldan-hala salan, oxucuya gəlimli-gedimli
dünyanı bir kitab kimi oxumağa sövq edən,
yalnız ürəklə duyulan təkan var, cəlbetmə var,
həvəsləndirmə var...
Tez-tez telefonla əlaqə
saxladığım Musa Ələkbərli
ilə bu günlərdə üzbəüz
əyləşdik. Sözümüz də mövzumuz da ədəbiyyat,
xüsusilə poeziya və ona olan münasibət idi. Yalan olmasın üç saat danışdıq bu mövzudan.
Özümüzdən öncəkiləri də
xatırladıq, yaşlılarımızı da,
dünyasını dəyişənləri də,
təbii ki, bügünkü ədəbi
nəsilə də diqqət yetirdik. Doğrudur,
söhbəti özümüz üçün edirdik.
Təbii ki, bunun kiməsə nə bir "isti-soyuğu" var idi,
nə də hansısa bir məqamı irəli çəkib aparmaq gücü.
Sadəcə, biz düşüncələrimizi bölüşürdük.
Söz sözü çəkdi, kitabdan, çap olunmaqdan danışdıq.
Məlum oldu ki, Musa Ələkbərlinin yeni kitabı
işıq üzü görüb. Kitab da "Ürəyimin
qapısından keçənlər" adlanır. Musa Ələkbərli
marağımı görüb kitabı aftoqrafla mənə
bağışladı. Elə müəllifin yanında
vərəqlədim kitabı. Və sonra da özüm də
necə olduğunu bilmədən soruşdum:
- Musa müəllim, bu şeirlərin
hamısı ünvanlıdır ki?!
Gülümsədi
və özünəməxsus səmimiyyətlə bildirdi ki, dostlar, doğmalar,
dəyərli elm, mədəniyyət, ədəbiyyat,
sənət, peşə və bütövlükdə
ürəyimdə yeri olan adamlar haqqında
şeirlərdən ibarətdi bu kitab.
Günlərin bir günündə bir dostum bu ideyanın
təşəbbüsçüsüoldu. Dedi ki,
ünvanlı şeirlərini bir kitab elə, itib batmasın,
təklif xoşuma gəldi. Ömrün bu çağına
qədər yazdığım ünvanlı
şeirlərin bir hissəsini topladım bu kitabda.
Qalanı da sağlıq olsun! - dedi Musa Ələkbərli.
Kitabın
adının burdan qaynaqlandığı mənə
məlum oldu və kitabın ilk səhifəsinə baxanda həmin
ideyanın müəllifinin də Qəzənfər Paşayev olduğu da mənim üçün aydınlaşdı.
500 səhifəyə
yaxın həcmi olan kitaba professor Vaqif Yusifli ön söz yazıbdı.
Və mən həmin ön sözə diqqət
yetirəndə bir daha anladım ki,
ürəyimin qapısı dostlar üçün açıq olan Musa Ələkbərli bu qapıdan, bu qapının
önündən keçənlərin heç birindən laqeyd olmayıb. Ona görə
də yazıb ki:
Doğmalıq
görməsəm oluram qərib,
Daim saf istəyə
ürəyim qızdı.
Mənə bu ilhamı
Tanrı payı verib
İtihaf şeirlərim
təmənnasızdı!
Göründüyü kimi,
kitabın məramı, məqsədi, dünyaya gəlmə
səbəbi doğmalara təmənnasız xidmət
etmək, onları şeir dünyasının ağuşuna almaqdır. Doğrusunu deyim ki,
mən kitabı gözdən keçirdikcə adına şeir yazılmış
insanların Azərbaycan coğrafiyasının
təmsilçiləri olduğunu gördüm. Çünki bu kitabda Mirzə İbrahimova,
Xəlil Rzaya, Fikrət Qocaya, Qabilə,
Məmməd Araza, Hüseyn Arifə, Bəxtiyar
Vahabzadəyə, Qəzənfər Paşayevə, İlyas Tapdıqa,
Əli Vəliyevə, İntiqam Qasımzadəyə, Flora Kərimovaya, Vafiq Sarıhüseynoğluna, ElçinHüseynbəyliyə, Qulu Xəlilova, Adil Cəmilə, İmamverdi Əbilova,
Əjdər Ağayevə, Babək Qurbanova... Bir sözlə,
Azərbaycanın bütün bölgələrindən olan dəyərli insanlara bir-birindən
maraqlı şeirlər ithaf olunub.
Mənim üçün diqqətçəkən
məqamlardan biri də kitabda gənc istedadlara,
gənc söz, mədəniyyət, elm adamlarına da şeirlərin
ünvanlanması oldu. Ümumiyyətlə, şairin özünün də
vurğuladığı kimi:
Könül bir məbəddi,
dayağı haqdı,
Uçdusa təzədən qurula bilməz.
Bu "təb"
dedikləri elə bulaqdı,
Bulansa, bir daha durula bilməz.
Mən dəyərli qələm dostum, gözəl şairimiz Musa Ələkbərlinin aftoqrafla hədiyyə etdiyi bu kitabı çox önəmli bir ədəbi
hadisə hesab edirəm və müəllifə yeni yaradıcılıq uğurları
diləməklə "ilham bulağın həmişə
çağlasın!" - deyirəm.
Mədətoğlu,
Əbülfət.
Ədalət.-2018.-27
noyabr.-S.5.